Müəllif: R+
Sabit elektrik enerjisi təchizatı istənilən ölkənin inkişafının və nəinki investorları, həm də turistləri cəlb edən əsas amillərindən hesab olunur. Son 10 ildə hökumət tərəfindən ölkənin enerji təsərrüfatının yenilənməsinə dair işlər elektrik enerjisinə olan tələbatın tamamilə ödənilməsinə imkan verib və ixrac üçün imkanlar yaradıb. Lakin paylayıcı şəbəkələrin vəziyyəti heç də hər yerdə əhalinin etibarlı elektrik təchizatına şərait yaratmırdı. Bakıda bu problem həllini çoxdan tapsa da, ayrı-ayrı regionlarda vəziyyət o qədər də birmənalı deyildi. Regionlarda paylayıcı şəbəkələrlə bağlı problemin həll edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 15 fevral 2015-ci il tarixində "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılması haqqında sərəncam imzaladı. Bu sənədlə Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün paylayıcı şəbəkələri "Azərişıq" SC-nin sərəncamına verildi.
"Bakıelektrikşəbəkə"nin təkcə Azərbaycan paytaxtının deyil, həm də yaxın qəsəbə və kəndlərin daxil olduğu Böyük Bakının elektrik təhcizatı sisteminin uğurlu idarəetmə təcrübəsi regionların probleminin həlli üçün də nikbinlik doğurur. "Azərişıq"ın yaradıldığı andan qısa müddətin keçməsinə baxmayaraq, mühüm problemlərin həlli ilə bağlı kifayət qədər böyük iş görülüb. İlk növbədə, təşkilati işlər həyata keçirilib - bütün ölkə ərazisi Enerji Təchizatı və Satışı üzrə yeddi regional idarəyə (RETSİ) bölünüb: Bakı, Şimal, Şimal-Qərb, Qərb, Aran, Mərkəzi-Aran və Cənub Regional Enerji Təchizatı və Satışı idarələri qurulub.
"Azərişıq" ASC yaradıldıqdan az müddət sonra, regional elektrik şəbəkələrinin cari vəziyyəti öyrənildi. Yoxlamaya əsasən, abunəçilərin elektrik enerjisi ilə etibarlı və keyfiyyətli təchiz olunmasına dair regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına əsaslanmış "İnkişaf və Yenidənqurma Proqramı" hazırlandı. Proqram 6 region üzrə 4 hissədən ibarətdir. Artıq icrasına başlanılmış proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu, regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidənqurulmasına, sənaye sahələri və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə səbəb olacaq.
Proqramın II hissəsində reabilitasiyadan sonrakı 3 il müddətində bütün regional elektrik şəbəkələrinin əsaslı surətdə yenidənqurulması nəzərdə tutulur. Bu mərhələ çərçivəsində "2013-2025-ci illər üzrə Azərbaycanın Enerji Sektorunun Baş Planı"nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlər yerinə yetiriləcək. Bununla da regionlarda istehlakçıların elektrik enerjisi ilə təchizatı Bakı şəhəri səviyyəsinə çatdırılacaq. Yəni artıq onilliyin sonuna qədər Azərbaycanın istənilən kəndi Bakıtək eyni səviyyədə elektrik enerjisi ilə təchiz ediləcək. Sakinlərin birbaşa probleminin həllindən savayı, bu amil regionlarda biznesin də inkişafına müsbət təsir göstərəcək. Bu isə öz növbəsində, yeni iş yerlərinin açılmasına səbəb olacaq.
2018-2025-ci illəri əhatə edən İnkişaf və Yenidənqurma Proqramının III hissəsində Azərbaycanın bütün ərazilərində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər nəzərdə tutulub. Proqramın IV hissəsində informasiya idarəetmə sistemlərinin təşkili, elektron vasitələrdən və "ASAN xidmət"dən istifadə olunmaqla, istehlakçılara nümunəvi xidmət göstərilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu məqsədlə abonent bazasının idarə olunması və saxlanması üçün server avadanlıqları artıq sifariş verilib, "ASAN xidmət" vasitəsilə göstərilən xidmətlərin sayının artırılması və prosedurların azaldılması üçün tədbirlər görülür. Bununla bərabər, bir neçə ay ərzində həyata keçirilmiş işlərin həcmi istehlakçıların etibarlı elektrik enerjisi ilə təchizatı probleminin tezliklə həlli məsələsində nikbinlik yaradır.
Məlum olduğu kimi, paylayıcı sistemin təməli - elektrik enerjisini istehsalçıdan əldə edən 110 kilovoltluq şəbəkədir. 110 kilovoltluq şəbəkə çərçivəsində baş verən istənilən qəza bir neçə şəhər və kəndin işıqsız qalmasına səbəb ola bilər. Ona görə "Azərişıq" ASC-nin əsas gücü regional paylayıcı şəbəkələrdəki "ürəyinin" işində etibarlılığın təmin olunmasına yönəlib. Belə ki, artıq Bakı, Gədəbəy və Şəki rayonlarında 3 ədəd 110 kilovoltluq yarımstansiyanın inşaat işləri aparılır. Bundan başqa, 100-dən artıq yarımstansiya əsaslı təmir olunub, 30 ədəd transformator yenisi ilə əvəz edilib. Elektrik enerjisinin etibarlı ötürülməsi üçün 230 km-dən artıq hava xətti əsaslı şəkildə yenidən qurulub. 35 kV-luq paylayıcı şəbəkələr üzrə 22 ədəd yarımstansiya inşa edilib və yenidən qurulub. Onlardan Bakı şəhərinin mərkəzi hissəsində 4 ədəd və Bakıətrafı qəsəbələrdə - Novxanı, Məhəmmədi, Fatmayıda 3 ədəd, Hacıqabul, Sabirabad, Şabran və İmişli rayonlarının hər birində 1 ədəd, Xaçmaz rayonunda 2 ədəd, Quba rayonunda 4 ədəd və Daşkəsən rayonunda 3 ədəd qurulub. Bundan başqa, 457 ədəd yarımstansiya əsaslı təmir olunub, 45 ədəd transformator yenisi ilə əvəz edilib. 2000 km-ə yaxın 35 kilovoltluq elektrikverici xətlər yenidən qurulub.
10 və 6 kilovoltluq şəbəkələr üzrə 900 ədəd yeni transformator məntəqəsi quraşdırılıb, bu ilin sonuna qədər daha 350 ədədi quraşdırılacaq. Qəza vəziyyətində olan 400-dən çox transformator yeniləri ilə əvəz edilib, əhalinin elektrik enerjisinin təchiz olunduğu 0,4 kv-luq şəbəkələrdə 5000 km-ə yaxın ÖİN (SİP) kabeli çəkilib, 38 500 ədəd dayaq quraşdırılıb və 1600 km elektrikverici xətt əsaslı təmir olunub. Paylayıcı şəbəkələrin səmərəli işi üçün abonentlərin uçot sisteminin dəqiq sistemi də mühüm əhəmiyyət kəsb edir. Abonentlərin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə 150 mindən artıq müasirtipli yeni sayğac quraşdırılıb. Aparılmış işlər nəticəsində, əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti artıb, şəbəkədəki qəza hallarının sayı xeyli azalıb.
Elektrik enerjisinə artan tələbat Bakı şəhəri üzrə tam ödənilib, regionlarda isə elektrik enerjisinə artan tələbatın qarşılanması üçün zəruri tədbirlər davam etdirilir. Qəbul edilmiş perspektivdə elektrik təchizatı sxemi çərçivəsində 43 ədəd 110 kV-luq və 103 ədəd 35 kV-luq yeni yarımstansiyaların tikintisi nəzərdə tutulub. Bundan başqa, regionlardakı elektrik şəbəkələrinin normal fəaliyyəti üçün müasir standartlara cavab verən kommunikasiya sistemləri ilə tam təmin olunmuş 14 rayonda yeni ofis binası inşa edilib. Kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bunun üçün stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin Tədris Mərkəzində ixtisas kursu keçir, rayon və şəhər elektrik şəbəkələrində işə qəbul olunurlar.
Bakı təcrübəsi göstərdi ki, imkanlar mövcud olduqda və bacarıqlı idarəedici komanda sayəsində qısa zaman kəsiyində köklü dəyişikliklər mümkündür. Kosmosdan Bakının indiki şəkilləritək Azərbaycanın bütün ərazisinin də gecə vaxtı neçə işıq saçacağını görməyə elə də çox qalmayıb.
MƏSLƏHƏT GÖR: