13 Mart 2025

Cümə axşamı, 09:56

ƏLAVƏ KOZIR

AŞPA-da qəbul olunmuş məruzənin Azərbaycanın işğal altındakı torpaqlarının birmənalı şəkildə boşaldılmasını tələb etməsi ermənilərin qəzəbinə səbəb olub

Müəllif:

10.11.2015

Ötən həftə kifayət qədər vacib bir hadisə yaşanıb. O, yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya bilər.

Noyabrın 4-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər Komitəsinin iclası keçirilib. Toplantı iştirakçıları digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə layihəsini də müzakirə ediblər. Sonda komitənin üzvü, britaniyalı parlamentari Robert Uolterin hazırladığı məruzə komitə üzvləri tərəfindən bəyənilib.

Qeyd edək ki, Azərbaycan tərəfindən ciddi dəstək almış sənəd hələ hazırlıq mərhələsində olarkən belə, ciddi rezonans doğurmuşdu. Onun adı belə ("Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş əraziliərində zorakılığın artması") ermənilərin qəzəbinə səbəb olmuşdu. Nəticədə, Ermənistan tərəfi məruzəçinin materialların toplanması işinə mümkün qədər mane olmağa çalışırdı: o, Azərbaycanın işğal olunmuş ərazilərinə buraxılmır, məruzə, assambleyanın Qarabağla bağlı komissiyası boykot edilirdi. İndisə ermənilər sənədin təsdiqlənməsinə mane olmağa çalışırdılar. Lakin onların bu cəhdləri heç bir nəticə verməyib. Bütün bu cəhdlər elə ermənilərin özlərinə qarşı çevrilib. Nəticədə, İrəvanda sənəd "antierməni" sənədi elan edilib, AŞPA üzvləri isə "Azərbaycan tərəfindən satın alınmaqda" təqsirləndirilib. Bu azmış kimi, ermənilər məruzənin müəllifini "Bakının əsas təbliğatçısı" adlandırıblar.

"AŞPA çoxdan Azərbaycan Milli Məclisinin törəmə qurumuna çevrilib və bu, heç kəsi təəccübləndirmir. Bu, xüsusilə qurumun siyasi məsələlər komitəsinə aiddir. Azərbaycan bütün resurslarını - lobbiçilik, kürü diplomatiyası, kürü dollarları - bu komitəyə yönəldib", - deyə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bildirib.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvləri isə bu ittihamları ermənilərin gücsüzlüyünün ört-basdır edilməsi cəhdi kimi qiymətləndiriblər. Məsələn, Zoqrabyanın həmkarı, müxalifətçi Erməni Milli Konqresinin parlament fraksiyasının lideri Levon Zurabyan məruzənin qəbulunu "Ermənistanın diplomatik məğlubiyyəti" kimi qiymətləndirib. Onun bu fikrini Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan da bölüşür. Arzumanyan hesab edir ki, mübahisəli məruzənin qəbulu qeyri-peşəkar, başıpozuq fəaliyyətin nəticəsidir. Sabiq XİN başçısının fikrincə, Azərbaycanın avropalı parlamentariləri neft dollarları ilə ələ aldığına dair ittihamlar "öz zəifliyini ört-basdır etməyin bir formasıdır".

İstənilən halda, erməni tərəfinin cəhdlərinə baxmayaraq, AŞPA Komitəsinin iclasında iştirak edənlər məruzəni səs çoxluğu ilə dəstəkləyiblər. Erməni nümayəndə heyətinin onu ləğv etmək və bir daha məsələyə qayıtmamaq cəhdləri isə 14 səs lehinə, 24 səs əleyhinə olmaqla, rədd edilib. Bundan başqa, Azərbaycan tərəfinin israrı ilə sənədə 3 dəyişiklik də olunub. Bu, iclasda iştirak edən erməniləri daha da qəzəbləndirib. Məsələn, sənədin 4-cü maddəsindəki "Dağlıq Qarabağ ətrafındakı münaqişə hələ də çözülməyib" ifadəsi daha konkret şəklə salınıb: "Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməyib". İkinci dəyişiklik ermənilərin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qeyd-şərtsiz azad etməli olduqlarına aiddir. Dəyişiklikdən sonra sənədin həmin hissəsi bu cürdür: "İşğal həyata keçirmiş Ermənistanı bu şəxsləri tezliklə azad etməyə çağırırıq".

