14 Mart 2025

Cümə, 01:30

MÜASİR BABİL QALASI

Avropa miqrant böhranının öhdəsindən gələ biləcəkmi?

Müəllif:

22.09.2015

Miqrantların uzun müddətdir, iqtisadi problemlər və sistem böhranından şikayətlənən Avropaya yürüşü hər kəsdə "Köhnə Qitə" ilə bağlı ciddi narahatlıq yaradıb. Aİ Şərqdən axışan qaçqınların öhdəsindən gələ biləcəkmi? Avropa yeni qanı həzm etməyi bacaracaq, yoxsa bu yeni qan Avropanı tanınmaz hala salacaq? Əslində, baş verənlər gözlənilməz deyil və əvvəllər bu məsələ ilə bağlı narahatlıq o qədər də ciddi deyildi - hər halda, miqrasiya ötən əsrin ikinci yarısı boyunca mövcud olub və hazırkı əsrdə sadəcə artıb.

 

Lakin...

Qeyri-rəsmi məlumatlara görə, Avropaya üz tutan qaçqınların sayı, artıq yarım milyonu ötüb, qeyri-rəsmi mənbələr milyondan danışır, bəzən isə daha böyük rəqəmlər söyləyirlər. Qaçqınların əksəriyyətinin suriyalılar olduğu bildirilir. Başqa bir məlumata görə isə suriyalılar ümumi miqrant axınının maksimum üçdəbir hissəsini təşkil edir. Yerdə qalanlar Afrika ölkələrindən, Məğrib, Əfqanıstan, Pakistan, Banqladeş, İraq, Yəməndən olan qaçqınlardır. Üstəlik, elə Avropanın özündən olan kosovalılar da var. Öz ölkələrindən qaçmaq fikrinə düşən bu insanları heç bir risk və təhlükə saxlaya bilmir.

İqtisadi baxımdan "xəstə" olan Yunanıstanda qalmaq istəməyən qaçqınlar bu ölkədən keçərək, yollarına davam edirlər. Makedoniya, Serbiya, Macarıstan, Xorvatiya da onlar üçün, sadəcə, tranzit ölkələrdir. Çünki miqrantların əsas hədəfi "Köhnə Qitə"nın zəngin dövlətləridir: Almaniya, Fransa, Böyük Britaniya, Norveç, İsveç, Hollandiya və s. Nəticədə, Aralıq və Egey dənizləri çimərliklərindən xeyli uzaqlaşan qaçqınlar birləşmiş Avropanın rəmzlərinin birində, La-Manş altındakı avrotuneldə özlərinə düşərgə yaradıblar. İndi Avstriya, Almaniyanın ideal avtobanları zibillə doludur. Miqrantlar uşaq bağçalarını, hətta bəzi otelləri belə, zəbt ediblər. İndi dünyada "xalqların yeni köçü"ndən, İkinci Dünya müharibəsindən sonra, Avropa üçün ən miqyaslı təhlükənin yaranmasından danışırlar. Bu, heç də təəccüblü deyil - qaçqınları yerləşdirməklə yanaşı, dünya birliyi qarşısında imici qoruyub-saxlamaq, üstəlik, daxildə mübahisələrə yol verməmək lazımdır. Lakin avropalılar ilk cəhddə 160 min miqrantın (bu, qaçqınların yalnız bir hissəsidir) Aİ-yə üzv olan 28 ölkə arasında bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməyiblər. Onların arasında koordinasiya olunmuş, razılaşdırılmış fəaliyyətə rast gəlinməyib. Əksinə, miqrant böhranı ilə üzləşmiş hər bir dövlət birtərəfli addımlar atır, ziddiyyətli bəyanatlarla çıxış edilər.

 

Hərəyə öz payı

Macarıstan hökuməti gərginliyə tab gətirməyərək, Serbiya ilə sərhədi bağlamaq qərarına gəlib. Sərhəd boyunca silahlı şəxslər peyda olub, sərhədin qeyri-leqal formada keçilməsinə görə isə cinayət məsuliyyətini nəzərdə tutan qanun qüvvəyə minib (amma qaydanı pozanların sayı minlərlə olacaqsa, macarların onları harada saxlayacaqları tam aydın deyil). Macarıstan polisi Serbiya tərəfdən sərhədi keçməyə çalışan miqrantlara qarşı su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Nəticədə, miqrantlar Qərbi Avropaya yeni, Macarıstandan yan keçən yol tapmaq qərarına gəliblər. Bunun üçün onlar Xorvatiyaya üz tutublar. Xorvatiyanın Baş naziri Zoran Milanoviç əvvəlcə onun ölkəsinə gəlmiş miqrantlara Aİ-nin digər ölkələrinə doğru hərəkəti davam etdirmək imkanının veriləcəyini bildirib. Xorvatiyanın Minalardan Təmizləmə Mərkəzinin əməkdaşları isə 1991-1995-ci illərin vətəndaş müharibəsindən qalmış minalı ərazilərin təmizlənməsi üçün dərhal Serbiya ilə sərhədə göndəriliblər. Lakin cəmi bir gün sonra, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəsinin sərhədinə nəzarətin gücləndirilməli olduğunu bəyan edib. O, bunu ölkəyə "həddindən artıq çox" insanın daxil olması ilə əsaslandırıb. Prezident bildirib ki, Xorvatiya insanlıq nümayiş etdirsə də, onun üçün vətəndaşlarının təhlükəsizliyi və dövlətin sabitliyi daha vacibdir.

Almaniya kansleri, ölkəsinin hər kəsi qəbul edəcəyini, bütün miqrantlara yardım göstərəcəyini demiş Angela Merkel isə öz növbəsində, Şengen razlaşmasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. O, ölkəsinin cənub sərhədlərində sərhəd nəzarətinin tətbiq edilməsinə göstəriş verib.

Analoji addımları digər Avropa ölkələri də atıb. Söhbət, əsasən, Almaniyanın qaçqınların bölüşdürülməsi üçün kvota sistemi (əhalinin sayı, ÜDM və digər göstəricilərə əsasən) təklifini rədd edən dövlətlərdən gedir. Macarıstan və Xorvatiyanın mövqeyi artıq bəllidir. Polşa onsuz da Ukraynadan xeyli sayda qaçqına qucaq açdığını bildirir. Slovakiya isə yalnız xristian suriyalıları qəbul etməyə hazırdır, çünki "digər qaçqınların inteqrasiya perspektivi şübhəlidir, slovakiyalılar isə hələ yerli qaraçıları belə, cəmiyyətə inteqrasiya edə bilməyiblər".

Almaniyanın qonşularının inadkarlığı sonda Berlinin hədədolu bəyanatına səbəb olub. Almaniya bəyan edib ki, problem yaxın zamanlarda həmrəylik ruhunda həllini tapmasa, o, Mərkəzi və Şərqi Avropa ölkələrinə struktur yardımlarını azaldacaq. Buna cavab olaraq, Litvanın Baş naziri Algirdas Butkyaviçyus almaniyalı həmkarlarını şantajda təqsirləndirib. Dərhal hər kəsi sakitləşdirməyə çalışan Avropa Komissiyası Almaniyanın hədəsini reallaşdırması üçün hüquqi bazanın olmadığını bəyan edib. Almaniyanı, həmçinin Dublin konvensiyasından da mənfəət güdməkdə ittiham edirlər; bu sənədə görə, qaçqınlar gəldikləri ilk Aİ ölkəsindəcə qeydiyyata düşməlidirlər. Bununla da Berlin mühacirlərin Aİ-nin kasıb ölkələrində qalmasına nail olmaq istəyir. 

 

Hollandiyanın Baş naziri... suriyalıdır

Qaçqınların isə öz planları var - onlar məhz Almaniya, Fransa və ya Böyük Britaniyaya yetişməyə çalışırlar. Bu səbəbdən, əksər müşahidəçilər miqrantların təhlükəsizlik və yaşamağa yer axtarışında yox, daha yaxşı həyat axtarışında olduqlarını düşünürlər. Lakin insan haqları ilə bağlı əsas sənədlərdə belə maddə yoxdur. Əks təqdirdə, dünyada çox insan qaçqın sayıla bilərdi. Bir çox miqrantların vaxtilə öz ölkəsində firavan həyat sürdüyünə, bu səbəbdən, qaçqınlar düşərgəsində yaşamağa razı olmadığına dair söhbətlər də çıxış yolu deyil. Merkel bəyan edib ki, hərbi əməliyyatların getmədiyi regionlardan gəlmiş miqrantlar Almaniyanı tərk etməlidirlr. Lakin real qaçqını qeyri-leqaldan ayırmaq son dərəcə çətin məsələdir - pasport "yana" və ya "bata" bilər, onu pulla almaq və ya saxtalaşdırmaq da mümkündür. Almaniyanın "Die Welt" qəzetində yer almış bir məqalədə hollandiyalı jurnalistin "Malek Ramadan"ın adına saxta Suriya pasportunu almasından danışılır. Üstəlik, pasportdakı şəkil Hollandiyanın Baş naziri Mark Ryutteyə məxsus imiş. Bundan başqa, təmiz pasporta malik şəxs iddia edə bilər ki, yaşadığı şəhərdə və ya ölkədə müharibə getməsə də, səfalət içərisində yaşayırlar və həmin şəhərdə cinayətkar qruplar insanlara yaşamağa imkan vermirlər.

Odur ki, avropalılar təcili olaraq böhrandan çıxmaq üçün yollar axtarırlar. Təkliflərdən biri təcili şəkildə eyniləşdirmə mərkəzlərinin açılmasıdır. Orada barmaq izlərinin toplanması, miqrantların inteqrasiyası üçün investisiyaların cəlbi təklif olunur. Qaçqınların qarşısının Avropanın girəcəyində kəsilməsi ilə bağlı çağırışlar indi daha tez-tez eşidilməkdədir. Bunun üçün isə ərazilərində qaçqın düşərgələrinin olduğu Türkiyəyə, İordaniyaya, Livana, həmçinin müharibənin tuğyan etdiyi Yaxın Şərq regionlarına köməyi artırmaq lazımdır. Qaçqınların Yunanıstanda qalmasını təmin edəcək birgə güc mərkəzinin yaradılması da təklif olunur.

Məsələnin maddi tərəfi də var: Avropa İttifaqının rəqəmsal iqtisadiyyat üzrə komissarı Günter Ettinger Almaniyanı təcili olaraq miqrantlara sosial müavinətlərin ixtisarı haqqında düşünməyə çağırıb.

Nəhayət, insanları dəniz və quru ilə minlərlə kilometrlik riskli yola çıxmağa vadar edən hərbi münaqişələrin həllinə nail olunması da təklif edilir.

Yeri gəlmişkən, qaçqınlar hərbi münaqişələrə görə, məşhur "ərəb baharı"nın yayılmasını dəstəkləmiş avropalıları günahlandırırlar. Hər halda, avropalılar amerikalılarla birlikdə İraqda, Əfqanıstanda qayda-qanun yaratmağa çalışıblar, indi isə "İslam dövləti" qruplaşmasının öhdəsindən gələ bilmirlər. Nəticədə, həmin ölkələrdə nəinki qayda-qanun yaranmayıb, onların əksəriyyəti institutlardan, dövlətçiliyin əsaslarından da məhrum olublar. Əslində, indi Suriya, İraq, Liviya, Əfqanıstan kimi dövlətlər ayrı-ayrı, bəzi hallarda açıq şəkildə düşmənçilik aparan qruplaşmaların, klanların, tayfaların mövcud olduğu ərazilərə çevriliblər. Bununla əlaqədar olaraq, avropalılara onları zəngin müstəmləkə keçmişi də xatırladılır. Lakin bu, başqa bir söhbətin mövzusudur. 

 

Sözləşmə?

Bütün baş verənlər fonunda bəziləri "fövqəldövlətlərin gizli sözləşməsi"ni də mümkün sayır. Guya bütün baş verənlərdə məqsəd qoca Avropanı, xüsusilə Almaniyanı zəiflətməkdir. İddiaya görə, bu böhranın təşkilatçıları istəkləryinə gənc və enerjili ərəb qanı vasitəsilə nail olmaq istəyirlər.

Birinci dəlil qaçqınların İslam Dünyasının Küveyt və ya Səudiyyə Ərəbistanı kimi zəngin və sabit dövlətlərinə üz tutmamalarıdır. Lakin Səudiyyə Ərəbistanı bu ittihama cavab olaraq, 2,5 milyon suriyalı qaçqını qəbul etdiyini bildirib.

İkinci dəlil - hazırkı qaçqın dalğası, əsasən, desantı xatırladan gənc kişilərdən ibarətdir. Onlar yeni məkanda yerlərini möhkəmləndirmək və bundan sonra bütün qohumlarını yanlarına gətirmək niyyətindədirlər. Bu insanlar, çətin ki, alman bürgerləri ilə assimilyasiya etsinlər. Əksinə, yerli əhali mütləq şəkildə gəlmələrin qanunları, vərdişləri və ənənələri ilə hesablaşmalı olacaqlar. "Prison Planet" nəşri xəbər verir ki, artıq indi Almaniyanın Aşağı Bavariya ərazisində yerləşən Pokinq şəhər məktəbinin administrasiyası valideynləri qızlarına qısa ətəklik və şort geyməyi qadağan etməyə çağırıb. Məktəb rəhbərliyi hesab edir ki, bu, əksəriyyəti müsəlman olan miqrant uşaqlarını təxribata çəkməmək üçün vacibdir.

Üçüncü dəlil - əgər almanlar, fransızlar və isveçlilər müqavimət göstərməyə başlayarlarsa, Avropanı rasizm və islamofobiya zəminində miqyaslı toqquşmalar gözləyir. Avropa Parlamentinə son seçki zamanı bu məqam onsuz da son dərəcə "sağ"laşıb və yəqin ki, yaxın zamanlarda tendensiya yalnız güclənəcək. Hətta bəzi üzvlər Aİ-ni ümumiyyətlə tərk edə bilər - Böyük Britaniya buna hazırlaşır.

Sonuncu və ən təhlükəli dəlil - hazırda Avropaya qaçqın adı altında kütləvi şəkildə terrorçunun axmaqda olduğuna dair ehtimallar var. Sonda onların silaha sarılacaqlarını istisna etmək olmaz. Nəzarət-Buraxılış Məntəqəsində çalışanlar suriyalını pakistanlıdan, qaçqını qaçqın olmayandan fərqləndirə bilmirlərsə, qaçqını terrorçudan neçə seçəcəklər? Məlumata görə, sentyabrın 1-də Krit adası yaxınlığında Yunanıstan sərhədçiləri "Xaddad-1" gəmisində qaçaqmalçılıqla daşınan silah-sursat aşkarlayıblar. Gəmidə minlərlə odlu silah, milyonlarla patron tapılıb.

Beləliklə, sözləşmə nəzəriyyəsi tərəfdarları haqlı olsalar da-olmasalar da, bir şey aydındır ki, böyük köç kortəbii yolla baş verə bilməzdi və onun mütləq təşkilatçıları, yardımçıları var. İnternetdə miqrantları Avropaya istiqamətləndirən "gid"lərə pul ödəyən təşkilatların, fondların mövcudluğuna dair xəbərlərə tez-tez rast gəlinir.

Bununla yanaşı, mətbuatda tamamilə fərqli fikir də dolaşmaqdadır - guya əksinə, Avropanın miqrantlara ehtiyacı var. Hər halda, alman analitiklərinin bildirdiklərinə görə, 2030-cu ildə ölkənin mehmanxana biznesi, logistika, səhiyyə, qocalaraqulluq kimi sahələrində 6 milyon işçiyə ehtiyac olacaq. Bundan başqa, miqrantlar istehlakın artması hesabına daxili bazarın həcminin genişlənməsinə də kömək edəcəklər. Almaniyanın "Daimler AG" maşınqayırma konserninin baş direktoru Diter Setşe bildirib ki, ölkəyə miqrant axını iqtisadiyyata müsbət təsir göstərəcək və qaçqınlar yeni "iqtisadi möcüzə"yə səbəb ola bilərlər. O, 1950-1960-cı illərdə miqrant axınının Almaniya iqtisadiyyaının artımına səbəb olduğunu xatırladıb.

Üçüncüsü, müharibə bitdikdə bəlkə də qaçqınların əksəriyyəti vətəninə qayıtmaq istəyəcək. Və nəhayət, mənəviyyat və insan haqları necə olsun? Axı iztirab çəkən insanlara yardım etmək lazımdır.

 

Bir daha "Charlie Hebdo"

Yeri gəlmişkən, hazırkı miqrant böhranı məhz insan haqları konsepsiyasına qara ləkədir. Məsələn, BMT-nin Baş katibi Pan Gi Mun Macarıstan polisinin miqrantlarla davranışından şoka düşdüyünü bildirib. Onun sözlərinə görə, sığınacaq almağa çalışan insanlarla bu cür davranış yolverilməzdir. Üstəlik, bu, Avropanın düz mərkəzində baş verir! Lakin son zamanlar Avropa üçün nəyin qəbulolunan, nəyin qəbuledilməz olduğunu anlamaq çox çətindir. Bir kiçik misal: miqrantlarla bağlı məsələ gözlənildiyi kimi, məşhur satirik jurnal olan "Charlie Hebdo"nun diqqətindən yayınmayıb. Söhbət bu ilin əvvəlində əməkdaşları "Əl-Qaidə"nin Yəmən qanadının terrorçuları tərəfindən güllələnmiş jurnaldan gedir. Terrorçular jurnalistləri Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə görə güllələmişdilər.

O zaman Parisdə avropalı siyasətçilər və adi insanlar terror aktı qurbanlarının xatirəsinə və söz azadlığının, ümumilikdə, Avropa dəyərlərinin müdafiəsinə həsr olunmuş yürüşə çıxmışdılar. Həmin dövrdə İnternetdə hər addmda "Jesuis Charlie" cümləsinə rast gəlinirdi və bu, bütün dünyada söz azadlığı müdafiəçilərinin şüarına çevrilmişdi. Sentyabrın əvvəlində isə "Charlie Hebdo" cəsədi Türkiyə sahillərinə çıxmış suriyalı oğlan uşağının karikaturasını dərc edib. Bu dəfə söz azadlığı çox az insanın xoşuna gəlib, Fransanın qaradərili hüquqşünaslar cəmiyyəti isə hətta Beynəlxalq Məhkəməyə müraciət edə biləcəyini bəyan ediblər. Jurnalın redaksiyası öz addımını izah etməyə çalışsa da, karikaturaçıların məqsədi qaranlıq olaraq qalır.

"Charlie Hebdo" sayağı "söz azadlığı" ilə yanaşı, Facebook sosial şəbəkəsinin Almaniyadakı ofisi son zamanlar rasist və ksenofob şərhlərin həddindən artıq çoxaldığını bəyan edib. Ofisdən verilən açıqlamada bildirilir ki, bu səbəbdən, xüsusi qrup yaradılacaq və o, miqrantlar və qaçqınların əleyhinə olan kontentləri silməklə məşğul olacaq. Burada nəyin söz azadlığı, nəyin başqa şey olduğunun hansı prinsiplə müəyyənləşdirildiyi aydın deyil - bir çox digər prinsiplər kimi. Odur ki, çoxları Aİ-nin hazırkı problemlərini onun xarici siyasəti ilə, rəhbərliyin yanlışlıqları ilə yox, "Köhnə Qitə"nın daxilindəki böhranla əlaqələndirir - sanki qloballaşma, multikulturalizm, tolerantlıq və digər liberal anlayışlar şəbəkəsində çaş-baş qalmış Avropa hər an Bibliyadakı Babil qalası kimi uça bilər. Razılaşın ki, indi cərəyan edən hadisələr fonunda Bibliyadakı Babil qalasına dair əfsanə artıq fərqli təsəvvür yaradır. İnsanlar vahid-mehriban Avropa ailəsində, bir bayraq altında yaşayır, "ad çıxarmaq" və başqalarına yaşamağı öyrətmək üçün səmalara ucalan qüllə tikirlər. Lakin qüllənin tikintisini başqa dildə danışan gəlmə insanlar yarımçıq qoya bilərlər: insanlar artıq bir-birlərini anlamır və tikintini davam etdirmək mümkün deyil. Bu "gəlmə"lər isə miqrantlar adlanır...



MƏSLƏHƏT GÖR:

585