14 Mart 2025

Cümə, 01:40

GÜMÜŞ KUBOK

"SOCAR-Azərbaycan" şahmat üzrə Avropa Kubokunda ikinci, "Odlar Yurdu" isə hakim haqsızlığına görə, 13-cü oldu

Müəllif:

03.11.2015

Makedoniyanın paytaxtı Skopye turistləri zəngin tarixi və böyük sərkərdə İsgəndəri xatırladan abidələri ilə qarşılayır. Paytaxt çoxlu sayda heykəlləri və mərkəzdə yerləşən gözəl binaları ilə fərqlənir. Makedoniya vətəndaşlarımızı vizasız qəbul etdiyi üçün Skopyeye səfər etməyə çoxlu sayda bəhanə var. Bizi Makedoniyaya aparan başlıca məqsəd isə "SOCAR-Azərbaycan" klubunun Avropa Kubokunda çıxışını izləmək olub. 

Sayca altıncı dəfə iştirak etdiyimiz Avropa Kuboku əvvəlki turnirlərdən rəqabətin güclü olması ilə fərqləndi. Bu il ilk dəfə turnirdə Rusiyanın "Sibir" və Makedoniyanın "Alkoloid" klubları çıxış etdi. Hər biri güclü heyətlə seçilən komanda sona qədər çempionluq uğrunda yarışdı. 

Ardıcıl 4 turda qələbə qazanan şahmatçılarımız 5-ci turda "Sibir"ə 1 xalla uduzdu. Bu görüşdə ilk lövhədə çıxış edən təmsilçimiz Veselin Topalovla Rusiya şahmatçısı Vladimir Kramnikin görüşü həlledici oldu. Elistada keçirilən Dünya Çempionatından sonra, bir-biri ilə danışmayan şahmat tacının keçmiş sahibləri bu dəfə də salamlaşmadılar. Ağ fiqurlarla oynayan Kramnik asanlıqla qələbə qazanmaqla komandasının qələbəsinə vacib töhfə verdi. Bu görüşdə prinsipiallığı nəzərə alaraq, Topalova istirahət vermək daha düzgün olardı. Çünki belə görüşlərdə ağ fiqurların üstünlüyü daha çox hiss olunur. 

Altıncı turda qələbə qazanan "SOCAR-Azərbaycan" son görüşdə Rusiyanın "Mednıy Vasdnik" klubu ilə heç-heçə oynamaqla, yekunda gümüş medalla kifayətləndi. Reytinqə görə, yarışın ikinci komandası "Sibir" isə tarixində ilk dəfə Avropa Kubokuna sahib çıxdı. 

Sözsüz, turnirin əsas favoriti "SOCAR-Azərbaycan"ın yarışda ikinci yer tutması böyük uğur sayıla bilməz. Yaxın illərdə iki dəfə Avropa Kubokunu başı üzərinə qaldıran şahmatçılarımızın gümüş medal qazanmasına əsas səbəb, bəzilərinin səviyyələrindən aşağı çıxış etməsi oldu. Əfsuslar olsun ki, Aniş Giri və Fabiano Karuanadan onların səviyyələrinə uyğun parlaq oyun görmədik. Yəqin, buna səbəb onların yorğunluğudur. Şəhriyar Məmmədyarov öz səviyyəsindən bir qədər aşağı çıxış etdi. Rauf Məmmədovla Eltac Səfərlinin oyununda qeyri-adi parıltı olmadı. Veselin Topalov bir partiyanı çıxmaq şərti ilə, bütün oyunlarda yüksək səviyyəsinə uyğun çıxış etdi. Teymur Rəcəbov yaxşı mübarizə nümayiş etdirdi. Maykl Adams uduşa yaxın olan və ya uduş görünməyən partiyalarda gözəl qələbələr qazandı. "SOCAR-Azərbaycan"ın gümüş medal qazanmasında ingilis şahmatçının müstəsna rolu oldu. Təsadüfi deyil ki, Adams yekunda 4-cü lövhədə qazandığı xala görə, fərdi mükafat qazandı. İngilis qrossmeyster gümüş medalla təltif olundu. 

Avropa Kubokunda Azərbaycanı təmsil edən digər klubumuz "Odlar Yurdu" turniri 13-cü pillədə başa vurdu. Bununla belə, mübarizliyi ilə seçilən komandamız hər bir rəqibə başağrısı oldu. Gənc şahmatçılardan formalaşan komandamız bəxtsizlik səbəbindən, ilk onluqdan kənarda qaldı. Digər məqam isə püşkdə komandamıza qarşı edilən haqsızlıq oldu. Adətən, şahmat yarışlarında püşk uzun illər istifadə olunan kompyuter proqramı vasitəsilə həyata keçirilir. Lakin bu dəfə turnirin erməni baş hakimi Aşot Vardapetyan şahmat dünyası üçün şok sayılacaq açıqlama verdi: "Püşkü əl ilə müəyyənləşdirirəm". Sözsüz ki, bu, turnirin imicinə və şəffaflığına ciddi zərbə vurdu. Əks halda, "Odlar Yurdu" iki dəfə özündən güclü komandaya rəqib olmazdı.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "SOCAR-Azərbaycan" şahmat klubunun rəhbəri Mahir Məmmədov "R+"a açıqlamasında bildirdi ki, klub öz imkanlarından aşağı cıxış etdi. "SOCAR-Azərbaycan"da ölkəmizin və dünyanın güclü şahmatçıları toplaşdığı ücün, qarşıya ən yüksək hədəflər qoyulmuşdu. Bu mənada, ikinci yer "SOCAR-Azərbaycan" üçün uğurlu nəticə sayıla bilməz. İştirak etdiyimiz altı çempionatda iki dəfə Avropa Çempionlar Kubokuna sahib olmuşuq. İki dəfə gümüş medal, bir dəfə bürünc medala layiq görülmüşük", - M.Məmmədov bildirib. 

"Avropa Kubokuna üçüncü dəfə qatılan "Odlar Yurdu"nun çıxışını uğurlu saymaq olar. Oynadığı bütün illərdə böyük əzmkarlıq göstərdilər. Ötən il, hətta 5-ci olmuşdular. Bu klubla bağlı məqsədimizə çatdıq. Hər hansı bir şahmatçı tərəfindən tamamilə uğursuzluq olmadı. "Odlar Yurdu" hər zaman mübarizə əzmi ilə seçilib, bir ailə kimi çıxış edib. Lazım olanda "SOCAR-Azərbaycan"ın rəqiblərinə problem yaradıblar. İstənilən rəqiblə sona qədər mübarizə aparıblar", - deyə AŞF-in vitse-prezidenti bildirib. 

O qeyd edib ki, püşkatma ilə bağlı problem yaşandı və bu, "Odlar Yurdu"nun əleyhinə işlədi: "Bu barədə Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşviliylə danışacağıq. Məsələyə aydınlıq gətirmək lazımdır. Əgər gələcəkdə hər hansı bir hakim, milliyyətindən asılı olmayaraq, əl ilə püşkü normal qəbul edəcəksə, biz həmin yarışda iştirak etməyəcəyik. Ümumiyyətlə, Avropa Şahmat İttifaqı əl ilə püşkün keçirilməsini düzgün hesab edirsə, biz buna münasibətimizi sərt şəkildə bildirəcəyik. Belə püşkatmadan ən böyük zərbə "Odlar Yurdu" klubuna dəydi. Nisbətən uyğun rəqib düşsəydi, komandamız, hətta 5-ci yerə qədər yüksələ bilərdi. Kapitan kimi, Emil Sutovski bu məsələ ilə bağlı müraciət edəcək. Ümid edirik, münasibət bildiriləcək və günahkar varsa, cəzalandırılacaq". 

"SOCAR-Azərbaycan"ın şahmatçısı Şəhriyar Məmmədyarov isə əksinə, çempion olmamağı faciə saymır. Onun sözlərinə görə, komandanın, sadəcə, bəxti gətirmədi: "Fikrimcə, Azərbaycan klubu normal çıxış etdi. Bu il Avropa Kubokunda rəqabət daha yüksək idi. Yeni komandalar mübarizə aparırdı. 50 klub arasında gümüş medal qazanmaq asan deyil. Bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Turnirdən əvvəl məqsəd yalnız çempionluq idi, cünki "SOCAR-Azərbaycan" iki dəfə Avropa Kubokuna sahib olub. Lakin çox güclü rəqabət var idi. Medallar uğrunda 10-a yaxın komanda mübarizə aparırdı. Avropa Kuboku qalibinin heyətində güclü şahmatçılar çıxış ediblər. Onlar bizdən geri qalmırdılar. Demək olar ki, bərabər komandalarıq".

Qeyd edək ki, Bakıya qayıdan şahmatçılarımız təlim-məşq toplanışına başlayacaqlar. Zəka sahiblərinin növbəti mötəbər yarışı noyabrın 12-də - Reykyavikdə start götürəcək komandalar arasında Avropa Çempionatı olacaq. Mötəbər yarışa son çempion kimi yollanacaq kişi şahmatçılardan ibarət yığmamız titulunu qorumağa çalışacaq. 



MƏSLƏHƏT GÖR:

588