Nəhayət, ermənilər məruzəçilərlə işləməkdən imtina etdikləri üçün də "paylarını alıblar". Ermənilərin bu əməlini qiymətləndirən iclas iştirakçıları barışdırıcı "təəssüflənirik" ifadəsini birmənalı "qəti şəkildə pisləyirik" ifadəsilə əvəzləyiblər.

Məruzənin əsas məğzi belədir: Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarmağa çağırılır. Onu Azərbaycanın qeyd olunan əraziləri üzərində tam suverenliyini tanımağa da çağırırlar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirir ki, məruzənin əhəmiyyəti ondadır ki, bu sənəd beynəlxalq aləmdə qəbul edilmiş qanun və qaydalara münasibətin dəyişdiyini göstərir: "Ərazilərimiz terrorçu birləşmələr, quldurlar tərəfindən işğal edilib, nəticədə, bir milyon qaçqın evindən, torpağından məhrum olub. Odur ki, belə bir məruzənin hazırlanması və qəbul olunması Azərbaycan üçün, əlbəttə ki, son dərəcə vacibdir. Bununla yanaşı, bu, yalnız Azərbaycan üçün deyil, beynəlxalq qanunların bərpası baxımından da vacibdir. Bunun reallaşması isə əlbəttə ki, dövlətimiz, ilk növbədə, cənab Prezidentimiz tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Onun beynəlxalq qanunlara hörmət edilməsilə bağlı ardıcıl, dəyişməz və qəti mövqeyi öz nəticəsini verir. Böyük Britaniyadan olan cənab Robert Uolterin hazırladığı məruzə də bunun göstəricisidir".

Prosedur qaydalarına görə, AŞPA-nın siyasi komitəsində qəbul olunmuş məruzə AŞPA-nın müzakirəsinə çıxarılmalıdır. Güman ki, bu, yanvarda - qurumun qış sessiyasında baş verəcək. Azərbaycan tərəfi bu müzakirələrə ehtiyatlı nikbinliklə yanaşır. Hər halda, məruzənin rədd olunacağını düşünmək üçün ciddi əsaslar yoxdur. AŞPA-nın məruzəsi direktiv xarakter daşımasa da, o, kifayət qədər əhəmiyyətlidir. Söhbət, ilk növbədə, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğal olunmuş Azərbaycan əraziləri kimi tanınmasından gedir. Bu, Bakı üçün son dərəcə vacibdir. AŞPA-da Azərbaycan ərazilərinin beşdə bir hissəsinin Ermənistan tərəfindən işğalının hərbi, siyasi, iqtisadi, humanitar fəsadlarına dair bir çox sənəd qəbul edilib və bu məruzə onların sırasını daha da genişləndirir. Məlum olduğu kimi, daşı su itiləyər və Ermənistan-Azərbaycan münaqişəsində günahkarın aydın şəkildə göstərildiyi, onun hüquqi məsuliyyətinin qeyd olunduğu daha bir sənəd Bakının münaqişəni sülh yolu ilə (həm də sülh yolu ilə) həll etmək cəhdlərinə əlavə təkandır. Müharibə olarsa, dünyanın kimin nə uğrunda savaşdığını bilməsi vacibdir. Azərbaycan ərazilərinin işğal olunduğunun beynəlxalq birlik tərəfindən daha geniş qəbul olunması Bakı üçün əlverişli informasiya fonu yaradır. Axı, Bakı istənilən an ərazi bütövlüyünü hərbi yolla bərpa etməyin alternativsizliyi qərarına gələ bilər. Bu variant heç zaman istisna olunmayıb, üstəlik, indi o, aktuallığını daha da artırır. İndi Azərbaycanda problemin ATƏT-in Minsk Qrupunun səylərilə sülh yolu ilə həlli cəhdlərinin heç bir nəticə vermədiyi haqda daha çox danışırlar. Həmsədrlərin Bakıya son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri bu sözləri vasitəçilərin üzünə şəxsən söyləyiblər. Bu yaxınlarda isə rəsmi Bakı amerikalı həmsədr Ceyms Uorliklə bağlı lazımi xarakteristika verib, özü də bu da AŞPA-dakı məruzə ilə bağlıdır. "Twitter" mikrobloqundakı səhifəsində "həqiqətləri" qeyd etməyə həvəsli olan C.Uorlik R.Uolterin məruzəsinə eyham vuraraq yazıb: "AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı hesabat və qətnamələri dərc etməmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərilə məsləhətləşməlidirlər".

Azərbaycan tərəfinin münaqişənin həllində 20 ildən artıqdır nəticə əldə edə bilməyən Minsk Qrupunun həmsədrinin bəyanatına reaksiyası özünü çox gözlətməyib. "Ceyms Uorlik münaqişənin həllilə bağlı digər təşkilatlara məsləhət və tövsiyə vermək hüququna malik deyil", - deyə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "ATƏT-in Minsk Qrupunun fəaliyyəti sıfra bərabərdir. Belə olan təqdirdə, münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız işlə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərilə məsləhətləşməsinə heç bir lüzum yoxdur". H.Hacıyev bildirib ki, əksinə, ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə C.Uorlik münaqişənin həllində BMT TŞ və BMT BA-nın, AŞPA-nın, Qoşulmama Hərəkatının, İƏT-in və digər beynəlxalq qurumların Qarabağ problemilə bağlı qəbul etdikləri müvafiq sənədlərdə qeyd olunan prinsiplərə əsaslanmalıdır.

"ATƏT-in Minsk Qrupunun bu cür lüzumsuz fəaliyyəti istənilən yolla status-kvonu qorumağa, işğalçı siyasətini davam etdirməyə çalışan Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin Ermənistanın işğalçılıq siyasətinin sürdürülməsinə xidmət edən bu planın tərkib hissəsi olduğu istisna deyil", - deyə H.Hacıyev bildirib.

Odur ki, Azərbaycan Qarabağ mövzusunu Ermənistanın və artıq bəlli olduğu kimi, həm də Minsk Qrupundan olan vasitəçilərin müqavimətinə rəğmən, AŞPA-da, Avropa Parlamentində və digər təşkilatlarda gündəmə gətirməkdə davam edəcək. Həmsədrlərin Bakının bu cəhdlərinə qısqanclıqla yanaşmaları başadüşüləndir. Hər halda, heç kəs işini itirmək istəmir. Ermənistan hakimiyyətinin Azərbaycanı danışıqların formatını dəyişmək, danışıqlar prosesini Minsk Qrupunun inhisarından çıxarmaq cəhdində günahlandırması da əbəs deyil. Status-kvonun qorunub saxlanılmasında maraqlı olan ermənilər üçün istənilən digər qurumun prosesə cəlb olunması sərf etmir, çünki onlar qeyri-effektiv Minsk Qrupundan fərqli olaraq, daha sanballı təşkilatların sülh prosesinə qoşulmasını istəmirlər. Odur ki, İrəvan Minsk Qrupunun "Uşaqlar, gəlin, mehriban olaq!" kimi barışdırıcı və həddindən artıq diplomatik çağırışları fonunda AŞPA kimi qurumların münaqişə ilə bağlı qəti, Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyinə uyğun bəyanatlar səsləndirməsindən narahatdır. Onların bu narahatlığı heç də əsassız deyil: Azərbaycan problemin həllinə mümkün qədər çox beynəlxalq institutların və ölkələrin cəlbi siyasətini davam etdirəcək.



MƏSLƏHƏT GÖR:

540