5 Dekabr 2025

Cümə, 16:53

TÜRKİYƏ SABİTLİYİ SEÇDİ

Hakim ƏİP Türkiyənin xarici və daxili çağırışlarına təkbaşına cavab verməlidir

Müəllif:

10.11.2015

Türkiyədə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsi, demək olar ki, bütün analitiklər üçün şok effekti verib. Türkiyə təkpartiyalı idarəçilik sisteminə qayıdıb. Üstəlik, bu seçkilərin nəticəsi istər ölkənin daxili, istərsə də xarici siyasətində köklü dəyişikliklərə səbəb ola bilər. Hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) seçicilərin 49,4%-nin səsini qazanıb. Halbuki partiyanın funksionerləri də daxil olmaqla, əksəriyyət onun maksimum 41-44% səs əldə edəcəyini düşünürdü.

Parlamentə düşə bilmiş bütün digər siyasi təşkilatlar qalibdən xeyli geri qalır. Yalnız Cümhuriyyət Xalq Partiyası (CXP) istisnadır. Amma seçkiqabağı verilən nikbin proqnozlara rəğmən, o, iyun seçkilərində göstərdiyi nəticəni yalnız 0,4% yaxşılaşdıra bilib. Xatırladaq ki, iyun seçkilərində onu seçicilərin 25%-i dəstəkləmişdi.

Xalqların Demokratik Partiyası (XDP) və Millətçi Hərəkat Partiyasının (MHP) göstəriciləri isə əsl iflas sayıla bilər. İyun seçkilərilə müqayisədə millətçilər, təxminən, 5% itirərək, 11,9% səs qazanıbsa, kürdpərəst XDP qanunverici orqana güclə düşüb - cəmi 10,5%.

Beləliklə, hakim ƏİP hökuməti təkbaşına formalaşdırmaq və ölkəyə təkbaşına rəhbərlik etmək hüququ qazanıb.

 

Mütləq qələbə

ƏİP siyasi struktur olaraq iyun seçkilərindən düzgün nəticə çıxara bilib. Resursların yenilənməsi nəticə verib. 7 iyunun nəticəsini nəzərə alan ƏİP rəhbərliyinin seçdiyi strategiyanı bu cür ifadə etmək olar: "Onların döymədikləri qapı, sıxmadıqları əl qalmayıb".

İyun seçkiləri zamanı ƏİP üçün mənfi məqamlardan biri partiyanın təcrübəli nümayəndələrinin əksəriyyətinin seçkiyə qatıla bilməməsi idi: Nizamnamə partiya üzvlərinin ardıcıl olaraq üçüncü dəfə deputatlıq uğrunda yarışa qatılmasını qadağan edirdi. Nizamnaməyə müəyyən dəyişikliklər edən ƏİP rəhbərliyi, nəticədə, noyabr seçkisində "köhnə qvardiya"nın təcrübəsindən maksimum yararlanıb. ƏİP seçkidə vaxtilə aparıcı postları tutmuş, elektoratın etimadını qazanmış şəxslərdən istifadə edib. Axı, məhz həmin şəxslərin dövründə ölkədə nəqliyyat, tibb və sosial təminat sahəsində ən uğurlu siyasət həyata keçirilib. Məsələn, İzmir ətrafında yerləşən qərb regionlarında ƏİP hökumətinin sabiq nəqliyyat naziri Binəli Yıldırım fəal seçki kampaniyası aparıb. Nəticədə, İzmirdə ƏİP seçicilərin 31,5%-nin səsini qazanaraq, 2-ci yeri tutub. Halbuki əvvəlki seçkidə partiyanın bu bölgədə göstərdiyi nəticə heç də ümidverici deyildi.

ƏİP əvvəlki seçki ilə müqayisədə Aralıq dənizi regionunda daha yaxşı nəticəyə nail olub. Antalya və Mersindən eks-nəqliyyat naziri Lütfü Elvanın və Mövlut Çavuşoğlunun namizəd göstərilməsi partiyaya bu regionlarda da qalib gəlmək imkanı verib. Halbuki bu bölgələrdə ənənəvi olaraq müxalifət daha yüksək nəticələr göstərirdi.

İyunda aparılmış seçkiqabağı kampaniya zamanı müxalifət ƏİP əleyhinə çıxışlarında, əsasən, prezident Rəcəb Tayyib Ərdoğanı tənqid atəşinə tuturdu. Yeni Prezident İqamətgahının tikintisinə xərclənmiş vəsaitlə bağlı tənqidlər daha geniş yayılmışdı. Son seçki ərəfəsində isə prezident Ərdoğan əhalini iqamətgahına dəvət edərək sarayın xalqa məxsus olduğunu nümayiş etdirib. Prezident İqamətgahında təşkil edilmiş qəbul xalqın və ictimaiyyətin bu sarayla bağlı düşüncəsini dəyişib.

ƏİP-ə səs verənlərin artmasının daha bir səbəbi partiyanın öhdəliklərinə yenidən baxması olub. Yay seçkisi ərəfəsində iqtisadi şüarlara xüsusi diqqət ayırmayan partiya bu dəfə seçicilərin iqtisadi tələblərinə cavab verən şüarları daha çox qabardıb. Nəticədə, xalq öz aralarında belə, razılığa gələ bilməyən müxalifətin seçkiqabağı vədlərə əməl edə bilməyəcəyi qənaətinə gəlib. Bundan başqa, ƏİP-in illərdən gələn idarəçilik təcrübəsi də səslərin cəlbində öz sözünü deyib. Başqa sözlə, ƏİP xalqı hakim partiyanın gələcəyə istiqamətlənmiş islahatçı siyasətinə inandıra bilib.

Müxalifət necə "yıxıldı"?

Ölkənin əsas müxalifət partiyası olan CXP yaydakı seçkilərə əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşı hazırlaşdığı halda, noyabr seçkisi ərəfəsində uğurlu seçki strategiyasını davam etdirə bilməyib. Üstəlik, onun bir neçə uğursuz gedişi elektoratının bir hissəsini itirməsilə nəticələnib. Söhbət partiyanın deputatı Mahmud Tanalın əməllərindən gedir. O, Türkiyənin Ali Seçki Şurasına (NIL) müraciət edərək hakim partiyanın "Haydı Bismillah" sözülə başlayan seçkiqabağı mahnısının qadağan olunmasını tələb edib. O, fikrini belə əsaslandırıb ki, dini sözlərdən istifadə seçki qanunvericiliyinə ziddir. NIL Tanalın tələbini təmin etsə də, bu, CXP-nin özünün əleyhinə işləyib.

Xatırladaq ki, CXP ənənəvi olaraq kənd yerlərində türk xalqının islamdan uzaqlaşdırılması siyasətinə görə tənqid edilir. Partiyanın lideri Kamal Kılıçdaroğlu bu stereotipi dağıtmaq üçün xüsusilə yay seçkisi ərəfəsində bir neçə ciddi bəyanat səsləndirsə də, Tanalın əməlindən sonra bu təbliğat hər kəsin yadından çıxıb: Tanal əyalətlərdə CXP-yə mənfi münasibəti yenidən gücləndirib.

Bundan başqa, Ankarada törədilmiş terror aktından sonra CXP mitinqlər keçirməyib və təşkilatın xalqla birbaşa təması "qırılıb". Seçicilər koalision hökumətin formalaşdırılmamasının səbəblərilə bağlı suala cavab tapa bilməyib. Bütün bunlara rəğmən CXP-nin səslərini qoruyub saxlamasını uğur kimi qiymətləndirmək lazımdır.

