24 Noyabr 2024

Bazar, 12:18

İXRACYÖNÜMLÜ ZONA

Sumqayıt Kimya Parkında yeni zavodlar istismara verilib və bu sahəyə aid gələcək nəhənglərin təməli qoyulub

Müəllif:

03.11.2015

Ötən həftə artıq 70 illiyini qeyd edən Azərbaycanın kimya sənayesinin inkişafı şüarı altında keçdi. Ölkənin əsas sənaye mərkəzində - Sumqayıtda Prezident İlham Əliyevin iştirakı ilə, əsasən, kimya istehsalı sahəsi ilə bağlı olan bir sıra yeni obyektlərin işə salınması baş tutdu. 

Həmçinin SOCAR şirkətinin təşəbbüsü ilə Azərbaycan kimya sənayesinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Məsələ ilə bağlı çıxış edən SOCAR-ın rəhbəri Rövnəq Abdullayev qeyd edib ki, şirkətin planlarına 2020-ci ilə qədər milli kimya sənayesinin, habelə "Azərikimya" İstehsalat Birliyinin strukturuna daxil olan müəssisələrin də tamamilə modernləşdirilməsini həyata keçirmək daxildir. "Sahənin modernləşdirilməsinə dair böyük işlər həyata keçirməli və dövlət büdcəsinin vəsaitləri hesabına yeni layihələr reallaşdırmalıyıq. Əsas tapşırıqlarından biri də Sumqayıt Kimya Parkında reallaşdırılan "SOCAR Polymer" layihəsi çərçivəsində tikiləcək yeni zavodları xammalla təchiz etməkdir", - R. Abdullayev qeyd edib.

2013-cü ildə Sumqayıt Kimya Sənayesi Parkının (SKSP) infrastrukturunun yaradılmasına dair başlayan işlər bu gün fəal reallaşma fazasına qədəm qoyub. İqtisadiyyat və Sənaye Nazirliyi tabeliyində məhdud məsuliyyətli cəmiyyət formasında yaradılmış yeni texnoparkın profil prioriteti SOCAR şirkətinin fəal dəstəyi ilə yaradılan neft-kimya sahəsidir. Yeni texnopark başlıca olaraq, keçmişdə "Azərikimya" İB-nin strukturuna daxil olan sökülmüş Səthi-Aktiv Maddələr Zavodunun (SAM) ərazisində 296 hektar sahədə yerləşir. Burada hələlik gələcək sənaye zonasının kommunal, nəqliyyat və energetika infrastrukturunun yaradılması işləri həyata keçirilir. Sənaye zonasının 43 alt sənaye ərazisində 40 müasir müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada, təxminən, 10 minə qədər iş yeri açılacaq. Sənaye zonasında, əsasən, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya, polimerlərin istehsalı nəzərdə tutulub. SKSP-nin ərazisinin, təxminən, 30%-i tədris və inzibati ehtiyaclara, qalan 70%-i isə istehsalat obyektləri istifadə edəcəklər. İnfrastrukturun yaradılmasına çəkilən bütün xərclər dövlət büdcəsi və ya dövlət qurumları və şirkətləri hesabına ödənilir, sənaye obyektlərinin işə başlamasını isə yerli və xarici investorlar təmin etməlidirlər. SKSP-nin investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, buraya gətirilən texnika və texnoloji avadanlıqlar əlavə dəyər vergisindən azad olunub. 

Uyğun olaraq SKSP-yə investorların cəlb edilməsi prosesinə artıq başlanılıb - burada artıq dörd rezident qeydiyyata alınıb, bir neçə müəssisə işə başlayıb. Belə ki, məhdud məsuliyyətli cəmiyyətin təşəbbüsü ilə spiral tikişli polad borular zavodu istismara başlayıb. Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub. Bu xətlərin hər birinin illik istehsal gücü 200 min tondur.

Şirkətin digər bir müəssisəsi, əsasən, poladarmaturlu borular, metal hasar və plastik birləşdirici hissələr istehsal olunan mexaniki məhsullar zavodudur. Təqdirəlayiqdir ki, bu məhsul təkcə daxili bazar üçün deyil, fəal şəkildə ixrac üçün də nəzərdə tutulub. SKSP-nin rezidenti Türkmənistanda Türkmənbaşı limanının modernləşdirilməsi üzrə keçirilən tenderin qalibi olub. Sumqayıtlılar qonşu ölkəyə 45 mln. dollar dəyərində 60 min ton boru kəməri məhsulları tədarük edəcəklər. 

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə üçüncü müəssisənin - Texniki Avadanlıqlar Zavodunun açılışı olub. Yeni müəssisədə saatda 10 ton metaləritmə gücünə malik olan müasir sobalarla təchiz olunmuş metaltökmə və emal sahələri yaradılıb. Ümumilikdə, zavodda ildə 6500 ton müxtəlifdiametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq istehsal olunacaq.

"Sumqayıt sənayesi sürətlə inkişaf edir və bu proseslər ümumi trendi əks etdirir: ölkənin yeni sənayeləşməsi; qeyri-neft sektorunun ixrac potensialının genişləşdirilməsi - "kimyaçılar şəhəri"nin sənaye klasterinin dirçəlmə prosesini bu cür dəyərləndirib. - Tezliklə burada kimya texnologiyası parkının yeni müəssisələri tam gücü ilə işə başlayacaq. Buraya 1 mlrd. dollardan artıq sərmayə yatırılması planlaşdırılır".

Maraqlıdır ki, SKSP-nin sənaye flaqmanı rolu "SOCAR-Polymer" müəssisəsinə verilib. Prezident İlham Əliyev yüksəksıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. SOCAR prezidenti Rövnəq Abdullayev yeni zavodun təməlqoyma mərasimində bildirib ki, bu, son 40 ildə miqyasına və kapital tutumuna görə, Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Layihənin təxmini dəyəri 750 mln. dollardır. Hər il 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək iki qurğunun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Yeni müəssisə işə düşməklə, bahalı idxalın əvəz olunması və bu ehtiyac duyulan məhsulun daxili tələbatın tam şəkildə ödənilməsinə nail olunacaq. Bundan başqa, istehsal ediləcək məhsulların 70 faizindən çoxu Türkiyə və Avropa bazarlarına çıxarılacaq. Kimya Sənayesi Parkında yeni istehsalatın yaradılması ilə bərabər, SOCAR Sumqayıtın keçmişdə yaradılmış neft-kimya müəssisələrinin təkmilləşdirilməsinə də az səy yatırmayıb. Əsasən, 1994-2001-ci illərdə "EP-300" və "Polimer-120" qurğuları əsasında yaradılmış etilen-polietilen zavodu avadanlıqlarının yenidənbərpası və yenilənməsi prosesi davam edir. Ötən 5 il müddətində burada avadanlığın yenilənməsi və yeni istehsalat növlərinin tətbiqinə dair irimiqyaslı işlər görülüb. Zavodun enerji sistemi tamamilə təkmilləşdirilib, elektrik enerjisinin fasiləsiz təchizinə imkan yaranıb, buxar və qaz itkilərinin qarşısı alınıb ki, bunun hesabına da son məhsulun maya dəyəri minimuma enib. 

2013-cü ildə azot-oksigen kompleksi və müasirtipli susoyutma qurğusu istismara verilib. Zavodda istismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir.

Bu yaxınlarda müasir cihazlarla təchiz edilən yeni laboratoriya da əsaslı təmir olunub.

Gələn il gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin başa çatması planlaşdırılır. Bu qurğunun inşa edilməsinin əsas məqsədi Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır. Bu yaxınlarda maye qazları kükürdlü birləşmələrdən təmizləyəcək yeni qurğunun quraşdırıldığı texnoloji sahənin tikintisi yekunlaşıb. Belə ki, illik layihə gücü 87 600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq.

Azərbaycanın dövlət başçısı butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunu işə salıb. Layihə gücü ilkin mərhələdə ildə 120 min tondur, yaxın gələcəkdə isə iki dəfə artırılacaq.

Sumqayıt müəssisələrinin məhsullarının böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub - əsasən, Avropa, Türkiyə, Çin və MDB ölkələrinə. Əsas zavodların qalan xammalı - "Orqanik sintez" və "Etilen-propilen" - polimer xammalı və neft-kimya sahəsinin digər məhsullarından rəqabətqabiliyyətli məmulatların istehsalı üçün nəzərdə tutulmuş, texnoparkın kiçik və orta müəssisələrin üçüncü növbəsi çərçivəsində yaradılmış son (hazır) məhsul üçün emal olunacaq. 

 SKSP rəhbərliyinə artıq bu gün Almaniya, Cənubi Koreya və Kanada şirkətlərindən karbohidrogen xammalın emal müəssisələrinin yaradılmasına dair xeyli ərizə daxil olub. Lakin üstünlük son məhsul üzrə ixtisaslaşmış şirkətlərə veriləcək. Çünki 2020-2025-ci illərdə Qaradağ rayonunda yeni nəhəng neft-kimya kompleksi ucalacaq. Bu kompleksdə məhz baza xammalı və yarımfabrikat istehsalına dair obyektlər cəmləşəcək.

 

 

SİTAT

"Artıq 70 yaşı olan milli neft-kimya sənayesi böyük təcrübəyə və şanlı ənənələrə malikdir. Bu gün biz "kimyaçılar şəhəri"nin kimyəvi müəssisələrinin dirçəlməsinin şahidi oluruq. Burada rəqabətqabiliyyətliliyi təmin edən və ixraca yönəlmiş sahənin inkişafını təmin edən müasir texnologiyalar tətbiq olunur".

İlham Əliyev, Azərbaycan Prezidenti

 



MƏSLƏHƏT GÖR:

483