24 Noyabr 2024

Bazar, 15:34

PROQNOZLAR ÖZÜNÜ DOĞRULDUR

Qlobal böhrana baxmayaraq, beynəlxalq maliyyə institutları Azərbaycan iqtisadiyyatının artımını gözləyirlər

Müəllif:

29.09.2015

Dünya bazarlarında neftin qiymətinin düşməsinə və bununla bağlı heç də müsbət qısamüddətli gözləntilərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı gələn ildə də sabit artımını davam etdirəcək. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, gələn il ölkənin ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək. Burada özəl sektorun ÜDM-də payı 82,2% həcmində nəzərdə tutulur. Real iqtisadi artım 1,8%-ə bərabər olacaq. Qeyri-neft sektorunda 3,4%, neft sektorunda isə 1,7% artım olacaq. 

 

Əyilən xətt üzrə

Dünya iqtisadiyyatının durğunluğu artıq reallıqdır. Həm Beynəlxalq Valyuta Fondu (BVF), həm Dünya Bankı (DB) hesab edir ki, qiymətlərin ucuz olması ilin axırına qədər qalacaq və ümumilikdə, enerji daşıyıcıları əvvəlki illə müqayisədə 39% ucuzlaşacaq. Buna görə də cari il üçün verilən proqnozlar azalmaya doğru dəyişikliklərə məruz qalacaqlar. Məsələn, BVF hesab edir ki, 2015-ci ildə dünya iqtisadiyyatının artımı gözlənilən 3,5% əvəzinə 3,3% və 2016-cı ildə isə 3,9% yerinə 3,8% təşkil edəcək.  Bununla belə, Avrozona ölkələrində bu göstərici xeyli aşağı - 1,7%, MDB ölkələrində isə Rusiya iqtisadiyyatının zəifləməsi ilə əlaqədar 0,3% olacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) da yaxın iki il üçün dünya iqtisadiyyatının artım tempini pisləşdirib. İndi, 2015-ci ilin nəticələrinə görə qlobal ÜDM-in artımı iyundakı 3,1% göstərici əvəzinə 3%, 2016-cı ildə isə əvvəl proqnozlaşdırılan 3,8% əvəzinə 3,6% gözlənilir. İƏİT-in məlumatına görə, Çin iqtisadiyyatının artım templəri bu il 6,7%-ə qədər və gələn il 6,5%-ə qədər ləngiyəcək. Halbuki ötən il bu göstərici üzrə rəqəm 7,4% təşkil edib. Son bir neçə ay ərzində dünya iqtisadiyyatının proqnozu bir qədər pisləşib  və  daha az bəlli xarakter alıb. Belə ki, Çindəki hadisələr ABŞ-da vəziyyətin yaxşılaşmasından daha vacibdir. ÇXR-də iqtisadi azalma dünya iqtisadiyyatı üçün əsas təhlükə amili hesab edilir. "Dünya iqtisadiyyatının artımı 2015-ci ildəki lazımi səviyyədən aşağı olacaq. 2016-cı ildə müəyyən güclənmə müşahidə olunacaq, amma gələcəkdə artım potensialına dair şübhələr qalır", - İƏİT-də belə hesab edirlər.

Əlbəttə ki, ümumdünya prosesləri Azərbaycan iqtisadiyyatının daxili iqtisadi vəziyyətinə də təsirsiz ötüşməyə bilməz. İqtisadi proseslərə təsir edən regiondakı geosiyasi gərginliyi nəzərə alan hökumət nəinki dövlət gəlirlərinin, həm də özəl sektorun gəlirlərinin azalacağını gözləyir. Bu isə sahibkarlığın iqtisadi fəallığının yavaşımasına səbəb olacaq və ölkənin maliyyə-bank sektorunun dayanıqlığını zəiflədəcək. 

İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı proqnozlara görə, 2015-ci ildə ölkənin ÜDM-in həcminin 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir,  bu da 3,3% real artım deməkdir. Halbuki əvvəlki proqnoza görə bu rəqəm 4,4% idi.  Buna baxmayaraq, artım neft sektorunda 0,6% (əvvəl 1,6%), qeyri-neft sektorunda isə 5,9% (əvvəl 8,5%) təşkil edəcək. Əsas kapitala yönələn ümumi investisiyaların həcmi 19, 7 mlrd. manat (ötən illə müqayisədə daxili investisiyalar üzrə 6,2% azalma, xarici investisiyalar üzrə 49% artım) həcmində gözlənilir. 

Qeyd edək ki, bu günlərdə Asiya İnkişaf Bankının (AİB) açıqladığı "Asian Development Outlook" adlı hesabatına görə, 2015-ci ildə Azərbaycanın iqtisadi artım proqnozu 3% həddində saxlanılıb. "2015-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı 5,7% artıb, halbuki 2014-cü ildə bu göstərici 2,1% olub", - hesabatda deyilir. AİB-in analitikləri hesab edirlər ki, ölkədə iqtisadi artımın və məşğulluğun  əsas mənbəyi dövlət investisiya proqramı olaraq  qalacaq. Sənəddə, həmçinin  qeyd edilir ki, büdcə gəlirləri neftin qiymətinin ucuz olması ilə bağlı  sıxıntı yaşayır. "Neftin qiymətinin ucuz olmasına baxmayaraq, 2014-cü ilin yanvar-iyun aylarında qeydə alınan 3,9%-lik azalma ilə müqayisədə, 2015-ci ilin birinci yarısında onun istehsalı 1,3% artıb", - sənəddə qeyd edilir. Bankın analitiklərinin fikrincə, büdcə planının xərclərinin azalmasına baxmayaraq, 2015-ci ildə ölkənin  iqtisadiyyatın dəstəklənməsi üçün fiskal siyasəti  ekspansionist tərzdə qalacaq.

 

Aşağı inflyasiya

2016-cı ilin proqnozlarına gəlincə, nəzərə alsaq ki, onlar neftin qiymətinin, orta hesabla, 50 dollar və iqtisadi vəziyyətə yuxarıda sadalanan bütün mənfi təsir amilləri əsasında tərtib olunub, burada artım templərinin azalması gözləniləndir. Bununla yanaşı, hökumət əmindir ki, artıq 2019-cu ildə ÜDM üzrə artım 5% (2017-ci ildə 2,6%, 2018-ci ildə 3,6%) təşkil edəcək və bu əsasən qeyri-neft sektorunun payının artması hesabına baş  verəcək. 

"Ümumilikdə, 2016-2019-cu illərdə ÜDM və dövlət gəlirlərində qeyri-neft sektorunun xüsusi çəkisinin artıralması, sənaye istehsalının səviyyəsinin qaldırılması üçün maliyyə təminatlılığını yaratmaq və qeyri-neft sektorunda müəssisələr ərsəyə gətirmək planlaşdırılır",- iqtisadi və sosial inkişaf konsepsiyasında belə deyilir. Bununla belə, qeyri-neft sektorunun inkişafının əsas prioriteti dünya bazarında rəqabətqabiliyyətli  olacaq yarımsahələrin inkişafıdır. "Qeyri-neft məhsulunun istehsalı üçün dövlət dəstəyi gücləndiriləcək, yeni müəssisələr yaradılacaq və mövcud olanların rekonstruksiyası həyata  keçiriləcək", - konsepsiyanın layihəsində qeyd edilir. Xüsusi diqqət təbii sərvətlər və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına ayrılacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan - AİB-nin yuxarıda qeyd edilən əvvəlki proqnozu ilə müqayisədə (bankın versiyasına görə, bu 2,8% olacaq) ÜDM-in artım proqnozu dəyişməz qalan Mərkəzi  Asiyanın (Gürcüstan, Qırğızıstan və Özbəkistan) dörd ölkəsindən  biridir. Qalanlarında bank iqtisadi artımın templərinin azalacağını gözləyir. Məsələn, Amerikanın ÜDM üzrə artımı 2015 və 2016-cı illərdə uyğun olaraq 1,2 və 2% proqnozlaşdırılır. Halbuki ötən ilin proqnozlarında bu rəqəm 1,6% və 2,3% idi. Daha bir mühüm göstərici - Azərbaycanda ortaillik inflyasiya - 2016-cı ildə də aşağı (3,3%) səviyyədə qalacaq. 

Lakin hökumətin proqnozlarına görə, 2016-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqı 474,5 manat  olacaq. İqtisadiyyatın zəifləməsi fonunda əhalinin nominal pul gəlirləri 1,2% artaraq - 43,8 mlrd. manata, xərcləri isə 0,6% - 34,4 mlrd. manata qədər artacaq. 

AİB analitiklərinin fikrincə, inflyasiyanın aşağı göstəricilərinin qalmasına Mərkəzi Bankın yerli valyutanın likvidliyinin azalmasına dair həyata keçirdiyi tədbirlər kömək etdi. Onlar hesab edirlər ki, 21 fevral tarixində keçirilən devalvasiya qeyri-ərzaq məhsullarının idxalına inflyasiya təsiri göstərməkdə davam edəcək.  Bankın ənənəvi olaraq Azərbaycanı da aid etdiyi Mərkəzi Asiyada inflyasiyanın orta səviyyəsi 2015-ci ildə 8,1% və 2016-cı ildə 7,5% proqnozlaşdırılır. "2014 və 2015-ci illərdə Mərkəzi Asiya ölkələrində devalvasiyadan sonra məhsullara edilən nəzarət inflyasiyanın sürətlənməsinin qarşısını almağa kömək edəcək", - hesabatda deyilir. 

Bir sözlə, müəyyən neqativ göstəricilərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı "ayaq üstə dayanana" və ən əsası, birbaşa ölkə əhalisinin rifahına təsir edən göstəricilərin sabitliyini qoruya biləcək.



MƏSLƏHƏT GÖR:

562