Müəllif: Kamal BAYRAM Bakı
O, ilk peşəkar şərqşünas müsəlman qadını kimi adını tarixə yazdırıb. Həyatını ərəbşünaslığa həsr etmiş Aida xanım İmanqulieva qədim, istərsə də müasir ərəb ədəbiyyatının öyrənilməsinə böyük töhfələr verib, faktiki olaraq, Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin əsasını qoyub. Yaşasaydı, bu il Aida İmanquliyevanın 76 yaşı tamam olacaqdı.
Elmə aparan yol
Onun atası məşhur jurnalist və pedaqoq, "Bakı" və "Baku" qəzetlərinin redaktoru Nəsir İmanquliyev idi. O, qızında əməyə, elmə sevginin yaradılmasına çox ciddi yanaşıb. Nəticədə, Aida İmanquliyeva orta məktəbi qızıl medalla bitirib. Hələ məktəb illərində Aida xanım Şərq dillərini özü üçün istiqamət olaraq seçib. Orta məktəbi bitirdikdən sonra isə Şərq xalqları kafedrasına qəbul olunub. Halbuki, sovet illərində bu kafedraya qəbul olunmaq, xüsusilə qızlar üçün heç da asan məsələ deyildi. Orada, əsasən, elm naminə deyil, gələcəkdə diplomat karyerası qurmaq xatirinə oxuyurdular. Aidə İmanquliyeva tələbkar Attestasiya Komissiyasından yalnız ciddi cəhdləri və bu peşəyə böyük marağı sayəsində keçməyə nail olub.
"O zaman istedadlı insanlar, xüsusilə xanımlar üçün çox ağır dövr idi. Görkəmli alim xanımlar bütün günü ora-bura qaçır, işdəki fasilədə bazara yollanır, bəzən hətta saçını daramağa vaxt tapmırdı. Bu şəraitdə Aida xanım ətraf mühitin mənfi təsirlərindən solmayan əlvan bir çiçəyə bənzəyirdi", - deyə tanınmış akademik, fizik Çingiz Qacar "R+"a açıqlamasında Aida İmanquliyeva haqqında xatirələrini bölüşüb.
Sonradan o, Asiya Xalqları İnstitutunda oxuyub, məhz orada ilk ciddi tərcümələri ilə məşğul olub. Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Birliyinə üzv olduqda hələ 30 yaşı yox idi. Eyni zamanda o, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya İttifaqının üzvü idi. Tezliklə onun müasir ərəb ədəbiyyatı ilə bağlı ilk monoqrafiyası da çıxır. Görkəmli alim ərəb ölkələrindən mühacirət etmiş bir çox yazıçının çoxsaylı əsərlərini tərcümə edib. O, Moskva, Leninqrad, Kiyev, Poltava, Tiflis, Düşənbə və digər şəhərlərdə keçirilən simpoziumlarda müfəssəl analizlərlə çıxış edib. 50-ci illərdə Aida İmanquliyeva artıq 3 monoqrafiyanın müəllifi idi: "Mixail Nuayme və "Qələmlər Birliyi", "Cəbran Xəlil Cəbran" və "Yeni ərəb ədəbiyyatının korifeyləri". Bununla yanaşı, onun 70-dən artıq məqaləsi beynəlxalq elmi jurnallarda çap olunmuşdu.
Sonradan A.İmanquliyevanın Milli Şərqşünaslıq İnstitutuna rəhbərlik edən ilk qadın olması da təəccüblü deyil. O, inzibati vəzifə daşıyanda belə, öz tələbələrini unutmayıb, pedaqoji fəaliyyətini davam etdirib və eyni zamanda, araşdırmalar aparıb. Həmin dövrdə A.İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsi üzrə kurs açıb. Sonrakı illərdə həmin kursdan istər Azərbaycanda, istərsə də postsovet məkanının digər bölgələrində istifadə olunub. Aida xanım digər universitetlərdə, o cümlədən ADU-da (indiki BDU) açıq mühazirələr də oxuyub. Tələbələri onu özünə və ətrafdakılara qarşı tələbkar, eyni zamanda, sevimli işinə sadiq şəxs kimi xatırlayırlar. İmanquliyevanın dərs dediyi "Ərəb filologiyası" şöbəsində onun rəhbərliyi ilə qısa zamanda 10-dan artıq namizədlik dissertasiyası (bu fənn üçün heç də az deyil) müdafiə olunub.
Sufilik Şərqlə-Qərbin sərhədində
İmanquliyeva fəaliyyətində Livan nəsrinə böyük diqqət ayırıb. O, Azərbaycanı bu ölkə ilə çox şeyin bağladığını dəfələrlə qeyd edib. Bir çox müəlliflərə görə, Livanı da Şərq və Qərb mədəniyyətlərinin sərhədində yerləşən ölkə saymaq olar. Aida İmanquliyeva bu ölkənin nümunəsində artıq şərqşünas yox, filosof kimi, sivilizasiyaların əlaqəsini açmağa, Şərq və Qərb təfəkkürünün xüsusiyyətlərini ortaya qoymağa çalışıb. Aida xanım bildirirdi ki, Livan ziyalılarının nəzərində İslam ali dözüm ehkamlarına kor-koranə riayət etmədən uzaqlaşaraq, sufi cizgiləri alırdı. O, orta əsrin məşhur ərəb ilahiyyatçısı, aparıcı sufi nəzəriyyəçisi İbn əl-Ərəbini çox tərcümə edib və ondan bir çox sitatlar gətirirdi. Qeyd etmək lazımdır ki, Aida İmanquliyevanın fəaliyyətinin məhz bu hissəsi müasir dövrün adamlarında daha böyük marağa səbəb olur. Ərəb filosofundan sitat gətirən Aida xanım (ateist sovet dövründə yaşayan insan) dünyanın ilahi mahiyyətindən danışır, bizi gözümüzü açıb dünyanı tanımağa çağırır, çünki bu yolla biz Allahımızı da tanımış oluruq. "Onun karvanları hara istiqamət alır-alsın, mən sevgi dininə inanıram. Sevgi mənim dinim, mənim inancımdır!" - deyə o, ilahiyyatçının sözlərini xatırladırdı.
Yaddaş
Təəssüf ki, Aida xanım dünyasını çox tez, yaradıcılığının çiçəklənən dövrü olan 52 yaşında dəyişib. Onun xatirəsinə həsr olunmuş konfransda Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva bu gözəl xanımı belə xatırlayır: "Aida xanımı tanıyanlar, dərs dediyi tələbələr onun dərin zəkasına, mənəvi gözəlliyinə heyran idilər. Onun alicənablığı, mühazirələri tələbələri valeh edirdi. Onun hər hərəkətində bir kübarlıq var idi. Allah ondan heç nəyi əsirgəməmişdi. Aida xanım İmanquliyevanı xarakterizə edəcək əsas keyfiyyətlər gözəllik, zəka, alicənablıq, özünə qarşı tələbkarlıq, ailəsinə sonsuz sevgidir".
A.İmanquliyevanın 75 illiyinə həsr olunmuş tədbirlərin birində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva deyib: "Əzəldən dünya elə yaranıb ki, ömür insana məxsus olur, amma həyat insana məxsus deyil. Ömür anidir, keçicidir, bəlkə də fanidir, həyat isə daimidir, əbədidir. Ömrü ölçə bilən meyarlar - saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə - təkə bağlıdır, həyat isə külli-bəşəriyyətə, cəmə bağlıdır. Ömür aydındır, çünki ömrün əvvəli də var, sonu da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də olacaq. Çünki ömür konkret, həyat isə abstraktdır. Yaranan nə varsa, bu iki vəhdətin qanunu arasında yaşayır. Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir"...
MƏSLƏHƏT GÖR: