24 Dekabr 2024

Çərşənbə axşamı, 17:11

NİFRƏTDƏN YARANAN MƏHƏBBƏT

Laqeyd cəmiyyətdə sevən ürəklərlə baş verənlər "Romeo və Culyetta" tamaşasının timsalında

Müəllif:

29.09.2015

Bakı Gənc Tamaşaçılar Teatrının (GTT) 88-ci teatr mövsümü Azərbaycanın xalq artisti Cənnət Səlimovanın quruluşu əsasında təqdim olunan "Romeo və Culyetta" tamaşası ilə açıq elan olundu. Şekspirin ən məşhur və sevilən faciələrindən biri artıq  neçə əsrlərdir  ki,  nə tamaşaçıları, nə rejissorları, nə də ifaçıları laqeyd qoyur. İki düşmən ailə - Montekki və Kapulettidən olan gənc sevənlərin taleyi isə bir çox teatrlar üçün müxtəlif əsrlərdə və müxtəlif ölkələrdə valehedici səhnə araşdırması mövzusuna çevrilib. Sanki XVI əsrin Veronasının adətlərini bu qədər bədii və bu qədər doğru şəkildə göstərən Dzefirellinin eyniadlı filmindən sonra, teatr rejissorlarının Şekspir faciəsi məkanında daha nəyi isə axtarmalarına dəyməz. Hətta indiki Veronada Kapullettinin evində Culyettanın yataq otağında həmin filmin qəhrəmanlarının paltarları, rekviziti, mebeli, çarpayısı durur. Turistlərə hətta pul ödəməklə belə eksponatların şəklini çəkməyə icazə verilmir! Lakin evin həyətində Culyettanın heykəli ucalır. Turistlər üçün yaradılan inanca görə heykəlin döşünə sürtməklə, sevgililərə xoşbəxtlik gətirmək olar. Və bütün yaşlarda olan turistlər tələb olunan ritual hərəkətlərini edirlər və cidd-cəhdlə inanırlar ki, bu işə yarayar. Romeonun evinin (bu evin iki addımlığında!) "bəxti çox gətirməyib". Orada indi yeməkləri  XVI əsrin reseptləri ilə hazırlayan kiçik restoran da yerləşir. Bu yer turistlər üçün olduqca cəlbedicidir. Və veronalılar əmin edirlər ki, məhz bu evdə Montekki ailəsi yaşayıb və Romeo məhz buradan Paduyaya yollanıb. 

 

"Əvvəl" və "sonra"

Cənnət Səlimova bizə iki sevgili barədə faciənin öz versiyasını təklif edir. Və o, bəlkə də, Şekspirin yazdığından da qorxuludur. Çünki Şekspirin qəhrəmanlarını (istisnasız hamısını!) ehtiras məhv edir: məhəbbət, nifrət, düşmənçilik və yenə də nifrət. Məhvedici və rəhmsizdirlər, onlar şiddətli emosiyalar və həyəcan yaradır, qan qaynadır və idrakı pozurlar. Cənnət Səlimovanın tamaşasında Şekspir qəhrəmanlarını məhəbbətsiz qalan məkan məhv edir. 

Həyatında heç nəyi dəyişmək və ya özlərini dəyişmək istəməyən insanlar bir-birini öldürürlər. Veronalıların həyatı tamamilə başqa hisslərə qərq olub. Onların hamısı həyatdan da vacib hansı isə işlərlə məşğuldurlar. Ona görə də soyuqdurlar, özlərindən razıdırlar, laqeyddirlər və praqmatikdirlər. Bu dəyərlər dünyasında emosiya və hisslərə deyil, sağlam düşüncə və açıq mülahizəyə güvənilir. Burada Romeo və Culyettanın hisslərinə yer yoxdur. Onlar əzəldən ölümə məhkumdurlar. Bir-birini, vaxtsız sevən bu iki nəfər hər kəsə maneə törədir: valideynlərə, hersoqa, münaqişə edən klanlardakı insanlara. Mane olurlar, çünki Montekkinin və Kapulettinin nifrəti - iki dünyaya bölünən Veronada ənənəvi həyat tərzini pozub. Və ancaq dayəsi (Nübar Novruzova) Culyettaya acıyır. Lakin o da, qadın kimi praktikdir, Culyettaya sevmədiyi Parisə ərə getməyi tövsiyə edir.

Culyetta bu barədə heç fikirləşə də bilməz! Faciəvi qərarın qəbul edilməsi anı yetişəndə isə o, ilk səhnədə qəfil əski kukla ilə çıxdığı zaman, elə ona bənzəyəcək. Kukla Culyettaya oxşayırdı, Dayə isə onu dəfələrlə yerə tullayıb qaldıraraq, ondan əyani vəsait kimi istifadə edirdi! Sonsuzadək... Səhnə qorxunc səsə bürünənədək. Hərçənd, dayənin hekayəsi qızcığazın gənc yaşlarına və onun gəzməyi öyrəndiyi, yerə düşdüyü vaxtlara aid idi. Hekayənin bir anında əski kukla Culyettanın fantomuna bənzəməyə başlayır. İnsan özünü narahat hiss edir. Qəmgin laqeydliklə bütün bunlara valideynlər - ər-arvad Kapulettilər tamaşa edir. Onlar dayənin nağıllarının halında deyillər: bu gün onlar qızlarının yetkinlik yaşına çatması ilə əlaqədar rəqs gecəsi (bal) təşkil edirlər. Culyettanın həmin günü 16 yaşı tamam olur və o, hələ də bilmir ki, məhz həmin gün onun taleyində ayırıcı xətt olacaq: Romeo ilə görüşməzdən "əvvəl" və "sonra". Və sonra da Romeonun cansız cəsədinin yanında can verərkən, ölüm qarşısında və öz qətiyyətində güclü olacaq: sevdiyi insansız və sevgisiz yaşamamaq. Günel Məmmədova bu səhnəni dinamik və güclü oynayır. Balaca qız Culyetta birdən- birə sevgilisi ilə ölümü bölməklə cəsurluq edir. Lorentso sevgililərin cəsədlərini aşkar etdikdən sonra, hər kəs gələcək - həm hersoq, həm Montekkilər, həm də Kapulettilər. Tez-tələsik bir-birilərindən ayrılmaq üçün gələcəklər. Bir-birlərinə olan nifrətini saxlamaqla, vərdiş etdikləri işlərə tələsməklə və qarşılarındakının artıq öz uşaqları olduğunu unudaraq...

 

Zəbt edən reallıq

Hersoq hazır ifadəni söylədi. Olduqca qısa. Heç ailələri barışdırmağa cəhd belə etmədən. Yeniyetmələrin ölümü müharibə aparan ailələri birləşdirmədi. Sevgililərin cəsədləri eləcə meydanda qalacaq. Tək. Onların göz yaşı tökəsi heç kəsləri yoxdur. Və yalnız məzarçılar etinasızlıqla cəsədləri qəbir torbalarına salırlar. Məgər, bu bizim reallığa oxşamırmı? Küçələrdə çox tez-tez və xeyli sayda faciələr baş verməyə başlayıb. Bu günün reallıqları. Bu gün yeniyetmələr küçələrdə belə ölürlər. Bu da ekranlardan həyatımıza daxil olan reallıqdır. Rejissoru etinasız qoymayan reallıq. Yaxın insanlar arasında məsafələr artır. Bu da, faciə yaradır.

Tamaşanın janrı - sevgi hekayəsidir. Qəmgin hekayədir. Bu gün də şəhərimizdə və ya başqa bir yerdə baş verə biləcək bir hekayədir. Lakin onun həmişə konkret ünvanı olub və olacaq da. Bu tamaşada olduğu kimi. Adresatlar isə bizik. Bizdən təkcə uşaqlarımızın necə böyüyəcəkləri deyil, həm də bizim özümüzün necə olması asılıdır. Bu gün arsızlığımızda, xəyanətimizdə, acgözlüyümüzdə nə qədər uzağa gedirik? Və bu bizdə, uşaqlarımızda öz əksini necə tapır? Rejissorun istəyi ilə tamaşada hekayəni Benvolio (Elnur Hüseynov) başlayır və tamamlayır. Boş səhnədə o, uzanaraq, şlyapasından püstə çıxarır və quşlara, tamaşanın iştirakçılarına və eyni zamanda bizə, tamaşaçılara da ataraq, onları yeyir. Dənlər - baş verənləri gözünlə görəndən sonra açılmalı olan fikirlərin toxumalarıdır. Benvolio Romeonun əmisi oğludur və eyni zamanda - "sevgi ehtiraslarının və qanlı münaqişənin tərəfsiz şahididir".

 

Proqram barədə

Teatr rəssamlarının minimalizmi - hazırda məşhur üsuldur. Elə bu tamaşada da səhnə artıq əşyalar və detallarla yüklənməyib. Şota Qlurcidze (Gürcüstan) səhnənin planşeti üzərində Culyettanın eyvanını elə qaldırır ki, sanki bu, sevgililər arasında körpüdür. Mövcud ola biləcək, lakin baş tutmayan gələcəyə dar yol. Hadisə yerləri rəssam tərəfindən müxtəlif rəngli "dillərlə": Kapulettilərin evi, Montekkilərin evi, Lorentsonun hücrəsi, Verona meydanı; və ya teatr mebeli (masa, kreslo) ilə ifadə olunur. Qırmızı rəngli xalçalar mütəmadi olaraq töküləcək qan və ya artıq qan axmış yerləri ifadə etməklə, bütün hekayə boyu müşayiət edir. 

Sonradan sevgililər üçün kəfənə çevriləcək ağ mələfə ilə mələklər peyda olur, elə onlar da eyni anda həm məhəbbəti, həm də ölümü ifadə edən qırmızı rəngli örtüyü gətirirlər. Sevgililərin məhəbbət və ölüm rəqsi bu örtüklə çox ifadəli və gözəl görünür. Kütləvi səhnələr də daxil olmaqla, bütün personajların kostyumları müxtəlif dövrlərə uyğunlaşdırılıb. Təkcə hersoq Eskalanın (Rəşad Səfərov) kostyumu nəyə desəniz dəyər - kokardalı furajka, şalvar-qalife və üçrəngli aşırma qayış! XIX, XX, XXI əsrlər... Bir sözlə, fantaziya üçün məkan heç nə ilə məhdudlaşdırılmayıb. Əsas - baxmaq və görmək, dinləmək və eşitməkdir!

 

Aktyorlar, kütlə

Nə vaxtsa özünüzə sual vermisiniz: Niyə insanların çoxu aktyor olmağa can atır? Axı, bu peşədə nə var ki, insanları bu peşənin bütün çətinlikləri ilə barışmağa məcbur edir? Maaş yüksək deyil, məşqlər üçün çox vaxt gedir, bu fəaliyyət sahəsində heç bir güzəşt yoxdur və sair və ilaxır. Lakin insanlar yenə də bu peşəni seçməyi davam edirlər. Belinski bir vaxtlar oxucularına (tamaşaçılara) teatrı sevmək və orada ölməyi təklif edirdi. Təbii ki, sözün əsl mənasında yox. Ona olan sevgidən ölmək. Demək lazımdır ki, bir çoxları onun məsləhətini dinlədilər və hələ də teatrı sevirlər. Təəssüf ki, onlar bizim milli teatrı daha az sevirlər. Lakin bura gələn teatr kollektivlərinə bahalı biletləri almaq üçün zəhmətlə qazandıqları pullarını sevinclə verirlər. 

Nə üçün bu alın təri ilə qazanılmış pullar bizim teatrlara düşmür? Səbəblərin sayı-hesabı yoxdur. Lakin biz bir məqam barədə danışacağıq. Aktyorun səhnəyə çıxarkan etməli olduğu (əgər bu peşəyə gəlibsə!) haqda. Bir neçə kəlmə kütlə barədə. Kütlə, rejissor kontekstində  rejissor tərəfindən müəyyənləşdirilən tamaşanın quruluş qayəsinə tamaşadakı əsas personajlar kimi "işləməlidir".

Lakin tamaşaçı nə görür? Onlar nəyi və necə ifa etməli olduğunu çətinliklə xatırlayan, amorf şəkildə mövcud olan personajların kütləsini görürlər! Aktyorlar bir-birinə dəyirdilər və sağdakı böyük məkanı boş saxlayaraq, nəyə görəsə kulisin sol tərəfinə çəkilirdilər! Bu, balın ilk səhnəsidir. Tibald ilə Romeo arasında döyüş səhnəsində də təqribən eyni cür. Kütlə aktyorları tamamilə maraqsız (iştiraksız) həyat tərzi sürür və Romeo ilə Tibald arasındakı problemə özlərini çox da "qərq etmirdilər". Tamaşa zamanı istənilən aktyor-personajın iştirak effektinin tam yoxluğu (tavtologiyaya görə üzr istəyirəm!), baş verənlərin mənasının çatdırılması, quruluş ideyasının vurğulanması üçün vacib olan ifadəlikdən məhrum edərək, quruluş fikrini dağıdır. Bu arada isə zalda əyləşən tamaşaçı bunu görür, anlayır, özünə qarşı münasibətdən məyus olur və növbəti dəfə buna bənzər halla qarşılaşmaq istəmir. Deməli, bileti almır və teatra getmir. Rejissorun sevgililər üçün səmanın xeyir-duası kimi nəzərdə tutulan mələklər yazıq və köməksiz görünürlər. Gah dörd, gah da sonradan çiyinlərinə səliqəsiz tökülən saçlarla, üç qız çıxır. Hələ saçlarındakı əzilmiş çələnglər. Nəticədə, qarşımıza heç də Mələklər deyil, valkiriyalar (müharibə pəriləri) çıxır. Ya da hansı isə pifiyalar (falçılar). Səhnə zamanı onların peyda olunması, demək olar ki, təlxək (hoqqabaz) kimi görünürdü, halbuki tamamilə başqa hisslər və fikirləri oyatmalı idilər. Burada sual yaranır: bəs, qrimçilər bu barədə nə fikirləşirlər? Ümumiyyətlə, fikirləşirlərmi? Bəlkə də, onlar üçün bu, heç də məcburi olmayan şərtilikdir? Bəs, rejissor köməkçisi? Bu, insana toxunur. Xırdalıqlardan və detallardan müasir teatrın obrazı yaranır. Biz çox vaxt nəyisə bəyənmir, gileylənir, hərdən də əksər problemin kökündə guya məvacibimizin az olduğunu deyirik. Bağışlayın, amma bacarıq və ya seçdiyi peşəyə vicdanlı münasibət (qəsdən "xidmət" sözü istifadə olunmur!) alınan əsginasların sayı ilə ölçülür? Bir çox aktyorlar bu gün dövlətdən maliyyə dəstəyi alırlar, lakin onların bacarığı, peşəyə sədaqətliliyi, teatr sənətinin ideallarına sadiqliyi aldıqları məbləğə proporsional olaraq artıbmı? Onlar daha ifadəli və parlaq olublarmı? Xeyr. Deməli, problem pulun olmamasında deyil, çox güman ki, düzgün seçilməyən peşədədir? Axı, səhnəyə çıxan heç də hər kəs, həqiqətən, aktyor olmur. Əsl artisti - tamaşaçı müəyyənləşdirir. Məhz onlar öz diqqət və ya diqqətsizlikləri ilə ya "edam edirlər" ya da "bağışlayırlar". Bu mənada heç nəyə baxmayaraq, öz peşəkarlığı ilə "rejissor konstruksiyasını" saxlayan aktyorlara öz minnətdarlığımı bildirmək istərdim. Culyetta rolunda Günel Məmmədovaya, Dayə rolunda Nübar Novruzovaya, Dayənin köməkçisi Pyetro rolunda - Anar Seyfullayevə, Tibald rolunda Vüsal Mehrəliyevə. Lakin "Culyettanın Romeonu nəyə görə sevdiyi" həmişəlik sirr olaraq qalır. Onu hətta qonaqların arasında belə görmək mümkün deyil. O, buna necə nail olub?



MƏSLƏHƏT GÖR:

579