Daha bir müxalifət partiyası olan MHP əvvəlki seçki ilə müqayisədə 5% az səs qazanıb. Bunun əsas səbəblərindən biri yayda keçirilmiş seçkidən sonra partiyanın kompromisə getməməsidir. 7 iyun seçkisinin nəticələrinin açıqlanmasından, demək olar ki, dərhal sonra MHP lideri Dövlət Baxçalı ölkədə növbədənkənar seçkinin keçirilə biləcəyinə eyham vurmaqla əksəriyyətin mənfi münasibətini qazanıb. Bununla yanaşı, 2001-ci ilin iqtisadi böhranı da yaddaşlardadır - o zaman Baxçalı baş nazirin müavini idi. Mütəxəssislər hesab edirlər ki, böhranın yaşanmasında onun fəaliyyəti də böyük rol oynayıb. Baxçalı partiyadaxili iki opponentinə qısqanclıqla yanaşaraq, onları deputatlığa namizəd olmağa qoymayıb. Sinan Ohan və Meral Akşenerin nüfuzlarını artırmalarından narahat olan Baxçalı onların irəli getmələrinə imkan verməyib. Nəticədə, gənclərdən ibarət böyük bir tərəfdar kütləsi və İstanbul elektoratı partiyadan üz döndərib.

Daha bir önəmli amil XDP-nin xalqla birbaşa təmasdan qaçaraq üstünlüyü KİV vasitəsilə ünsiyyətə verməsidir. Yay seçkisindən sonra diqqətləri üzərinə çəkməyi bacarmış kürdpərəst XDP noyabr seçkilərində eyni uğuru təkrarlaya bilməyib. Uğursuzluğun əsas səbəblərindən biri kimi, onun Türkiyənin şərq və cənub-şərq vilayətlərinin dəstəyini itirməsini göstərmək olar. Terror aktlarının artması, Kürd Fəhlə Partiyasının (PKK) hücumlarının daha intensiv xarakter alması dinc həyata vərdiş etmiş əhalidə ciddi narahatlıq yaradıb. Bundan başqa, PKK-nın gənclər qanadı olan NVP-R insanların sərbəst hərəkətinə mane olub - xərac yığmağa, yollara nəzarət etməyə, onları dəstəkləməyən insanları cəzalandırmağa çalışıb. Təşkilatın öz vətəndaşlarına bu cür münasibəti əhalinin seçici fəallığına mənfi təsir göstərib, XDP-nin regionlarda mövqelərini itirməsinə yol açıb. Türkiyənin qərb regionlarından olan seçicilər isə partiyanın PKK terrorçularından uzaq duracağını gözləyirdi. XDP-nin bunu etməməsi və hətta bəzi hallarda PKK-nın siyasi qanadı kimi çıxış etməsi onun İstanbul və İzmirdə xeyli səs itirməsilə nəticələnib.

 

Vahid idarəçilik və gözləntilər

ƏİP-in ardıcıl olaraq 4-cü hakimiyyəti başlayır. Bu dəfə onu ciddi daxili və xarici problemlər gözləyir. Ölkə daxilində terrorçuluqla mübarizənin təxirə salınması mümkün olmayan işdir. Bununla yanaşı, Türkiyənin şərqində yaşayan kürd əhaliyə qarşı barışıq təşəbbüslərinin bərpasını da gözləmək olar. Suriyalı qaçqınlar mövzusu da aktuallığını qoruyub saxlayır. Bu, mümkün qədər tez həll olunmalı məsələlərdən biridir. Bundan başqa, ƏİP iqtisadi problemlərin həllinə xüsusi diqqət ayırmalı, iqtisadi inkişafı bərpa etməlidir.

Xarici siyasətə gəlincə, Suriya böhranı, əlbəttə ki, ən aktual məsələdir. Çünki bu problemlərlə bağlı Rusiya ilə ABŞ arasında ziddiyyətin dərinləşməsi Türkiyə sərhədləri üçün əlavə problemlər yaradır.

Üstəlik, Qərblə münasibətlərin korlanması ƏİP-in ölkə daxilindəki mövqelərinə də mənfi təsir göstərir. Odur ki, Ankaranın ABŞ və Avropa ilə münasibətləri 2011-ci ildəki səviyyəyə qaytarmağa çalışacağını gözləmək olar.

Beləliklə, ƏİP hökumətini elə də asan olmayan yeni bir dönəm gözləyir.



MƏSLƏHƏT GÖR:

603