Müəllif: Cahangir HÜSEYNOV Dərbənd-Moskva
Sentyabrın 19-da əsrlərlə yaşı olan Dərbənd yubileyini böyük təntənə ilə qeyd edib. "R+"un əməkdaşı həmin tədbirlər ərəfəsində təşkilatçıların dəvəti ilə Rusiyanın ən qədim şəhərinə yollanan jurnalistlər arasında olub. Şəhərin simasını necə sürətlə dəyişməkdə olması ayrıca söhbətin mövzusudur. Budəfəki bayram çoxdan gözlənilən prosesin - Dərbəndin dünyanın böyük şəhərlərinin sırasına qayıtması prosesinin başlanğıcı ola bilər. Şəhər sakinləri buna layiqdirlər.
Şəhərin yenidənqurma planları, Azərbaycanla tarixi əlaqələri haqqında "R+" jurnalına Dağıstan Respublikasının rəhbəri Ramazan Hacımuradoviç Abdulatipov danışıb.
- Yubiley tədbirləri ərəfəsində şəhərin simasının dəyişdirilməsi istiqamətində aparılan böyük işlər Azərbaycan hökumətinin dəstəyi hesabına baş tutub. Bu işdə şəhərin azərbaycanlı əhalisi də fəal iştirak edib. Dağıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
- Dərbənd 1 000 ildən artıq müddətdə Qafqazın ən böyük şəhəri sayılıb. Düşünürəm, Dərbəndin Rusiya tarixində, mədəniyyətində oynadığı rol hələ tam üzə çıxarılmayıb. Dərbənd yaşayış məntəqəsinin 5000, şəhərin isə 2000 illiyi ilə bağlı bayram tədbirlərinə hazırlığın gedişində biz Dərbənd istehkamlarını yalnız şəhərlilərin tikmədiyini dəfələrlə vurğulamışıq. Məsələn, Narınqala qalasının hazırkı variantının I Xosrov Ənuşirəvanın (İran şahənşahı - 531-579-cu illər - red.) və II Xosrovun (İran şahənşahı - 591-628-ci illər - red.) dövründə tikildiyi bildirilir. Lakin bunların hamısı bizim xalqlarımızın, Qafqaz xalqlarının əcdadları olmuş ustalar tərəfindən inşa edilib. Dünyada adı Bibliyada və Quranda çəkilən Dərbənd kimi şəhərlər çoxdurmu? Bu, möhkəm tarixi əlaqədir. Bu, bizim dərin köklərimizin göstəricisidir.
Müasir Dağıstan isə Heydər Əliyevin ailəsi ilə sıx bağlıdır. Birincisi, Heydər Əliyevin özü bizə hər zaman çox yaxın olub. Hazırda şəhərin küçələrdən biri onun adını daşıyır. Böyük Vətən müharibəsinin ən ağır illərində Dağıstana Heydər Əliyevin həyat yoldaşının atası Əziz Əliyev rəhbərlik edib. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev də mehriban qonşuluq ənənələrini davam etdirir. Yubiley tədbirlərinə hazırlıq zamanı Azərbaycan kənarda qalmayıb. İlham Əliyevin tapşırığı ilə - o həm də prosesi diqqətlə izləyib - Heydər Əliyevin adını daşıyan küçə tamamilə yenidən qurulub.
Əlbəttə ki, Dağıstan, Dərbənd, Dərbənd rayonunda yaşayan azərbaycanlılar da şəhərin və rayonun son dərəcə bərbad təsərrüfatının bərpası üçün çox iş görürlər. Düşünürəm, yaxın gələcəkdə yalnız Dərbəndi yox, Dərbənd rayonunu da sahmana salacağıq. Bu, Rusiya vətəndaşı olan, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların rifahına, təhlükəsizliyinə müsbət təsir göstərəcək.
- Bildirirsiniz ki, Dərbəndin yubileyi yaxın bir neçə ildə yaşanacaq müsbət dəyişikliklərin başlanğıcıdır. Dərbəndin abadlaşdırılması işləri 2018-ci ilədək davam etdiriləcək. Bəs şəhərdə indiyədək görülmüş işləri necə qiymətləndirirsiniz? Yubiley tədbirinədək planlaşdırılmış işlərin hamısını gerçəkləşdirə bilmisinizmi?
