14 Mart 2025

Cümə, 02:51

YIĞMANIN REKORDÇUSU

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun "R+"a müsahibəsi

Müəllif:

27.10.2015

Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İtaliya qarşılaşması millimizin kapitanı Rəşad Sadıqovun karyerasında 100-cü oyun oldu. 

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı haqda çox danışmaq olar. Çətin vaxtlarda həm yığmada, həm klubda inamlı oyun sərgiləyən müdafiəçinin karyerası enişli-yoxuşlu olub. Bir müddət transfer pəncərəsi bağlandığı üçün heç bir klubda oynamağa imkan verilmədiyi dönəmdə Sadıqov özünü basketbolda sınadı. Bununla belə, çətin günləri arxada qoyan 14 nömrə yenidən yaşıl meydanlara qayıtdı.

1982-ci ildə anadan olan Rəşad Sadıqov 2000-2001-ci illərdə "Turan"ın heyətində çıxış edib. Rəşad 2001-ci ildə "Neftci"nin heyətinə qoşulub. Burada 2001-2002-ci il mövsümündə 23 oyun keçirib və 1 qol vurub. Həmyerlimiz 2002-2003-cü illərdə İranın "Fulad" klubunun heyətində çıxış edib. 

"Neftçi"dən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin "Kayserispor" klubunda davam etdirdi. Transfer olunduğu ilk vaxtlarda Rəşadın işləri yaxşı gedirdi. Ancaq qış fasiləsinə yaxın Rəşad zədələndi və heyətdən kənarda qaldı. Zədəsi sağaldıqdan sonra "Neftçi"yə 6 aylığa icarəyə verildi. "Kayserispor" mövsümü bürünc medalla başa vurdu. Mövsüm bitəndən sonra Rəşad kluba qayıtdı və UEFA İntertoto Kuboku oyunlarında iştirak etdi. Ərtoğrul Sağlam Rəşadı adət etdiyi mövqedə, müdafiənin mərkəzində yox sağında oynadırdı. Bu, Rəşadı qane etmədiyi üçün klubdan getməyi qərara aldı.

2006-cı ildə üçüncü dəfə "Neftci" ilə müqavilə bağlayan Sadıqov baş məşqçi postu Hans Yurgen Gedeyə tapşırılandan sonra klubu tərk etməli oldu. Bir müddət İspaniyanın "Valyadolid" komandasının ikinci heyətində məşq edən müdafiəçi Türkiyənin "Kocaelispor" klubuna transfer olundu. Ardınca "Eskişehirspor"da da çıxış edən Rəşad Sadıqovun karyerasının ən önəmli dövrü "Qarabağ"la bağlı oldu. Hazırda 2017-ci ilə qədər Ağdam təmsilçisiylə müqaviləsi olan Rəşad Sadıqov Azərbaycan millisində 100-cü oyununu keçirəndən sonra "R+"un suallarına cavab verib.

- Rəşad Sadıqov üçün uğur qazanmağın əsas qaydası nədir?

- Həmişə ən böyük yardımı Allahdan diləmişəm. Əzmkarlıq, sadəlik və çox çalışmaq. Məncə, uğur qazanmağın əsas formulu budur. Ola bilər, çox çalışmayasan, amma tələb olunan normanı yerinə yetirməlisən. Futbola başlayanda potensialım yüksək qiymətləndirilmirdi. Yəni 15-16 yaşımda perspektiv vəd edən oyunçu deyildim. Yuxarıda qeyd etdiklərimə əməl edib Azərbaycan səviyyəsində müəyyən uğur qazanmışam.

- Ən vacib oyunlardan əvvəl nə düşünürsən?

- İnsanın beynində fərqli-fərqli fikirlər olur. Həmişə təmkinli və istəkli oluram. Ən əsası, meydanda nizam-intizama xüsusi diqqət ayırmalısan. Dəfələrlə nizam-intizamı pozmuşam və ya məşqçinin tapşırığından çıxmışam. Həmin vaxt oyunum alınmayıb. Əsəblərini cilovlamağı bacarmalısan, istəkli olmalısan. Bunlar olmasa, meydana çıxmağa dəyməz.

- Daha güclü komandalara qarşı mübarizə zamanı uğur qazanmaq üçün nə etmək lazımdır? 

- Uşaq yaşlarımdan bəri özümdən güclülərə, böyüklərə qarşı mübarizə aparmışam. Bu zaman daha yaxşı motivasiya oluram, iradəmi, istəyimi ortaya qoyuram. Qarşımdakına hiss etdirirəm ki, meydana məğlub olmaq üçün çıxmamışam. Mübarizə vaxtı rəqib sənin əlindən bezməlidir. Özümdən güclü ilə qarşılaşanda bu keyfiyyətlərə diqqət yetirirəm. Yəni rəqibin səni nə qədər əzsə də, döysə də, təslim olmursan, yenidən ayağa durub mübarizə aparırsan. Məhz bundan sonra üstünlük sən tərəf keçə bilər.

- Karyeran dönəmində hansı qərar haqda sonradan səhv etdiyini başa düşmüsən?

- İstər həyatımda, istərsə də karyeramda çox səhvlərim olub. İnsan səhvdən sığortalanmayıb. Çox təəssüf ki, insanların çoxu səhvlərini etiraf etmirlər. Bəzən 1-2 səhvləri olduğunu bildirirlər. Əslində, biz insanlar çox səhvlər edirik. Karyeramda ən böyük səhv isə "Kayserispor"dan o şəkildə ayrılmağım oldu. Buna cavanlıq səhvi deməzdim. Cavan olsam belə, bu cür səhv etməməliydim. Sevildiyim, mənə inam olduğu yerdə öz problemlərimi özümdə boğa bilmədim, nəfsimə tabe olub klubdan ayrıldım.

- İlk dəfə millidə oynamaq təklifi gələndə reaksiyan necə olmuşdu?

- İlk dəfə Şahin Diniyevin rəhbərliyi altında U-18 yığmasında oynamışam. O yığmanın seçmə mərhələ oyunları başa çatdıqdan sonra olimpiya yığmasına dəvət olundum. U-21-də 2 oyun oynadım. Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasını 1:0 hesabı ilə məğlub etdik. Ramal Hüseynov fərqlənmişdi. Həmin oyundan sonra məni əsas milliyə dəvət etdilər. Fərrux İsmayılovla bir otaqda qalırdıq. Çox həyəcanlı idim. Stadiona gəldik, möhtəşəm atmosfer vardı. Makedoniyanın əsas yığmasıyla qarşılaşırdıq. Oyun 1:1 hesabı ilə başa çatdı. Cəmi 18 yaşım vardı. Baş məşqçi İqor Ponomaryov idi. Ancaq həmin oyunda oynamamışdım.

- Millidəki ilk oyununu necə xatırlayırsan?

- Milli komanda səfərdə İsveçrə yığmasıyla qarşılaşmağa hazırlaşırdı. Məni də yığmaya dəvət etmişdilər. Kamal Quliyev sarı vərəqə limitini doldurmuşdu. Sağ cinah müdafiəçisi yox idi. Komandamız 5 müdafiəçi sistemiylə oynayırdı. Ponomaryov məndən soruşdu ki, "sağda oynaya bilərsən"? Dedim ki, "hansı mövqedə tapşırıq olsa, orada da oynayaram". Həmin oyunda mənə şans verdi və İsveç yığmasının məşhur oyunçusu Lyunberqə qarşı oynadım. Daha sonra yığmada dəyişiklik oldu. Vaqif Sadıqov baş məşqçi təyin olundu. V.Sadıqov mənə çox inandı. Mütəmadi olaraq, əsas heyətdə şans verməyə başladı. Vaqif müəllim də 2 oyundan sonra getdi, Əsgər Abdullayev gəldi. Ə.Abdullayev gələndə mən artıq millinin əsas üzvünə çevrilmişdim. O da mənə çox inandı, şans verdi. Beləliklə, milli komandada karyeram başladı.

- Millidə unuda bilmədiyin bir oyun varmı?

- Belə oyunlar çox olub. Foqtsun dövründə Bakıda Türkiyə yığmasına qarşı oyunumuz çox prinsipial idi mənim üçün. Həmin dövrdə yığmada atmosfer çox pis idi. Ardıcıl 3 oyunda məğlub olmuşduq. Hətta Berti Foqtsun istefaya getməsi gündəmdə idi. Oyundan əvvəl komanda olaraq çox müzakirə apardıq. Nəyin bahasına olursa-olsun qalib gəlməliydik. Mənim vurduğum qol sayəsində vacib qələbə qazandıq. Sonrakı oyunlarda özümüzə daha çox inandıq. O oyun mənim üçün unudulmaz, hər birimiz üçün kritik idi. Pis baxımdan unudulmaz çox oyunlarımız var. Onları xatırlamaq istəmirəm.

- 100 oyunda 4 qol vurmusan. Bu qollardan, yəqin ki, Türkiyə yığmasının qapısından keçirdiyin topu daha çox bəyənirsən, əhəmiyyətli hesab edirsən...

- İlk qolumu Uels yığmasının qapısından keçirmişəm. O da əhəmiyyətli qol idi. Həmin qoldan sonra çox insanların diqqətini cəlb etməyə başladım. O qolun da öz xüsusi anlamı var. Ancaq əlbəttə ki, Türkiyə yığmasına vurduğum qol daha əhəmiyyətli idi.

 - Millidə ən yaxşı oyununu hansı komandaya qarşı oynadığını düşünürsən?

- Fikirləşirəm ki, ilk oyunumda İsveç yığmasına qarşı pis çıxış etməmişdim. Bakıda İngiltərə, səfərdə İsrail komandalarına qarşı yaxşı oynadığımı düşünürəm. 5-10 oyun seçmək olar ki, həqiqətən, oyunum daha yaxşı alınmışdı. Yəqin ki, uğursuz oyunlarımın sayı daha çoxdur (gülür). Amma uğurlu oyunlarım da az olmayıb.

 - Milli komandada indiyədək bir çox futbolçu ilə çiyin-çiynə oynamısan. Hansı futbolçu ilə oynamaq sənin üçün daha rahat olub?

- Çox futbolçu var ki, onlarla oynamaq, həqiqətən, xoş olub. Tərlan Əhmədovun, Mahmud Qurbanovun, Qurban Qurbanovun, Zaur Tağızadənin adını çəkə bilərəm. Onlar təcrübəli olmaqla yanaşı, həm də xarakterli insanlar idi. Liderlik xüsusiyyətləri vardı onlarda. Meydana həmişə qələbə əzmi ilə çıxırdılar. Onlarla çiyin-çiynə oynamaq çox xoş idi. Misal üçün, o nəsildən Vidadi Rzayevi də qeyd edərdim. Düzdür, onunla millidə birgə oynamadıq, amma klubda birlikdə oynamışıq. İndiki nəsildən Kamran Ağayevi qeyd edərdim. O qapıda dayananda özümü daha rahat hiss edirəm. Son illərdə Bədavi Hüseynovla tandem təşkil edirik. Bir-birimizi yaxşı başa düşürük, məni tez-tez sığortalayır.

- Dünya futbolunda tanınan 3 məşqçinin - Karlos Alberto Torres, Berti Foqts və indi də Robert Prosineçkinin rəhbərliyi altında milli komandada futbol oynayırsan. Ayrı-ayrılıqda hər üç məşqçini necə dəyərləndirirsən?

- Tamamilə fərqli məşqçilərdir. Torreslə Prosineçkinin oyun üslubu hardasa bir-birinə bənzəyir. İkisi də hücum futbolu istəyir. Fərqləri odur ki, Prosineçki futbolçuları daha yaxşı tanıyır. Onların psixologiyasını daha yaxşı bilir. Torres, bəlkə də, yığma karyeramda mənə ən çox inanan məşqçi olub. Düzdür, Prosineçki də mənə çox inanır. 6 il Berti Foqtsun rəhbərliyi altında oynamışam, kapitan olmuşam. Ümumi götürsək, son 3 oyundakı məğlubiyyəti nəzərə almasaq, onun millidəki karyerasının pis alınmadığını düşünürəm. Hər seçmə mərhələdə nəticəmizi bir qədər də yaxşılaşdırırdıq. Təbii ki, hər məşqçinin rəhbərliyi altında müsbət məqamlar olduğu kimi, mənfi çalarlar da olur. Adam pis şeylərdən danışmaq istəmir. Mənim səhvim olduğu kimi, məşqçinin də müəyyən səhvləri olub. İş olan yerdə səhv mütləq olacaq. Düşünürəm ki, o, Azərbaycan futboluna az fayda verməyib. Biz futbolçular, əlimizdən gələni etdik ki, onun etimadını doğruldaq.

- Səncə, futbolda nəticə vacibdir, yoxsa baxımlı oyun?

- Nəticə daha vacibdir. Çünki insanlar çox vaxt nəticəyə baxır. Nə qədər yaxşı oynasan da, yaddaşlarda nəticə qalır. "Tottenhem"lə oyundan sonra hamı yaxşı oynadığımızı, razılığını bildirirdi. Təbii ki, bu da xoşdur, ancaq yaxşı oyunla bərabər nəticə də olsa, daha yaxşı olar. İkisi birlikdə artıq "Barselona" deməkdir (gülür). Misal üçün, biz ötən mövsüm Ukraynada "Dnepr"ə qarşı yaxşı oynamamışdıq, amma qələbə qazanmışdıq.

- İndiyədək bir çox hücumçuya qarşı oynamısan. Hansına qarşı oynamaq sənə çətin və yaddaqalan olub?

- Tottiyə qarşı oynamaq çox çətin olub. İtaliyadakı oyunda onunla təkbətək mübarizə aparırdım. 0:4 hesabı ilə məğlub olmuşduq. Ona qarşı oynamaq çox çətin idi. Bu günədək qarşılaşdığım usta oyunçulardan biridir.

- Dünya futbolunda bir çox məşhur futbolçu istər həyatı, istərsə də karyerası ilə bağlı kitab yazır. Sən də Azərbaycanda kifayət qədər tanınmış futbolçusan. Gələcəkdə sənin də belə bir planın varmı?

- Sözün düzü, belə fikrim yoxdur. Amma çoxları deyir ki, kitab yazsan, maraqlı olar. Rəngarəng karyeram olub. Karyeram ərzində maraqlı hadisələr çox olub. Əslində, "15-16 yaşda perspektiv vəd etməyən bir gəncin milli komandanın kapitanlıq səviyyəsinə yüksəlməsinə" dair fikirləşib nəsə bir şey yazmaq olar. Karyeramı bitirdikdən sonra bu barədə düşünəcəm.

- Yığmadakı karyeranızı davam etdirəcəksiniz, yoxsa?

- Buna dair qərar vermək üçün hələ düşünmək vaxtım var. Moldova ilə qarşıdakı yoxlama matçına qədər qərarımı verəcəyəm. Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Axı, bu, yığma komandadır. Millidə oynamağa layiq olmalısan. Yığmada oynamaq böyük şərəfdir. Mən hər şeyi düşünəndən, gücümü qiymətləndirəndən sonra yekun qərarımı verəcəyəm. Mənə ehtiyac olduğunu hiss edirəm. Çünki çıxış etdiyim mövqedə elə də böyük seçim yoxdur. Baş məşqçinin də qeyd etdiyi kimi, millidə oynamağa üç namizəd var. Prosineçki ilə də söhbətim olacaq. Bundan sonra qərarımı açıqlayacam.



MƏSLƏHƏT GÖR:

573