
GÜCLÜ QALİB GƏLƏCƏK
Milli Məclisə keçirilən budəfəki seçkilərin siyasi palitranın rəngarəngliyi baxımından bənzəri yoxdur
Müəllif: Leyla HÜSEYNZADƏ Bakı
Azərbaycan fəal şəkildə beşinci çağırış parlament seçkisinə hazırlıqla məşğuldur. Səsvermə qarşıdan gələn bazar günü keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Milli Məclisdəki 125 yer uğrunda 750-dən artıq namizəd mübarizə aparır. Onlar seçki kampaniyalarını davam etdirirlər. Təbliğat kampaniyası çərçivəsində 45 nəşr namizədlərə seçkiqabağı tezislərini auditoriyaya çatdırmaq imkanı yaradıb. Onların seçicilərilə görüşmələri üçün isə ölkənin müxtəlif bölgələrində 226 yer ayrılıb.
Seçki günü exit-poll keçirəcək 4 təşkilat - "RƏY" Monitorinq Mərkəzi, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası seçki məntəqələrinin qarşısında seçicilər arasında sorğu aparacaq.
Ötən illərdə keçirilmiş seçkilərdə olduğu kimi, bu dəfə də səsvermə prosesinin şəffaflığına böyük diqqət ayrılır. Seçki günü səsvermənin keçiriləcəyi 1000 seçki məntəqəsində (ümumi məntəqələrin, təxminən 20%-i) quraşdırılmış veb-kameralar prosesi fasiləsiz izləmək imkanı yaradacaq. Həmin gün istər ölkədə, istərsə də ondan kənardakı internet istifadəçiləri MSK-nın internet saytına daxil olmaqla heç bir qeydiyyatdan keçmədən səsvermənin gedişini müşahidə edə bilərlər. Komissiyanın məlumatına görə, onların səslərin sayılmasını, nəticələrin müəyyənləşdirilməsini izləmələri üçün də şərait yaradılacaq.
Səsvermə və səslərin hesablanması prosesini izləmək məqsədilə xeyli sayda müşahidəçi qeydiyyatdan keçib. Məsələn, MSK-da 465 xarici müşahidəçi qeydiyyata düşüb. Onlar 53 ölkəni, 36 beynəlxalq təşkilatı təmsil edirlər. Bununla yanaşı, prosesi 57,6 min yerli müşahidəçi də izləyəcək. Onların 2414-ü MSK-da qeydiyyatdan keçib. Yəni bu şəxslərə yalnız konkret dairədə deyil, bütünlükdə respublika ərazisində seçki prosesinin monitorinqini aparmaq hüququ verilib.
Ölkədə radikal müxalifət adlandırılan bəzi siyasi birliklərin seçkiyə qatılmamaq qərarı verməsi isə artıq acınacaqlı ənənəyə çevrilib. Lakin bu, qarşıdan gələn seçkinin siyasi fəallıq baxımından ölkə tarixində bir ilk olmasının qarşısını almayıb: MSK-da 15 siyasi partiyadan və "Azadlıq-2015" blokundan olan namizədlər qeydiyyatdan keçib. Prosesə müstəqil şəkildə qatılmış namizədləri də nəzərə alsaq, seçkidə, təxminən, 24 siyasi partiyanın nümayəndələri iştirak edəcək. Onların əksəriyyətini müxalifətçilər təşkil edir və bu, Azərbaycan tarixində görünməmiş hadisədir.
Əlbəttə ki, seçkiyə ən çox namizədlə qatılan hakim Yeni Azərbaycan Partiyasıdır (YAP). Amma bu, mandat uğrunda mübarizənin kəskinliyini azaltmır. Məsələ ondadır ki, parlamentin köhnə qvardiyadan olan bir sıra üzvləri bu dəfə yarışa qatılmayaraq yerlərini gənclərə veriblər.
Bununla yanaşı, seçkini bəzi yerli siyasi partiyalarla yanaşı, həm də bir sıra beynəlxalq qurumlar boykot etmək qərarına gəlib. ATƏT-in DTİHİ, ATƏT Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumlara seçkini izləmələri üçün dəvət göndərilsə də, onlar uzun illərdən bəri ilk dəfə müşahidəçilərini Azərbaycana göndərməmək qərarına gəliblər. Bakının işi isə əlbəttə ki, sadəcə, dəvət göndərməkdən ibarətdir. İndi Azərbaycan Xarici İşlər Nazirliyi DTİHİ-ni seçkiləri siyasiləşdirməkdə günahlandırır. Məsələ ondadır ki, bu təşkilat seçkinin boykot edilməsi kimi aşkar siyasi qərar qəbul etmək üçün müvafiq mandata malik deyil. "Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil. İmtinanı seçkini izləməkdən boyun qaçıran ATƏT PA edir. Odur ki, əməkdaşlığın bərpasına çağırışlar bizə deyil, əməkdaşlıqdan imtina edən assambleya nümayəndələrinə ünvanlanmalıdır. Biz seçkini dəvətimizi qəbul etməyən ATƏT PA, Avropa Parlamenti və digər strukturların iştirakı olmadan da keçirəcəyik", - deyə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi bildirib.
Bu təşkilatların demarşını pisləyən yalnız Bakı deyil. Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Vladimir Çurov hesab edir ki, ATƏT DTİHİ rəhbərliyinin Azərbaycana müşahidəçi göndərməmək qərarı qanunsuzdur: "DTİHİ-yə yeni direktorun, cənab Georq Linkin gəlişi ilə bir sıra ölkələrlə institut arasında münasibətlər pisləşib. Cənab Link bütün norma və qanunlara zidd olaraq, DTİHİ missiyasının Azərbaycana səfərini özbaşına dayandırıb. Bu, başqa müşahidə missiyalarının da Azərbaycana gəlişini əngəlləyib. Düşünürəm ki, bu insident bir sıra ölkələrin DTİHİ ilə münasbətlərinə ciddi təsir göstərəcək".
Bu strukturu yalnız Azərbaycan deyil, bir çox digər dövlətlər də uzun müddətdir ki, qərəzlilikdə, yəni postsovet məkanındakı seçki proseslərinə tənqidi yanaşmaqda günahlandırır. Bununla yanaşı, DTİHİ nümayəndələrinin yoxluğu Milli Məclisə seçkilərin daha sakit şəraitdə keçməsinə imkan verəcək. Çünki ayrı-ayrı qüvvələr hər seçkini həmin ölkədə sabitliyi pozmaq üçün bəhanə sayırlar və seçki prosesinə dair istənilən tənqidi fikri hərəkətə keçmək əmri kimi qəbul edirlər.
Bütün bunların fonunda MDB ölkələri seçki prosesində geniş nümayəndə heyətilə təmsil olunacaq. Söhbət, təxminən, 500 nəfərdən gedir. Və bu, Azərbaycanın ənənəvi tərəfdaşları ilə yaxınlaşmaqda olduğunu göstərən tendensiyalardandır. Təəssüf ki, beynəlxalq münasibətlərdəki müasir proseslər uşaqların "qumqabı oyunu"nu xatırlatmağa başlayır. "Orada isə qayda belədir: mənim dostum olmayanlarla dostluq edirsənsə, daha mənim maşınıma toxunma", - deyə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun MDB Dövlətləri Departamentinin rəhbəri Aleksey Bıçkov bildirir: "Postsovet məkanının əksər ölkələri kimi, Azərbaycan da öz iradəsindən asılı olmayaraq, bu "qumqabı"ya cəlb olunub. Özünü demokratik institut adlandıran qurumlar demokratiyanı o ölkələrə "daşıyırlar" ki, həmin dövlətlər könüllü olaraq eşafotun üzərinə uzanırlar. Öz iradəsi olan, öz baxışları olan, kənardan verilən göstərişlərə əməl etməyən dövlətlər və ya dövlət başçıları isə "qumqabına" buraxılmırlar. Onlara daha "üzüyola" hökumət qurmağı tövsiyə edirlər, bəzi hallarda isə onlar sadəcə xaosa sürüklənir. Azərbaycana gəlincə, o, yenilməzlik nümunəsidir. O, yaltaqlıqdan uzaqdır. Bu, əlbəttə ki, müəyyən qüvvələrdə qıcıq yaradır".
DTİHİ-nin və digər strukturların Azərbaycana gəlməkdən imtina etməsi isə sonradan onların əvvəlkitək tənqidi hesabatlar açıqlamayacağına zəmanət vermir. Söhbət, əlbəttə ki, yerlərdəki "mötəbər ekspertlərə" istinadən hazırlanmış hesabatlardan gedir. Azərbaycan isə əlbəttə ki, bu cür əsassız ittihamlara əhəmiyyət vermir. Seçkiqabağı durumun təhlili, seçkiqabağı yarışın iştirakçılarının tərkibi və bir sıra digər amillər seçkidə hər hansı pozuntuların baş vermə ehtimalını yox edir. Azərbaycan əhalisinin əksəriyyəti həyatından razıdır. Bunu Fransanın "Opinionway" sosioloji araşdırmalar təşkilatının seçki ərəfəsində keçirdiyi sorğu da təsdiqləyib. Rəyi soruşulanların 58,1%-i Azərbaycanda işlərin düzgün istiqamətdə getdiyini bildirib.
Amerikanın "Arthur J. Finkelstein & Associates" mərkəzi tərəfindən həyata keçirilmiş sorğunun nəticələri də, təxminən, eynidir. Bu sorğuda iştirak edənlərin, təxminən, 80%-i ölkənin hazırkı rəhbərliyi tərəfindən həyata keçirilən inkişaf kursunu bəyənir.
1 noyabr seçkiləri böyük ehtimalla ölkənin müasir tarixinə hər mənada ən sakit seçki kimi yazılacaq. Xarici müşahidəçilər üçün isə o, həm də yerli xüsusiyyətlərlə yaddaqalan olacaq. Məsələn, o qədər də böyük olmayan respublikada 564 seçicinin (ümumi seçicilərin 0,01%-i) yaşı 100-ü ötüb...
MƏSLƏHƏT GÖR: