24 Dekabr 2024

Çərşənbə axşamı, 17:34

MİLLƏTƏ VERİLƏN MİN CAN

Azərbaycan teatr fədaisi və dahi aktyor Kərbəlayi Cahangir Zeynalovun 150 illiyini qeyd edəcək

Müəllif:

03.11.2015

Onu müasirləri səhnə aşiqi adlandırırdılar. Çünki teatr sənətinə Kərbəlayi Cahangir Zeynalov qədər fədakarlıqla xidmət göstərmək yalnız böyük məhəbbət sayəsində mümkündür. Əslində, səhnədən, teatrdan kənarda onun daha rahat bir həyatı var idi. 

 

Xeyirxahlıq ocağı və teatr

1865-ci ildə Bakıda dünyaya göz açan Kərbəlayi Cahangir Zeynalov da atası Məşədi Rza kimi tacir idi. İbtidai təhsil almış, rus və fars dillərini mükəmməl öyrənmiş, çoxlu kitab oxumuşdu. Bakıda varlı, dövlətli tacir kimi tanınırdı, böyük hörmət sahibiydi. O, doğma şəhərində həm də səxavəti ilə şöhrət qazanmışdı. Yoxsullara, ehtiyacı olanlara əl tuturdu. "Kaş ki, mənim min canım olaydı, minini də millətimə qurban verəydim", deyən Kərbəlayi Cahangir həm də öz dövründə maarifin, mədəniyyətin inkişafı üçün yorulmadan çalışan xeyriyyəçi soydaşlarımızdan biri idi. Nəvəsi, Xalq Artısti Cahangir Novruzov nənəsindən - Cahangir Zeynalovun həyat yoldaşı Hüsniyyə xanımdan eşitdiklərini belə xatırlayır: "Nənəm danışırdı ki, Kərbəlayi Cahangir Bakıda kasıb, kimsəsiz uşaqların oxuması üçün açılan Cümə məktəbinə də həmişə yardım edirdi. Evdə 6 qulluqçu olmasına baxmayaraq, o, "Zinger" tikiş maşınını qarşıma qoyur, deyirdi ki, Hüsniyyə xanım, bunları sən tikəcəksən, savabdır". Hüsniyyə xanım 300 torba tikirdi, Kərbəlayi Cahangir onların içərisinə Cümə məktəbində oxuyan uşaqların illik paltarlarının parçasını, Novruz Bayramı şirniyyatı, kitab, bir dənə də qızıl yüzlük qoyurdu".

Həmişə əl tutduğu adamların arasında aktyorlar da var idi. Ancaq Cahangir Zeynalovun teatr sənətinə, aktyorlara köməyi maddi yardım göstərməklə bitmirdi.  Onun böyük evi əsl teatr ocağıydı. Evinin geniş zalını teatr tamaşalarının məşqi üçün ayırmışdı. Otağın yuxarı başında səhnə də düzəltdirmişdi. Mirzağa Əliyev, Hacağa Abbasov, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski, Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli və başqa səhnə fədailəri həmin zalda tamaşalar hazırlayırdılar. Hər dəfə məşqdən sonra iştirakçılar Kərbəlayi Cahangirin  süfrəsinə dəvət olunurdular.   

Amma Cahangir Zeynalovun teatra məhəbbəti bununla da bitmədi. Səhnənin cazibəsinə düşən Cahangir bəy aktyorluq etməyə başladı. Həm də elə bir vaxtda ki, Bakıda bu sənətlə məşğul olmaq qəhrəmanlığa bərabəriydi. Aktyorları "oyunbaz" adlandırır, məsxərəyə qoyur, hətta təhqir edirdilər. Üstəlik, teatr sənətinin inkişafına Çar hökuməti tərəfindən də nə diqqət göstərilir, nə də maliyyə yardımı ayrılırdı. Bu sənəti təbliğ, tərəqqi etdirmək vəzifəsini Cahangir Zeynalov kimi millətsevərlər öz üzərlərinə götürmüşdülər. Cahangir Zeynalov, Məhəmməd bəy Əlvəndi, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqa tanınmış aktyor və rejissorların sayəsində teatrımızın sədaları Azərbaycandan kənarlardan da gəlirdi. Aktyorlarımız Gürcüstan, Dağıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Volqaboyu, Krım, Osetiya, İran, Türkiyəyə qastrol səfərlərinə gedirdilər. 

 

Kişi sənəti

Cahangir Zeynalov səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Əvvəlcə Həbib bəy Mahmudbəyovla Soltanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində Cahangir Zeynalovun böyük xidməti olub. 1910-cu ildə yaradılan "Şəfa" cəmiyyəti kitabxanasının təşkilində Kərbəlayi Cahangirin zəhməti çox idi, onun fonduna xeyli kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə birlikdə Cahangir Zeynalov da dərs deyirdi. 1906-cı ildə "Nicat", 1912-ci ildə "Səfa", "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında o, həm aktyorluq edir, həm də tamaşalara quruluşlar verirdi. Dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərlərindən oldu. 1914-cü ildə isə sədr vəzifəsinə seçildi. 

Bakıya gələn qastrolçuların bütün tamaşalarına baxırdı. Onlar barədə rəylərini, sənət haqqında düşüncələrini 1916-1918-ci illərdə yazdığı "Teatro dəftərçəsi"ndə (əxz etdiyim hərəkətlər) əks etdirirdi. Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, ona təntənəli yubiley keçirildi. 1910-cu ilin 30 noyabrında, Qurban Bayramı günündə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Tağıyev teatrında təşkil etdiyi yubiley tədbirində rəsmi hissə ilə bərabər, fasilələrdə xanəndələr oxudular. Mərasimdə nümayiş etdirilən Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasındakı Mirzə Həbib rolunu Cahangir Zeynalov özü oynadı. Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyka" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etdilər.

Nəriman Nərimanov "Əziz və möhtərəm yoldaş Cahangir Zeynalov" müraciəti ilə başlayan təbrik məktubunda yubiley tədbirində iştirak edə bilmədiyinə təəssüflənir, keçən günləri xatırlayırdı: "Əziz, möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus sizin xidmətiniz. Cünki siz artist namını qəbul edən vaxt bakılılar artistə "oyunbaz" deyib həqir nəzərlərlə baxırdılar. Siz isə teatrın xalqa nəfini anlayıb camaatın nəzərində həqir olan bir işə şüur etdiniz! Bu fikir ilə ki, vaxt olar, camaat səhvini anlar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə "oyunbaz", "kəndirbaz" soyləyənlər, məni bu səhnənin üstə alqışlayar, təşəkkurlər edərlər...". Həqiqət, 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər. 25 il ərzində cəkdiyiniz zəhməti millət unutmadı və haman zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərini dəyişdi".

Nəriman Nərimanov yubilyarın milli teatr yolunda xidmətinin hec vaxt unudulmayacağını, milli teatrımızın tarixində onun da adının yazılacağını əminliklə bildirirdi. Həqiqətən də Cahangir Zeynalovun adı tariximizə milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist məktəbinin banisi kimi yazıldı.

 

Nəsibənin atası

Cahangir Zeynalovun "Hacı Qara"da Hacı Qara, "Müsyö Jordan və Dərviş Məstəlişah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, "Hacı Qəmbər"də Hacı Qəmbər, "Ağakərim xan Ərdəbil"də Ağakərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli, "Xəyalət"də Dərviş, "Dilin bəlası"nda Şamdan bəy və Hacı İbrahim, "Nadir şah"da Ədhəm və Cavad, "Tamahkar"da Hacı Murad, "Axşam səbri xeyir olar"da Məşədi Şaban, "Xorxor"da Seyfulla, "Dursunəli və ballıbadı"da Dürsunəli, "Pinəçi Seyfulla"da Seyfulla, "Əvvəlinci şərabçı"da Potap, "Qaçaqlar"da Qoca Moor, "Zorən təbib"də Eyvaz, "Dəmirçi Gavə"də Qubad və Fərhad, "Əhdə vəfa"da Zübeyr, "Əmir Əbül Üla"da Rəbi, "Qəzavat"da Qoca sərkərdə, "Qaçaq Kərəm"də Çinovnik və Xanın katibi və başqa rollarda səhnəyə çıxdı. Cahangir Zeynalov həm də Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasında Rza bəy və Rüstəm bəy obrazlarının mahir ifaçılarından oldu. 

O həm də rejissor kimi  fəaliyyət göstərdi. 1913-cü ildə "Hacı Qara", "Hacı Qəmbər", "Vətən", "Evliykən subay"; 1914-cü ildə "Millət dostları", "Zorən təbib", 1915-ci ildə "Əhdə vəfa", sonrakı illərdə "Fərhad və Şirin", "Dəmirçi Gavə", "Nadir şah Əfşar" əsərlərini səhnələşdirdi. 

Cahangir Zeynalov son dəfə səhnəyə "İsmailiyyə" zalında oynanan "Hacı Qara" tamaşasında baş rolda çıxdı.

Mirzağa Əliyevin, Hacağa Abbasovun, Məmmədəli Vəlixanlının səhnəyə gəlişində Cahangir Zeynalov böyük rolu olub. O dövrdə ən böyük problemlərdən biri də səhnəmizdə aktrisaların olmaması idi. Buna görə də qadın rollarını kişilər ifa edirdilər. Səhnəyə çıxmaq o illərdə qadınlarımızdan böyük cəsarət tələb edirdi.  

Cahangir Zeynalova atalıq səadətini yaşamaq gec qismət oldu. Yaşı artıq 50-ni adlamışdı. 1916-cı ilin 20 aprelində qızı Nəsibə xanım dünyaya gəldi. O günədək "Mənim övladım, varisim teatrdır" deyən Kərbəlayi Cahangir bundan sonra yeganə qızının da böyüyüb aktrisa olacağı günlərin arzusu ilə yaşamağa başladı. Gün gəldi, Nəsibə xanım atasının ən böyük istəyini yerinə yetirdi. Azərbaycan teatr səhnəsinin ən istedadlı aktrisalarından biri kimi məşhurlaşdı. Ancaq Cahangir Zeynalov həmin günləri görə bilmədi...

Bir çoxları kimi, onun üçün də bəlalı günlər 1918-ci ilin martında erməni daşnaklarının Bakıda qırğınlar törətmələri ilə başlandı. Erməni daşnakları şəhəri küçə-küçə, ev-ev dolaşır, qarşılarına çıxan türk-müsəlman olan hər kəsi vəhşicəsinə qətlə yetirir, mənzillərini yandırırdılar. Sağ qalanlar çıxış yolunu şəhəri gizlincə tərk etməkdə görürdülər. Həmin faciəli günlərdə Cahangir Zeynalov da həyat yoldaşı Hüsniyyə xanımla körpə qızı Nəsibə xanımı götürüb o vaxtlar Ənzəli şəhərində yaşayan qayınatasının yanına gedir. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə gəmi ilə Bakıya qayıdarkən fırtına qopur. Nəticədə səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq xəstəliyi yarandı. Kərbəlayi Cahangir də həmin xəstəliyə düçar oldu. Böyük çətinliklərlə Bakıya gəlib çatdılar. Bir həftə sonra Kərbəlayi Cahangir 53 yaşında, dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişdi. Ömrünün son dəqiqələrində Hüsniyyə xanıma vəsiyyət etdi: "Birincisi, Nəsibəni oxutdur, cahil böyüməsin. İkincisi, mənim varımdan, dövlətimdən hər il Cümə məktəbinə verdiyim 300 qızılı əskik eləmə. Üçüncüsü, mənim sizin üçün, qızım Nəsibə üçün ayırdığım varidatımdan yerdə qalanını Azərbaycan teatrı üçün vəsiyyət edirəm".

İki yaşında atasız qalan Nəsibə xanımla anası Hüsniyyə xanım Kərbəlayi Cahangirdən sonra çox çətin günlər yaşadılar. 1920-ci ilin aprelində qələbə çalan Sovet hakimiyyəti bütün varlılar kimi, onların da mal-dövlətlərini əllərindən aldı. Atasının 40 otağı, 300 nəfərlik salonu olan mülkündən çıxarılan Nəsibə xanımla anasına o, evin çardağı altında yaşamaq üçün kiçik bir otaq verdilər. Bununla da kifayətlənmədilər. Dövlətli olduqları üçün oradan da çıxarıldılar. 

Cahangir Zeynalovdan sonra onun əziz qızı çox əziyyət çəkdi. Tramvay parkında  hesabdar, elektrik idarəsində usta köməkçisi işlədi. Ancaq həyatın sərt sınaqları onu yormadı. Atasının adına layiq bir ömür yaşadı. Cahangir Zeynalovun sənətdə açdığı yolu, yaratdığı məktəbi qızı Nəsibə Zeynalova, ondan sonra isə nəvəsi Cahangir Novruzov davam etdirir. 

Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi barədə verdiyi sərəncam da təsdiq etdi ki, onun teatr sənətinin inkişafı yolunda gördüyü işlər unudulmayıb. Bu fədakar insanın xatirəsi ömrünü qurban dediyi millətinin yaddaşında əbədi yaşayacaq.



MƏSLƏHƏT GÖR:

592