24 Noyabr 2024

Bazar, 14:58

RAZILAŞMA ARTIQ MASADADIR

SOCAR-ın Yunanıstanın DESFA şirkətini alması ilə bağlı yaşanan epopeya, deyəsən, sona çatmaq üzrədir

Müəllif:

13.10.2015

Deyəsən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA qazpaylayıcı şirkətini almağa çox yaxındır. Tərəflərin müəyyən güzəştlərə getməsi həddindən artıq uzanmış kompromisin əldə olunmasına yaxşı imkan yaradıb. Halbuki 2013-cü ilin yayında artıq, sanki, əldə olunmuş razılaşma ilə bağlı hansısa problemlərin ortaya çıxacağını çox az adam düşünə bilərdi. 

2012-2013-cü illərdə Yunanıstan dağılmaqda olan büdcəsini doldurmaq üçün dövlət əmlakını genişmiqyaslı satışa çıxarmağa qərar verdi. Satışa çıxarılan əmlak sırasında dəniz və hava limanları, DEPA və DESFA enerji şirkətləri və s. var idi. Elə onda SOCAR DESFA-nın səhmlərinin alınması üzrə tenderdə qalib gəldi, 2013-cü ilin dekabrında isə tərəflər arasında müvafiq müqavilə imzalandı. Sənəd DESFA-nın səhmlərinin 66%-nin 400 mln. dollara alınmasını nəzərdə tuturdu. Bu zaman SOCAR səhmlərin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni isə "Hellenic Petroleum SA" şirkətindən almalı idi. Qalan 34% Yunanıstan hökumətində qalırdı. 

Lakin razılaşmanı yekunlaşdırmaq indiyədək mümkün olmayıb. Əvvəlcə məsələyə Avropa Komissiyası (AK) qarışaraq, müqavilənin antiinhisar qanunvericiliyinə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq prosedura başladı. Yunanıstanda hakimiyyətə sol təmayüllü SİRİZA koalisiyasının gəlməsi isə vəziyyəti bir qədər də gərginləşdirdi. 

Yeni hökumət dərhal SOCAR-la müqaviləyə yenidən baxmaq niyyətini açıqladı və hətta Trans-Adriatik qaz kəməri ilə bağlı müqavilə şərtlərini dəyişmək haqda təkliflər də səslənməyə başladı. İkinci məsələ dərhal həllini tapdı - Yunanıstanın yeni enerji nazirinə Bakıda başa saldılar ki, TAP-la bağlı müqavilə beynəlxalq hökumətlərarası xarakter daşıyır və heç kəs hökumət dəyişikliyini əsas gətirərək onun şərtlərini dəyişə bilməz. 

O ki qaldı DESFA-nın alış-satışına, bu məsələ bir müddət havadan asılı vəziyyətdə qaldı. Üstəlik, Yunanıstanın yeni hökuməti dəfələrlə bu aktivin nəzarət paketini özündə saxlamaq istəyini səsləndirməyə başladı. O vaxtadək avansı ödəmiş SOCAR isə müqavilənin razılaşdırılmış şərtlər çərçivəsində yekunlaşdırılmasında israr edirdi.

Bununla yanaşı, Avrokomissiya da bu müqavilə ilə bağlı yekun qərar qəbul edə bilmirdi. SOCAR prezidenti Rövnəq Abdullayev dəfələrlə bəyan edib ki, şirkət Avrokomissiyanın DESFA ilə bağlı bütün sorğularını cavablandırıb.

Görünür, AK özü bilərəkdən vaxt uzadaraq, hər iki tərəfin məqbul kompromisə gəlməsini gözləyirdi. Bir tərəfdən AK Yunanıstan hökumətinin rəyi ilə hesablaşmalıdır, digər tərəfdənsə Azərbaycan Avropa üçün yeni qaz mənbəyidir və müqaviləni tamamilə pozmaq cəhdi sonrakı əməkdaşlığa mənfi təsir göstərə bilərdi. 

SOCAR-dan bildirirlər ki, Yunanıstan bu aktivin satışında daha çox maraqlı olmalıdır, nəinki Azərbaycan Dövlət Neft Şirkəti onun alınmasında. Düzdür, SOCAR-da hesab etmirlər ki, DESFA-nın alışı TAP layihəsinin reallaşdırılması ilə necəsə bağlıdır, amma hər halda, bunu tam istisna etmək də olmaz. SOCAR qazı idxalçıya - birbaşa son istehlakçıya satmaqla əlavə gəlir əldə etməyə çalışır. Hazırda biz Gürcüstanda da belə siyasətin şahidiyik: bu ölkədə qazpaylayıcı şəbəkələri SOCAR-ın özü idarə edir. 

Türkiyədə isə şirkət bu yaxınlarda qazın topdansatış hüququnu əldə edib. TAP-ın marşrutu boyunca Azərbaycan şirkəti Albaniyanı da qazlaşdırmaq niyyətindədir - hazırda bu ölkə, ümumiyyətlə, qazdan istifadə etmir. Və DESFA da məhz bu siyasətin davamıdır. 

