24 Dekabr 2024

Çərşənbə axşamı, 16:24

MİNİATÜRÜN BÖYÜK USTADI

Xalq rəssamı Arif Hüseynov: "Qarabağnamə" xaricdə nümayiş etdiriləcək, çünki orada bilməlidirlər ki, Qarabağ - əzəli Azərbaycan torpağıdır"

Müəllif:

15.09.2015

Balacalar nağıl illüstrasiyalarına ilk baxışdan vurulurlar. Daha nə deyəsən ki, onların valideynləri də rəngarəng, xırda detallarla dolu nağıl rəsmlərindən gözlərini ayıra bilmirlər. Rəssam əsərlərində fırça və boyaların köməyi ilə balacalara xalq müdrikliyini və nağılların fəlsəfəsini açır. Bu rəsmlərin müəllifi - məşhur azərbaycanlı qrafik - dəzgahçı-rəssam, uşaqlar və böyüklər üçün kitabların illüstratoru, xalq rəssamı Arif HÜSEYNOVDUR.

- Arif müəllim, uşaqlığınız haqda danışın. O dövr haqda ən parlaq xatirələriniz necədir? 

- Mən Abşeronun Qala kəndində doğulmuşam. Anam Şərəf evdar xanım, atam Şahbaz Hüseynov isə ibtidai sinif müəllimi olub. Atam Cənubi Azərbaycandan idi. O, məşhur "qırmızı" Qala məktəbinin qarşısında kiçik otaq tuturdu və orada dərs deyirdi. Qala kəndinin küçələrində gəzinti zamanı atam çox tezliklə onun həyat yoldaşı olan qədd-qamətli ağbəniz gözəli gözaltı edir. Gənc "həmşərini" sevməyən Qalanın ağsaqqalları anamın valideynlərini onların qanunlarını və ənənələrini qəbul etməyən yadelliyə qız verdiklərinə görə qınayırlar. Anamı Bakıda təsadüfən çadrasız görən qalalılardan biri aranı qızışdırıb. Anamın danışdığına görə "Leyli və Məcnun" operasına baxmaq üçün paytaxta gediblər və atam ona örtüyünü açmağı təklif edib. Bu hadisədən xəbər tutan, xüsusən din və köhnə ənənələrin qızğın müdafiəçiləri gənc ailəni qisasla hədələyiblər. Həyat yoldaşı və iki uşağına görə qorxan atam, Qalanı tərk etmək qərarına gəlir və Bakıya yollanır. Bakıda keçmiş "Sovetski" küçəsində kiçik ev tutur. Bu, öz qayda və qanunları olan cinayətkar rayon idi. Mən 173 №-li məktəbə gedirdim. Bu məktəbdə gələcək xalq artisti Yaşar Nuri və xalq rəssamı Xanlar Əhmədov da oxuyublar.

- Bəs, necə oldu ki, bu cür rayonda yaşayan oğlan rəssam olmaq qərarına gəlib?  

- Şəhər Pionerləri evi yanında rəssamlıq dərnəyinə gedən Nadir adlı dostum vardı. O, inanılmaz dərəcədə bununla fəxr edirdi və hər dəfə mənə yeni işlərini göstərirdi. Həmin vaxt mən də çəkməyə başladım, amma əsasən Nizami Gəncəvi, Füzuli və digər şair və yazıçıların ədəbiyyat kitablarından portretlərinə baxıb çəkirdim. Məktəbin divar qəzetini çəkirdim və bu istedadıma görə mənə hörmət bəsləyən sinif yoldaşlarımın karikaturalarını çizirdim. Bir dəfə məktəbin direktoru Humay xanım Həsənzadə məni kabinetinə çağırdı və lövhədə təbaşirlə Füzulinin portretini çəkməyimi xahiş etdi. Bir neçə dəqiqədən sonra portret hazır idi. Dostumun istehzalı təbəssümü olmasaydı, bu gün mənim məktəb populyarlığımın pik nöqtəsi idi... "Məgər, bu rəssamlıqdır? Sən cəfəngiyyatla məşğulsan", - öz işlərinin növbəti porsiyasını göstərərək, mənə dedi. "Mən də belə bacararam. Sən sadəcə məni rəssamlıq dərnəyinə apar", - deyə ondan xahiş etdim. 

Çəkdiyim şəkillərdən ibarət dəftəri özümlə götürərək, indiki Bəstəkarlar İttifaqı yerləşən binada həmin vaxtkı Pionerlər Evinə yollandım. Orada çox gözəl rəssam Nadir Axundov dərs deyirdi. O, mənim dəftərimi vərəqlədi və müxtəlif heykəllər olan səhnəyə qalxmağımı xahiş etdi. 

Məni stula əyləşdirərək, aralarında gələcək rəssamlar Çingiz Fərzəliyev və Xanlar Əhmədovun olduğu şagirdlərindən eskiz çəkməyi xahiş etdi. Mən hər on dəqiqədən bir duruşumu dəyişməli idim. Stulda uzun çəkən iki saatdan sonra bu qəribə müəllimdən vaz keçdim və qərar verdim ki, artıq buraya gəlməyəcəyəm. Dərsdən sonra Nadir müəllim mənə dedi: "Növbəti dəfə gələndə özünlə vərəq, boya və fırça gətir. Şəkil çəkəcəksən!"

- Həyatınız sonra necə oldu?

- Yuxarı siniflərdə anama kömək etmək üçün işləmək qərarına gəldim. O, atamın ölümündən sonra bizi təkcə böyüdürdü. "Bilik" respublika cəmiyyətində kuryer işləməyə başladım. Mənim vəzifəm "Bilik" cəmiyyətinin fəxri sədri Yusif Məmmədəliyevə sənədləri çatdırmaq idi. Hər səhər Yusif Məmmədəliyevə mümkün qədər sürətlə çatdırmalı olduğum rotaprintdə nəşr edilmiş mühazirələrdən ibarət paketləri verirdilər. Fasilə zamanı cəmiyyətin dəhlizlərində dolu olan sarı kağız topasını sakitcə götürürdüm, qonşuluqdakı bağda əyləşib şəkil çəkirdim. Bir dəfə Yusif Məmmədəliyevə kağızlardan ibarət zərfi gətirəndə, katibəsi yerində deyildi. Onda qərara aldım ki, zəruri sənədləri ona şəxsən təqdim edim və qapını döyərək, kabinetinə daxil oldum. Yusif Məmmədəliyev məni təbəssümlə qarşıladı və artıq getməyə hazırlaşanda, qoltuğumda saxladığım qovluqdan şəkillərim dağıldı. "Albom"u toplayanda, akademik şəkillərimi göstərməyimi rica etdi. "Sən yaxşı çəkirsən və rəssam olmalısan", - vidalaşarkən Yusif müəllim dedi. 9-cu sinifdən sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Xalq rəssamı Böyükağa Mirzəzadənin sinfində oxudum. İkinci kursda əsgərliyə getdim. Rəssamlıq məktəbində oxuduğumu öyrənəndə, məni ordu rəssamı götürdülər. Lenin otağında otuzdurdular, kağız, boya və fırça verdilər və işlə yüklədilər. Ordudan qayıtdıqdan sonra Bakıya gəldim və Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilimi davam etdirdim. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "Tekstil və yüngül sənayenin bədii modelləşdirilməsi" fakültəsinə daxil oldum. II kursda oxuyarkən, müəllimim Rəhim Məmmədov "Göyərçin" jurnalında rəssam işləməyi təklif etdi. Mən inanılmaz şəkildə sevinirdim! Daha nələr! Bu nəşrin tirajı 250 min nüsxəni ötmüşdü! Yeri gəlmişkən, mən bu günə qədər o jurnalla əməkdaşlıq edirdim...  

Daha sonra uşaq kitablarına illüstrasiya çəkməyə başladım: Abdulla Şaiq "Sabiq dayaq", Korney Çukovski "Aybolit", Nizami Gəncəvi və Füzuli, Abbas Səhhət, "Azərbaycan xalq nağılları", "Şahzadə İvan və Boz Qurd" rus nağılı Azərbaycan dilinə tərcümədə. Ümumilikdə, mənim hesabımda yüzə yaxın uşaq kitabı var. Həmçinin Sabirin "Hophopnamə"sinin yeddinci nəşrini tərtib etmişəm. Həmin vaxt "Yazıçı" nəşriyyatının baş redaktoru olan rəhmətlik şair Əliağa Kürçaylı mənə Sabirin illüstrasiyasını çəkməyi təklif etdi. Əvvəlcədən xəbərdarlıq etdim ki, Əzim Əzimzadə və sonradan Nəcəfqulunun məndən öncə etdiklərinə, yəni altı nəşr ardıcıl təkrarlandığı karikatura ruhunda olana qarşıyam. Əliağa Kürçaylı qələmlə çəkilən eskiz xahiş etdi, onu görəndən sonra isə dedi: "Bizə də elə bu lazım idi - çərçivədən kənara çıxmaq!". Mənim işlərim arasında Dantenin "İlahi komediya"sı, Petrarkinin lirikası, Andersenin nağılları, Rəsul Rzanın "Hələ vaxt var", Səməd Vurğunun "Lirika" toplusu, Əziz Nesinin hekayələri və bir çox başqa kitablara illüstrasiyalarımı çəkmək olar. Bu yaxınlarda isə ingilis dilində çıxan "Azərbaycan nağılları" boyalı kitab işıq üzü gördü. Burada olan bütün 30 nağılın illüstrasiyasını çəkdim. Kitab Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Türkiyədə nəşr edilib, onun tərtibatına bir il vaxt gedib!

- Eşitdiyimə görə, siz gənc ikən BAM-da olmusunuz?

- Bəli. Əvvəllər SSRİ Rəssamlar İttifaqına üzv olmaq üçün iki respublika və bir ümumittifaq sərgidə "durmaq" lazım idi. Mənim isə o vaxt iki beynəlxalq sərgim vardı. Onda rəssam Arif Əzizovla BAM-a xalq arasında "qırmızı eşelon" adlanan təşviqat qatarı ilə getmək qərarına gəldik. Bu əfsanəvi təşviqat qatarında minlərlə rəssam, yazıçı, bəstəkar, artistlər azərbaycanlı gənclərin də iştirak etdiyi əsrin nəhəng tikintisi gedən İttifaqın səssiz və uzaq nöqtələrinə çatırdılar. İşçilərin qarşısında çıxış edərək bacardıqları qədər onları dəstəkləyirdilər. Daha sonra bu səfər mən və dostlarım Arif Əzizov, Oleq İbrahimovun gənclərə həsr etdiyimiz "BAM-76" böyük sərgisinin əsasını qoydu. Sərgi Zabitlər Evində keçdi və fövqəladə uğura imza atdı. Daha sonra bu sərgi Moskva və Palermoda da (İtaliya) keçirildi. Və təsəvvür edin, demək olar ki, bütün əsərlər alınmışdı. 

- Yaradıcılıqdan savayı, siz Rəssamlar İttifaqında ictimai fəaliyyətlə məşğul olmağa vaxt tapırsınız, Rəssamlıq Akademiyasında dərs deyirsiniz, 1997-ci ildə Beynəlxalq Əlaqələr Mərkəzinin "Azərbaycan dünyası" qalereyasını, habelə 2012-ci ildə açdığınız "Xətai" miniatür mərkəzini idarə edirsiniz. Bunları necə çatdırırsınız?

- (Gülür) Məsələ ondadır ki, işləyərək istirahət etməyə öyrənmişəm. Və mən hələ çox şey etmək istəyirəm, xeyli planlarım var. Əsas, sağlamlıq imkan versin...

- Necə fikirləşirsiniz, müasir miniatür sənətinin gələcəyi varmı?

- Əlbəttə var. Lakin gələcək indiki zamandan asılıdır. Azərbaycan miniatürü klassik Şərq nəsrinin təsiri altında yaranıb. Dünya ədəbiyyatının dahi şairlərinin əbədi əsərləri - Nizami Gəncəvi, Füzuli, Firdovsi, Sabir, Hafiz və Şərq poeziyasının digər görkəmli klassiklərinin - rəssamlar üçün tükənməz ilham mənbəyi olub. Təəssüf ki, vaxtı ikən Azərbaycanın çətin dövrləri olub - onun İrana, Rusiyaya, daha sonra Sovet İttifaqına birləşdirilməsi bizi bir qədər miniatür sənətindən uzaq saldı. Biz gələcəyimizi qurmaq üçün keçmişimizi unutmamalıyıq. Çox ümid edirəm ki, zaman keçdikcə bizim də beynəlxalq miniatür mərkəzimiz olacaq. Bu mənim arzumdur. Bakıda Muğam Mərkəzi, Xalça Muzeyi var və Miniatür Mərkəzi də vacibdir. Bu, dünyaya nümayiş etdirməli olduğumuz mənəvi zənginlikdir. 

- Oğlunuz Orxan da rəssamdır. O, işləyərkən ona məsləhətlər verirsinizmi?

- O, təzəcə başlayarkən, mən on il ərzində onun meneceri olmuşam. İşdə istiqamət verirdim, sərgilər təşkil edirdim və onun işləri ilə məşğul olurdum. İndi isə o, təcrübəli rəssamdır və hər şeyin öhdəsindən özü gəlir. Lakin bilir ki, istənilən an ona kömək etməyə və dəstəkləməyə hazıram.

- Hazırda nəyin üzərində işləyirsiniz?

- İndi Qarabağa həsr olunmuş qravür silsiləsinin üzərində işləyirəm. Artıq, təxminən, 30 miniatür hazırdır, hələ bir o qədər də hazırlamalıyam. Hər şey hazır olan kimi, "Qarabağnamə - tarixin səhifələri" sərgisini təşkil edəcəyəm. Bu sənədli - bədii qrafika olacaq. Bu işi əlimə almazdan qabaq çox hazırlaşmışam. Qarabağın bütün tarixini öyrənirəm, böyük həcmdə ədəbiyyat və tarixi sənədləri yenidən oxuyuram, öz vətənini şöhrətləndirən məşhur insanlar haqda xeyli yeni məlumatlar öyrənmişəm. Bu, Azərbaycan və ingilis dillərində qara-ağ rəngli qrafikadan ibarət mətn olacaq. Bu silsiləni xaricdə nümayiş etdirmək istəyirəm ki, orada bilsinlər - Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər isə özgə torpağı zəbt edənlərdir.



MƏSLƏHƏT GÖR:

687