- İlk növbədə, biz bu işləri yalnız bayram tədbirlərinə qatılacaq qonaqlar üçün yox, şəhərlilər üçün görürük. Təkrar edirəm, şəhər son dərəcə bərbad vəziyyətdə idi. Müvafiq olaraq, qısa zamanda çox işlər görülüb. Misal kimi, I Pyotrun köhnə dağıntılar arasından çətinliklə tapılmış evini göstərmək olar. Biz onun ətrafında yerləşən bütün evləri almalı olduq. Artıq bu muzey ansamblı bərpa edilib. Şəhərin 14 küçəsi tamamilə yenidən qurulub - bütün kommunikasiyaları və infrastrukturu ilə. Narınqala qalası və qədim müdafiə divarı da bərpa olunub və tam sahmana çalınıb. Yalnız bu bərpa işlərinə yarım milyard rubldan artıq vəsait xərclənib. Şəhərin ətrafında müxtəlif karxanalar qazılmışdı. İndi oralar da sahmana salınır.
Amma hələ də görüləsi xeyli iş var. Odur ki, Rusiya Prezidenti Vladimir Putin yubiley tədbirlərinin keçirilmə müddətini 2018-ci ilədək uzadıb. Məsələn, hazırda biz Dərbənddən 15 kilometr cənubda 120-150 min nəfərlik kurort şəhərinin inşası imkanlarını müzakirə edirik. Orada ən müasir mehmanxanalar, yollar və s. olmalıdır. Həmçinin aeroport tikintisi də müzakirə olunur. Rusiyanın Baş naziri Dmitri Medvedev ideyanı dəstəkləyərək bildirib ki, Dərbənddə normal şərait yaradılarsa, turistlər şənbə-bazar günləri məmnuniyyətlə buraya gələcəklər.
Ümid edirəm, İlham Əliyevin göstərişi ilə başlanılmış layihələr sona çatdırılacaq. Qarşıda böyük işlər var. Amma bu günədək də xeyli iş görülüb. Dərbəndlilərin özlərindən də çox şey asılıdır. Hələlik, onlar bu prosesə tam
- 2013-cü ildə bəyan etmişdiniz ki, qarşınıza "orta əsrlərə sürüklənmiş Dağıstanı 5 il ərzində tam, yeni inkişaf səviyyəsinə çıxarmaq" məqsədi qoymusunuz. Praktiki olaraq, yolun yarısı keçilib. Bu məqsədə nail olacağınızı düşünürsünüzmü? Ötən illər ərzində hansı nailiyyətlərin əldə olunması ilə öyünmək mümkündür və hansı məqsədlərə hələ də nail olunmayıb?
- 2013-cü ildən respublikada çox şey dəyişilib. 2013-cü ilin əvvəlindəki Dağıstanla 2015-ci ilin əvvəlindəki Dağıstan tamamilə fərqlidir! Bu, istər onun xarici görünüşünə, istərsə də daxili vəziyyətinə aiddir. Bizim üçün əsas hədəf, ilk növbədə, vətəndaşların təhlükəsizliyinin təmini olub. Jurnalistlərə 2014-cü və 2015-ci ilin 8 ayı terrorsuz keçirdiyimizi dedikdə, "Maşallah" söyləyirəm. Müəyyən təhlükələr, əlbəttə ki, hələ də qalmaqdadır.
İkinci məqsədim federal büdcədən dotasiyalardan imtinaya imkan verəcək inkişaf modelinə keçmək idi. İndi biz iqtisadi inkişaf templərinə, xüsusilə, sənayenin inkişafına, vergi yığımına görə Rusiya Federasiyasının subyektləri arasında ilk beşlikdə yer alırıq. Məhz templərə görə. Həcmə görə isə əlbəttə ki, hələ liderlərdən geridəyik. Bütün bunlar müsbət inkişaf dinamikasından xəbər verir.
Ölkə rəhbərliyi, şəxsən Vladimir Putin bunun üçün çox iş görür. Prezidentin göstərişi ilə Rusiya hökuməti Dağıstan Respublikasının inkişafı haqqında qərar qəbul edib. Elə bu günlərdə hökumət başçısı Dmitri Medvedev 2025-ci ilədək Dağıstanın sosial-iqtisadi inkişafına dair proqramı imzalayıb. Bu cür dəstək fonunda biz nəinki dayanıqlı iqtisadi inkişafı və təhlükəsizliyi təmin etməliyik, həm də regionun mədəni inkişafına nail olmalıyıq.
Mənim təşəbbüsümlə Dərbənddə Dünya Mədəniyyəti və Dini Muzey açılıb. Bu yaxınlarda Mahaçqalada ölkədə ilk Poeziya Teatrını açmışıq. Bəlkə də bu, dünyada bir ilkdir. Bütün şəhərlərdə və rayonlarda köhnəlmiş, baxımsız mədəniyyət evlərinin yerində Rusiya xalqlarının ənənəvi mədəniyyət mərkəzləri yaradılıb. Biz təhsil, səhiyyə sistemi və digər sahələrin təkmilləşdirilməsi ilə də məşğuluq. Respublikada geniş quruculuq işləri gedir. Bununla yanaşı, Vətənimizin, Dağıstanın rifahı naminə hələ çox işlər görməliyik.
- Dağıstanla bağlı 2025-ci ilədək nəzərdə tutulmuş proqram respublikanın investisiya cəlbediciliyinin artırılmasına, onun gələcək sosial-iqtisadi inkişafı üçün əlverişli şəraitin yaradılmasına hesablanıb. Bununla yanaşı, qonşularla, xüsusilə Azərbaycanla sıx əməkdaşlıq olmadan Dağıstanın inkişaf etməsi mümkün deyil. Respublikaya başçılıq etdiyiniz dövrdə əməkdaşlıq daha intensiv xarakter alıbmı?
- Biz qonşu, qardaşıq. Azərbaycan son dərəcə fəal inkişaf edən ölkədir. Bu səbəbdən də Dağıstanın əvvəllər qonşusu ilə bircə də olsa birgə layihə həyata keçirməməsi təəccüblüdür. Bu gün biz Dərbənddəki quruculuq işlərində əməkdaşlıq edirik. Perspektivdə iqtisadi, mədəni, təhsil, idman sahələrində də əməkdaşlığımız inkişaf edəcək. Dərbəndin yubiley tədbirlərindən sonra İlham Əliyevlə görüşməyi, onunla çoxtərəfli əməkdaşlığımızın yeni mərhələsini müzakirə etməyi planlaşdırıram. Rusiyanın bir hissəsi olan Dağıstanla müstəqil dövlət olan Azərbaycan arasında əməkdaşlıq potensialı çox böyükdür. Təəssüf ki, bu potensialdan hələ tam istifadə olunmur.
- Dediniz ki, Dağıstan Respublikası rəhbərliyi "milli kvota məsələsində balanslı siyasət yürüdür və bütün etnik qrupların nümayəndələri hakimiyyətdə təmsil olunur". Bəs Dağıstanın köklü əhalisi olan azərbaycanlılar da fəaldırlarmı? Onlar respublikanın siyasi, iqtisadi və mədəni həyatında iştirak edirlərmi?
- Mütləq! Buna heç bir şübhə yoxdur. Yeri gəlmişkən, bu, Dağıstanda hər zaman, məndən əvvəl də belə olub. Mən də bu prinsiplərə əməl edirəm. Bəzi tənqidçilərin diqqətini bir məsələyə çəkmək istəyirəm: bu, işin keyfiyyətinə heç bir mənfi təsir göstərmir. Çünki bizdə müxtəlif millətlərdən olan peşəkarların sayı kifayət qədər çoxdur. Onları istər bələdiyyə, istərsə də respublika səviyyəsində hakimiyyət orqanlarında işə cəlb etmək olar. Dərbənddə, Dərbənd rayonunda bütün bunlar mütləq nəzərə alınır. Misal kimi, respublika hökumətində dövlət mülkiyyəti naziri azərbaycanlıdır. Milli Məclisin deputatları arasında da azərbaycanlılar var. Azərbaycanlılar çox istedadlı, fəal insanlardır. Bütün bu keyfiyyətlərdən gələcəkdə də Dağıstanın, Azərbaycanla qardaş münasibətlərinin xeyrinə istifadə olunacaq.
MƏSLƏHƏT GÖR: