Müəllif: Nərminə VƏLİYEVA Bakı
Fotoqraf-rəssam Fəxriyyə Məmmədova özünü hər hansı bir istiqamətlə məhdudlaşdırmır. O, istər psixoloji portreti, istər memarlığı, istərsə də məişət fotolarını xoşlayır. Məmmədovanın əsas həvəsi isə sənədli fotolardır - bu zaman o, özünün, ovçulara xas olan fürsət gözləmək, hürkütməmək və kadrı tutmaq ehtirasını reallaşdıra bilir. Fəxriyyə Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin ölkənin müasir incəsənət xadimlərini özündə birləşdirən "Zamanın Qanadları" Assosiasiyasının üzvüdür. 2000-ci ilin əvvəllərindən Fəxriyyə Məmmədova Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, ABŞ, Almaniya və doğma Azərbaycanın müasir incəsənət vernisajlarında öz yerini tutub.
- Fəxriyyə, fotoqraflığa qədər nə ilə məşğul olmusunuz? Harada təhsil almısınız?
- Mən diplomlu rəssam-keramikaçı və rəssam-dizaynerəm. Fotoqraflığa qədər arzum rəssamlıq olub. Gənc yaşlarımdan yaxşı rəsm çəkmişəm. Saatlarla albomda rəngli qələmlərlə rəsmlər çəkər, nağıl qəhrəmanlarının obrazını yaradar, gül, naxışlar yaradardım. İlk dəfə hər kəsin yaxşı rəsm çəkə bilmədiyini eşitdikdə çox təəccüblənmişdim. Elə bilirdim ki, bu istedad istisnasız olaraq, hər kəsdə var. Yaxşı xatırlayıram, uşaq bağçasında olduğum zaman tərbiyəçi bizə kağızdan hazırlanmış dairəciklər paylayaraq, orada "hisslərimizi çəkməmizi" istəmişdi. O zaman mən üçyaşlı uşaq üçün kifayət qədər çətin sayılacaq kompozisiya çəkmişdim. Həmin şəkli hələ də evimdəki arxivimdə saxlayıram.
Plastilindən müxtəlif fiqurlar hazırlamağı çox sevirdim. Saatlarla bir yerdə oturaraq, heykəlciklər hazırlayardım. Rəssam və ya heykəltəraş olmaq arzusunda idim. Yuxarı siniflərə çatdıqda istəyimi valideynlərimə dedim. Nəticədə, ailəmiz belə qərara gəldi ki, mən bədii keramika fakültəsinə daxil olmalıyam. Axı, keramika faydalı materialdır. Onun bir çox xüsusiyyəti var. Keramika müxtəlif istiqamətlərə məxsus rəssamların özünüifadəsi, özünü reallaşdırmasına kömək edir.
Məktəbi bitirdikdən dərhal sonra, bədii keramika fakültəsinə daxil oldum. Gözəl insan, böyük pedaqoq Rafiq Süleymanovun sinfinə düşdüm. Ondan çox şey öyrəndim. Üçüncü kursda Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində işləməyə başladım. Hələ Sovet İttifaqı illərində tanınmış bərpaçı-rəssam Fərhad Hacıyev Bakıda laboratoriya, daha sonra isə İncəsənət Muzeyi yanında emalatxana açmışdı. Hökumətin qərarı ilə onun bazasında bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Elmi Bərpa Mərkəzi yaradılmışdı. Bərpa işlərinə məni Fərhad Hacıyevin qızı Gülşən Hacıyeva dəvət etmişdi. Bu cür çətin və incə işi gənc tələbəyə etibar etdiyi üçün ona minnətdaram. O zaman mən, sadəcə, bərpaçı işinə vuruldum! Bu, inanılmaz dərəcədə maraqlı işdir. Bu işlə məşğul olarkən insan öz bacarıqlarını üzə çıxara və nümayiş etdirə bilir. Mən qazıntılar zamanı tapılmış, yaxud muzeylərimizin, müxtəlif arxivlərin mərkəzə verdiyi heykəlləri, keramik məmulatları bərpa etmişəm. Bu iş əziyyət və məsuliyyət tələb edir; məsələn, ümumi kompozisiyada yalnız bir detalın bərpasına bərpaçı-rəssamın 3 həftəsi gedə bilər. Usta heykəltəraş isə bəzən bir şedevrin bərpası üzərində 2 il işləyir! Məsuliyyət cərrahlarda olduğu qədərdir: yanılmaq olmaz. Diqqətlə və səliqə ilə işləməlisən. Həmin dövrdə bədii kuklaların hazırlanması ilə də məşğul olmuşam. Milli kostyumlarda miniatür kuklalar hazırlamışam. Onlar müxtəlif müsabiqələrdə mənə birinci yeri qazandırıb.
- Bəs, fotoqrafiya həyatınıza nə vaxt gəldi? Bu, nə idi? Portretlər, küçə çəkilişləri, yoxsa ailə fotoları?
- İlk fotolarım bərpaçılıqla sıx bağlı olub. Hər şey dayımın mənə "Zenit" fotoaparatı hədiyyə etməsi ilə başlayıb. O mənə makroçəkiliş rejimində fotolar çəkmək imkanı verirdi. İş prosesini lentə köçürürdüm. Məqsədim qədim eksponatların şəklini dəyişməsini addım-addım sənədləşdirmək idi. Daha sonra fotolar çəkməyə başladım və bunu işdən kənarda da edirdim: şəhər küçələri, mənzərələr, təbiət, insanlar... Ətrafdakı hər şey maraqlı idi. Dünyanın bütün gözəlliklərini göstərmək üçün sanki anı saxlamaq istəyirdim.
- "Zamanın Qanadları" Assosiasiyası haqqında da danışın. Bu təşkilatla əməkdaşlıq sizə nə verib?
- 2000-ci ildə eyniadlı sərgi ilə birlikdə "Zamanın Qanadları" Assosiasiyası yaradılıb. Onu Azərbaycanın tanınmış sənətşünası Leyla Axundzadə təşkil edib. Bu nadir birlik o dövr üçün çətin, qeyri-standart yaradıcılıq axtarışında olan bir çox gənc rəssamlarımıza həyata vəsiqə, ən başlıcası, doğru seçim etdiyinə əminlik verib. O zaman "Xaqani" mərkəzi yeni açılırdı. Biz gənc rəssam və heykəltəraşlar orada öz işlərimizi təqdim edirdik. Mən dizayner kimi, bir çox material və texnika ilə eksperiment aparırdım. Lakin zamanla əsas marağımın foto sənəti olduğunu anladım.
- Niyə məhz foto sənətini seçdiniz?
- Hesab edirəm, foto bizim dünyada mövcudluğumuzun əksidir. Ən "dadlı" məqamları tutmağa çalışıram. Elə məqam olsun ki, bütün həyat boyunca xatırlansın. Foto sənətinin məni cəlb edən cəhəti də budur. O, yaddaşı yeniləyir, hisslərin, duyğuların, hətta qoxuların geri qayıtmasına imkan verir.
- Fikrinizcə, fotoqraf peşəyə yiyələnmək üçün oxumalıdır, yoxsa bu, daxildən gələn istedaddır?
- İstedadın olması, əlbəttə ki, yaxşıdır. Lakin oxumaq da lazımdır. Mənə elə gəlir ki, ölkəmizdəki fotoqrafların əsas problemi məhz budur. Bizdə klassik fotoqraf təhsili yoxdur. Bu səbəbdən də əksər fotoqraflarımız toylarda və ya salonlarda çalışırlar. İnkişaf etmək, irəli getmək, başqa ölkələrə baş çəkmək, beynəlxalq sərgilərdə, ustad dərslərində iştirak etmək, təcrübə mübadiləsi aparmaq lazımdır. Yaxşı fotoqraf üçün bunlar vacibdir. Mənim peşəkar təcrübəmə rəssam, fotoqraf dostlarımın təcrübəsi böyük təsir göstərib. Təcrübə nəzəriyyədən sonra ən böyük müəllimdir...
- Müxtəlif janrlarda çəkirsiniz. Ürəyinizə ən yaxın olan janr hansıdır?
- Janrlardan danışırıqsa, yəqin ki, ən çox bəyəndiyim səhnə üçün yararlı olan fotolardır. Onlar qəflətən, planlaşdırılmadan alınır. Onun strit-foto, məişət portreti və ya kənd mənzərəsi olması fərq etmir.
Bu cür fotolarla yanaşı, sənədli janrı, həmçinin psixoloji portretləri çox sevirəm. Mənim üçün təbiilik anı və fotonun bədiiliyi çox önəmlidir.
- Küçə fotosu janrında çox şəkil çəkirsiniz. O, sizi nə ilə cəlb edir?
- Sənədli foto mənim üçün təsadüfən tutulmuş yeganə, nadir və təkrarolunmaz andır. Şəkildə əks olunan heç zaman təkrarlanmayacaq hansısa andır. Təsadüfi insan, bina, ətraf mühitə aid element, bitki - bütün bunların öz tarixi, öz həyatı var. Dünya hər zaman maraqlıdır. Onun gözəlliyi də bundadır.
- Ən uğurlu fotonuz hansıdır və onun sizin üçün önəmi nədən ibarətdir?
- (Düşünür) Fikrimcə, bu, Dənizkənarı bulvarda gəzib-dolaşan kədərli "pokemon"un şəklidir. Bu fotonu ABŞ-a səfərimdən sonra çəkmişəm. İlk rəqəmsal fotoaparatımı oradan gətirmişdim. Bakı bulvarında gəzişmək qərarına gəldim və sırf təsadüfən maraqlı anı yaxaladım. Sahildə uşaqlarını gəzdirən valideynlər dolaşırdı, böyük narıncı "pokemon" libası geyinmiş bir kişi isə kənarda tək dayanıb dənizə baxırdı. O, real həyatda çaş-baş qalmış kədərli ruhu xatırladırdı. Halbuki onun işi bu idi - kiminsə onunla şəkil çəkdirəcəyi anı gözləyirdi.
- Bakıda fotoların daha parlaq, maraqlı alındığı məkanlar varmı?
- İçərişəhər və Dənizkənarı bulvar. Orada hər şey tapmaq olar - lazımi faktura, maraqlı qəhrəmanlar. Rayonlara və şəhərlərə səyahət etməyi də çox sevirəm. Qısa zamanda Azərbaycanın, demək olar ki, bütün rayonlarını dolaşmışam. Çox şəkil çəkmişəm. Əyalətlərdəki həyat, ənənələr, adətlər, orada yaşayan insanlar mənim üçün maraqlı idi. Nəticədə, kifayət qədər koloritli kadrlar alınıb. Gürcüstanda da foto çəkmək çox xoşuma gəlir. İlk silsilə fotolarım məhz bu ölkəyə həsr olunub.
- Fikrinizcə, kişilərin və qadınların çəkiliş tərzi arasında fərq varmı?
- Çətin sualdır... Kişilər daha çox çəkiliş texnikasına və detallara diqqət edirsə, qadınlar emosionallığa daha meyillidirlər.
- Əgər sizə müasir Bakını xarakterizə edəcək bir foto çəkmək həvalə olunardısa, bu, nəyin fotosu olardı?
- Bu, dənizin fonunda Bakı kadrı olardı. Oradan şəhərin necə inkişaf etdiyi, böyüdüyü, daha da gözəlləşdiyi daha yaxşı görünür.
- Siz YARAT! Müasir İncəsənət Məkanının sərgilərində də iştirak edirsiniz. Yaradıcılığınızın bu mərhələsi haqqında nə danışa bilərsiniz?
- YARAT! ilə 2011-ci ildən əməkdaşlıq edirəm. Bu, təşkilatın yarandığı ilk anlardır. Yaradıcılığımı, demək olar ki, bu təşkilatla bağlamışam və Azərbaycanın müasir incəsənətinə töhfələr verdiyim üçün məmnunam. Mən uzun müddət Qərb Universitetində və Azərbaycan Rəssalıq Akademiyasında dərs demişəm. Tələbələrimin uğurunu görmək əladır. Mən bir sıra beynəlxalq sərgilərdə iştirak etmişəm: London, Paris, Berlin, Vyana, Roma, Moskvada keçirilən "Fly to Baku" sərgilərində (2012-2014), Parisdə "Home Sweet Home" sərgisində (2013), "USSR Remix" - Oslo (2011), "BakUnlimited - Bazel" (2009) və sair. 2013-cü ildə Azərbaycanı 55-ci Venesiya biennalesində təmsil etmişəm. 2012-ci ildə Astanada (Qazaxıstan) fotoqrafların TURKSOY simpoziumunun iştirakçısı olmuşam. Mənim işlərim müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan və Ukraynada sərgilənib. Yerimdə dayanmamağa, daim inkişaf etməyə çalışıram.
MƏSLƏHƏT GÖR: