
PRAQMATİZM ÜSTÜN GƏLDİ
Hakim partiyanın parlament seçkilərində inamlı qələbəsinin arxasında nə dayanır
Müəllif: Namiq MAYILOV Bakı
Milli Məclisə seçkilərin nəticələri heç kim üçün sürpriz olmadı. Hələ təşviqat kampaniyasından əvvəl bütün analitiklər hakim partiyanın səsvermədə inamlı qələbə qazanacağını deyirdi və bunun üçün kifayət qədər əsas da var idi. Lakin bu barədə bir qədər sonra...
Beləliklə, noyabrın 1-də Azərbaycan özünün beşinci çağırış parlamentini seçdi. Öz favoritlərinə səs vermək üçün məntəqələrə seçicilərin 55,7%-i üz tutdu. Seçkilər sakit, insidentsiz və ən əsası, qanun pozuntusu olmadan keçdi. Mərkəzi Seçki Komissiyasının (MSK) bu barədə bəyanatlarını seçkiləri izləyən Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının missiyaları, Böyük Britaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Çexiya və bir çox başqa ölkələrin müşahidəçiləri də təsdiqlədi. Yeri gəlmişkən, bütövlükdə səsvermənin gedişini 500-dən artıq beynəlxalq və 70 minə yaxın yerli müşahidəçi izləyib. Yalnız ATƏT öz müşahidə missiyasını Azərbaycana göndərməkdən imtina etdi, baxmayaraq ki, rəsmi Bakı həmişə olduğu kimi, bu dəfə də təşkilata müraciət etmişdi.
Öz gözündə tiri görməyənlər...
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Bakıya 400 nəfərdən ibarət "desant" göndərmək istəyirdi, Azərbaycan isə bu qədər olmasa da, böyük sayda müşahidəçi qəbul etməyə hazır idi. Təkcə bu ilin yayında Birinci Avropa Oyunlarının milyonlarla qonağını qəbul edib yola salmış qonaqpərvər Bakını bununla təəccübləndirmək olmazdı. Lakin Azərbaycan yalnız bir təşkilatdan görünməmiş sayda müşahidəçinin göndərilməsinin hansı zərurətdən irəli gəldiyini soruşduqda, ATƏT "incidi" və qərara aldı ki, ezamiyyət təxirə salınsın.
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar", - deyən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın bu hərəkətini qəbuledilməz adlandırdı.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını vurğulayan dövlət başçısı bu qurumun bütün qaydaları və reqlamenti pozduğunu bildirib.
Lakin ikili standartlar olan yerdə reqlament kimin nəyinə lazım idi? "Biz soruşduq ki, nə üçün bu qədər çox müşahidəçi göndərirsiniz? Axı 45 milyon əhalisi olan Ukraynaya da 400 nəfər, 80 milyona yaxın adamın yaşadığı Türkiyəyə isə cəmi 18 nəfər göndərilmişdi. Onlar isə dedilər ki, elədirsə, onda biz müşahidəçi göndərməyəcəyik", - deyə Milli Məclisin sədri Oqtay Əsədov Rusiya KİV-ə müsahibəsində bildirib.
Avropa strukturunun belə qeyri-adekvat münasibətinin səbəblərini əksər müşahidəçilər rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətlə, onun öz milli maraqlarını nəzərə alaraq, Avropa İttifaqının inteqrasiya proqramlarına kor-koranə qoşulmaması ilə əlaqələndirir. Rusiya mətbuatı və ekspertlər isə həmçinin əlavə edirlər ki, Avropanın bu cığallığı Azərbaycanın Moskvaya qarşı sanksiyalara qoşulmaması ilə bağlıdır.
Xatırladaq ki, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Azərbaycan Qərbə avrointeqrasiya ilə bağlı heç bir şişirdilmiş vədlər verməyib. Yeri gəlmişkən, "Kommersant" qəzeti bu münasibətlə Avropa ölkələrindən birinin Bakıdakı diplomatının fikirlərini yayıb. "Yəqin ki, bir çox həmkarlarım indi sizə deyəcəklərimlə razılaşmayacaqlar. Ancaq faktlardan qaçmaq olmaz. Avropanın mütəmadi olaraq avtoritarizmdə günahlandırdığı Azərbaycanı demokratiyanın vəziyyətinin sanki yaxşı olduğu digər postsovet ölkələri - Gürcüstan, Moldova və Ukrayna ilə müqayisə edin. Orada həyat səviyyəsi aşağıdır, təlatümlər, bəzən isə müharibə yaşanır. Burada isə hətta Dağlıq Qarabağ kimi saatlı bombanın mövcudluğuna baxmayaraq sabitlikdir, gözlənilməz heç nə baş vermir. Lakin İlham Əliyev, hətta bu münaqişə ilə bağlı vəziyyəti də bütövlükdə nəzarətdə saxlaya bilir: təmas xəttində baş verən vaxtaşırı atışma və döyüşlər, hələ ki, genişmiqyaslı müharibəyə gətirib-çıxarmayıb. Ümid edirəm, heç gətirib-çıxarmayacaq da", - deyə adını açıqlamaq istəməyən diplomat bildirib.
İlham Əliyevin partiyasının bütün seçkilərdə qələbə qazanmasının sirri də elə bundadır.
Nə üçün hakim partiya?
Prezident İlham Əliyevin yüksək reytinqi, siyasi və iqtisadi sabitlik, sosial proqramlar, dünya iqtisadiyyatında baş verənlərə çevik reaksiya və bir çox başqa amillər... Hətta dünya bazarında neftin kəskin ucuzlaşması şəraitində belə, ölkə başçısı 2016-cı ilin Dövlət Büdcəsində sosial layihələrə ayrılan vəsaitin həcmini azaltmadı. Büdcə gəlirlərini təmin etmək üçün isə prezident təkcə son ayda qeyri-neft biznesinin dəstəklənməsi ilə bağlı bir sıra qərarlar qəbul etdi ki, analitiklər bu qərarları inqilabi addımlar adlandırdılar. Bu sırada sahibkarlıq fəaliyyətinə lisenziyaların sayının kəskin azaldılması və yerdə qalan lisenziyaların verilmə prosedurlarının sadələşdirilməsi, dövlət strukturları tərəfindən müxtəlif yoxlamaların 2 il müddətinə dayandırılması, şəxsi istifadə üçün ölkəyə gətirilən $10 min dəyərində malların gömrük rüsumundan azad edilməsi və başqa qərarlar da var.
"Neftin ucuzlaşmasından sonra qarşımızda sual dayandı: büdcəni nəyin hesabına dolduracağıq? Vəziyyətdən çıxış yolu kimi, bir neçə mənbənin üzərində dayandıq. Birincisi, xarici sərmayələrdir. Onları Azərbaycana həvəslə yatırırlar, çünki ölkənin yaxşı kredit tarixçəsi var. Hazırda biz sərmayələrin cəlb olunmasına görə MDB-də birinci yeri tuturuq. İkincisi, dövlət 2 il müddətinə biznesin bütün antiinhisar, vergi, sanitar və s. yoxlamalarını dayandırıb... Eyni zamanda, vətəndaşların öz işini açmaq imkanları əhəmiyyətli dərəcədə sadələşdirilib. İndi vahid pəncərə rejimində cəmi 6-7 sənəd təqdim etməklə, 2 günə yeni biznes açmaq mümkündür", - deyə İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Rusiyanın "Arqumentı i Faktı" qəzetinə bildirib.
Hökumət kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və inşaat sektorunu perspektiv sahələrə aid edir. Lakin qeyri-neft sektorunun başqa sahələri də diqqətdən kənarda qalmayacaq. "Heç nədən çəkinmək olmaz, çünki dünyada böhran var!". Bunu isə "Azpromo" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov deyir.
Bütövlükdə, 2005-ci ildə ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 15 dəfə artıb. Müvafiq olaraq əməkhaqları da artıb, işsizlik azalıb, yoxsulluq həddi minimuma enib və bütün bunlar Azərbaycan seçicisinin seçiminə təsir etməyə bilməzdi.
Bəs hakimiyyətin opponentlərinin aktivində nə var?
Beşinci çağırış parlamentin deputat mandatlarına 22 partiya iddia edirdi ki, onların da 7-si "Azadlıq-2015" seçki blokunda birləşmişdi. Ümumilikdə, Milli Məclisdəki 125 yer uğrunda 767 nəfər mübarizə aparırdı ki, onların da təxminən, yarısı müstəqil namizədlər idi. Səsvermə günü əsas rəqabət də elə müstəqil namizədlərlə YAP arasında getdi.
Beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi, seçki marafonunun bütün iştirakçılarına qələbə qazanmaq üçün bərabər şərait yaradılsa da, ənənəvi müxalifətin radikal qanadı seçkiləri boykot etmək qərarına gəldi. Üstəlik, hələ seçkiqabağı kampaniya başlamamış nəticələri qeyri-legitim də elan etdi. Hətta hakimiyyətə qarşı tənqidi mövqe sərgiləyən Avropa qurumları belə, təşviqat və səsvermə üçün yaradılmış imkanlardan razı qaldığı halda, müxalifətin bu kəsimini mövcud şərait qane etmədi.
Bu zaman seçkini boykot edən düşərgə özünün real imkanlarına toxunmamağa üstünlük verir, dağınıq fəaliyyət göstərməsi barədə danışmır, sıralarındakı parçalanmanı və elektorat arasında etimad limitini bitdiyini dilə gətirmək belə istəmir. Axı çətin ki, Xalq Cəbhəsi Partiyası bu yaxınlarda yaşadığı parçalanmadan özünə gəlmiş olsun. Müsavat isə seçki marafonuna qatılsa da, mübarizəni təşviqatın sonuna yaxın dayandırmaq qərarına gəldi. Görünür, onlar da anladılar ki, bu yaxınlarda aparıcı funksionerlər və onların tərəfdarları partiyanı tərk etdikdən sonra xeyli zəifləyiblər.
Digər tərəfdən isə İlham Əliyev öz siyasəti ilə faktiki olaraq elə bir boşluq saxlamayıb ki, opponentləri onu doldurmaq vədləri ilə çıxış edə bilsinlər. Sadəcə, Avropa demokratiyası barədə demaqogiya etməklə isə artıq insanları öz tərəfinə çəkmək çətindir. Birincisi, avroromantizm illəri arıq çox geridə qalıb - insanlar daha praqmatik olublar və gəlişigözəl ideyalarla onları öz tərəflərinə çəkmək mümkün deyil. İkincisi isə, Avropa demokratiyasının Ukraynaya ixracının fəsadları hələ yaddaşlardan silinməyib.
"Sakit" seçkilər
Beləliklə, radikalların qaçılmaz özününeytrallaşdırması şəraitində hazırkı parlament seçkiləri çox sakit təsir bağışladı. Hətta bəzi müşahidəçilər küçələrdə mitinqlərin getmədiyinə, işıq dirəklərinə necə gəldi şəkillərin yapışdırılmamasına, televiziyada qızğın debatların getməməsinə təəccüb də edirdilər. Azərbaycan qanunvericiliyinə görə, pulsuz efir vaxtı qazanmaq üçün partiya 125 dairədən, ən azı, 60 namizəd irəli sürməlidir və bu sayda namizədlə yalnız YAP çıxış edə bilmişdi. Lakin hakim partiya inhisarçılıq etməyi qeyri-etik sayaraq, pulsuz efir vaxtından imtina etdi.
Əvəzində, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq, ehtiraslar televiziya ekranları, qəzet səhifələri və küçələrdən virtual məkana, sosial şəbəkələrə daşındı. Təbii ki, seçicilərlə ənənəvi görüşlərdən də imtina olunmadı.
Bəlkə də küçələrdə şüarlar qışqıran insanların və polis kordonlarının olmaması, namizədlərin televiziyada bir-birinə stəkan atmaması səbəbindən, seçkiqabağı kampaniya kənardan sakit görünə bilərdi. Lakin görünür, Azərbaycan seçicisinə verilən informasiya onun seçim etməsi üçün kifayət edirdi. Və o, öz seçimini etdi.
MSK-nın açıqladığı ilkin nəticələrə görə, hakim partiya ötən parlament seçkilərinin nəticələrini təkrarlamaqla öz qarşısına qoyduğu minimum proqramını yerinə yetirib. Beşinci çağırış Milli Məclisdə YAP-ı 69 deputat təmsil edəcək. Qalan yerlər isə onların opponentləri, özü də daha çox müstəqil deputatlar arasında bölüşdürüləcək. Qeyd edək ki, 26 millət vəkili parlamentə ilk dəfədir seçilir.
Seçkilərin ilkin rəsmi nəticələrini "exit-poll" da təsdiqlədi. Məntəqələrin çıxışında keçirilən bu sorğuları yerli "Rəy" və ElS mərkəzləri, ABŞ-ın "Arthur J. Finkelstein & Associates" (AJF) və Fransanın "Opinion Way" təşkilatları təşkil etmişdi.
Beləliklə, Milli Məclisdəki deputat kürsülərinin boş qalması uzun sürməyəcək. Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədikdən sonra, yeni çağırış parlamenti öz işinə başlayacaq. Bunun üçün isə uzağı, 1 ay gözləmək lazım gələcək.
MƏSLƏHƏT GÖR: