Müəllif: Əzhar NƏBİ Bakı
Novruzov qardaşları - dünya arenalarını fəth etmiş böyük sirk ustalarıdırlar. Oqtay və Telman birlikdə Avropa boyunca, Üzeyir isə - öz proqramı ilə ABŞ-da qastroldadır. Oqtay Novruzovla müsahibəni "R+" hələ oktyabrın əvvəlində oxucularına təqdim etmişdi. Onun ardınca isə kiçik qardaşı - Üzeyirlə də söhbət etmək mümkün oldu.
Üzeyir Novruzov - "America's Got Talent" şousunda iştirak edən istedadlı sirk artistidir. Onun nərdivan ilə məharətli çıxışı təkcə tamaşaçıları deyil, münsiflər heyətini də heyran qoydu və qəlblərini fəth etdi.
- Üzeyir, sizinlə söhbətimizə "America's Got Talent" məşhur şouda iştirakınızdan başlayaq. Bu layihəyə qatılmaq ideyası necə yarandı?
- Bu telelayihədə iştirak etmək ideyası öz-özlüyündə yarandı. Onlayn yazılarımı görən şounun prodüserləri məni layihədə iştirak etməyə dəvət etdilər. Öz bacarıqlarını göstərmək və yeni yaradıcılıq yollarını açmaq üçün real imkan olan yaxşı təklifi, əlbəttə ki, rədd edə bilməzdim.
- Bildiyimə görə, şou bir neçə mərhələdə keçib və iştirakçıların taleyi məhz sms-səsverməsindən asılı olub...
- Müsabiqədə iştirakçıların istedadını dörd nəfərdən ibarət münsiflər heyəti qiymətləndirirdi. Lakin yenə də nəticə iştirakçını sms-səsverməsi ilə seçən televiziya tamaşaçılarına məxsus idi. Mükafat fondunu qazanacaq bəyəndikləri oyunçunu da məhz onlar seçməli idilər.
- Mükafat fondu nə qədərdir?
- Baş mükafat 1 milyon dollardır.
- Siz qələbənin bir addımlığında idiniz...
- Bəli, finala kimi çatdım. Bu, əla idi (gülümsəyir). Ən güclülərin onluğuna daxil olmaq - yaxşı nəticədir. Hamı fərqli idi və öz janrlarının öhdəsindən əla gəlirdi. Qalib gələ bilməməyimə heç də üzülmürəm. Çünki mənim öz janrım var və milyonlarla tamaşaçı və özüm üçün qalib olaraq qaldım.
- Sizin nərdivanla olan nömrəniz son dərəcə çətin idi. Maraqlıdır, niyə məhz nərdivan?
- Məktəb illərində baş çəkdiyim uşaq yaradıcılıq məktəbində çarxda çıxış edərək, ayaqlarımla tarazlığımı saxlamaq bacarığımın olduğunu öyrəndim. M. N. Rumyantsev adına Moskva Sirk Məktəbinə daxil olarkən, mənə çarxda çıxış etməməyi tövsiyə etdilər, çünki bu janrda çıxış edənlər çox idi. Amma köhnəlmiş nərdivanla hərəkətlərdən ibarət janrı bərpa etmək məsləhət görüldü. Təhsil müəssiəsində oxuduğum illərdə bununla məşğul olmuşam. Bunun öhdəsindən asan gəlirdim.
- Sizin sirk təhsiliniz var?
- Bəli, mən Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirmişəm. Mən bu təhsil müəssisəsinə ikinci cəhddən sonra daxil oldum. 1995-ci ildə akrobatika bacarıqlarım olmadığı üçün məni qəbul etmədilər. Hərçənd çarx və nərdivanda nömrələrlə çıxışlar etmişdim. Bundan sonra pedaqoq İqor Vladimiroviçin rəhbərliyi altında akrobatika kursu keçdim. Mən akrobatikada zəif olduğum üçün o, mənimlə ayrıca məşğul olurdu. 40 dəqiqəlik dərs müddətində mən ancaq iki tullanma hərəkəti (akrobatik element - ayaqları yığmaqla əllərin üstündə dayanaraq tullanma və ya əksinə) edə bilirdim. Qalan vaxtlarda isə o, akrobatikanın əlifbasını mənə məzəli şəkildə öyrədirdi. O, məni pis alma növlərindən hazırlanmış ucuz povidlo ilə müqayisə edərək, gülməli misallar çəkərdi. Çünki mən yaxşı tullana bilmirdim və ya "mənə köhnəlmiş avtomobil modeli" deyərdi... Tapşırıqları yaxşı yerinə yetirən akrobatları isə BMV və ya "Mercedes"in yeni modelləri ilə müqayisə edərdi.
- Böyük səhnəyə nə vaxt çıxmısınız?
- Bu, 17 yaşımda ikən uşaq kollektivinin tərkibində Krasnodar sirkində baş verdi. Mən çarxda kəndirbaz nömrəsini göstərdim. Çıxışım uğurlu oldu, hətta yerli kloun onun proqramında işləməyi təklif etdi.
- O zaman nə hisslər keçirirdiniz?
- Onları ifadə etmək asan deyil. Üç sözlə ifadə etməyə çalışacağam. Bu, azca soyuqluq, boğazda düyün və bütün bədənin titrəməsi kimi bir hissdir deyərdim. Yəni həyəncanlı, amma xoş hisslərdir.
- Üzeyir, fəndlərin üzərində nə qədər çalışırsınız?
- Bu, fəndin mürəkkəbliyindən asılıdır. Bəziləri son dərəcə asan alınır, bəzilərinin üzərində isə uzun müddət və səylə çalışmalı olursan, hətta zədələndiyin anlar da olur.
- Bir nömrənin hazırlanmasına nə vaxt sərf olunur?
- Yaxşı nömrəyə bir ömür də azdır, çünki daim onun üzərində işləməli və yeniləməli, formada qalmalı olursan. Bəzən isə bir-iki ilə asan nömrə hazırlamaq olar.
- Sirk aləmində bir çoxlarının təxəllüsü olur, sizinki nədir?
- Ladderman, yəni nərdivan adam.
- Siz Çaplinin obrazını seçmisiniz. Niyə məhz o?
- Bəs, daha kim?! Alen Delon deyiləm, axı (gülür). Boyum cəmi 60 sm-dir. Nəhayət, o, bütün aktyorların ideyalar götürüb və götürdükləri dahilərin dahisidir.
- Siz Çarli Çaplinin üslub və maneralarını gözəl təqlid edirsiniz. Bunu necə bacarırsınız?
- İnanmayacaqsınız, amma ayrıca nə isə oxumamışam və heç bir aktyor dərsləri keçməmişəm. Sadəcə, onun filmlərinə baxaraq, məftun olmuşam və ilhamlanmışam. Bu, sadəcə olaraq, yeni ruhun yaranmasının nəticəsidir.
- Sizin Çaplin kimi ancaq bığınız yoxdur?
- Hər kəs bığ yapışdırıb ona bənzəyə bilər. Bəzən belə edirəm. Lakin son vaxtlar özüm olmağa çalışıram, o, da tamaşaçıya maraqlıdır. Siz necə düşünürsünüz?
- Razıyam! Üzeyir, Çaplinin iştirak etdiyi hansı filmləri sevirsiniz?
- Olduqca çoxunu. Lakin bir neçə lap çox sevdiklərim var. Bunlar - "Böyük şəhərin işıqları", "Qızıl hərisliyi", "Uşaq", "Diktator", Sirk" filmləridirlər.
- Çaplinin bəyəndiyiniz kəlamlarından misal çəkə bilərsinizmi?
- "Yağışı sevirəm, o, göz yaşlarını gizlədir", "Mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam", "Heç vaxt uşaq olmayan, heç vaxt böyüməyəcək".
- Üzeyir, Amerikaya necə gəldiniz?
- Bir dəfə Vernadsk prospektində, Böyük Moskva Sirkində növbəti tamaşadan sonra mənə "Big Apple Circus" amerikan sirkindən impresario yaxınlaşdı və müqavilə imzalamağı təklif etdi. Məmnuniyyətlə, razılaşdım. Amerikada digər sirklərdən də mənə təkliflər gəldi. Yerli slenqlə desək, Step by step, addım-addım mən karyera nərdivanında qalxdım. On il ərzində vaxtaşırı Amerikada qastrollara çıxmışam. Artıq bir ildir burada daimi yaşayıram.
- ABŞ-da sizi cəlb edən nə oldu?
- Yəqin ki, yaradıcılığıma olan böyük diqqət, çoxlu təklif və müqavilələr. Dünyanın yarısını gəzdikdən sonra, anladım ki, mənə və ailəmə burada yaşamaq asandır.
- Ailəniz böyükdür?
- Əkiz qızlarım var. 9 yaşındadırlar, Zarina və Sabrina. Məktəbdə çox yaxşı oxuyurlar və hətta atalarına ingilis dili ilə bağlı kömək edirlər. Ataları kimi zəhmətkeşdirlər. Birlikdə böyük tennislə məşğuluq.
- Övladlarınız "America's Got Talent"dakı iştirakınızı izləyiblərmi?
- Əlbəttə ki, ataları üçün çox həyəcanlanır və sevinirdilər.
- Onları gələcəkdə sirk arenasında görmək istərdinizmi?
- Onları, sadəcə, xoşbəxt görmək istərdim, sevdikləri işlə məşğul olsunlar. Hansı peşəni seçəcəklərini isə həyat göstərəcək.
- Həyat yoldaşınız həmkarınızdır?
- Xeyr, sirkdə işləmir. Uşaqların tərbiyəsi ilə məşğuldur.
- Üzeyir, bilirəm ki, qardaşlarınız da sirk artistləridirlər.
- Tamamilə doğrudur. İki qardaşım var - Oqtay və Telman. Onlar da Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitiriblər. Hər ikisi məndən böyükdür, biri iki, digəri ilə bir yaş fərqimiz var. Onlar Avropada qastrollara çıxırlar. Nömrələri birgə həyata keçirirlər.
- Onlarla tez-tez görüşürsünüz?
- Təəssüf ki, son zamanlar elə də tez-tez görüşmürük, müxtəlif qitələrdə qastrollara çıxırıq. Və demək olar ki, yollarımız kəsişmir. Sonuncu dəfə iki il əvvəl görüşmüşük. Ümumiyyətlə isə vaxtaşırı "Skype"la zəngləşirik.
- Birgə çıxış etməyi planlaşdırırsınızmı?
- Bu cür birgə layihə üçün konkret planlar yoxdur. Lakin gələcəkdə çox istərdik birgə çalışaq. Xüsusən də, bu, Azərbaycanda alınarsa.
- Bəs, Vətənə tez-tez gəlirsiniz?
- Sonuncu dəfə üç il əvvəl gəlmişəm, amma daha tez-tez gəlmək istərdim.
- Öz respublikanızda qastrola çıxmaq istərdinizmi?
- Çox istərdim. Müxtəlif ölkələrin tamaşaçıları qarşısında çıxış etmişəm, amma Azərbaycanda isə hələ də fürsət olmayıb. Respublikamızda bütün nömrələrimdən ibarət kiçik bir şou göstərmək istərdim.
- Hobbiniz var?
- Qısametrajlı filmlərin həvəskar çəkilişi ilə məşğulam. Filmlərdə özüm çəkilirəm və montaj edirəm. Daha bir kiçik hobbim də var - olduğum bütün ölkə və şəhərlərdən kloun heykəlcikləri və suvenir qaşıqlar toplayıram.
- Sirk artisti olmasa idiniz, hansı peşəni seçərdiniz?
- Sirk - mənim həyatımdır. Düşünürəm ki, bu yaradıcılıqla məşğul olmasa idim, mən çox xoşbəxt olmazdım. Sirk - böyük zəhmət, yaxşı ovqat və əbədi uşaqlıq deməkdir. Məhz orada mən əbədi gəncəm. Sirk artisti olmasa idim, yəqin idmançı olardım. Uşaqlıqdan zəhmətkeş idim və həm də cüdo ilə məşğul olmuşam.
- Arzularınız nədir? Planlarınızda nə var?
- Öz bacarıqlarımı göstərə biləcəyim şoumun olmasını arzulayıram. Həmçinin kinoda oynamağı arzulayıram. Həyatımda çox plan qurmamağa çalışıram.
MƏSLƏHƏT GÖR: