13 Mart 2025

Cümə axşamı, 08:59

OLİMPİADAYA KÖKLƏNƏRƏK...

Azərbaycan güləşçiləri Dünya Çempionatında 2016-cı il Olimpiya Oyunlarına 11 lisenziya qazandılar

Müəllif:

22.09.2015

ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Çempionatı Azərbaycan idmançılarının uğurlu çıxışları ilə əlamətdar oldu. Mundialda 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan ölkəmizin komanda hesabında 5-ci yeri tutması müsbət haldır. Azərbaycan komandasını Rusiya (4-2-8), ABŞ (4-0-3), Türkiyə (3-1-2) və Yaponiya (3-1-1) qabaqladı. 

Mundialda 5-ci olmağımızı müsbət hal kimi dəyərləndirməyimiz heç kimi çaşdırmasın. Dünya Çempionatının lisenziya xarakterli olması və yalnız 29 ölkənin hesabına medal yazması okeanın o tayında güclü rəqabətin olduğunu göstərir. Rusiya hər zaman güclü pəhləvanlarla ad çıxardığından, birinci yeri tutmasını normal qarşılamaq lazımdır. ABŞ meydan sahibi kimi özünü doğrultdu. Türkiyə ilk üçlüyə düşməklə çoxlarını təəccübləndirsə də, Yaponiyanın 4-cü yerdə olması qanunauyğunluq kimi qəbul edilməlidir. Hərçənd, yaponların bütün medallarının xanım güləşçilər tərəfindən qazanıldığını qeyd etməliyik.

Azərbaycan millisi medalların sayına görə, yalnız 2009-cu ildəki Dünya Çempionatından geri qaldı. Danimarkanın Herninq şəhərində keçirilən mundialda 3 qızıl, 4 gümüş və 3 bürünc medalla ikinci yeri tutmuşduq. Bu rekord geridə qalan 6 ildə yenilənməyib. Digər tərəfdən, heç vaxt Dünya Çempionatında 11 lisenziya qazanmamışdıq. Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağımızı nəzərə alaraq, güləşçilərin mundialdakı çıxışını yüksək qiymətləndirmək mümkündür.

 

Yunan-Roma güləşi

Cəmşid Heyrabadi baş məşqçi kimi növbəti dəfə özünü doğrultdu. "Klassiklər"in mundialda ilk dəfə komanda hesabında 2-ci yer tutmasında da məşqçinin böyük zəhməti var. Avropa Oyunlarının qalibi Rəsul Cunayev (71 kq) mundialda da rəqib tanımadı. Finaladək rəqiblərini vaxtından əvvəl məğlub edən pəhləvan həlledici görüşdə erməniəsilli Ukrayna təmsilçisi, ikiqat Avropa çempionu Armen Vardanyanı üstələdi. Rövşən Bayramov (59 kq) məşqçilərin onu ABŞ-a aparmaqla düzgün qərar verdiyini sübut etdi. Finala qədər məğlubiyyətsiz irəliləyən Bayramov həlledici görüşdə kubalı İsmayıl Borreroya uduzdu. Bununla belə, 28 yaşlı güləşçi London Olimpiadasından sonra ilk dəfə azarkeşləri medalla sevindirdi. Dünya Çempionatında gümüş medala layiq görülən təcrübəli pəhləvan karyerası ərzində 3-cü dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandı. Rövşən həm də ABŞ-da 4-cü "DÇ" medalını qazanmaqla Azərbaycan güləş tarixinə düşdü. Güləşsevərləri ən çox əsəbiləşdirən sabiq dünya və Avropa çempionu Həsən Əliyev oldu. Debütdə rusiyalı güləşçi Artyom Surukova uduzan Həsən mundialı mükafatsız tərk etdi. Ümumiyyətlə, son illər stabil çıxış etməyən güləşçimizin uğur qazanmasında problem var. Əsas səbəb isə onun xaraktersizliyi və potensialını tam nümayiş etdirə bilməməsidir. Bürünc qazanan Saman Təhmasibi (85 kq) ardıcıl üç mundialda medal qazanan ilk yunan-Roma güləşçimiz oldu. 5-ci yeri tutan Elvin Mürsəliyevlə (75 kq) Sabah Şəriəti (130 kq) minimum vəzifəni yerinə yetirərək lisenziya qazandılar.

 

Qadın güləşi

Sürpriz olmadı. Hər zaman olduğu kimi, medal gözləntilərimiz üzümüzü güldürdü. Mariya Stadnik (48 kq) finala qədər birnəfəsə irəlilədi. Həlledici görüşdə yapon Eri Tosakaya uduzdu. Sona 10 saniyə qalmış "qızıl"ı əldən verən Stadnik hələ də psixoloji səddi qırmağa çətinlik çəkdiyini göstərdi. Əvvəllər də Tosakaya uduzan Mariya vəziyyətdən çıxış yolunu tapmalıdır. Əks halda, Olimpiadada eyni problemlə üzləşə bilər. Yuliya Ratkeviç (58 kq) də ən azı, gümüş medal qazana bilərdi. Yarımfinalda Finlandiya təmsilçisinə diqqətsizliyi ucbatından uduzan xanım güləşçimiz bürünc medalla təsəlli tapdı. Anjela Doroqan (53 kq) və İrina Netreba (60 kq) mundialı lisenziya ilə başa vurdu. Ümumilikdə, Braziliyadakı Olimpiadaya 4 lisenziya qazanan xanım güləşçilərimiz yeni rekord müəyyənləşdirdilər. Pekində 3, Londonda 2 qadın güləşçi ilə təmsil olunmuşduqsa, Rio de Janeyroda, ən azı, 4 çəkidə medal şansımız olacaq. 

 

Sərbəst güləşmə

Ötən il Azərbaycanın ən yaxşı idmançısı seçilən Hacı Əliyev (61 kq) çətinlik çəkmədən qızıl medal qazandı. Bununla Hacı müstəqil Azərbaycan tarixinə sərbəst güləmə üzrə ilk ikiqat dünya çempionu kimi düşdü. Olimpiya çempionu Toğrul Əsgərovun (65 kq) medalsız qalması azarkeşləri üzdü. Təmsilçimiz 14 finalda hakim ədalətsizliyinə görə, məğlubiyyətlə barışmalı oldu. Bununla belə, Əsgərov xarakter göstərsəydi, heç olmasa, bürünc medal qazana bilərdi. Təcrübəli güləşçilərdən Cəbrayıl Həsənovun (74 kq) lisenziya qazana bilməməsi məyusedici oldu. Böyüklərin Dünya Çempionatında ilk dəfə çıxış edən Mahir Əmiraslanovun (57 kq) 18 finaldakı məğlubiyyətini ona bağışlamaq olar. Amma millinin kapitanı Xetaq Qazyumovun (97 kq) ardıcıl ikinci mundialda prinsipial rəqibi Abdulsalam Qadisova məğlubiyyəti rahat qəbul edilməməlidir. Qazyumovun artıq nisbətən yaşlı olması və tədricən liderlik mövqeyini itirməsini qeyd etməliyik. Xetaq Olimpiadaya lisenziya qazansa da, Braziliyaya yollanmaya bilər. Çünki bu çəkidə daha bir güclü idmançımız Olimpiya çempionu Şərif Şərifov var. Cəmaləddin Məhəmmədov (125 kq) ən ağır çəkidə finala çıxmaqla adını güləş tariximizə yazdı. Məhəmmədhacı Xatiyev (86 kq) isə bəxtsizliyin qurbanı oldu. Yarımfinalda təcrübəsizliyə görə uduzan güləşçimiz 3-cü yer uğrunda görüşdə hesabda öndə olarkən zədələndi. 

Güləşçilərin Braziliyaya 11 lisenziya qazandığını nəzərə alsaq, komandanın çıxışını müsbət dəyərləndirmək olar. Qarşıdakı yarışlarda uğurlu çıxış etməklə güləşçilər daha 7 lisenziya qazana bilərlər. Klassiklər 66, 98, sərbəst güləşçilər 57, 74, qadın güləşçilərimiz isə 63, 69, və 75 kq-da Olimpiya Oyunlarında da təmsil olunmaq üçün mübarizəni davam etdirməlidir.

 

 

SİTAT

 

Rəsul Cunayev (dünya çempionu) - "Çox xoşbəxtəm. Məqsədim qızıl medal qazanmaq idi və buna nail oldum. Avropa və dünya çempionatlarında uğur əldə etmişəm. İndi əsas məqsədim Olimpiya Oyunlarında himnimizi səsləndirməkdir. Bunun üçün çox çalışacağam və ümid edirəm, məqsədimə nail olacağam. Görüşlərin çətin keçdiyini deməzdim. Yaxşı hazırlaşmışdım və özümə inanırdım. Növbəti görüşlərə, böyük ehtimalla, başqa çəkidə çıxacağam. Çünki Olimpiya Oyunlarına getmək istəyirəm. Hər halda, qərarı məşqçilər verəcək".

 

Hacı Əliyev (ikiqat dünya çempionu) - "İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığımıza görə çox şadam. Çalışacağam ki, üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və dünya çempionuyam, çalışacağam ki, Olimpiya çempionu olum". 

 

Əjdər Cəfərov (AGF-nin baş katibi) - "Dünya Çempionatında 69 ölkədən hakimlər təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində "təmiz" qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Bu, idmandır, belə hallar olur. Las-Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev dərhal məsələyə müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdikləri üzə çıxdı. Düzdür, bu, görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq".



MƏSLƏHƏT GÖR:

635