Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakıda keçirilən ilk Avropa Oyunlarının beşqat mükafatçısı Oleq Stepko karyerasında növbəti uğura imza atdı. Şotlandiyada keçirilən Dünya Çempionatında Azərbaycan idman gimnastikasının lideri həm medal, həm də Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqla ona bəslənən ümidləri doğrultdu.
Oleq Stepko Azərbaycanın müstəqilliyi tarixində kişi idman gimnastikasında Dünya Çempionatının ilk medalı qazanmaqla inkişafda olduğunu sübut etdi. Paralel qollar üzərində final mərhələsində, o, bürünc medala layiq görülərək, fəxri kürsünü Çin idmançısı Şudi Denq ilə bölüşdürdü. Finalda Oleq Stepko birinci çıxış etdi. Sirr deyil ki, bu idmançı üçün psixoloji baxımından ağır olan bir amildir. Buna baxmayaraq, gimnast səhnəyə ilk çıxmasına rəğmən dəqiq hərəkətlərlə həm azarkeşləri, həm də hakimlərin rəğbətini qazandı. Hakimlərdən 15,966 xal toplayan Oleq, ona inananların ümidlərini doğrultdu. Ukrayna gimnastı Oleq Vernyayevin (16.066) qazandığı ikinici yerdən təmsilçimizi cəmi 0.1 xal ayırdı. Stepko dünya çempionatının finalında öz sevimli alətindəki - paralel qollarda çıxışı ilə bir daha sübut etdi ki, o, Rioya birbaşa vəsiqəyə layiq olan güclü gimnastdır!
Stepkonun uğuru gimnastika təmsilçilərinin Rioya artıq ikinici birbaşa lisenziyasıdır. Stepkodan əvvəl bədii gimnastika üzrə komandanın lideri Marina Durunda olimpiadada iştirakını təmin edib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə Yay Olimpiya Oyunlarında idman gimnastikasında iki idmançıyla təmsil oluna bilər. Ölkəmizin bu idman növündə daha bir lisenziya qazanmaq şansı var. Dünya çempionatında çoxnövçülükdə yüksək nəticə göstərən Stepko mükafatçılar sırasında düşməsə də, 2016-cı ilin aprelində keçiriləcək test turnirində Azərbaycandan bir idmançının iştirakını təmin edib. Yarış lisenziya xarakterli olduğundan ölkəmiz gimnastikada qazandığı lisenziyaların sayını artıra bilər.
İdman gimnastikası üzrə Qlazqoda keçirilən Dünya Çempionatında bürünc medal qazanan Oleq Stepko "R+"a müsahibəsində təəssüratlarını bölüşüb. İdmançımız Şotlandiyada rəqabətin güclü olduğunu deyib: "Dünya Çempionatında rəqabət çox yüksək idi. Hər bir səhv həlledici ola bilərdi. Üstəlik, turnir lisenziya xarakteri daşıdığından hər bir idmançı maksimum motivasiya ilə çıxış edirdi. İlk Avropa Oyunlarında əldə etdiyimiz nəticələrdən sonra əsas məqsədimiz Braziliyaya lisenziya qazanmaq idi. Çox xoşbəxtəm ki, məqsədimizə çatdıq".
Dünya Çempionatıyla bağlı danışan Stepko finalda birinci çıxış etməsinin çətin olduğunu bildirib: "Finalda birinci mən çıxış etdim. Bu özü də psixoloji baxımından asan deyildi. İlk çıxış etmək hər zaman çətindir. Hər il rəqabət artır. Əgər ötən il Dünya Çempionatında 16 bal toplayan gimnast birinci yeri tuturdusa, bu il artıq ilk üç gimnast 16 bal toplayıb. Gimnastikanın səviyyəsi artır, yüksək hazırlıq səviyyəsini göstərən çoxlu sayda gimnastlar yetişir. Məsələn, götürək çıxışını daha əvvəl yalnız Panamerikan Oyunlarında gördüyüm Kuba təmsilçisini. Artıq o, Dünya Çempionatının ilk üçlüyündədir. Asan olacağını gözləmirdim, çünki bu, Olimpiadaya ən son seçimdir".
İlk Avropa Oyunlarının beşqat mükafatçısı söylədi ki, Azərbaycanda gimnastikanın bütün növləri sürətlə inkişaf edir: "Azərbaycan gimnastikası dünya səviyyəsinə çıxır və bizdən qorxmağa, bizimlə hesablaşmağa başlayırlar. Bu çox yaxşı hisslərdir. Amma qazandığımız nəticələrlə kifayətlənmək fikrində deyilik. Qarşıda daha böyük yarışlar var, hər bir turnirdə maksimum nəticələr uğrunda çıxış etmək fikrindəyik".
Gimnast vurğulayıb ki, 2016-cı ilin fevralında Bakıda "Challlenge Cup" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək və vəzifələrindən biri bu yarışa hazırlaşmaqdır: "Bu çox nüfuzlu turnirdir, bizim üçün doğma şəhərdə keçirilən yarış olduğunu da nəzərə almaq lazımdır. Buna görə də hazırda bu turnirə hazırlıq prioritetdir. Bundan başqa, Olimpiadanı unutmamaq olmaz. Bu bizim üçün çox vacibdir və maksimum nəticələr göstərməyə çalışacağıq".
Gimnastın sözlərinə görə, ümumilikdə ili uğurlu, lakin eyni zamanda çox ağır və gərgin hesab etmək olar: "İl təkcə mənim üçün deyil, həm də bütün gimnastika federasiyası üçün ağır oldu. Əgər federasiya, baş məşqçim olmasa idi, bu nəticələr də olmazdı. Bundan sonra işləməyə və Azərbaycanda gimnastikanın səviyyəsini yüksəltməyə çalışacağıq. 2016-cı ilin əvvəlində bir sıra vacib yarışlar var. Orada iştirak edəndən sonra bütün fikrimiz Yay Olimpiya Oyunlarına yönələcək".
Oleq Stepkonun məşqçisi və Azərbaycan millisinin baş məşqçisi Pavel Netreba da yetirməsinin çıxışından razı qalıb: "Stepko layiqincə çıxış etdi. Dünya Çempionatı olduqca çətin yarışdır. Burada bütün ölkələrin ən güclü gimnastları iştirak edirlər. Qeyd etmək istəyirəm ki, Oleq ikinci yerdən cəmi 0,1 bal geridə qaldı, bu isə çox kiçik göstəricidir. Buna görə də o, ikinci və birinci yer uğrunda da mübarizə apara bilərdi. Lakin fikrimcə, bu, gələcəkdə olacaq. Nəticədən razı qaldım. Biz əldə etdiyimiz nəticələrlə kifayətlənmək fikrimiz yoxdur. Ona görə üzərimizdə daha çox işləmək lazımdır. 2016-cı il həm çətin, həm də məsuliyyətli olacaq. Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışacayıq".
Qeyd edək ki, Stepkodan öncə bədii gimnastımız Marina Durunda, həmçinin Nazim Babayev, Xayle İbrahimova Anna Skidan (hər üçü atletika), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mursəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Rio-2016-da iştirak hüququ qazanıb.
MƏSLƏHƏT GÖR: