5 Dekabr 2025

Cümə, 16:51

"QƏZƏBLİ" QƏTNAMƏLƏRƏ RƏĞMƏN…

Avropa Parlamentinin qərəzli addımları Azərbaycanın Avropa ölkələri ilə praqmatik münasibətlərinə mane ola bilməyəcək

Müəllif:

22.09.2015

Azərbaycan KİV ölkə ictimaiyyətini Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli, yersiz və mətninə görə qəbuledilməz qətnaməsi haqqında geniş məlumatlandırıb. Sənəddə, guya, Azərbaycanda insan haqlarının pozulmasından danışılır. Təbii ki, bu qətnamənin Azərbaycan-Avropa münasibətlərinə necə təsir göstərəcəyi yalnız siyasətçiləri və diplomatları yox, həm də əhalinin geniş təbəqəsini maraqlandırır. Bu, Bakının geosiyasi xəttini dəyişərək, Qərbdən Şimala yönəlməsi ilə nəticələnməyəcək ki? Görəsən, baş verənlər Bakının Moskva tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqına üz tutmasına, yaxud, Şərqə, inkişafda olan Çinə, dinamik inkişaf edən Cənub-Şərqi Asiyaya doğru meyillənməsinə yol aça bilərmi?

Bakıya rəsmi səfərə gəlmiş Çexiya Prezidenti Miloş Zemanı qəbul edən Azərbaycanın dövlət başçısı İlham Əliyev deyib: "Avropada, Avropa Parlamentində anti-Azərbaycan qrupu yaradılıb. O, Azərbaycanı hörmətdən salmaq, imicini korlamaq üçün əlindən gələni edir. Bu qətnamə mənim üçün kağız parçasından başqa bir şey deyil və mən buna əhəmiyyət vermirəm. Təbii ki, bunu müzakirə edirəm. Lakin bu qətnamə bizə heç bir təsir göstərməyəcək". Azərbaycan Prezidenti bununla bir daha göstərib ki, Bakı ayrı-ayrı Avropa strukturlarının qərəzli, ideoloji və siyasi motivli qətnamələrinə rəğmən, "Köhnə Qitə" ölkələri ilə qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirməyə hazırdır. Onun bir fikri də ciddi mesaj sayıla bilər: "Azərbaycan tam əmindir ki, "Cənub" Qaz Dəhlizi layihəsi və Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi reallaşdırılacaq".

Buradan məlum olur ki, Azərbaycan şifahi atmacalara simmetrik olaraq sözlə, qeyri-dostyana siyasi addımlara isə adekvat siyasi gedişlərlə cavab verəcək. Ehtimalın azlığına rəğmən, vəziyyət Aİ tərəfindən real sanksiyaların tətbiqinədək gedib-çıxarsa, Bakı dərhal cavab sanksiyalarına əl atacaq. Biz Avropa ilə münasibətləri qiymətləndiririk. Lakin eyni zamanda, Azərbaycan öz inkişafı üçün ciddi zərər almadan sənaye, sosial elmi layihələrin yönünü dəyişməyə də qadirdir. Məsələn, sənaye və digər sahələrdə yüksək texnologiyalardan istifadə məsələsində Yaponiya, Cənubi Koreya, Sinqapur və digər ölkələrlə əməkdaşlığın gücləndirilməsi də mümkündür. 

15 Sentyabr - Bilik günündə Bakının müasir tələblərə uygun yenidən qurulmuş 148 saylı orta məktəbində çıxış edən Prezilent İlham Əliyev deyib: "Bəzi qüvvələr istəyirlər, Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün, ilk növbədə, Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır. Görəndə ki bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik". 

Azərbaycan Milli Məclisi də Avropa Parlamentinin qətnaməsini hərtərəfli müzakirə etdikdən sonra, cavab kimi atılacaq siyasi addımları müəyyənləşdirib. Onların arasında "Avronest" Parlament Assambleyasını tərk etmək təşəbbüsü, "Avropa İttifaqı-Azərbaycan" Parlament Əməkdaşlığı Komitəsinin hazırkı formatda işinin dayandırılması var. Bundan başqa, parlament Nazirlər Kabinetinə Azərbaycanın Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında iştirakının məqsədəuyğun olub-olmaması məsələsini nəzərdən keçirməyi də tövsiyə edib. Avropadan Azərbaycanın vəzifəli şəxslərinə sanksiyalar gələrsə, Avropa Parlamenti deputatlarının Azərbaycana daxil olmalarına qadağa qoyulması da təkliflər sırasındadır. 

Beləliklə, Milli Məclis qəbul etdiyi qərarlarla Avropa Parlamentinə Azərbaycana hər hansı təzyiqin qəbuledilməz olduğunu göstərib: əgər Azərbaycanı Avropaya inteqrasiya proqramlarından kənarlaşdırmaqla hədələyirlərsə, biz özümüz bu addımları atmağa, hətta dərhal atmağa hazırıq.

Milli Məclisin qərarı məntiqi sonluğa çatdırılarsa belə, bundan Azərbaycan ciddi ziyan görməyəcək. Qərarda adıçəkilən "Avropa İttifaqı-Azərbaycan" Parlament Əməkdaşlığı Komitəsi "Şərq Tərəfdaşlığı" proqramına start verdikdən sonra belə onsuz da uzun illərdir "donmuş" vəziyyətdədir.

Mən Azərbaycanın "Avronest"dəki nümayəndə heyətində yer alıram və tam əminliklə deyə bilərəm ki, bu, sadəcə, dialoq üçün platformadır. Bu strukturun hər hansı əhəmiyyətli qərar qəbul etmək səlahiyyəti yoxdur. "Avronest"də təmsil olunmağın bir mənası var idi: ermənilərin və erməni lobbiçilərinin təşəbbüsü ilə anti-Azərbaycan qətnamələrinin qəbulu və ondan istifadənin qarşısını almaq. Yeri gəlmişkən, son anadək biz bu işin öhdəsindən uğurla gəlirdik. Ermənilər də öz növbələrində, onların Azərbaycana qarşı təcavüzünü, ərazilərimizin işğalını pisləyən qərarların qəbuluna imkan vermirdilər.

"Turan" informasiya agentliyinin məlumatına görə, "Avronest"in həmsədrləri Xeydi Xautala (Finlandiya) və Viktor Dolidze (Gürcüstan) bəyanatla çıxış edərək bildiriblər ki, "Avronest" Parlament Assambleyasında iştirak hər kəsin könüllü və suveren seçimidir. Bu mənada, biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Bununla yanaşı, Milli Məclisin özünü region üçün aşkar əhəmiyyət daşıyan parlament iclaslarında səsdən məhrum etməsi təəssüfləndiricidir. Razılaşmaya əsasən, "Avronest"dən çıxmaq haqqında qərar qəbul olunduqdan bir il sonra qüvvəyə minir. Bu müddət ərzində biz Milli Məclislə bütün məsələləri müzakirə etməyə hazırıq". 

Müvafiq olaraq, tərəflərin yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq, Avropa İttifaqının müvafiq strukturları ilə parlament əməkdaşlığını davam etdirmək üçün bir il vaxtı var.

Azərbaycanın Aİ yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov KİV-ə verdiyi açıqlamada bildirib ki, Avropa Parlamentinin qətnaməsi yalnız bizim üçün deyil, Aİ-nin icraedici strukturları üçün də hüquqi əhəmiyyət daşımır. Sənəd tövsiyə xarakterlidir. Odur ki, hüquqi baxımdan bu sənəd Aİ-nin gündəlik fəaliyyətinə heç bir təsir göstərmir. Qurumun icraedici strukturları (Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Xarici Siyasi Fəaliyyət Xidməti) Avropa Parlamentinin qətnaməsinə əməl etmək niyyətində deyillər. Diplomatın sözlərinə görə, hazırda Azərbaycanın ticarət dövriyyəsinin 50 faizdən çoxu Aİ üzvü olan ölkələrin payına düşür. Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların isə təxminən, yarısı Avropadan gəlir.

Bu məqamda polşalı politoloq Bartoş Mendikin Day.Az informasiya portalına verdiyi açıqlamasına da nəzər salmaq yerinə düşər. O bildirib ki, Avropa Komissiyası Avropa Parlamentindən fərqli olaraq, real siyasətlə məşğuldur. Mendik Brüsselin ən yüksək vəzifəli şəxslərinin mütəmadi olaraq Bakıya səfərlər etdiyini xatırladıb; misal kimi Avropa Şurasının sədri Donald Tuskun bu yaxınlarda Azərbaycanda olduğunu göstərib. Azərbaycan nefti, yaxın gələcəkdə isə qazı Avropa bazarlarına enerji tədarükünün şaxələndirilməsi strategiyasında vacib yer tutur. Bundan başqa, Azərbaycanın ödəmə qabiliyyətli və nəhəng istehlak bazarı Avropa şirkətləri üçün Cənubi Qafqazda ən cəlbedici bazardır.

Bununla yanaşı, Aİ ilə münasibətlər pisləşməyə doğru gedərsə və qarşılıqlı sanksiyalara əl atılarsa, həmçinin Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramından birdəfəlik imtina edərsə, bu, Bakının Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərinə ciddi təsir göstərməyəcək. Onlarla iqtisadi və mədəni əməkdaşlıq praktiki olaraq, tam şəkildə ikitərəfli razılaşmalar əsasında həyata keçirilir, dövlət başçıları və hökumət üzvləri səviyyəsində intensiv siyasi dialoqla möhkəmlənir.

Sonda Avropa Parlamenti və Qərbin digər parlament və hüquq müdafiəsi təşkilatlarının Cənubi Qafqaz ölkələrinə fərqli münasibəti haqqında. Azərbaycana qarşı fasiləsiz olaraq müxtəlif tələblər, iddialar irəli sürülür və bu, əksər halda qəbuledilməz tonda olur. Lakin eyni dairələr qonşu Ermənistanda hakimiyyətin siyasi opponentlərinin, müxalif jurnalistlərin mütəmadi olaraq döyülməsinə, öldürülməsinə fikir vermirlər. Bu gün Ermənistanda Serj Sarqsyanın kriminal-oliqarx rejiminin onlarca opponenti repressiyalara məruz qalaraq həbsxanalara atılıb. Buna baxmayaraq, İrəvan canını yüngülvari məzəmmətlə qurtarır. "Xərclənməmiş" qəzəb, "enerji" isə daim inadkar Azərbaycana yönəldilir. Məsələ o yerə çatıb ki, Ermənistanda təqib olunan ermənilər ölkələri ilə "dondurulmuş münaqişə" şəraitində yaşayan Azərbaycana qaçırlar.

Ötən il bütöv bir ailə avtomobillə sərhədi keçərək, Azərbaycana adlamış və Bakıdan siyasi sığınacaq istəmişdi. Bu günlərdə isə ona bənzər, lakin kifayət qədər qalmaqallı daha bir hadisə baş verib. Ermənistan hökuməti tərəfindən təqib olunan, ölkəsində dəfələrlə döyülmüş hüquq müdafiəçisi Vaan Martirosyan həyat yoldaşı və körpəsi ilə birlikdə Gürcüstan vasitəsilə Azərbaycana keçib. O, Bakıdan siyasi sığınacaq istəyir. İrəvanda Martirosyan 4000 dollar oğurlamaqda günahlandırılır və onun haqqında cinayət işi açılıb. Xatırladaq ki, Azərbaycanın bəzi QHT rəhbərləri ilə bağlı yüz minlərlə dollar və avronu mənimsədikləri üçün çıxarılmış məhkəmə qərarları Qərbdə siyasi motivli qərar kimi qiymətləndirilir. Bəs görəsən, onlar Martirosyanın işinə necə reaksiya verəcək? Yəqin ki, bunu da "görməyəcəklər". Belə olan təqdirdə, Qərb paytaxtlarından gələn çağırışların, tələblərin və məsləhətlərin artıq Azərbaycanda müsbət reaksiya doğurmaması təəccüblüdürmü?

Azərbaycan Avropa Parlamentinin siyasi baxımdan qəbuledilməz öyüd-nəsihətinə baxmayaraq, Avropa ölkələri ilə ticarət, enerji, mədəniyyət, təhsil və turizm kimi vacib sahələrdə münasibətlərini inkişaf etdirir. Bu əməkdaşlığın 90 faizi ikitərəfli şəkildə həyata keçirilir. Onun çox az hissəsi Avropa Komissiyası tərəfindən tənzimlənir. Odur ki, Avropa Parlamentinin Bakı tərəfindən rədd edilən "hədələyici" qətnamələri, çətin ki, Azərbaycanın Avropa ilə qarşılıqlı səmərəli tərəfdaşlığı davam etdirməsinə mane olsun.



MƏSLƏHƏT GÖR:

691