23 Noyabr 2024

Şənbə, 23:59

YENƏ MƏKTƏB BAŞLADI…

Tədris ilinin uzadılması şagirdlərin gündəlik yüklənməsini azaldacaq

Müəllif:

15.09.2015

"Bu gündən! Ölkədəki bütün evlərdə! Dərslər edilib! Ananın səsi tutulub! Uşağın qulaqları tutulub! Qonşular hər şeyi əzbərləyiblər, it isə hətta təkrar da edib!"...

Bir çoxumuz tədris ilinin başlanğıcını bu məşhur zarafatla xarakterizə edirik. Bir tərəfdən, övladlarımızı növbəti biliklərə yiyələnmələri üçün məktəbə göndərdiyimiz üçün sevinir, digər yandan, uşaqların, həmçinin elə özümüzün də yay istirahətimiz bitdiyi üçün məyus oluruq. 15 sentyabrda biz məktəb ləvazimatları, yeni məktəbli forması, dərsliklər və s. almaq üçün qaçaqaçı artıq arxada qoyuruq. 

Doqquz aylıq marafon isə hələ yeni başlayır və demək, narahatlıqlar, həyəcan hələ qabaqdadır.

Valideynləri narahat edən isə ölkənin hazırda islahatlar mərhələsində olan təhsil sistemində sabitliyin olmaması, hər yeni tədris ilinin yeni "sürprizlər" gətirməsidir.Bu sürprizlər bəzilərini sevindirsə də, digərləri yeniliklərdən nə gözləməli olduqlarını bilmirlər.

 

İtirilmiş günlərin qayıdışı

Təhsil Nazirliyinin təklifi ilə Nazirlər Kabineti bu ildən tədris ilini iyunun 14-dək uzadıb. Bundan başqa, tətillərin ənənəvi müddətində ixtisarlar aparılıb. Payızda tətil 5 gün (16-20 noyabr) təşkil edəcək. Bu, qış tətilinə də aiddir (27-31 yanvar). Əvəzində bu tədris ilindən etibarən yaz tətili (1-5 may) yalnız birinci sinif şagirdlərinə yox, bütünlükdə ibtidai siniflərə də şamil olunacaq.

Tədris ilinin uzadılmasının valideynlər tərəfindən birmənalı qarşılanmaması heç kəs üçün sirr deyil. Onların əksəriyyəti hesab edir ki, hazırda uşaqlar ciddi tədris yükü altındadılar. Məktəbdən sonra uşaqlar nəinki çox sayda ev tapşırığını yerinə yetirməyə macal tapmır, bu, repetitorla işin azaldılmasına, müvafiq olaraq bu xidmətlərə görə xərclərin azalmasına da heç bir kömək etmir...

Təhsil Nazirliyində isə iddia edirlər ki, tədris ilinin uzadılması obyektiv zərurətdir və o, uşaqların dərs yükünün artırılmasına yox, əksinə, onun azaldılmasına yönəlib. Ənənəvi olaraq bütün tədris proqramları və planları 34-35 tədris həftəsi üçün hesablanır və bu, təxminən 171 dərs günü edir. Azərbaycanda isə tədris ili sentyabrın 15-dən başladıqdan sonra dərs günlərinin sayı 163-ə düşmüşdü. Ümumilikdə, tədris ili ərzində uşaqlara 100 gündən artıq istirahət verilirdi. Bu səbəbdən də müəllimlər bir çox hallada müəyyən edilmiş vaxt ərzində dərs materialını keçməyə macal tapmırdılar. Nəticədə onları "sıxmaq", bir dərsdə 2-3 mövzunu keçmək məcburiyyəti yaranırdı. Adətən ilk yarım il bitəndə, təxminən fevralda dərslərin "müvəffəqiyyət" dərəcəsi məlum olur. Müəllimlər də proqrammı çatdırmaq məqsədilə uşaqları əlavə dərslərlə yükləməyə başlayırlar.

Təhsil sahəsində ekspert Rüfət Əliyev bildirir ki, tədris ilinin uzadılması "itirilmiş" günlərin bərpasına yönəlmiş bu prosesin ilk addımıdır. Onu da unutmaq olmaz ki, məktəblər əvvəllər altıgünlük olub və müəllimlər şənbə gününün hesabına proqramı vaxtında başa çatdıra bilirdilər. Hazırda isə məktblər 5 gün işləyir. Odur ki, tədris ilinin uzadlması həqiqətən də obyektiv zərurət idi. "Tədris ilinin uzadılması təhsil prosesinə və məktəb proqramına daha çevik yanaşmağa imkan verir", - deyə Rüfət Əliyev bildirib.

 

Məktəbliyə kömək

Aydındır ki, bu gün biz ilk olaraq bir şeyi düşünməliyik: necə edək ki, məktəblinin günü maksimum effektiv olsun? Bununla yanaşı, çalışmaq lazımdır ki, tədris yükünün artmasına, ev tapşırıqlarının çoxluğuna və təhsil prosesinə adaptasiyanın çətinliyinə rəğmən, gün məktəbli üçün həddindən artıq gərgin keçməsin.

Nevroloq Kərimə Kərimovanın sözlərinə görə, məktəbyaşlı uşağın rejimi məsələsində əsas yerlərdən birini yuxu tutur. Yuxunun müddəti və keyfiyyəti təhsilin məhsuldarlığına və uşağın sağlamlığına bilavasitə təsir göstərir. "Yuxusuzluq halında ən çox "cəld yuxu" fazası əziyyət çəkir. Yeni materialın mənimsənilməsinə isə məhz bu faza "cavabdeh"dir. Bununla yanaşı, tədrisin xüsusilə gərgin anlarında - imtahan, yoxlama işləri və sair - adi vaxtdakından bir saat artıq yuxulamaq məsləhətdir. Yuxusunu ala bilməyən uşaqların müvəffəqiyyət səviyyəsi yaxşı yatmış həmyaşıdlarının müvəffəqiyyət səviyyəsinin 1/3 %-i qədər olur. Ümumilikdə, məktəblinin sağlam yuxusu ilə bağlı tələblər yuxarı yaş həddinə malik qruplarla bağlı tələblərdən az fərqlənir: onlar təxminən, eyni vaxtda yatmalı, saat 19:00-dan sonra səs-küylü məşğuliyyətlərdən çəkinməli, yuxudan əvvəl yaxşı vərdişlərə, ayinlərə üstünlük verilməli (vanna, gəzinti və sair), təmiz havaya çıxmalıdırlar", - deyə nevroloq bildirir.

Məktəblinin iş yeri ilə bağlı da müəyyən tələblər var. Onun dərsə hazırlaşması üçün nəzərdə tutulmuş masa elə yerləşdirilməlidir ki, pəncərədən və ya elektrik lampasından düşən işıq soldan düşsün (uşaq solaxaydırsa, bu, əksinə olmalıdır). Bundan başqa, masa uşağın boyuna da uyğun olmalıdır. Bu, məktəblinin qamətinin korlanmaması üçün vacibdir.

Yeri gəlmişkən, uşağın qaməti haqda. Ağzınadək dərsliklərlə, dəftərlərlə və digər məktəb ləvazimatları ilə doldurulmuş ağır məktəb çantaları uşağın qamətinə çox mənfi təsir göstərir. Bu, sonra onda skoliozun, ayaqaltının yastı olması, boyatmanın

ləngiməsi kimi problemlərə aparıb çıxara bilər. Çanta lap ağırdırsa və uşaq onu daşımaq üçün qabağa əyilmək məcburiyyətindədirsə, gələcəkdə onun görmə qabiliyyəti zəifləyə, ürək-damar sistemində və daxili orqanlarının fəaliyyətində problemlər yarana bilər.

Bütün beynəlxalq normativlərə əsasən, məktəb çantası içərisindəki yüklərlə birlikdə uşağın ümumi çəkisinin 10%-dən çox olmamalıdır. Bununla yanaşı, çantanın öz ağırlığı 700-800 qram təşkil etməlidir.

Doğrudur, bəzi uşaqlara bu işdə valideynləri kömək edir. Lakin məktəbdə bu işi uşaqların özləri görməli olurlar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, orta siniflərdən başlayaraq, hər bir fənn öz otağında tədris olunur və bu otaqlar bir çox hallarda müxtəlif mərtəbələrdə yerləşir. Odur ki, həkim çantadan əhəmiyyəti daha az olan, tədrisə bilavasitə aidiyyəti olmayan əşyaların çıxarılmasını məsləhət görür. Bundan başqa, uşaq parta yoldaşı ilə razılaşmaqla, bütün fənn dərsliklərini məktəbə aparmaya da bilər - qoy, həmin razılaşdırılmış dərslikləri məktəbə onun parta yolaşı gətirsin. Amma bizdə olan məlumata görə, bəzi məktəblərdə bu, qadağandır. 

Məktəb çantası ilə bağlı da müəyyən tələblər var. Korpusu daha bərk olan cantanı seçmək daha məqsədəuyğundur. Bu, həm uşağı, həm də çantanın içərisindəkiləri daha yaxşı qoruyur. 

 

Bütün günü məktəbdə

Dərs günü nə qədər ağır olsa da, o, yalnız yarım gündür. Bundan sonra məlum çətinliklər mərhələsi başlayır. Əksər valideynlərin bütün iş gününü işlədiklərini nəzərə alsaq, uşağın məktəbdən sonrakı taleyi ilə bağlı problemlər yaranır. Valideynlərindən biri işləməyən, nənəsi, babası, bekar böyük qardaş və ya bacısı, dayəsi olan uşaqların işi daha asandır. Məktəbdən evə təkbaşına qayıda bilən (bəzən şəhərin bir başından digərinə) uşaqların işi də çətin deyil. Əsasən, istirahətə ayrılmalı olan axşam saatları isə dərs "davaları" ilə keçir və bu "savaş"a ailənin bekar üzvləri də qoşulur. 

Sovet illərində kifayət qədər müsbət təcrübə var idi: məktəbdə uzadılmış gün qrupu olurdu və uşaqlar orada nahar edir, dincəlir, valideynləri işdən gələnədək ev tapşırıqları ilə məşğul olurdular. Təəssüf ki, indi bu təcrübə yoxdur. Bəzi şəhər "elit" məktəblərində isə buna bənzər təcrübə olsa da, onun üçün müəyyən məbləğ ödənilməlidir. Bu "xidmətlər"ə məktəbdə nahar, dərs hazırlığı və marağa görə dərnəklər daxildir. Təəssüf ki, buna da heç də bütün məktəblərdə rast gəlinmir. 

Rüfət Əliyev bildirir ki, bugünkü tələbata görə, məktəb bütün gün ərzində işləməlidir. Burada söhbət heç də yalnız əksər valideynlərin övladlarını günorta məktəbdən götürə bilməməsindən getmir. "Günün ilk yarısında uşağa dərs keçilməsi, ikinci yarısında isə onun müəllim nəzarəti altında ev tapşırıqları ilə məşğul olması əla olardı. Bundan başqa, həmin saatlarda o, dərnəklərdə məşğələlər keçə, mədəni baxımdan inkişaf edə, teatra, kinoya gedə bilər. Söhbət, təbii ki, həmin uzadılmış gün qrupu çərçivəsində görüləcək işlərdən gedir. Bundan başqa, məktəbdə yalnız dərs yox, dərsdənkənar məşğuliyyətin də nəzərə alınması çox vacibdir. Çünki uşağın əksər sosial bacarıqları, ünsiyyət səviyyəsi məhz məktəbdə formalaşır", - deyə ekspert bildirir.

 

İkinci ev?

Bütün bunlarla yanaşı, cavabı tapılmalı olan ilk sual bu cür qoyulmalıdır: bu gün məktəblər uşaqlar üçün ikinci ev sayıla bilərmi? Söhbət uşağın özünü rahat, sərbəst, azad və səmimi hiss edə biləcəyi evdən gedir. Elə evdən ki, uşaq oraya qayıtmağı, orada məcburiyyət qarşısında deyil, məmnuniyyətlə oxumağı istəsin. Biz valideynlər əlimizi ürəyimizin üstünə qoyaraq, bu suala müsbət cavab verə bilmərik. Məktəbin uşaqlar üçün ikinci ev olmasından ötrü çox guman ki, biz hələ obyektiv səbəblərdən bu səviyyəyə catmamışıq..

İlk baxışdan belə təəssürat yaranır ki, təhsil sistemində islahatların aparılması adi bir işdir. Lakin sağlam düşünən insanlar anlayırlar ki, bu, heç də belə deyil. Effektiv təhsil sisteminin qurulması üçün illərə ehtiyac var. Lakin velosiped icad etməyə ehtiyacın olmadığı da məlumdur. Bu sahədə işlək sistemlər çoxdan yaradılıb. Bu sistemlər artıq illərdir işləyir və onlardan istifadə heç də qəbahət deyil.

Məsələn, Finlandiyada təhsil sistemi uzun müddətdir ki, sabit olaraq dünya reytinqlərində ən yaxşı mövqeləri tutur. Nüfuzlu "Müəllimlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ın (PISA) araşdırması göstərib ki, finlandiyalı şagirdlər dünyada ən yüksək biliklərə malikdirlər. Onlar həm də planetin ən çox kitab oxuyan uşaqlarıdırlar. Təbii elmlər üzrə fin şagirdləri dünyada 2-ci, riyaziyyat üzrə isə 5-ci yerdədirlər. Amma dünyanın pedaqoqlar cəmiyyətini ən çox valeh edən heç də bu deyil. Qəribəsi odur ki, finlandiyalılar bu qədər yüksək göstəricilərə malik olsalar da, dərslə ən az məşğul olan məktəblilərdirlər. Dövlət isə keyfiyyətli və pulsuz təhsilinə bir çox ölkələrlə müqayisədə daha az vəsait xərcləyir. Bir sözlə, burada hansısa sirr var və dünyanın müxtlif fövqəldövlətlərindən olan müəllimlər həmin sirri üzə çıxarmağa çalışırlar.

Onu da qeyd edək ki, Finlandiyada məktəblər 7 əsas prinsipə əsaslanır: bərabərlik, maddi təmənnasızlıq, fərdilik, praktiklik, etibar, könüllülük və sərbəstlik. Bu prinsiplərin hər biri ilə bağlı detallı izahı İnternetdə də oxumaq mümkündür.

Ümid edək ki, Azərbaycanda da valideynlərin övladlarını məktəbə məhz ikinci ev kimi aparacaqları güc uzaqda deyil. Belə məktəbdə isə uşaq üçün hər şey çox rahat olacaq, bilik qazanma və sağlam sosiallaşma üçün bütün şərait yaradılacaq.


MƏSLƏHƏT GÖR:

655