24 Dekabr 2024

Çərşənbə axşamı, 16:20

ÜZDƏ TƏBƏSSÜM, QƏLBDƏ GÖZ YAŞLARI

Görkəmli Azərbaycan aktyoru Səyavuş Aslanın 80 illiyinə həsr olunur

Müəllif:

22.09.2015

Görünür, bu dünyada güldürmək gülməkdən daha asandır. Yəqin, ona görə Xalq Artisti Səyavuş Aslan təkcə özündən başqa hamını güldürə bilirdi. Tamaşaçılarını gözləri yaşarınca güldürəndə, qəhqəhələrə qərq edəndə də aktyorun gözlərindən qəm əskik olmazdı. 

Onun həyatı hər kəs üçün maraqlıydı. Ancaq neçə illər idi ki, jurnalistlər Səyavuş Aslanla bağlı daha çox iki mövzu ətrafında dolaşırdılar. Mövzunun biri aktyorun səhhəti, xəstəliklərlə mübarizəsiydi. Dəfələrlə ölüm xəbərindən yazdılar, sonra təkzib etdilər. Səyavuş Aslan isə yazılıb-pozulanlardan bixəbər öz hücrəsində könül yaralarının və canağrılarının hayındaydı. Yaşının çoxluğundan deyildi. Onu yoran, üzən ömrünün illəri yox, bu illərin içərisində özündən və özgələrdən çəkdikləriydi... 

 

Teatrdan-teatra

Səyavuş Aslan aktyor olmaq istəmişdi. Valideynlərinin onun haqqında arzuları isə başqaymış. 1935-ci ilin 5 sentyabrında Bakının Saray kəndində dünyaya gələn gələcəyin aktyorunun nə atası, nə də anası ali təhsilli deyildilər. Atası Məmmədağa sürücü, anası Anaxanım isə evdar qadın idi. Onlar oğullarının oxuyub iş-güc, vəzifə sahibi olmasını istəyirdilər. Səyavuş Aslan əvvəlcə Bakıdakı 1 saylı məktəbə daxil oldu. Yeddi il orada təhsil aldı. Yeddinici sinfi bitirəndən sonra, Dəmir Yol Texnikumuna qəbul olundu. Orada təhsil ala-ala Biləcəri lokomotivində maşinist köməkçisi işlədi.

...İlk getdiyi tar dərnəyi olmuşdu. O vaxtlar Səyavuş Aslan hələ üçüncü sinifdə oxuyurdu. Tar çalmağa böyük həvəsi var idi. Dərnəkdə ən yaxın dostu Hacıağa Əzimov idi. O, həm də başqa bir dərnəyə - aktyor Atamoğlan Rzayevin rəhbərlik etdiyi dram dərnəyinə gedirdi. Hacıağa Əzimovun dram dərnəyi barədə söhbətləri Səyavuş Aslanı sankı ovsunlamışdı. Teatra marağı getdikcə artırdı. Bir gün dostuna qoşulub, dram dərnəyindəki məşqlərə tamaşa eləməyə getdi. Elə həmin gün də qərarını verdi, dram dərnəyinə üzv yazıldı. Bir müddət sonra, Ə.B.Haqverdiyevin "Ağac kölgəsində" əsərində Ocaqverdi rolu ona verildi. 

1948-ci ilin yazından başqa bir dərnəyə - aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi Dəmiryolçular klubuna getməyə başladı. Teatra sonsuz sevgisi, Ağadadaş Qurbanovun böyük ustalıqla apardığı məşqlər, maraqlı söhbətləri, dərnək üzvlərinə səmimiyyəti, qayğısı Səyavuş Aslanı heyran etdi. Dərnəyə həvəslə gəlməyə başladı. Teatr sənətinə maraq bütün fikirlərinin, arzularının başına keçirdi. Sonralar da minnətdarlıqla yada saldığı Ağadadaş Qurbanovun apardığı məşqlərdən başqa, axşamlar boş vaxtlarında Bayıldakı mədəniyyət evi nəzdində fəaliyyət göstərən və Həkimlər Evindəki dram dərnəklərinə gedirdi. 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1949-cu ilin fevralında bəzi səbəblərdən bağlandı. Teatr truppa halında bir müddət Filarmoniyanın nəzdində estrada ansamblı kimi fəaliyyət göstərdi. 1954-cü ildə rejissor Soltan Dadaşovun təşəbbüsü ilə estrada dəstəsi müstəqil kollektiv kimi çalışdı. Bir neçə il Dəmiyolçular klubunda məşğul olan Səyavus Aslan da həmin il rejissor Ələsgər Şərifovun və Soltan Dadaşovun yoxlamasından keçərək, kollektivin xor heyətinə qəbul edildi. 

1954-cü ilin payızında hərbi xidmətə çağırıldı. 1957-ci ilin payızında geri döndü. Musqili Komediya Teatrının fəaliyyəti 1956-cı ildə bərpa olunmuşdu. Ancaq Səyavuş Aslan əsgərlikdən qayıdıb, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Kukla Teatrı ansamblına daxil oldu, orda "Cırtdan", "Məlikməmməd" nağıl-tamaşalarının hazırlanmasında iştirak etdi. Kukla Teatrı ansamblında çox qalmadı. 1958-ci ilin aprelində Quba Dövlət Dram Teatrına keçdi. Həmin teatrın səhnəsində maraqlı rollar yaratdı. 

 

Lütfəli məktəbi

1959-cu ildə Bakıya qayıtdı. Musiqili Komediya Teatrının aktyor truppasına qəbul olundu. Teatrda Lütfəli Abdullayev, Əlihüseyn Qafarlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, İbrahim Şunasi (Hüseynov) kimi təcrubəli, sayılıb-seçilən sənətkarlarla birlikdə işləməyə başladı. Xüsusilə, Lütfəli Abdullayevin atalıq qayğısını hər addımda görür, hiss edirdi. O, öz oynadığı rolları Səyavuş Aslanın hazırlamasına köməklik göstərirdi.

Səyavuş Aslan aktyor kimi tanınmağa, sevilməyə başladı. Amma hələ ki, vurğunu olduğu aktyorluq sənətində öz yolunu axtarırdı. Lütfəli Abdullayevin ifa tərzi bu sənətdə ilk addımlarını atan Səyavuş Aslanı xüsusilə cəlb edirdi. Gənc aktyor təcrübəli aktyorun sənətinin, istedadının heyranı idi. Bu heyranlıq onun ifasına güclü təsir göstərirdi. Səyavuş Aslanın Lütfəli Abdullayev kimi oynamağa çalışması diqqətdən yayınmadı, ona "balaca Lütfəli Abdullayev" deyirdilər. Özü də dərk edirdi ki, sənətinə böyük dəyər verdiyi aktyorun təkrarçısına çevrilməməli, yolunu, dəst-xəttini seçməlidir. Yoxsa nə qədər tanınsa, bir-birindən maraqlı rollar oynasa da, Lütfəli Abdullayevin kölgəsindən xilas ola bilməyəcək. Bacarığı, zəhmətsevərliyi və bir də aktyorluq sənətinə vurğunluğu gənc aktyora qol-qanad verdi. İnadla çalışdı. Onun istedadı və işgüzarlığı rejissorların da diqqətindən yayınmadı. Səyavuş Aslana yeni rollar verdilər. O da öz üzərində daha ciddi çalışır, fərqli ifa tərzi ilə səhnəyə çıxmaq üçün gərgin məşqlər edirdi. Məqsədinə çatdı, Musiqili Komediya Teatrının səhnəsində yaratdığı rolları onun adını bənzərsiz aktyor kimi teatr tariximizin səhifələrinə yazdı. 

 

Təkrarolunmaz istedad

Həmin teatrda uzun illər çalışdı. Vaxt gəldi ki, Musiqili Komediya Teatrının üc aparıcı aktyorundan biri oldu. "Kəndimizin mahnısı"nda Bayram, "Özümüz bilərik"də İbişov, "Altı qızın biri Pəri"də Füruzbala, "Ulduz"da Şubay, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Lənət sənə, kor şeytan"da Misir Nəsir, "Əlli yaşında cavan"da Orduxan bəy və başqa rolları ona böyük şöhrət gətirdi.

Akademik Milli Dram Teatrında özünü rejissor kimi sınayan tanınmış aktyor Məlik Dadaşov Sabit Rəhmanın "Nişanlı qız" komediyasını tamaşaya hazırlayanda, Mindilli roluna Səyavuş Aslanı dəvət etdi. Tamaşa uğurlu oldu. 1984-cü ilin 5 oktyabrından o, Akademik Milli Dram Teatrında işləməyə başladı. 1994-cü ilin 4 fevralından isə Musiqili Komediya Teatrına bədii rəhbər təyin olundu. Bir müddət dəvətlə gəlib Akademik Milli Dram Teatrının repertuarındakı rollarını ifa etdi. 1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən istefa verdi. Akademik Milli Dram Teatrına döndü. Həmin teatrda Mindilli ("Nişanlı qız"), Ağəli ("Günah"), Fəriş ("Bizim qəribə taleyimiz"), Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı"), Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar"), Vanya Koxa ("Hökmdar və qızı"), Qərib Qulam ("Mənsiz dünya"), Əsədulla ("Ah, Paris... Paris!.."), baş redaktor ("Mənim sevimli dəlim"), Luka ("Həyatın dibində"), Romul Avqustul ("Böyük Romul") və daha neçə-neçə bir-birindən fərqli, maraqlı rollara səhnə ömrü verdi.

Səyavuş Aslan həm teatr, həm də kino aktyoru kimi sevilir. İlk dəfə tamaşaçılar onu 1963-cü ildə "Romeo mənim qonşumdur" filmində Səməd rolunda gördülər. İllər keçdikcə, kino sənətində gördüyü işlərin, oynadığı rolların da sırası genişləndi. O, "Əhməd haradadır?"da Saqqal Ramiz, "Ulduz"da Şubay, "Əzablı yollarla"da Ortancıl Div, "Bəyin oğurlanması"nda Mustafa, "Yol hadisəsi"ndə MİS rəisi Qurban, "Yay günlərinin xəzan yarpaqları"nda Şəmsi, "O dünyadan salam"da Hacı Həsən ağa, "Evlənmək istəyirəm" ("Papaq" fiilmi) Hacı Kəmyab, "Hacı Qara"da Hacı Qara, "Qəm pəncərəsi"ndə Karapet, "Yuxu"da polis rəisi Fərəcov və başqa rollarla kino aktyoru kimi də istedadlı, təkrarsız olduğunu təsdiq etdi. 

Səyavuş Aslan Azərbaycan Dövlət Televiziyasında da neçə-neçə satirik səhnəcikdə, televiziya tamaşalarında maraqlı rollar ifa etdi. Bugünün tamaşaçıları onu Dövlət Televiziyasının "Qızıl Fond"unda saxlanılan və tez-tez ekranlarda nümayiş etdirilən "Bazarkom" ("Evləri köndələn yar"), Qaloşin ("Əyalət lətifələri"), Mak Blaf ("Sehrli kürsü") və başqa rollarda görürlər. 

Təcrübəli, istedadlı aktyor çalışdığı teatrların gənc aktyorlarından məsləhətlərini əsirgəmirdi. Amma o, heç vaxt pedaqoq kimi fəaliyyət göstərmədi. Dəfələrlə Mədəniyyət və İncəsənət Universitetindən edilən təkliflərdən imtina etdi.

 

Ağızdan-ağıza

...Bütün şöhrətli adamlar kimi, onun haqqında da daim müxtəlif söz-söhbətlər dolaşırdı. Bunlardan biri də uzun illər birlikdə çalışdığı, tərəf-müqabili olduğu Nəsibə Zeynalova və Hacıbaba Bağırovla aralarında qalmaqallar, küsülülük yaşanmasıydı. Onların hər üçü böyük sənətkar idi. Hansı tamaşada, filmdə rol alırdılarsa, onu baxımlı, yaddaqalan edə bilirdilər. Teatrsevərlər bu gün də Səyavuş Aslan, Nəsibə Zeynalova və Hacıbaba Bağırovun Sabit Rəhmanın "Hicran" komediyasındakı triosunu maraqla seyr edirlər. Ancaq deyirlər ki, elə bu tamaşada iştirak edəndə də böyük sənətkarlar bir-biri ilə küsülü imişlər. 

Həmin tamaşada yaddaqalan rollardan birinin ifaçısı da Səyavuş Aslanın həyat yoldaşı, aktrisa Ofelya Aslandır. O vaxtlar hələ ayrılmamışdılar. Qısqanclıq, dedi-qodu onların böyük sevgiylə qurulan ailəsini param-parça etdi. Elə Səyavuş Aslanın ömrünün sonunadək haqqında danışılan, yazılan mövzulardan biri də bu idi. 

Nə birlikdə keçirdikləri xoşbəxt günləri, nə iki övladları - Çingiz və Eldar, nə də ömürlərinin ahıl çağlarında tənhalıq xofu Ofelya Aslanı inadından döndərə bildi. Səyavuş Aslanı həddən artıq sevən həyat yoldaşı onu xəyanətdə günahlandırdı və ömrünün sonunadək bağışlamadı. Bir evin içərisində illərlə küsülü yaşadılar. Ofelya Aslan həyat yoldaşını həm də onu dəlixanaya saldırmaqda suçlayırdı. Ona vergi verildiyini, Səyavuş Aslanın bunu anlamadığını, əvəzində, professorla görüşdürmək adı ilə həyat yoldaşını dəlixanaya apardığını, orada 11 gün qaldıqdan sonra evinə qayıtdığını deyirdi. Bir mənzildə, ayrı-ayrılıqda yaşadılar. Qonşu kimi dərdləşdilər də, bir-birlərinə əl yetirib həyan oldular da. Amma sevgiləri nə qədər böyük olsa da, Ofelya Aslanın inadını yenib, ayrılığa qalib gələ bilmədi. 

Ofelya Aslan 2010-cu ilin 18 mayında, yetmiş bir yaşında vəfat etdi. Köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olundu. Ondan sonra Səyavuş Aslan sanki daha da tənhalaşdı. Gözlərindəki kədər bir az da böyüdü. Bir neçə xəstəlik canını sarmışdı. Əvvəldən boş vaxtlarında Dənizkənarı Milli Parka getməyi xoşlayırdı. Ancaq getdikcə ayağı ordan da kəsilirdi. Evinə sığınmışdı. Onu dirigözlü unudanları yorğun-yorğun yada salırdı. Şikayətlənmirdi. Soruşanlara da "Hamısı yanıma gəlir", - deyirdi. 

2013-cü ilin 27 iyununda yetmiş səkkiz yaşında gözlərini əbədi yumdu. Nigaran getmədi. O, böyük sənətkar olduğunu da, kinofilmlərdə, televiziya, teatr tamaşalarında oynadığı rolları ilə hər zaman yada salınacağını da, seviləcəyini də bilirdi...



MƏSLƏHƏT GÖR:

797