
DURUNDANIN İLK LİSENZİYASI
Dünya Çempionatının ilk altılığında yer alan azərbaycanlı gimnast ilk dəfə Olimpiya Oyunlarında cıxış etmək hüququ qazandı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı başa çatdı. Yarışda uğurlu çıxış edən millimizin lideri Marina Durunda ona bəslənən ümidləri doğrultdu. İlk Avropa Oyunlarının mükafatçısı mürəkkəb kompozisiyada heç bir itkiyə yol vermədən 12 dəfə səhvsiz çıxış etməklə, mundiala hazır olduğunu göstərdi. Digər təmsilçimiz Zeynəb Çələp və Dünya Çempionatı kimi mötəbər yarışların gərgin ab-havasını ilk dəfə hiss edən Ayşən Bayramova ilə birgə, Durunda komanda mübarizəsində 4 çıxış nümayiş etdirdi. Ayşən və Zeynəb nümayiş etdirdikləri çıxışlarının mükəmməlliyinə görə heç də Marinadan geri qalmadılar. Yekunda komanda hesabında Azərbaycan ilk beşlikdə qərarlaşdı.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Marina dörd finalın hər birinə vəsiqə qazanmaqla, ən güclülərin mübarizəsində yarışmaq imkanı əldə etdi. O, halqa, gürzlər və lentlə finalda altıncı yerdə öz mövqeyini möhkəmləndirdi. Topla hərəkətlərdə isə 7-ci oldu. Marina Durunda 4 çıxışın nəticələrinə əsasən, çoxnövçülük finalında 6-ci yerdə qərarlaşaraq, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya qazandı.
Bu, beynəlxalq arenada böyük gimnastların proqramı ilə çıxış etməyə 2013-cü ildən başlayan Marina Durundanın ilk Olimpiya lisenziyasıdır. 3 il müddətində stabilliyi ilə fərqlənən gimnastımız bir sıra beynəlxalq turnirlərin qalibi, Avropa Çempionatının və Avropa Oyunlarının mükafatçısı oldu. Daim üzərində çalışan Marina Rioya lisenziya qazanmaqla karyerasında yeni səhifə açdı.
Bakı 2015 1-ci Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı Marina, 5 gün ərzində ilin əsas yarışı - Dünya Çempionatında da layiqli mübarizə aparmaqla inkişafda olduğunu sübut etdi. Onun çıxışları həm təsnifat, həm də final mərhələlərində özünəinam, zəriflik, hərəkətlərin mahirliyi və qüsursuz stabilliyi ilə tamaşaçıların rəğbətini qazandı.
Dünya Çempionatında həm də qrup hərəkətləri üzrə komandamız mübarizə apardı. Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət qrup əvvəlcə 3 cüt gürz və 2 halqa ilə ruhlandırıcı çıxışlarını uğurla nümayiş etdirdi. Təəssüflər olsun ki, 5 lentlə hərəkətlərdə səhvə yol verən qızlar, iki çıxışın cəmində Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını əldən verdilər. Təsnifat sisteminin qaydalarına əsasən, gələn ilin 16-24 aprel tarixlərində Rio-de-Janeyroda keçiriləcək olimpiyaöncəsi test turnirinin yarışları, 2016-cı il Olimpiadasına lisenziya qazanmaq üçün son şansdır. Sevindirici haldır ki, Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ikinci təsnifat turnirində lisenziya uğrunda mübarizə aparmaq hüququ əldə edib. Lisenziya xarakterli yarışda ən güclü 8 komanda yarışacaq. Rioya yollanmaq üçün ilk üçlükdə qərarlaşmaq vacibdir. Mötəbər turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Almaniya, Yunanıstan, Finlandiya, Braziliya və Fransa yarışacaq. Daha bir iştirakçının adı sonradan məlum olacaq.
Qeyd edək ki, Dünya Çempionatı, həmçinin qızların yaddaşında Vətənə dönməmişdən əvvəl gəzinti zamanı onları şəhərin mərkəzində haqlayan gözlənilməz sürprizlə yadda qalacaq. İspaniya komandasında gimnastların birinin 5 lentlə hərəkətlərdə aldığı zədəyə görə 3 cüt gürz və 2 halqa ilə finalda iştirakdan imtina etdiyini xəbər verən telefon zəngindən sonra, ehtiyatda olan ilk qrupun üzvləri taksiyə əyləşərək yarışın keçirildiyi Porşe Arenaya yollanıblar. Heç bir hazırlıqsız, əvvəlcədən məlumatlı olmayan qrup hərəkərləri üzrə yığmamız bununla belə möhtəşəm çıxışıyla azarkeşləri sevindirdi. Əsl idmançı ruhu nümayiş etdirən gimnastlarımız, demək olar ki, taksini tərk etdikdən sonra dərhal xalça üzərinə çıxdılar. Onların finalçılardan ibarət səkkizliyi qapayan çıxışı, Dünya Çempionatının son çıxışı oldu. Bununla da qrup hərəkətləri üzrə yığmamız gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakterli son turnirdə mübarizə aparmaq imkanı qazandılar.
Karyerasında ilk dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanan gimnastımız Marina Durunda təəssüratlarını "R+"la bölüşüb: "Bu mənim karyeramda iştirak etdiyim üçüncü Dünya Çempionatı oldu. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Azərbaycan Gimnastika Federasiyasına "Çox sağ ol!" deyirəm. Məşqçilərə, həkimlərə və təbii ki, baş məşqçimiz Mariana Vasilyevaya minnətdaram. Ümidləri doğrultduğum üçün çox xoşbəxtəm. Ştutqartda Dünya Çempionatında çoxlu sayda azarkeş bizi tək qoymadı. Onların hər birinə təşəkkürümü bildirirəm. Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla daha bir arzumu reallaşdırdım. İdmançı kimi planetin ən böyük yarışında iştirak etmək ən böyük arzularımdan biri idi. Bundan sonra Rioya hazırlaşmaq lazım olacaq. Olimpiadaya medal qazanmaqla işimi bitmiş saymıram. Braziliyada Azərbaycanı layiqincə təmsil etmək üçün gecə-gündüz məşq etməyə hazıram".
Məlumat üçün bildirək ki, gimnastika yarışlarında Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq digər idman növlərindən daha çətindir. Bu mənada, Dünya Çempionatı kimi mötəbər yarışda qazanılan lisenziyanın dəyəri çox böyükdür. Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın rəhbərliyi altında Azərbaycan yığması ilbəil daha da güclənir. Əvvəllər yalnız iştirak üçün yollandığımız yarışlarda indi mükafatlara namizəd və güclü komandalara layiqli rəqib kimi iştirak edirik. Marina Durundanın Rio Olimpiadasına qazandığı lisenziya son deyil. Qarşıda idman gimnastikası üzrə lisenziya yarışları gəlir. Bu turnirdə də Azərbaycan Rioya vəsiqə qazanmağa iddialıdır.
MƏSLƏHƏT GÖR: