Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son on beş il ərzində Qara dəniz - Xəzər regionunda turizm sahəsində yaranan trendlər büdcəli otellərin üstünlük təşkil etdiyi, o cümlədən nəqliyyat xərclərini nəzərəçarpacaq dərəcədə azaltmış ucuz qiymətlər təklif edən aviaşirkətlərin cəlb edilməsi ilə kütləvi turizmin inkişafına üstünlük verilməsinin effektivliyini təsdiqləyib. Bu cür islahatlar güclənən qlobal böhran şəraitində, tələbatın aşağı düşməsi dövrünü yaşayan Azərbaycanın rekreasiya sektorunda çoxdandır tələb olunur.
Əmələgəlmə mərhələsini aşan, otel və buna uyğun olan rekreasiya potensialını formalaşdıran Azərbaycanın turizm sektoru keyfiyyətcə struktur dəyişiklikləri ərəfəsindədir. Mehmanxana və nəqliyyat tariflərinin azalmasını, giriş prosedurlarının sadələşdirilməsini və sahənin yeni istiqamətlərinin kapitallaşması üçün münbit mühitin formalaşmasını nəzərdə tutan islahatlar gözlənilir. Sadalanan dəyişikliklərin əsas məqsədi - ölkəmizdə vətəndaşların hər bir təbəqəsi üçün istirahətin cəlbediciliyini qorumaq və bizə gələn xarici qonaqların sayını nəzərəçarpacaq dərəcədə artırmaqdır.
Hökumətin 2015-ci ilin iyununda keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə olan problemləri açıq göstərib və qarşıda duran vəzifələri dəqiq müəyən edib. Ölkə başçısı məsrəflərin azaldılması və yerli turizm sektorunun rəqabətə davamlılığının artırılması ilə bağlı kompleks tədbirlərin görülməsini tapşırıb. Ötən dövr ərzində Mədəniyyət və Turizm Nazirliyi və bir sıra aidiyyatı assosiasiyaların təşəbbüsü ilə bazar subyektlərini ucuz otellərin tikintisinə sərmayə yatırmağa, qiymətləri azaltmağa və yeni rekreasiya istiqamətlərini inkişaf etdirməyə stimullaşdıran bir sıra təkliflər hazırlanıb. Yeni həvəsləndirmə üsullarına ehtiyac həmçinin regionda son vaxtlar güclənən mənfi iqtisadi proseslərlə bağlıdır.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sözlərinə görə, 10 il bundan əvvəl başlanan kompleks tədbirlər - təkmilləşdirilmiş sahə qanunvericiliyinin hazırlanması, rekreasiya infrastrukturunun yaradılması, ölkənin beynəlxalq proqramlarda iştirakı, sahibkarlara dövlət dəstəyi, yerli və xarici sərmayəçilərə yüksək səviyyədə kömək göstərmək rejimi Azərbaycanda turizm sektorunun sürətli inkişafının katalizatorlarına çevrilib. Təsadüfi deyil ki, bu müddət ərzində turizm sektorunun ölkənin ÜDM-də xüsusi çəkisi minimal göstəricilərdən 4,1%-dək artıb.
"Dövlət tərəfindən həyata keçirilən tədbirlər və biznesin maliyyə fəallığı sahənin sürətli inkişafına gətirib çıxarıb, bunun nəticəsi isə Azərbaycanı ziyarət edən xarici qonaqların sayının artmasıdır : bu rəqəm 2005-ci ildəki 1,1 milyondan 2014-cü ildə 2,3 milyon nəfərədək artıb", - nazir müavini N.Səmədov deyib. - "Lakin MDB ölkələrində müşahidə olunan iqtisadi çətinliklər ölkəmizə gələn turistlərin sayına mənfi təsir göstərir. Belə ki, cari ilin ilk yarısında Rusiya səyahətçilərinin sayı 87 min, Gürcüstandan olan qonaqların sayı isə 60 min azalıb". Ümumilikdə, ötən 8 ay ərzində Azərbaycanı, təxminən, 1 milyon xarici turist ziyarət edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% azdır. N.Səmədovun fikrincə, ölkəyə giriş - turizmin stimullaşdırılması üçün tədbirlər kompleksi həyata keçirilir: elektron vizaların verilmə sistemi yaradılıb, giriş vizalarının verilməsi prosedurunun asanlaşdırılması ilə bağlı dünya təcrübəsinə əsaslanan yeni təkliflərin nəzərdən keçirilməsi üçün XİN-ə təqdim olunub. Bu yaxınlarda isə Nazirlər Kabineti tərəfindən "Turizm şirkətləri tərəfindən vizaların akkreditasiyası qaydaları" tətbiq olunub və artıq ölkənin 65 turizm şirkəti elektron dəvətnamələrin verilməsinə hüquq qazanıb. İşgüzar turizmin inkişaf etdirilməsi üçün ölkədə konqreslər bürosu yaradılıb. "Şahdağ" və "Tufandağ" turizm mərkəzlərinin istismara verilməsi, balneoloji və termal turizmin inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi ilə qonaqların əksəriyyəti Azərbaycanı yay mövsümündə ziyarət etməsi ilə əlaqədar mövsüm amilini aradan qaldırmaq tədricən mümkün olur.
"Bir sıra istiqamətlər üzrə aviabiletlərin ucuzlaşdırılması mümkün olub və aviatariflərin ucuzlaşdırılması artıq xaricilərin bizim ölkəyə ziyarətlərinin artırılmasına imkan yaradaraq, turizm paketlərinin qiymətlərinə müsbət təsir göstərir", - deyə N.Səmədov vurğulayıb. Söz düşmüşkən, milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlət başçısının tənqidinə ilk reaksiya verənlərdən olub və bir sıra tələbat çox olan istiqamətlər üzrə qiymətləri orta hesabla 30% azaldıb. AZAL, həmçinin yerli turizm agentliklərinə elə Türkiyənin məşhur kurortlarına ucuz putyovkalar almaq imkanı verməklə, çarter reyslərin sayını da genişləndirir. Bu günlərdə isə AZAL Bakı - Dubay - Bakı marşrutu üzrə ucuz aviabiletlərin satışına başlayıb: bütün rüsumları və yığımları özündə ehtiva edən biletin qiyməti bir istiqamətə 99 avro səviyyəsində müəyyənləşdirilib. Bu yaxınlarda Azərbaycana 2016-cı ilin mart ayından uçuşlarını bərpa etmək niyyətini bildirən Macarıstanın "WizzAir" lou-kost aviaşirkəti ilə danışıqlar sona çatıb. Daha uzaq perspektivdə ölkəyə digər lou-kost aviaşirkətlərin cəlb edilməsi nəzərdən keçirilib, bu da qonşu Gürcüstan və Türkiyənin təcrübəsində göstərildiyi kimi, aviauçuşların tariflərini rəqabətli səviyyədə saxlamağın ən effektiv üsuludur.
Dövlət başçısının əmr etdiyi tapşırığı rəhbər tutaraq, Mədəniyyət və Turizm Nazirliyi rekreasiya obyektlərində mövcud qiymətlərin azalması üçün bir sıra tədbirlər gördü. "Bu gün bir çox yerli mehmanxanalar özlərini üç və ya dördulduzlu obyektlər kimi təqdim edir, lakin əslində, burada göstərilən xidmətlərin səviyyəsi heç də qeyd edilmiş standartlara uyğun deyil", - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. - "Bununla əlaqədar olaraq, mehmanxanaların sahiblərinə qiymətləri mövcud olan qanunvericiliyə əsasən standartlara uyğun salmağa məsləhət görəcəyik". Nazirin sözlərinə görə, regionlarda icra hakimiyyətləri rəhbərlərinə, sahibkarlara və rekreasiya sektorunda çalışan digər strukturlara artıq müvafiq məsləhətlər verilib.
Bu gün qanunvericilikdə mehmanxana sahəsində məcburi standartlaşdırma tələbləri mövcud deyil. Lakin mehmanxanaların və digər rekreasiya obyektlərinin layihələndirilməsi və tikintisi zamanı sahibkarlara standartları Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ilə uyğunlaşdırmaq məsləhət görülüb. Bu tədbirlər ucuz 2-3 ulduzlu otellərin sayının artmasına və müəyyən vaxtdan sonra sahədə qiymət siyasətinə müsbət təsir göstərəcək. Öz növbəsində, Azərbaycan Turizm Assosiasiyasının (AzTa) ekspertləri, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri yerli mehmanxanalarda miqyaslı tarif monitorinqini birləşdirən tədbirlər planı hazırlayıblar. "Həm paytaxt, həm də regional mehmanxanaları ehtiva edəcək monitorinqin nəticələrinə əsasən, biz oralarda tətbiq olunan xidmətlərin qiymətlərinin iqtisadi əsasnaməsini tələb etmək niyyətindəyik", - deyə AzTa-nın rəhbəri Nahid Bağırov bildirib. Turizm qurumu, həmçinin biznesin sərmayə fəallığının təşviqi üçün xüsusi təkliflər də hazırlayıb. Yeni təkliflər turizmin inkişafına, ilk növbədə, 2-3 ulduzlu ucuz otellərin tikintisinə, sərmayə qoyan sahibkarların vergi güzəştləri ilə təmin edilməsini nəzərdə tutur. Həmçinin turizm sahəsini biznes subyektlərinə ucuz mehmanxanalar tikmək şərti ilə güzəştli kreditlər ayıra biləcək Azərbaycan Sahibkarlara Kömək Milli Fondunun prioritetlər siyahısına daxil etmək də təklif olunub.
Mehmanxana sektorunda qiymətlərin müəyyən edilməsi sahəsinə daha bir təsir mexanizmi Otel və Restoranlar Assosiasiyası (DAİR) tərəfindən təklif olunub. DAİR mütəxəssisləri hesab edirlər ki, təsiredici motivasiya kimi təkcə verginin güzəştli rejiminin tətbiqi deyil, həmçinin sosial ödəmələr üzrə preferensiyaların, ucuz mehmanxanaların tikintisi üçün ayrılan torpaq sahələrinin qiymətlərinin aşağı salınması və sosial kommunal tariflərin tətbiqi də ola bilər. Assosiasiyada hesab edirlər ki, milli sertifikatlaşdırma və otellərə ulduz səviyyəsinin verilməsi sistemindəki islahatlar mehmanxanaların tarifləşmə məsələsinə təsir göstərə bilər.
Deyilənlərə əsasən, yerli rekreasiya sahəsinin modernləşmə və rəqabətədavamlılığını nəzərdə tutan Mədəniyyət və Turizm Nazirliyinin təklifləri qurumun hazırladığı "2016-2025-ci illərdə turizmin inkişafı strategiyası"nın əsas komponenti olacaq. Bu strategiya qurumlararası razılaşma mərhələsini keçib və yaxın zamanlarda müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunacaq. Sənəd sahənin inkişafı üzrə dövlət orqanlarının yeni tapşırıqlarını və bazar subyektlərinin əməkdaşlıq üsullarını formalaşdırır. Azərbaycanın cəlbedici turizm məkanına çevrilməsi üçün dörd baza prinsipi nəzərdə tutulub: münasib bazar şəraiti və sahənin rəqabətədavamlılığı üçün preferensiyaların artırılması, turizm məhsulunun çeşidlənməsi, sahə standartlarının təkmilləşdirilməsi və cəmiyyətin kütləvi turizmə marağının qorunub-saxlanılması. Bununla yanaşı, sənəddə rekreasiya infrastrukturunun inkişafı və optimallaşdırılması üzrə tədbirlər və həmçinin turizm sahəsində beynəlxalq təcrübənin həyata keçirilməsi də nəzərdə tutulur. Daha bir məqsəd - marketinq və kommunikasiyalar üzrə kadrların ixtisaslaşmasının artırılmasıdır.
Daha vacib "Strategiya"da formalaşdırılan qiymətlərin aşağı salınmasına, xidmət göstərilən standartların yaxşılaşdırılmasına və nəticədə ölkənin turizm sektorunun beynəlxalq rəqabətə davamlılığının artırılmasına yol açan yeni bazar şəraitinin yaradılması ilə bağlı tapşırıqlar nəzərdə tutulur. Bu proses artıq başlanıb: Mədəniyyət və Turzim Nazirliyi profil assosiasiyaların dəstəyi ilə bazar subyektlərinin stimullaşdırılması üzrə təkliflə r paketi hazırlayıb. Onlar qiymətləri aşağı salmalı və yerli bazara daha cəlbedici və rəqabətədavamlı turizm məshulu təqdim etməlidir.
MƏSLƏHƏT GÖR: