MƏRMİ SƏSİ ALTINDA ETİRAF
Serj Sarqsyan o qədər çaşıb ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını boynuna alıb
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar növbəti dəfə Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artması fonunda baş tutub. Ənənəsinə sadiq qalan İrəvan danışıqların hər raundundan əvvəl qoşunların təmas xəttində vəziyyəti qarışdırmağa çalışır. Məqsəd, əlbəttə ki, diqqətin danışıqlar predmetindən yayındırılmasıdır. Ermənilər bu yolla danışıqların, sadəcə, atəşkəsin bərpası ilə bitməsinə çalışırlar.
Artıq neçə illərdir ki, hər iki ölkənin müdafiə qurumları praktiki olaraq, hər gün atəşkəsin pozulması ilə bağlı yüzlərlə faktın qeydə alındığını bəyan edir. Lakin ağır artilleriyadan istifadə, düşmənin hətta təmas xəttindən onlarla kilometr aralıda yerləşən mövqelərini uzaqvuran toplardan atəşə tutmaq artıq başqadır - münaqişə, yəqin ki, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs razılaşmasından sonra belə halla qarşılaşmamışdı.
Cəmi bir neçə gün əvvəl Ermənistanın "Aykakan Jamanak" qəzeti diplomatik mənbələrə istinadən nikbin bir xəbər yayıb: guya, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək toplantısı çərçivəsində yalnız iki ölkənin XİN başçıları deyil, prezidentləri arasında da görüş gözlənilir. Lakin Qarabağ səması üzərində artilleriya gurultusu eşidildikdən, hər iki tərəfin atəşkəsin pozulması nəticəsində yalnız hərbçilərin deyil, cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlərin də həlak olduqlarını açıqlamasından sonra nazirlərin görüşü belə, sual altına düşüb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri baş verənlərlə bağlı bəyanatla çıxış edib, hər iki tərəfdən dinc sakinlərin həlak olması faktından narahatlıqlarını dilə gətiriblər. Vasitəçilər Bakı və İrəvanı təmkinli olmağa çağırıblar.
Yaşananlar fonunda münaqişə tərəfləri də susmayıb. Hər iki ölkənin xarici siyasət idarələri qarşı tərəfin atəşkəs rejimini bilərəkdən pozduğunu, bunun danışıqlar prosesini əngəlləmək məqsədi daşıdığını bəyan edib. Azərbaycanın və Ermənistanın Müdafiə nazirlikləri isə gözlənildiyi kimi, daha az diplomatiklik nümayiş etdiriblər. Onlar düşmənin ön və arxa cəbhədəki hərbi texnikasının xəbərdarlıqsız məhv olunacağını bəyan ediblər. Bununla yanaşı, Azərbaycanın Müdafiə Nazirliyi cəbhəyanı rayonlarda yaşayan erməni əhalinin heç zaman Azərbaycan əsgərlərinin hədəfi olmadığını bildirir. Qurumun açıqlamasında deyilir ki, erməni tərəfi əksinə, "döyüş meydanındakı itkilərinin əvəzini çıxmaq üçün yaşayış məntəqələrimizi atəşə tutur, mülki şəxsləri qətlə yetirir".
"Maralıdır ki, erməni tərəfinin itkilərinə dərhal reaksiya verən beynəlxalq strukturlar nədənsə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına, mülki şəxslərin qətlinə biganədir. Onlar ermənilərin bu cinayətlərinə göz yumurlar" - deyə Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması nəticəsində dinc sakinin dünyasını dəyişməsindən sonra verdiyi açıqlamada bildirib.
Ermənistan prezidentinin sözləri isə daha yaddaqalan olub. O, "atəşkəs rejimini pozanlar"ın cəza əməliyyatlarıyla cavablarını alacaqlarını bildirib. Ümumiyyətlə, cəbhə bölgəsindəki vəziyyəti şərh edən Serj Sarqsyan o qədər çaşıb ki, hətta "Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu" da bəyan edib.
Bütün bunların fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri nəinki hər iki nazirlə ayrılıqda görüşüb, nazirləri danışıqlar masası arxasına da əyləşdirməyə nail olublar. Danışıqların hansı əhvalda keçdiyini güman etmək çətin deyil. Buna rəğmən, sonda vasitəçilər danışıqların konstruktiv alındığını bildiriblər. "Nazirlər bu ilin sonunadək Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili haqda razılığa gəliblər. Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini vasitəçilərin sərhədyanı insidentlərin tədqiqilə bağlı təklif etdikləri mexanizmin qəbuluna çağırıblar. Bu baş verməzsə, tərəflər insidentlərdə və insan tələfatlarında bir-birlərini günahlandırmaqda davam edəcəklər", - deyə həmsədrlərin görüşün yekununa dair yaydıqları bəyanatda bildirilir.
Aydın şəkildə görünür ki, 20 ildir danışıqlar prosesinin nəticəsizliyini status-kvonun dəyişməyəcəyinə zəmanət kimi qəbul edən Ermənistan əməlli-başlı çaşqınlıq içərisindədir. Azərbaycan işğal olunmuş ərazilərində öz yurisdiksiyasını istənilən yolla bərpa etmək hüququna malik olduğunu dəfələrlə bəyan edib. Deyəsən, danışıqlar prosesinin getdiyi illərdə İrəvanda bu bəyanatlara qarşı immunitet yaranıb. Lakin separatçılara cavab olaraq düşmənin arxa cəbhəsinə endirilmiş artilleriya zərbələri, deyəsən, Ermənistan hökuməti üçün pis sürpriz olub.
S.Sarqsyanın birdən-birə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan etməsi də bunun təsdiqidir. Bu bəyanat, şübhəsiz ki, əməlli-başlı narahatlıq keçirən erməni əhaliyə yönəlib. Bu bəyanatı Ermənistan hökumətinin zəifliyinin, gücsüzlüyünün göstəricisindən başqa necə qiymətləndirmək olar? İrəvan Dağlıq Qarabağın müstəqilliyinin tanınması imkanını özünün əsas kozırı sayır və guya, sülh danışıqlarının potensialı bitərsə və Azərbaycan müharibəyə başlayarsa, ermənilər məhz bu kozırdan istifadə edəcəklər. İndi Sarqsyan Qarabağı Ermənistan ərazisi adlandırmaqla, onun müstəqilliyinin tanınması qərarının yaxın zamanlarda qəbul edilə biləcəyinə eyham vurur. Bəs, bu, nəyi dəyişəcək və kimin qarşısını alacaq?
Ermənistan prezidenti Serj Sarqsyan öz bəyanatı ilə ölkəsinin Azərbaycanın bir hissəsini işğal etdiyini təsdiqləyir. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin fikridir: "Ermənistan rəhbərliyinin "Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu" bəyan etməsi bu ölkənin Azərbaycan ərazilərini işğal etdiyinin təsdiqidir. Bu, münaqişəyə görə siyasi-hüquqi məsuliyyəti İrəvanın daşıdığını göstərir və onun əsl simasını üzə çıxarır".
Düşmən qarşısında gücsüz olduqlarını anlayan ermənilər adəti üzrə "təcavüzkar"ı başqasının əlilə ram etməyə çalışır, ənənəsinə sadiq qalaraq, böyük qardaşının arxasında gizlənir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan KTMT ölkələrindən olan nazirlərlə Nyu-Yorkda keçirdiyi görüşdə həmkarlarına "Azərbaycanın davakarlığından" şikayətlənib. Lakin Ermənistanın müttəfiqi olan ölkələrin nazirləri öz ordularını "təcavüzkarın ram edilməsi"nə yönəltməkdən imtina ediblər. Deyəsən, onlar, sadəcə, sözdə ermənilərin dərdinə şərik çıxmaqla kifayətləniblər. Yeri gəlmişkən, bütünlükdə dünya kimi, bu ölkələr də rəsmi olaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayırlar. Cəbhə xəttində yaşanan hər insident zamanı İrəvanın KTMT-ni, yaxud ən azı Rusiyanı münaqişəyə cəlb etmək üçün göstərdiyi əsəbi cəhdlər Ermənistan analitikləri üçün çoxdan istehza obyektinə çevrilib. Üstəlik, XİN başçılarının görüşündən cəmi bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin silahlı qüvvələrinin münaqişə zonasındakı vəziyyətə nəzarət etdiyini fəxrlə bəyan etmişdi. Nazir hesab edir ki, cəbhə xəttində yaşanan hər insident zamanı KTMT-nin münaqişəyə cəlb olunmasına çalışılması Ermənistan ordsunun düşmən qarşısında zəifliyi kimi qəbul edilə bilər.
Sarqsyan rejimi pis vəziyyətdədir. Danışıqlar prosesinə yaxın olan diplomatik mənbənin "R+"a bildirdiyinə görə, artıq sülh prosesinə cəlb olunmuş bütün tərəflər, o cümlədən Rusiya Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılması prosesinə başlanılmasının vacibliyindən danışır.
Yeri gəlmişkən, elə Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini müzakirə edib. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi də iştirak edib. Tərəflər "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktual məqamlarını, Ermənistan - Azərbaycan sərhədində və qoşunların təmas xəttindəki mövcud vəziyyəti" müzakirə ediblər. "Həmsədr ölkələrin hər biri bu prosesə sadiqdir - istərsə bu Fransa olsun, istərsə Amerika, istərsə də Azərbaycan və Ermənistanla sıx münasibətlər saxlayan Rusiya" - deyə Lavrov görüş zamanı bildirib. Bununla da, o, ölkəsinin problemin həllində xüsusi rola malik olduğuna eyham vurub.
Rusiyanın Azərbaycana külli miqdarda silah-sursat verməsindən, ümumiyyətlə, Bakı ilə Moskvanın yaxınlaşmasından hələ də özünə gələ bilməyən İrəvana isə ruslardan arzulamadığı mesajlar gəlməkdədir: Lavrovun qeyd etdiyi bu rol ermənilərin ümidlərilə qətiyyən üst-üstə düşmür. "Kölgə MKİ"si də adlandırılan Stratfor analitik mərkəzinin əməkdaşları öz proqnozlarında nadir hallarda yanlışlığa yol verirlər. Onlar bu yaxınlarda açıqladıqları təhlil materialında bildirirlər ki, Azərbaycanın Ermənistanı kompromislərə vadar etmək məqsədilə münaqişə zonasında hərbi fəallığını artırması problemin həllilə bağlı Rusiya ilə razılaşdırılmış mümkün ssenarilərdən biri ola bilər. "Moskva bu yaxınlarda Azərbaycanın cəbhə xəttindəki hərbi əməliyyatlarına münasibətdə böyük çeviklik nümayiş etdirib. Lakin Rusiya Ermənistandan tam imtina etməsi görüntüsü də yaratmamaq üçün ehtiyatlı tərpənəcək. Rusların əsas məqsədi iki tərəf arasında balans yaratmaq və əsas vasitəçi roluna yiyələnmək olacaq", - deyə mərkəzin ekspertləri bildirirlər. Təhlil müəlliflərinin fikrincə, cəbhə zonasında gərginliyin artması Moskva üçün əlverişli ola bilər, amma yalnız bir şərtlə ki, Rusiya hər iki tərəfə təsir imkanlarını qoruyub saxlasın, Ermənistanı isə danışıqlara məcbur etsin". Stratfor mərkəzinin analitikləri hadisələrin mümkün inkişaf ssenariləri arasında Dağlıq Qarabağa bitişik Azərbaycan rayonlarından Ermənistan qüvvələrinin tam şəkildə çıxarılmasını da göstərirlər. Onların fikrincə, bunun ardınca regiona Rusiya sülhməramlıları, yaxud Rusiyanın nəzarətində olacaq beynəlxalq sülhməramlılar yerləşdirilə bilər. Yəni istənilən mümkün ssenari Ermənistanın xeyrinə deyil.
İrəvanın əsas strateji müttəfiqi olan Rusiyanın qeyd-şərtsiz dəstəyindən məhrum olması başını itirmiş Ermənistanın düşünülməmiş addımlar atmasına yol aça bilər. Bəlkə də, Ermənistan hərbçiləri məhz, bu səbəbdən, Yaxın Şərq terrorçularının taktikasına əl atmaqdan başqa yol tapmayıblar. Söhbət düşmənə yaşayış məntəqələrindəki mövqelərdən zərbələrin endirilməsindən gedir. Bu, dinc insanların arxasında gizlənərək hərbi təxribata əl atmaqdan başqa bir şey deyil. Onlar, əlbəttə ki, qarşı tərəfin cavab zərbələri endirəcəyinə əmindirlər. Beləliklə, ermənilər sonda dinc əhali arasında qeyd alınacaq tələfatı dünyaya düşmənin qəddarlığı, prinsipsizliyi kimi təqdim etmək məqsədi güdür. Sarqsyanın da bu günlərdə dediyi kimi, müharibədə plov paylamırlar. Edədir ki, var! Lakin dinc sakinlərin arxasında gizlənmək yalnız terrorçulara xasdır.
Son hadisələrdən gəlinən nəticə ortadadır. Azərbaycan Ukrayna, Yaxın Şərq və digər problemlərin önə çıxması fonunda Qarabağ münaqişəsinin "aktual olmayan" məsələ kimi ikinci plana keçməsinə hər zaman etiraz edib. Hər halda, Qarabağda müharibənin bərpa olunması təhlükəsi qətiyyən azalmayıb, BMT Təhlükəsizlik Şurasının 20 il əvvəl qəbul etidiyi qətnamələr isə ləğv olunmayıb. Qarabağ münaqişəsi zonasında növbəti gərginlik BMT Baş Assambleyasının sessiyası ilə eyni vaxta təsadüf edib. Məlum olduğu kimi, bu toplantıda qlobal təhlükəsizliyə dair ən aktual problemlər müzakirə olunur. Demək, bu, dünyanın aparıcı fövqəldövlətlərinin Ermənistan - Azərbaycan probleminin "dondurulmuş münaqişə" olmadığına inandırılması üçün ən yaxşı imkandır.
Bakı BMT TŞ-nin qətnamələrinin sonsuzluğadək icra olunmamış qalması ilə barışmaq niyyətində olmadığını açıq şəkildə bəyan edir. Yəni o, torpaqlarının işğaldan azad olunmasını təkbaşına təmin etmək hüququna malikdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə xəttindəki insidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı təklifinə də bu kontekstdə yanaşıb: "Belə mexanizmin yaradılması bir halda nəzərdən keçirilə bilər ki, o, həmsədr ölkələrin prezidentləri tərəfindən də qəbul olunmayan mövcud status-kvonun qorunub saxlanmasına xidmət etməsin, işğala haqq qazandırmasın".
Sarqsyan rejimi nə qədər ağır durumda olsa da, onun vasitəçilərin məsləhətini dinləyərək qoşunları Azərbaycan ərazilərindən çıxarmağa başlayacağını düşünmək sadəlöhvlük olardı. Çünki torpaqların işğal altında saxlanılması onun üçün hakimiyyətini qorumağın yeganə yoludur. Lakin Sarqsyan bunun vacibliyini qəbul etməzsə, bunu onun əvəzinə Ermənistan vətəndaşları etməlidirlər. Onlar Sarqsyan rejiminin daxili siyasətdəki müvəffəqiyyətsizliklərinə, onsuz da, çətinliklə dözürlər. Hakimiyyətin mülki vətəndaşların arxasında gizlənməyə başlaması isə ən səbirli xalqı belə, özündən çıxara bilər.
MƏSLƏHƏT GÖR:



627