Bu zaman, həmçinin qeyd etmək lazımdır ki, Aİ-də son istehlakçı üçün ən yüksək qaz qiymətləri məhz Yunanıstandadır. Nəticədə, yaranmış dalandan çıxmaq üçün hər iki tərəf kompromisə getdi. SOCAR öz payını 49%-dək azaltmağa razılıq verdi, Yunanıstan hakimiyyəti isə sazişin yekunlaşması üçün AK-dan razılığın alınmasına təsir göstərməyi vəd etdi. 

SOCAR-ın artıq razılaşdırıldığı kimi, DESFA-nın səhmlərinin 66%-ni alacağı, sonra isə onun 17%-ni digər şirkətlərə satacağı gözlənilir. Belə halda Azərbaycan şirkəti DESFA-nın ən böyük səhmdarı olaraq qalacaq, amma nəzarət paketinə malik olmayacaq. Yunanıstan KİV-nin yazdığına görə, paketin alınmasına bir sıra şirkətlər, o cümlədən Belçikanın "Fluxys", Hollandiyanın "Gasunie", İtaliyanın "Infrastrutture Trasporto Gas" və "Snam Rete Gas" şirkətləri maraq göstərirlər. Maraqlıdır ki, DESFA-nın səhmlərinin 8%-nə iddia edən "Fluxys" artıq TAP-ın səhmdarıdır, "Snam" isə "Statiol"in layihədəki 20%-lik payını almaq istəyir. Yəni bu şirkətlər də Azərbaycan qazının yunan bazarındakı son istehlakçıya çatdırılmasından əlavə gəlir götürməyi düşünürlər. Rəsmi Afina DESFA-nın səhmlərinin bir qisminin üçüncü şirkətlərə satılmasına razıdır və bunu ölkənin ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Panos Skourletis Azərbaycan səfiri Rəhman Mustafayev və SOCAR nümayəndələrilə görüşdə də təsdiqləyib. Onun sözlərinə görə, özəlləşdirilmə prosesi normal gedir. 

Bununla yanaşı, səhmlərin bir hissəsinin üçüncü şirkətlərə satışı ideyası Avropa Komissiyasının rəqabət məsələləri üzrə direktoratını da tam qane edir. 

Odur ki, DESFA-nın özəlləşdirilməsi ilə bağlı xeyli uzanmış bu məsələyə yaxın aylarda nöqtə qoyulacaq.

Qeyd etmək lazımdır ki, son aylar həm TAP, həm də DESFA məsələlərində Yunanıstan rəhbərliyinin ritorikasında xeyli dəyişiklik hiss olunur. Sentyabrda keçirilmiş seçkilər nəticəsində hökumətdə əsas rolu yenidən SİRİZA və onun lideri Aleksis Sipras oynamaqda davam etsələr də, energetika konyunkturunda dəyişikliklər baş verib. Bu, ilk növbədə, Rusiya qazının Qara dənizin dibi ilə Türkiyəyə, oradan Yunanıstana nəqlini və orada qaz habının yaradılmasını nəzərdə tutan "Türk axını" ilə bağlıdır. Rəsmi Afina bu layihəyə çox ümid bəsləyirdi, çünki onun reallaşması Yunanıstanı Avropanın enerji bazarında əsas oyunçulardan birinə çevirəcəkdi. Amma "Qazprom" Türkiyəni "sındıra" bilmədi, bu gün danışıqlar faktiki olaraq dondurulub - ən azı, noyabrın 1-də Türkiyədə keçiriləcək parlament seçkilərinə qədər. Üstəlik, ilkin olaraq "Türk axını" ilə nəql olunacaq illik qazın həcmi 64 mlrd. kubmetr nəzərdə tutulmuşdu - onun 47 mlrd.kubmetri Avropaya göndərilməli idi, yerdə qalanını isə Türkiyə özü alacaqdı. İndi isə söhbət bu həcmin iki dəfə azaldılmasından gedir və hələ bunun da reallaşacağı dəqiq fakt deyil. Hər halda, hazırkı mərhələdə Türkiyə ilə Rusiya "Qazprom"un Ukrayna ərazisi ilə tranzitdən imtinası halında, bunu əvəz edəcək bir qaz borusu xəttinin çəkilməsi ətrafında müzakirələr aparırlar. Ankara ilə Moskvanın Suriya probleminə yanaşmasındakı ciddi fikir ayrılıqları isə iki ölkənin enerji sahəsində əməkdaşlıq ehtimalını lap azaldır. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın, ümumiyyətlə, Rusiya qazından imtina edə biləcəyini gizlətməyib. "Rusiya bu cür məsələlərdə həssas olmalıdır. Biz Rusiya təbii qazının bir nömrəli alıcısıyıq. Türkiyənin itirilməsi Rusiya üçün böyük itki olardı. Lazım gələrsə, Türkiyə təbii qazı müxtəlif yerlərdən ala bilər", - deyə Yaponiyaya səfər ərəfəsində Ərdoğan jurnalistlərə bildirib. 

Bu isə "Türk axını"nı ilkin "möhtəşəmliyindən", Yunanıstanı isə, müvafiq olaraq Avropanın cənub sərhədlərində haba çevrilmək şansından məhrum edir. Belə olan halda, Yunanıstan rəhbərliyi Azərbaycan layihələrinin, o cümlədən TAP və DESFA-nın alış-satışında ikiqat maraqlı olmalıdır. Və deyəsən, Afinada bunu artıq başa düşüblər...



MƏSLƏHƏT GÖR:

537