13 Mart 2025

Cümə axşamı, 07:20

KİNODA TƏZADLAR ŞƏHƏRİ

Çoxplanlı aktyor olan Bakı gah yoxsul Tehran, gah zəngin İstanbul, gah da Aralıq dənizi regionunun qədim liman şəhərinə çevrilib…

Müəllif:

10.11.2015

Bakı kinolarda mövzusu gündəmə gəldikdə hər zaman ilk yada düşən "Brilyant əl" və "Amfibiya adam" olur. Birincidə təcrübəsiz sovet tamaşaçısına "İstanbul"un gözəllikləri, ikincidə isə uzaqlarda yerləşən uydurma şəhər nümayiş olunub. Təcrübəli kino həvəskarları isə başqa filmləri də yada sala bilərlər - tarixin ilk sənədli filmlərindən tutmuş, "Ceyms Bond"un bir seriyasınadək.

Bakıda lentə alınmış filmləri bir cərgəyə düzdükdə şəhərin tarixi sanki qəribə şəkildə nümayiş olunur: onun böyüməsi, inkişafı göz önünə gəlir, müxtəlif mərhələlərdə şəhər üçün ən vacib məqamların nədən ibarət olduğu ortaya qoyulur.

 

Səssiz kino

XX əsrin əvvəlləri sənədli filmlər dövrü olub. O zaman oyun filmlərilə müqayisədə xronikalar daha çox çəkilirdi. Onlarda bütün dünyada baş verən vacib hadisələri tamaşaçıya çatdırırdı.

Həmin günlərdə Bakı hər kəsin ağlında neftlə assosiasiya olunurdu. Bütün Avropa üçün yanacaq məhz bu şəhərdə hasil edilirdi. 1908-ci il fevralın 9-da Bakının kino lentinə köçürüldüyü ilk gündür. Bu, Kiyevin "Vitaqraf" kinoteatrında baş vermişdi. Orada rejissor və biznesmen Aleksandr Myanovskinin "Bakının görüntüləri - Şibayevin və Nobel qardaşlarının neft mədənləri" filmi nümayiş olunmuşdu. Film cəmi 15 dəqiqə davam edirdi. Bu, o dövr üçün kifayət qədər normal idi. Təəssüf ki, həmin film dövrümüzə gəlib çatmayıb.

Elə həmin il mayın 4-də dünyaca məşhur fransız kinoşirkəti Pathe "Bakının neft mədənləri" filmini çəkib. Şirkət Moskvada filialını açmışdı və imperiyanın ən vacib şəhərlərilə bağlı filmlər lentə alırdı. Yeri gəlmişkən, həmin illərdə Bakıda ilk həvəskar kinoteatrlar peyda olmağa başlamışdı. 1910-cu ildə onların sayı 10-a çatmışdı. 1913-cü ildə isə "A.Xanjonkov və Ko" şirkəti tərəfindən ilk peşəkar kinozal yaradılıb. Yeri gəlmişkən, şirkətin rəhbəri Aleksandr Xanjonkov Rusiya imperiyasında pioner kinematoqraf idi. İnqilabadək 20 şəhərdə kinoteatrlar ona məxsus idi. Bakıda o, Nargin adası və Novruz bayramı ənənələrilə bağlı sənədli filmlər çəkmişdi. Yeri gəlmişkən, çoxlarımızın televiziya vasitəsilə izlədiyimiz "O olmasın, bu olsun!" komediyasının ilk dəfə ekranlaşdırılması da Xanjonkovun işidir. Üstəlik, o, bunu müharibənin ən qızğın vaxtında edib. Məlumata görə, Xanjonkovun şirkəti Bakıda kasıb insanlar üçün pulsuz film nümayişləri də təşkil edib.

Bakı haqda sənədli filmlər daha çox 1914-cü ildən çəkilməyə başlayıb. Bu, ilk yerli kinoşirkətin - "Film"in açılışı ilə mümkün olub. "A.Xanjonkov və Ko" qısametrajlı bədii filmlər də lentə alıb.

1916-cı ildə rejissor Boris Svetlov Bakıda ilk bədii filmi lentə alıb. Bu, İ.Musabəyovun eyniadlı povesti əsasında çəkilmiş "Neft və milyonlar səltənətində" filmidir.

Filmdə XX əsrin əvvəllərindəki Bakı, Bakı milyonçularının məişəti, çörəkpulunu min bir əziyyətlə qazanan fəhlələrin həyatı əks olunub. Filmdə hadisələr Cəlilin taleyi fonunda yaşanır (V.A.Leninin ifasında). Təsadüfən varlanaraq zəngin neft sənayeçisinə çevrilmiş yoxsul Cəlil milyonçu, neft maqnatı Lütfəli bəylə (onu Hüseyn Ərəblinski canlandırıb) dostlaşır. Bu dostluq Cəlili nəinki müflis edir, ümumiyyətlə, onun məhvinə səbəb olur. Milyonçu burjua həyatına keçmiş yoxsulun hazır olmaması sonda faciə ilə nəticələnir.

 

Şəhər danışdı və susdu

Bakının "danışması", daha dəqiqi, hay-küy salması 1935-ci ildə tanınmış rejissor Boris Barnetin burada "Mavi dənizin sahilində" filmini çəkməsilə baş verib. Stalin dövrünün bütün filmləri kimi, o da xüsusi bədiiliyilə fərqlənmirdi. Əvəzində filmdə yaxşı rejissor və operator işi var idi.

Bu cür müsbət və mənfi cəhətlərə malik daha bir film Stalin dövründə lentə alınmış "Bakının alovları" idi. Orada şəhər, onun sakinlərinin gündəlik həyatı kifayət qədər gözəl təqdim edilib. Filmdə baş rolu teatrın əvəzsiz aktyoru Mirzəağa Əliyev oynayıb.

Stalin dövrünün filmləri süjet xəttinə görə bir-birindən fərqlənmirdi. Orada insanların işıqlı kommunizmə doğru getməsindən, düşmən axtarmasından, gələcək müharibəyə sevinc içərisində hazırlaşmasından bəhs olunurdu. Bu filmlərdə Bakı gözəl görünsə də, "danışsa" da (maşınların, dalğaların səsi, personajların ehtiraslı söhbətlərilə), bütün bunlara inanmaq elə də asan deyil. Bütün bunlar çox saxta təsir bağışlayır və bu, istənilən susqunluqdan daha pisdir. Üstəlik, o dövrün Bakısına aid filmlərə tamaşaçı gözü ilə deyil, tarixçi gözü ilə baxırsansa, orada həmin dövrə aid çox şey görmək olar.

 

Bizim sevimli kinomuz

Əsl kinematoqrafiya İttifaqa yalnız 60-cı illərdə qayıdıb. O dövrdə bir çox parlaq rejissorlar, aktyorlar, yazıçılar meydana çıxmışdı. Sonra onları altmışıncılar adlandıracaqdılar. Həmin sovet illərində, həqiqətən də, əsl şedevrlər çəkilib. Nəzərə alsaq ki, həmin filmlərdə tamaşaçıya onun heç vaxt görmədiyi xarici ölkə və şəhərləri göstərmək lazım idi, Bakı bu rola tam uyğun gəlirdi.

"Brilyant əl" filminin qəhrəmanı Nonna Mardyukova deyirdi ki, Bakı əsl "təzadlar şəhəri"dir. O, çoxplanlı aktyor kimi, istənilən rolu canlandırmağa qadir idi: gah yoxsul Tehranı, gah zəngin İstanbulu, gah Aralıq dənizi sahilində qədim liman şəhərini, gah da Latın Amerikası ölkəsinin paytaxtını. Artıq qeyd edilən "Brilyant əl" və "Amfibiya adam" filmlərilə yanaşı, 1981-ci ildə burada onlardan heç də az məşhur olmayan tarixi "Tehran-43" detektivi lentə alınıb. O, Beynəlxalq Moskva Kinofestivalının qalibi də olub. Filmdə hadisələr İkinci Dünya müharibəsi illərində İranda cərəyan edir. Hadisələrin gedişində müttəfiq ölkələrin rəhbərləri Ruzvelt, Çörçil və Stalin arasında görüş də olur.

Bakıda daha bir məşhur siyasi film çəkilib. Söhbət Vitautas Jalakyaviçusun "Bu şirin söz - azadlıq" filmindən gedir. 1972-ci ildə lentə alınmış bu filmi indiki dövrdə siyasi triller adlandırmaq olar. Orada uydurma Latın Amerikası ölkəsindəki hadisələrdən bəhs olunur: demokratik yolla seçilmiş prezident çevriliş nəticəsində postundan uzaqlaşdırılır və hakimiyyətə hərbi xunta gəlir. Bu film də Moskva Kino Festivalının birinci mükafatına layiq görülüb. Ən maraqlısı isə orada təqdim olunan hadisələrin cəmi 1 il sonra Çilidə baş verməsi və çevriliş nəticəsində diktator Auqusto Pinoçetin hakimiyyətə gəlməsidir.

Sovet uşaqlarının sevimlisinə çevrilmiş daha bir film Rolan Bıkovun "Aybolit-66" filmidir. Bakıda lentə alınmış bu filmdə paytaxtımız Afrikanın şimalında yerləşən adsız ekzotik şəhər kimi təqdim olunub.

 

Bakı dövrümüzün kinosunda

İndiki dövrdə Bakı məşhur aktyorlar kimi, bir çox hallarda öz-özünü oynayır. Onun ilk belə rolu məşhur "bondiana" filmində - "Bir dünya da azdır" filmində olub. 1999-cu ildə çəkilmiş filmdə baş rolları Pirs Bronsnan və Sofi Marso oynayıblar. Lakin yeni filmlər daha baxımlı olsa da, onlarda gerçəklik azdır. Azərbaycanlı tamaşaçılar şəhərdə qəflətən Fransa banklarını, Bondun yerli binalardan birinə daxil olan zaman qəflətən İsveçrə muzeylərdən birinə düşdüyünü gördükdə, əlbəttə ki, təəccübləniblər.

Bakı Çingiz Abdullayevin məşhur romanlar silsiləsi əsasında çəkilmiş 10 seriyalı "Dronqo" filmində də öz-özünü oynayıb. Doğrudur, o, digər rus bandit seriallarından daha yaxşı alınmayıb.

Deyəsən, hələlik Bakıda çəkilmiş müasir filmlərin ən uğurlusu paytaxtın əsl qəhrəman sayıla biləcəyi "Bakı, mən səni sevirəm"dir. Filmin premyerası cəmi bir neçə gün əvvəl baş tutub. Bu film, sanki, şəhərin aktyor kimi xidmətlərinin etirafıdır. Orada bir daha göstərilir ki, Bakı istənilən, hətta ən çətin rolu belə, oynamağa qadirdir.



MƏSLƏHƏT GÖR:

578