24 Dekabr 2024

Çərşənbə axşamı, 16:25

SEHRLİ FLEYTA

Telman HACIYEV: "Bakının musiqi mədəniyyətini yüksəldəcək uşaqlar və böyüklər üçün filarmonik səhər tamaşalarını bərpa etmək pis olmazdı"

Müəllif:

20.10.2015

"Əfsanəvi insan", "Məftunedici fleyta", "Dünya fleytaçısı", "Etibarlı dost" və "Fitri istedadlı musiqiçi" - Azərbaycanın əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Telman Hacıyevi çox vaxt bu cür adlandırırlar. Onun ifasına məftun olmamaq tamamilə mümkünsüzdür. Çünki onun ifasında incə zövq, nəciblik və estetika var. Musiqiyə, fleytaya böyük sevgisi və zəhmətkeşliyi məşhur Azərbaycan fleytaçısını dünyasəviyyəli ulduzlar sırasına daxil edib. Maestro Hacıyev, həmçinin Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "İncəsənət nəzəriyyəsi və tarixi" kafedrasının təsisçisidir. Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvü, estetika sahəsində alimdir. Solist qismində nəinki keçmiş İttifaqın, həmçinin Avropa və Yaxın Şərq, Latın Amerikası və Skandinaviya ölkələrini - ümumilikdə, gurultulu alqışlarla qarşılandığı 63 ölkəni gəzib - dolanıb. Onun həyatı və yaradıcılığı barədə bir neçə film çəkilib, kitablar yazılıb. Onun 13 albomunun səs yazıları isə radio və televiziyada səsləndirilib, Ümumittifaq və Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilib. "R+" ilə söhbətində maestro özü, qastolları və ailəsi barədə danışıb.

- Ailəniz, gənclik illərinizdən danışın. Nə üçün məhz fleyta alətini  seçdiniz? 

- Bakıda doğulmuşam. Atam, alim-psixoloq Muxtar Məlikoviçin tarda ifasının təsiri altında formalaşmışam. O, muğamları və mahnıları da möhtəşəm oxuyardı. Anam - pedaqoq-bioloq Səriyyə xanım ailə və musiqili gecələrdə, adətən, atamı dəf və qarmonda müşayiət edərdi. Anam bizi opera klassikasının şah əsərləri ilə tanış edərdi. Teatrda, sehrli fleytada ifanı nümayiş etdirməklə məni son dərəcə təsirləndirən gələcək pedaqoq-orkestrantım Pyotr Zilberman ilə tanış oldum. Bu, qismət idi. Məktəbin beşillik kursunu vaxtından əvvəl, iki ilə bitirdim. Sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycanın əməkdar artisti, professor Ələkbər İsgəndərovun yanında fleyta sinfi üzrə təhsil aldım. Daha sonra fərqlənmə ilə bitirdiyim Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsilə yiyələndim. Konservatoriya ilə paralel olaraq, Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alırdım. Universitetdə gələcək həyat yoldaşım, ömürlük qoruyucu mələyim Alla Qegiadze ilə tanış oldum.

- Tələbə illərinizdən daha çox yadınızda nə qalıb?

- Tələbəlik illərində Qara Əbülfəzoviç Qarayev məni tez-tez fleyta üçün əsərlər yazan tələbələrinə kömək etməyə cəlb edərdi. Bu və digər partiyanı necə daha rahat, necə daha yaxşı ifa etməklə bağlı məsləhətlər alardı. Nəticədə, fleyta solosu ilə hər hansı bir əsəri bəstələrkən mənim ifamı nəzərə alırdı; məsələn, 3 nömrəli simfoniyada çox çətin fleyta partiyasının ifasını mənə həvalə etdilər. Bu əsərin premyerası Moskvada - Rudolf Barşayın rəhbərliyi altında kamera orkestrinin ifasında baş tutdu. Daha sonra bu əsər Bakıda - Nazim Rzayevin rəhbərliyi ilə səsləndi. 

Qara Qarayev öz çıxışında Azərbaycan orkestrinin daha emosional ifasını vurğulamışdı. Məzəli əhvalatlardan isə gənc bəstəkar Murik Makovskinin başına gələn hadisəni xatırlayıram. O, təmtəraqlı şənlikdən sonra çimərlikdə yatıb-qalmış, bəstəkarlıq üzrə səhər imtahanına gəlməmişdi. Fleyta və royal üçün yazılmış əsərin fortepiano partiyasını ifa etməyə isə heç kəs yox idi. Yoldaşıma kömək etmək, təcili pianoçu axtarsam da alınmadı. Fleyta və fortepiano üçün yeni əsəri özüm, demək olar ki, məşq etmədən ifa etməli oldum. Xoşbəxtlikdən, hər şey yaxşı bitdi. 

- İlk uğurunuzu nə zaman qazandınız?

- Konservatoriyada oxuyanda Rusiya, Azərbaycan, Qərbi Avropa bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üzrə müsabiqədə iki dəfə iştirak etdim. İlk mükafatımı əldə etdim və birinci dərəcəli diplomla təltif olundum.

- Deyilənlərə görə, siz sutkada 8-10 saat çalışırdınız. Bu mümkündürmü? Çünki bu, nə skripka, nə də fortepianodur; bu, fleytadır - ağ ciyərlər üçün böyük yükdür! Həmçinin deyirlər ki, siz kiçik fasilə ilə hər biri 50 dəqiqə davam edən ikihissəli konsertə tab gətirə bilərsiniz. İfaçı fəaliyyətinizin stajı isə 20 il əvəzinə, 50 il təşkil edir. Bu, nəfəs alətlərində ifa edənlər üçün nadir haldır...

- Bu, təkcə genetika deyil, həmçinin alətdə gündəlik müntəzəm dərslərdir. Buna görə də bütün tələbkar istedadlı pedaqoqlarıma, həmçinin Moskva aspiranturasında təkmilləşmə keçdiyim əməkdar incəsənət xadimi, dahi musiqiçi, professor Nikolay Platonova minnətdarlığımı bildirirəm.

- Bəs nə üçün Moskvada qalmadınız?

- Moskvaya konservatoriyanın rektoru Cövdət Hacıyevin məsləhəti ilə getmişdim. Mən, komsomol başçısı kimi, birbaşa, necə deyərlər, birdən-birə aspirantura rəhbərinin yanına daxil oldum və dedim: "Mən fleytada yaxşı çalıram. Sizin yanınızda təhsilimi davam etdirmək istəyirəm" və musiqiçilərin böyük seçimi zamanı iki nəfərlə birgə qəbul olundum. Lakin Moskvada  - yaxşı şəraitə, pedaqogika və qastrollara baxmayaraq, məni Vətən çəkirdi. C. Hacıyev məni Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq kimi çalışmağa dəvət etdi. İşlədiyim müddətdə - nəfəs alətləri və kamera ansamblının kafedrası müəllimindən professora qədər - fəxri ad sahibi olan və indi dünyanın müxtəlif guşələrində çalışan bir çox musiqiçilər hazırlamaq da mənə nəsib olub.

- Bəs indi? Bu gün musiqini öyrənməyə can atanlar çoxdur?

- Musiqini öyrənirlər, lakin müxtəlif səbəblərə görə bu sahədə az adam qalır. Xüsusilə bu, simli musiqi alətlərində ifa edən orkestr və nəfəs alətlərində çalan musiqiçilərə aiddir. Belə simfonik orkestri itirə bilərik, bu isə faciədir. 

- Vəziyyəti yaxşıya dəyişmək üçün nə etmək lazımdır? Sizcə, Azərbaycanda mövcud olan musiqi gimnaziyası və Bülbül adına xüsusi məktəbin timsalında təqaüd, istirahət və dərsdən sonra məşğulliyəti olan musiqi istedadlı uşaqlar üçün daha yüksəksəviyyəli musiqi müəssisəsi yaratmağa dəyərmi?

- Bəli. Şəhərin musiqi mədəniyyətini daha yüksək keyfiyyət səviyyəsinə qaldıracaq uşaqlar və böyüklər üçün abunə əsasında filarmonik səhər tamaşalarını bərpa etmək pis olmazdı.

- Siz fəlsəfə doktoru adını necə qazandınız?

- Moskva konservatoriyasında aspiranturada oxuyarkən musiqi estetikası və fəlsəfəsi ilə maraqlanırdım. Namizədliyi, sonra da "İncəsənətin sosial fəallığı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdim. 40 il Azərbaycan Dövlət Universitetinin fəlsəfə və estetika kafedralarında mühazirələr oxudum, işlərimi və kitablarımı, həmçinin musiqi estetikası üzrə tədris materiallarımı dərc etdirdim. Akademik Fuad Qasımzadə ilə həmmüəllif olduğum "Avestadan bu günə qədər" işini yazdım. Başqa elmi işlərim də olub.

- "Çoxlu sayda fleyta ədəbiyyatını" təkrar ifa etdikdən sonra, hansı bəstəkarı daha çox bəyənir və caz musiqisinə necə yanaşırsınız?

- Demək olar ki, "hər şey yeyənəm" - qədim sənətkarlardan müasir bəstəkarlara qədər. Mənə, həmçinin Azərbaycan müəlliflərinin əsərlərinin ilhamçısı və ilk kəşf edəni olmaq nəsib olub. Bizdən başqa kim Azərbaycanın musiqi mədəniyyətini təbliğ edər?! Məsələn, bəstəkar Tofiq Bakıxanov ilə məni 50 illik yaradıcılıq dostluğu bağlayır. Bunun nəticəsində orkestr ilə üç konsert, üç sonata, səkkiz pyes və fleytanın fortepiano və orqan ilə miniatür da daxil olmaqla, çoxlu əsər yaradılıb. Konsert proqramlarına həmişə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Arif Məlikov, Tofiq Bakıxanovun əsərlərini daxil edirdim. Ansamblla musiqi alətlərinin nadir ahəngini çox sevirəm; məsələn, iki fleyta və violonçel, iki fleyta, klarnet və fortepiano; və ya iki fleyta, orqan, faqotdan ibarət ansambl. Fleytanın klavesin, qoboy və ya klarnet, faqot və fortepiano ilə səslənməsini xoşlayıram... Yaxşı caz musiqini sevirəm. Yerli ifaçılar arasında zəngin fantastik improvizəyə malik pianoçu-cazmen İsfəndiyar Sarabskini qeyd edərdim.

- Siz çoxlu ölkələrdə çıxış etmisiniz, yadınızda qalan xüsusi nəsə olubmu?

- Nə az-nə çox, düz, iki ay davam edən Kuba qastrolları həmişə xatirimdədir. Havana, Santyaqo-de-Kuba, Trinindad, Varadero və digər şəhərlərdə konsertlər vermişəm. Demək olar ki, Kubanın yaxın dostu olmuşam. Mənə respublikanın Milli Bayrağının bağışlanması da qürurla bunu deməyə imkan verir. Bu ölkədə bayrağı ancaq ən dəyərli insanlara verirlər. Bundan əlavə, mənə Kubanın tam-tam zərb alətini və notları bağışladılar. Müqavilə sasında Qahirə konservatoriyasında fleyta professoru qismində çalışdığım zaman, təkcə Qahirədə deyil, həmçinin İsgəndəriyyə, Luksor, Nakhamadidə bir sıra solo-konsertlər verdim. Türkiyəli tələbələrimin Azərbaycan müəlliflərinin əsərlərini ifa etmələri əlamətdar haldır; misal üçün, tələbə Amani Süleyman Arif Məlikovun kamera orkestri ilə fleyta üçün konsertlə çıxış edib, əsl uğur qazanıb. Maha Qorrana isə Qara Qarayevin "Don Kixot"dakı Aldonsanını və Tofiq Quliyevin Skersonunu mahircəsinə ifa etmişdi. Mənim konsertlərim də daxil olmaqla, bu ifalar barədə mətbuat şövqlə yazırdı. Bu, çox xoşdur, ömürboyu yadda qalır.

- Övladlarınızdan hansı biri sizin yolunuzu davam etdirib? Sizin musiqi sülaləniz davam edirmi?

- Oğlum Vaqif Hacıyev də fleytaçıdır. Tələbə ikən o, Cənubi Qafqaz müsabiqəsinin laureatı olub. O, fəlsəfə elmləri namizədi, Bakı Musiqi Akademiyasının (BMA) professorudur. Konsert, pedaqoji və elmi fəaliyyətini davam edir. Qızım Mina Hacıyeva fəlsəfə elmləri doktoru, incəsənətşünaslıq namizədi, musiqişünasdır. Azərbaycan bəstəkarlıq musiqisinin təbliğatçısı, BMA-nın nəzəriyyə və incəsənət tarixi kafedrasının professorudur. O, musiqinin xalqın yaddaşı aspektində incəsənətin digər növləri ilə sintezini araşdırır. Lakin tələblərim arasında da davamçılarım var. Nəvələrimlə çox fəxr edirəm: qız nəvəm diplomatdır, ABŞ-da təhsil alıb, altı dil bilir. Oğlan nəvəm beynəlxalq müsabiqələrin ikiqat laureatıdır. O, nadir Amerika alətində - marimbofonda ifa edir, BMA-da təhsil alır.

- Asudə vaxtınızda nə edirsiniz? 

- Məşğuliyyətlərin əvəzləməsi ilə istirahət edirəm - musiqidən-elmə, elmdən-musiqiyə. Beləcə, həyatım, yaradıcılıq prosesim davam edir. Ziddiyyətlərin təmasında həqiqət yaranır.

- Bu yaşda sizin kimi yaxşı formada qalmaq üçün gənclərə nə məsləhət görərdiniz?

- Bilirsinizmi, bu prosesdə genetika az rol oynamır. Lakin hesab edirəm ki, sağlam həyat tərzi, gimnastika, yüngül qidalanma, xeyirxahlıq və ən əsası, incəsənət - insanın həyati proseslərini qidalandırır və stimullaşdırır. Deyilənlərə görə, yaradıcı insanların beyninin donmaması üçün mütləq gündüz istirahətlə birgə sutkada 4-5 saatdan çox yatılmamalıdır. Mənim beynim təlim görüb və daim işlənməyə ehtiyacı olan fikirlər, ideya və obrazlar yaradır. Ancaq bu cür yaşaya və mövcud olmağa davam edə bilərəm. Əlavə etmək istəyirəm ki, bu dünyada hər şey məhəbbətdən doğur. Bu, güclü stimuldur, həyatın əsas düsturudur; onun üzərində hər şey dayanır və fırlanır. O, ən böyük fantaziya və İlahi yadigardır. Hər şeydə məhəbbət olmalıdır. Onsuz hər şey dayanar və hərəkətsiz qalardı... 

Düşünürəm, həyatın bu cür düsturu gənclər üçün yaxşı nümunədir.



MƏSLƏHƏT GÖR:

582