24 Dekabr 2024

Çərşənbə axşamı, 18:06

BİR KAMANIN NAĞILI

Görkəmli musiqiçi Habil Əliyevin xatirəsi qəlblərdə əbədi yaşayacaq

Müəllif:

15.09.2015

Hər kəsin hünəri deyil Habil Əliyev kimi sənətkar ömrü yaşamaq... Onun kamanda ifa etdiyi musiqiləri çox dinləmişik. Konsert salonlarında, televiziya ekranlarında, radio dalğalarında... Onu elə bircə dəfə dinləmək kifayətdir ki, illərlə söylənənlərə haqq qazandırasan: Habil Əliyev Azərbaycan musiqi sənətinin canlı əfsanəsidir. İfa etdiyi musiqilər elə ecazkar olub, dinləyiciləri o qədər ovsunlaya bilib ki, bəziləri bunda qeyri-adi səbəblər axtarıb, hekayələr uydurublar... 

 

Xəyallardakı kamança

Həqiqət budur ki, kaman onun qollarında bir taxta parçasından hazırlanan musiqi aləti olmaqdan çıxır. Dil açır, danışır. Üzünə bağlı bir könül qapısı da qalmır. Habil Əliyev kamanı belə dilləndirir. Bəlkə ona görə ki, onlar - kaman və Habil Əliyev yaxşı dil tapa, həmsöhbət ola bildilər. Özü isə bunun səbəbini başqa cür izah edirdi. Kamançanı müqəddəs tutduğunu deyirdi. Ustad sənətkar kamança ilə çox kiçik yaşlarından dostlaşmışdı. Və birlikdə uzun bir yola çıxmışdılar...

O, 1927-ci ilin 28 mayında Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəldi. Uşaq olanda tanınmış xanəndə və musiqi müəllimi, Bədəlbəylilər nəslindən olan Əhməd Ardamski onların evində kirayədə qalırdı. Musiqiçilər tez-tez Əhməd Ağdamskinin yanına gəlirdilər. Muğamlardan, xalq mahnılarından danışır, tarda, kamançada musiqilər ifa edirdilər. Uşaq idi Habil Əliyev. Hələ böyüklərin musiqi sənəti barədə dediklərini başa düşəcək yaşda deyildi. Amma mənasını kəsdirmədiyi bu söhbətləri maraqla dinləyirdi. Tarda və kamançada ifa olunan musiqilərə heyranlıqla qulaq asırdı.  

Sonralar sənət aləminə gəldiyi günlərdən danışanda o illəri də yada saldı. Əhməd Ağdamskini və anası Nisə xanımı minnətdarlıqla xatırladı: "Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı", - dedi. 

İlk "kamançası" anasının çömçəsi ilə oxlovu oldu. Nisə xanım çömçəni, oxlovu axtaranda oğlunun dizləri üstündə tapırdı. Oğlu öz aləmindəydi. "Kaman" çalırdı. Nisə xanım balaca Habilə acıqlanmazdı. Kirayənişininə gülə-gülə deyirdi: "Deyəsən, oğlum kamançaçalan olacaq". Əhməd Ağdamski Nisə xanıma Habil Əliyevi özünün çalışdığı musiqi məktəbinə qoymağı məsləhət gördü.  

Yeddi yaşında Ağdaş Musiqi Məktəbinə daxil oldu. Kamança sinfində oxumağa başladı. O vaxtdan sirdaş oldular. Ayrılmaz dostu, həmdəmi kaman oldu.

1938-ci ildə təhsil aldığı məktəbdə keçirilən bayram şənliyində bir musiqi ifa etmək də ona tapşırıldı. Səhnədə ilk çıxışı idi. Alqış səslərini eşidəndə həm sevindi, həm də kövrəldi... 

Yeddinci sinfi və musiqi məktəbini bitirdi. Pedaqoji məktəbə qəbul olundu. 

 

"Çörəkli" kamança

Böyük Vətən müharibəsinin ağır illəri idi. Aclıq, qıtlıq onların ailəsini əldən salmışdı. Atası, qardaşı və böyük bacısının həyat yoldaşı cəbhədəydilər. Bacısı uşaqlarıyla gəlib ata yurduna sığınmışdı. Gənc Habil bilirdi ki, ailələrinin ümidi onadır. Gündüzlər pedaqoji məktəbə gedir, təhsilini davam etdirir, axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında işləyirdi, kamança çalırdı. O ağır illərdə sevdiyi musiqi aləti yaxın dostu kimi əlindən tutmuşdu. Onun sayəsində evlərinə qazanc gətirirdi. 

Ümidliydi. Böyük qardaşı Məhəmmədiyyə cəbhədən dönəcək, kiçik qardaşının ailələrinə sahib durduğunu, evə çörək gətirdiyini görəcək, onunla fəxr edəcək... Ancaq bir gün qardaşının əvəzinə "qara kağız"ı gəldi. Qara xəbər bir-bir qapıları döyürdü. Hər gün cəbhədən "qara kağız"lar gəlirdi... 

Axşamlar evlərinin eyvanında oturub kamanı dinlədirdi. Oğulları, ərləri, nişanlıları müharibədə həlak olmuş qonşu qadınların ah-naləsi yanıqlı musiqi səsinə qarışırdı. Oğlunu itirmiş anası da evdə ağlayıb nalə çəkirdi. O da qardaşı Məhəmmədiyyəni yada salırdı. Ağlaya bilmirdi. Qəlbinin fəryadını, dərdini kamana pıçıldayırdı. 

Müharibə başa çatdı. Bacısının həyat yoldaşı geri döndü. Ailəsini də götürüb İmişli rayonunun Məzrəli kəndinə köçdü. Habil Əliyev də onlarla getdi. 

Müharibənin vurduğu yaralar sağalmasa da, yavaş-yavaş el-obada toy sədaları eşidilirdi. Habil Əliyev də Aşıq Hüseynin dəstəsinə qoşuldu. Toylardan qazandığı pulu Ağdaşa, anasıgilə göndərirdi. Məzrəlidə çox qala bilmədi. 1947-ci ildə Ağdaşa qayıtdı. Rayondakı Pionerlər evində dərnək rəhbəri işlədi.

 

Dünyagörmüş kamança

Bakıya 1952-ci ildə gəldi. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil oldu. Tanınmış sənətkarlardan - tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənməyə başladı. İstedadını erkən fərq edənlərdən biri də bəstəkar Soltan Hacıbəyov oldu. O, gənc ifaçıya bədii rəhbəri olduğu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləməyi məsləhət gördü. Habil Əliyev Filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli, Maestro Niyazi, Səid Rüstəmov və Soltan Hacıbəyovun qarşısında muğam və xalq mahnısı ifa etdi. Bəyənildi. 1953-cü ildə Filarmoniyada əvvəlcə rəqs ansamblında müşayiətçi, sonralar trioda kamança ifaçısı kimi fəaliyyət göstərdi. Konsertlərdə Azərbaycanın böyük sənətkarlarını - Seyid Şuşinskini, Xan Şuşinskini, Həqiqət Rzayevanı, Zülfi Adıgözəlovu, Fatma Mehrəliyevanı, Şövkət Ələkbərovanı, Mütəllim Mütəllimovu, Sara Qədimovanı müşayiət etdi. 

1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti oldu. İfa tərzi yeni idi. Elə buna görə də çaldığı "Segah" geniş müzakirələrə səbəb oldu. Sonralar "Segah" muğamı kimi "Bayatı-Qacar"ı, "Bəstənigar"ı, "Bayatı-Şiraz"ı, "Rahab"ı, "Bayatı-Kürd"ü, "Cahargah"ı, "Rast"ı, "Zabul"u fərqli, özünəməxsus üslubda təqdim etdi. 

1950-ci illərin sonlarından Habil Əliyev mahir kamança ustası kimi tanındı, şöhrətləndi. Ozamankı SSRİ respublikalarından başqa, Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və başqa ölkələrə də qastrol səfərlərinə getdi. 

O, yalnız kamança ustası kimi deyil, həm də dillər əzbərinə çevrilən mahnılar müəllifi kimi tanındı. 

 

Əməkdar kamança

1954-cü ildə evləndiyi həyat yoldaşı Şərqiyyə xanımla tanışlıqlarının səbəbkarı da kamança oldu. Habil Əliyev Qəbələ (ovaxtkı Qutqaşın) rayonun bir kəndində toyda gördü Şərqiyyə xanımı. Qızın, ailəsinin kimliyini soraqlaşıb öyrəndi. Şərqiyyə xanım 9-cu sinifdə oxuyurdu. Ailə qurdular. Üç qız və bir oğul ata-anası oldular.

Gənc yaşlarından şöhrətin zirvəsindən baxdı dünyaya. O zirvədə Habil Əliyev kimi dayanmaq hər kəsin hünəri deyildi. Sevilir, öyülürdü; onunla fəxr edirdilər. Adına şeirlər yazılır, kitablar həsr olunurdu. Rəssamlarımız tablolarını çəkir, heykəltəraşlarımız büstlərini hazırlayır, portreti xalçalarda ilmələnir, haqqında sənədli film çəkilirdi. Məşhur bəstəkar Firəngiz Əlizadənin Habil Əliyevə həsr etdiyi "Habilsayağı" simfonik əsəri təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkəsinin konsert salonlarında uğurla səsləndirilirdi. 

Habil Əliyev uzun ifaçılıq illərində çox xanəndələri, müğənniləri müşayiət etdi. Səsi, istedadı olanlarla eyni səhnəyə çıxmaqdan zövq aldı. Amma bəzən səsi olmayanları müşayiət etmək məşburiyyətində də qaldı. Onları usta kamanının ifası ilə xilas etsə də, qəlbində bir ağrı kimi qaldı.

Habil Əliyev bütün fəxri adları, dövlət mükafatlarını aldı. 1964-cü ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü. Amma ilk "fəxri adı" xalqından aldı. Kamana sevgisinə görə, Habil Əliyevə "Habil Kaman" dedilər. Hələ sağlığında Ağdaş şəhər musiqi məktəbinə onun adını verdilər. 

 

Azərbaycan kamançası

Xalq yolunda mübarizənin bir yolu da onun mənəvi dəyərlərinə yiyə çıxmaq, qoruyub, inkişaf etdirməkdir. Bu mənada, Habil Əliyev də xalqının qəhrəmanlarından biridir. O, kamançanı erməni musiqi aləti kimi göstərmək üçün canfəşanlıq edənlərə yerlərini göstərdi. Həm də elə bir vaxtda ki, kamança ustaları arasında ermənilər daha çox idi. Habil Əliyevin dediyi kimi: "Alət bizim, sənət bizim, amma çalan ermənidir. Bizim uşaqlar da gedib ermənidən Azərbaycan musiqisi öyrənirdilər". 

O vaxtlar hələ ermənilərin əsl simasını tanımırdı. Onlara inanırdı. Bir gün kamanının üzünün dərisini dəyişdirmək üçün erməniyə verdi. Kamanın çanağını yonmuşdular. Bəhanə gətirdilər ki, səsi bu cür daha yaxşı çıxır. Habil Əliyevi kamançadan uzaqlaşdırmaq üçün bilərəkdən etmişdilər. Ancaq Habil Əliyev ondan uzun müddət ayrı qala bilməzdi. Ən çətin günlərinin yoldaşıydı kamança. Adı-sanı, sənəti, varlığıydı. 

Ermənilərdən aldığı zərbədən sonra sərvaxt oldu. Kamanını tanımadığı ustaya etibar etmədi. Kamança çalan, bu musiqi alətini öz adlarına çıxmaq istəyən və bu istiqamətdə xeyli işlər görən erməniləri də yanız Habil Əliyev kimi böyük sənətkar susdura bildi. Ustad kaman ifaçısının istedadının qarşısına keçməyə kimsənin hünəri yetmədi.

Gənc yaşından yeri, nüfuzu, sözü böyük olan sənətkarların sırasında dayanmağı bacardı. Düzlüyü, ötkəmliyi çoxlarının xoşuna gəlirdi. Bunlardan xoşlanmayanlar, narahat olanlar da susub dayanmalı olurdular. Onunla ehtiyatla davranırdılar. Çünki heç kim Habil Əliyevin sonradan lətifə kimi dillərə düşəcək söhbətlərinə mövzu olmaq istəmirdi. Baməzə adamdı. Bəzən həmsöhbətinə nəyi zarafatla, nəyi ciddi söylədiyini anlamaq çətin olurdu. Doğru bildiklərini zarafata salıb deyirdi. Əlbəttə ki, baməzə söhbətlərinin hamısı neştərli deyil, amma hamısında həqiqət payı var.

 

Hazırcavab kamança

Habil Əliyev danışır: "1960-cı illər idi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov İrandan gəlmiş hökumət nümayəndələrinə "İnturist"də qonaqlıq verirdi. Əbülfət Əliyev, mən, bir də tarzən Məmmədağa Muradov çalıb-oxuyurduq, rəqqasə Roza Cəlilova da rəqs edirdi. Çıxışlarımız iranlı qonaqların çox xoşuna gəldi, yaxşıca əl çaldılar, bizi geninə-boluna təriflədilər. Qonaqlıqdan sonra orda olan Filarmoniyanın direktoru, bəstəkar Tofiq Quliyev də razılıqla bizə yaxınlaşıb dedi:

- Çox sağ olun uşaqlar, başımızı uca etdiniz! Sabah əvəzini çıxacağam. Siz ki bu qədər yaxşı çalıb-oxuyursunuz, niyə solist kimi ilişib qalmısınız Filarmoniyada. Sabah əmr verib hamınızı işdən çıxardacağam. Gedin "Azkonsert"də çıxış edin, özünüzə yaxşı pul qazanın! Nə qədər ştatda qalıb dövlətin qəpik-quruşuna göz dikəcəksiniz!

Elə bildik Tofiq müəllim zarafat edir. Ertəsi gün hamımız Filarmoniyadan işdən azad olunduq".

...Gün gəldi. Kaman bu yaşlı kişinin qollarına ağırlıq etdiyindən onu çala bilmədi. Qocalıq ölüm xofunu da gətirdi, müxtəlif xəstəlikləri, can sıxıntılarını da. Amma yenə zarafatlarından qalmadı. Ölüm qorxusuyla belə əylənməyi, zarafatlaşmağı bacardı. "Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, "Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm".

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi...".

Bu da bir başqa zarafatıdır ustadın: "Mən öləndən sonra arvad kamançamı çala bilsə, o çalsın. Amma qorxuram, kaman dəbdən düşər, heç muzeyə də qoymazlar. Ona görə də qoy elə evin bir küncündə qalıb çürüsün". Amma bu, kədərli zarafat oldu...

Qocalıq gəlib ömür mənzilinin başında əyləşdi. 88 yaşına çatdı. Müxtəlif xəstəliklərin ağrıları yaşlı vücudunu sarsa da, ruhunu yora, qocalda bilmədi. Görünür, Habil Əliyev kimi qocalmaq da hər kəsin hünəri deyil...



MƏSLƏHƏT GÖR:

652