24 Noyabr 2024

Bazar, 14:58

QİYMƏTDƏN ASILI OLMAYARAQ...

Dünya bazarlarında neftin ucuzlaşması, Azərbaycan yataqlarının işlənməsi ilə bağlı planlara təsir göstərməyəcək

Müəllif:

06.10.2015

Neftin əhəmiyyətli dərəcədə ucuzlaşması dünya iqtisadiyyatına mənfi və ya müsbət təsirlər göstərməklə yanaşı, ilk növbədə, neft sahəsinə də ciddi zərbə vurub. Bir çox şirkətlər yeni yataqların işlənməsi ilə bağlı planlarını yenidən nəzərdən keçirir. "Wood Mackenzie Ltd." təşkilatı analitiklərinin hesablamalarına görə, enerji şirkətləri artıq 46 layihəyə 200 milyard dollardan çox investisiyanın yatırılmasını təxirə salıblar.

Zərbə, ilk növbədə, ABŞ-da şist qazının hasilatı ilə bağlı layihələrə dəyib. Kanadanın neftli qumların işlənməsi və Rusiya şelfi üzrə layihələr də eyni aqibəti yaşayır. Neftin ucuzlaşması Cənubi Amerikada, ilk növbədə, Venesuela və Braziliyadakı yataqların işlənməsinə də mənfi təsirini göstərib. Çünki bu yataqların işlənməsi üçün külli miqdarda investisiya tələb olunur və bu, hasil edilən neftin maya dəyərinin artması ilə nəticələnir.

Enerji resursları ilə zəngin olan Xəzər regionunda da hər şey qaydasında deyil; məsələn: Qazaxıstan və Türkmənistan artıq bir neçə ildir, müvafiq olaraq, "Kaşaqan" və "Qalkımış" kimi iri yataqların işlənməsinə başlaya bilmir. "Kaşaqan" hələ 2005-ci ildə neft verməli idi. Lakin işlərin dəfələrlə təxirə salınması nəticəsində, hasilata 2016-cı ildə başlanılacağı gözlənilir.

Bu mənada, Azərbaycanda vəziyyət daha yaxşıdır. Neftin 1 bareli 50 dollaradək ucuzlaşsa da, xarici şirkətlərin ölkənin neft-qaz yataqlarına marağı yenə də kifayət qədər yüksəkdir. Halbuki, bu cür aşağı qiymət investisiya qoyuluşu üçün heç də yaxşı fon yaratmır.

Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənməsi, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətlərinin çəkilişi, həmçinin "Şahdəniz" yatağının işlənməsinin ilk mərhələsi neftin 1 barelinin 20-30 dollar təşkil etdiyi şəraitdə belə, yarımçıq qalmayıb. Qeyd edək ki, Azərbaycan yataqlarının işlənməsi qrafikinin dünya bazarlarında neftin qiymətindən birbaşa asılılığı yoxdur.

Hazırda Azərbaycan rəhbərliyi neft hasilatı həcminin ildə 40-45 milyon ton civarında saxlanılması üçün tədbirlər görür. Qaz hasilatı həcminin isə hazırkı 29 milyard kubmetrdən 50 milyard kubmetrə qaldırılması planlaşdırılır.

Aydındır ki, bu gün Azərbaycanda neft və qaz hasilatı üçün müasir texnologiyalara ehtiyac var. Bu gün yeni yataqların kəşfi Xəzərin dərin hissələrində qeydə alınır. Bəzi hallarda dərinlik 6000 metri ötür. Bu qədər dərinlikdə qazma işlərinin aparılması üçün müasir avadanlıqlara ehtiyac var. Onların Xəzər regionuna gətirilməsi isə heç də asan məsələ deyil. Xəzərin qapalı dəniz olduğunu nəzərə alsaq, qazma qurğularının, platformaların oraya gətirilməsinin nə qədər çətin olduğu anlaşılır.

Azərbaycan hökuməti neft-qaz sektorunda mövcud olan tikinti meydançalarının, qazma qurğularının maksimal güclə işləməsini vacib sayır. Bu baxımdan, yataqlarda işlərin son dərəcə ciddi şəkildə aparılması vacibdir.

Hazırda təbii qaz yataqlarının işlənməsi məsələsi ilk plana çıxıb. Söhbət, ilk növbədə, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsindən gedir.

Bu baxımdan, neft-qaz şirkətləri qazma qurğuları üçün növbəyə durmalı olur. Fransanın "Total" şirkəti də istisna deyil. Qeyd edək ki, 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatı olan "Abşeron" yatağının işlənməsi məhz bu şirkətin üzərinə düşür. Qurum qazma qurğusunu əldə etdikdən sonra, 2017-ci ildə quyunun qazılmasına başlamağı planlaşdırır. Yataqdan ilk qazın 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində alınması nəzərdə tutulub. Xatırladaq ki, "Abşeron" yatağnın səhmlarları arasında "Total" (40%) ilə yanaşı, SOCAR (40%) və Fransanın "Gaz De France Suez" (20%) şirkəti də var.

Karbohidrogen resurslarının axtarışında, əlbəttə ki, Azərbaycan neftçiləri də fəaldırlar. SOCAR-ın bu işdəki inadkarlığı 2010-cu ildə "Ümid" yatağının kəşfi ilə nəticələnib. Ekspertlər ilk kəşfiyyat quyusunun qazılmasından sonra, bu yataqda 200 milyard kubmetrdən artıq qazın, 40 milyon ton kondensat olduğunu proqnozlaşdırırlar. Yeri gəlmişkən, SOCAR rəhbərliyi "Ümid" yatağının "Babək" perspektiv yatağı ilə bir blokda işlənilməsini planlaşdırır. Sonuncu yataqda 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat ehtiyatının olduğu bildirilir. Birləşdirilmiş blokun işlənilməsinə xarici tərəfdaşın cəlbi imkanları da nəzərdən keçirilir.

"Naxçıvan", "Şəfəq-Asiman", "Zəfər-Maşal", "Araz", "Alov" və "Şərq" perspektiv strukturlarını da unutmaq olmaz. Onların işlənilməsi sonrakı mərhələlərdə mümkün olacaq.

Bu cür qaz resursları məhsulun istehlak bazarına vaxtında çıxarılması məsələsini də gündəmə gətirir. Bu sahədə Azərbaycanın heç bir problemi yoxdur. Onun qazı çoxdan Avropaya nəql olunur və bu, respublikanın özünün enerji mənbələri və nəql marşrutlarının şaxələndirilməsi strategiyası əsasında həyata keçirilir. "Cənub" Qaz Dəhlizi isə Aİ üçün prioritet layihələrdəndir.

Sentyabr ərzində Çexiya və Serbiyanın işgüzar dairələrinin təmsilçiləri Azərbaycana səfər ediblər. Səfər çərçivəsində aparılmış danışıqlarda Azərbaycan qazının mümkün tədarükü məsələsi müzakirə olunub. Bu işdə, xüsusilə Serbiya maraqlıdır. Çünki Rusiyanın "Türk axını" layihəsinin reallaşdırılması ehtimalı günbəgün azalır. Bu baxımdan, Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət-telekommunikasiya naziri Rasim Lyaiç ölkəsinin "Cənub" Qaz Dəhlizinə qoşulmasının mümkünlüyünü bildirib. O, ölkəsinin Azərbaycan qazını almaq niyyətini dilə gətirib.

"Türk axını" ətrafında ajiotaj isə deyəsən, bir qədər sakitləşib. Əvvəl layihənin Cənubi və Cənub-Şərqi Avropanı "mavi yanacaq"la təmin etmək üçün 63 milyard kubmetr qaz "daşıyacağı" bildirilirdisə, indi söhbət maksimum 16-17 milyard kubmetrdən və konkret olaraq, Türkiyə bazarına yönəldiləcək qazdan gedir. BOTAS və "Qazprom" boru xəttinin inşası ilə bağlı razılığa gələ bilmir: Rusiya qazının Türkiyəyə güzəştli qiymətlərlə satılması məsələsi danışıqların "dalana dirənməsinə" səbəb olub. Buna rəğmən, Rusiya Avropaya qaz nəqli üçün Ukrayna qaz nəqli sisteminə alternativ yaratmaqda qərarlıdır. Bunun üçün Baltik dənizinin dibi ilə Almaniyaya "Şimal axını-2" boru xəttinin çəkilişi gündəmdədir. Bu marşrutla ildə 55 milyard kubmetrədək qaz nəqli nəzərdə tutulur. Layihə reallaşdırılacağı təqdirdə, Almaniya Avropanın ən nəhəng qaz xabına çevriləcək və Rusiya qazı məhz bu ölkədən paylanacaq. Amma bu marşrutun da nə vaxt reallaşdırılacağı, onun nəql gücünün nə qədər olacağı, hələ ki, aydın deyil. Məhz bu üzdən Rusiya rəhbərliyi Ukraynanın qaz nəqli sistemində 2019-cu ildən imtina etməkdə tam qərarlı deyil - tərəflər arasında hazırkı tranzit razılaşmasının müddəti məhz 2019-cu ildə başa çatacaq. Hər halda, "Qazprom" Ukrayna ilə yeni razılaşma əldə edilməsi məqsədilə danışıqlara başlanılacağını bəyan edib. Əlbəttə ki, söhbət normal kommersiya şərtlərinə əsaslanacaq razılaşmadan gedir.

Bütün bunlar "Cənub" Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə nəqlinin önəmini daha da artırır.

Bununla yanaşı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərini də özündə birləşdirəcək "Cənub" Qaz Dəhlizindən başqa ölkələr, məsələn, Türkmənistan da istifadə edə bilər. Üstəlik, "Cənub" Qaz Dəhlizi çərçivəsində daha bir layihənin reallaşdırılması mümkündür. Söhbət "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsindən gedir.

"AGRI" Azərbaycandan mayeləşdirilmiş qazın (LNG) Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutur. Əvvəlcə bu layihəyə "Cənub" Qaz Dəhlizinin əlavə komponenti kimi baxılırdı. Təbii qazın mayeləşdirilməklə nəqli "mavi yanacaq"ın tankerlər vasitəsilə yeni nəql sxeminin yaradılmasına imkan verir və bu, perspektivdə onun əhatə edəcəyi ölkələrin coğrafiyasını genişləndirməyə imkan yaradır.

AGRI layihəsinin iki mərhələdə reallaşdırılması nəzərdə tutulur. İlk mərhələdə 2 milyard kubmetrədək, ikinci mərhələdə isə 5-8 milyard kubmetr qazın nəqli planlaşdırılır.

Bütün bu layihələr növbəti onillikdə Azərbaycanı Avropanın əsas qaz tədarükçülərindən birinə çevirəcək. Burada önəmli olan yalnız yeni qaz mənbəyi yox, həm də Azərbaycanın yaratdığı infrastruktura yeni ölkələrin qoşulma imkanlarıdır. Söhbət yalnız Türkmənistan və Qazaxıstandan deyil, həm də potensial olaraq İran və İraqdan gedir.



MƏSLƏHƏT GÖR:

549