
DƏYİŞMƏZ İTTİFAQ
Prezident İlham Əliyevin səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyib
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri ikitərəfli müttəfiqliyin strateji xarakter daşıdığını bir daha təsdiqləyib. İki ölkə başçısı arasında danışıqlar Bakı-Tiflis münasibətlərində az qala böhranın başladığına dair fikirlər söyləyən bədxahlara yaxşı cavab olub.
Bakı ilə Tiflis arasında münasibətlərin soyuduğuna dair danışıqlar Gürcüstanın energetika naziri Kaxa Kaladzenin bir bəyanatından sonra meydana çıxmışdı: nazir Azərbaycanın Gürcüstanı təbii qazla tam təmin edəcək həcmdə ehtiyata malik olmadığını bildirmişdi. Buna əsaslanan rəsmi Tiflis Rusiyadan əlavə qaz almaq niyyətini də açıqlamışdı.
Tamamilə aydındır ki, bu məsələ ilə bağlı yaranmış ajiotaj heç də Gürcüstanla Rusiya arasındakı "qaz münasibətləri"lə bağlı deyil. Burada söhbət Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyini təmin etməsindəki rolunun şübhə altına alınmasından gedir.
Məlum olduğu kimi, Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür. Bu işdə Rusiyanın payına ümumi tədarükün cəmi 10%-i düşür. Bu həcmi də Gürcüstan Ermənistana Rusiya qazının tranzitinin qarşılığı kimi əldə edir. Kaladzenin bəyanatı isə Tiflisin artıq "Qazprom"dan əlavə qaz almaq qərarına gəldiyini göstərir.
K.Kaladzenin bəyanatına reaksiya verən Azərbaycan tərəfi Gürcüstan əhalisinin "mavi yanacağa" tələbatını, demək olar ki, tam ödədiyini xatırladıb. Bundan sonra rəsmi Tiflis "qaz qalmaqalı"nın daha da dərinləşməsini önləmək qərarına gəlib. Ard-arda Bakıya səfər edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri Georgi Kvirikaşvili Azərbaycan qazının başqa ölkənin "mavi yanacağı" ilə əvəzlənməsi planından söhbətin getmədiyini bildiriblər. Onlar hər kəsi bu mövzuda spekulyasiyalara son qoyulmasına çağırıb, bunun ikitərəfli münasibətlərə zərər verdiyini deyiblər. Kaxa Kaladze də özünə "bəraət qazandırmağa" çalışaraq Gürcüstan müxalifətinin bu haqda bəyanatını təkzib edib: müxalifət hesab edir ki, Gürcüstan Azərbaycan qazının bir hissəsini Rusiya qazı ilə əvəzləməyi düşünür.
Aydındır ki, Gürcüstan Azərbaycan qazına alternativ tapa bilməz. Çünki o, gürcülər üçün bütün variantların ən ucuzudur. Bu üzdən də, ekspertlər əmindirlər ki, Tiflisin Moskvaya tərəf reveransı sırf siyasi maraqlarla bağlıdır. Onların fikrincə, Gürcüstan bu yolla Rusiya ilə siyasi-iqtisadi əlaqələri bərpa etməyə çalışır.
"Qaz qalmaqalı" ilə bağlı söz-söhbətlərə, yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana noyabrın 5-6-da baş tutmuş səfərinin nəticələri son qoyacaq. Maraqlıdır ki, İlham Əliyevi Tiflis aeroportunda məhz Gürcüstan hökumətində enerji məsələlərinə məsul olan Kaxa Kaladze qarşılayıb.
Azərbaycanın dövlət başçısı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin görüşündə Bakı ilə Tiflisin həyata keçirdikləri bütün miqyaslı strateji layihələr müzakirə edilib. Söhbət hər iki ölkənin regional və qlobal geosiyasətdə, geoiqtisadiyyatdakı rolunu fərziyyələrdə deyil, real olaraq artıran layihələrdən gedir. Buraya istər Cənub Qaz Dəhlizi, istər Bakı-Tiflis-Qars dəmr yolu layihələri, istərsə də Azərbaycan elektrik enerjisinin Gürcüstan vasitəsilə Türkiyəyə nəqli və digər layihələr aiddir. İlham Əliyevlə görüşün sonunda Gürcüstan prezidentinin səsləndirdiyi fikirlər də təəccüblü deyil: "Bizim aramızdakı mehriban qonşuluq, əməkdaşlıq, həyata keçirilən strateji layihələr nümunədir. Cənab Prezident, mən əminəm ki, sizin bu rəsmi səfəriniz Azərbaycan və Gürcüstan əlaqələrinin dərinləşməsinə yeni təkan verəcək".
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində bildirib ki, "bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin".
Son dövrlərdə ciddi mübahisəyə səbəb olmuş məsələ haqda da danışan İlham Əliyev Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu bildirib. "Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək", - deyə prezident qeyd edib.
Səfərin nəticələri iki ölkə arasında humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərib. İlham Əliyev və Georgi Marqvelaşvili etnik azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda da olublar. Azərbaycan Prezidenti bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin müstəqilliyini dəstəkləyir, Gürcüstan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərirlər. "Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olub, Gürcüstanın yaxşı vətəndaşları olublar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız", - deyə İ.Əliyev qeyd edib. O, Azərbaycanın Marneulidə yaşayan soydaşlarına dəstəyi davam etdirəcəyini deyib, bununla əlaqədar SOCAR-a Gürcüstandakı bütün Azərbaycan məktəblərinin təmir edilməsini tapşırıb.
Bununla yanaşı, İ.Əliyev gürcü dilinin öyrənilməsinin vacibliyini xüsusi vurğulayıb: "Siz bu dili bilməklə Gürcüstan dövlətçiliyinə öz töhfələrinizi verirsiniz".
G.Marqvelaşvili isə öz növbəsində Gürcüstanın həm də azərbaycanlı vətəndaşları ilə güclü olduğunu söyləyib: "Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya etməyə çalışırlar. Bizim sizin istedadınıza ehtiyacımız var. Biz bu istəyi və tələbatı daim hiss edirik və hər zaman sizə dəstək verəcəyik".
İki ölkə arasında dinamik əməkdaşlıq İlham Əliyevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündə də müzakirə olunub.
Azərbaycan Prezidenti bildirib ki, onun baş nazirlə görüşü iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinin göstəricisidir. "Biz başladığımız layihələri birlikdə həyata keçirəcəyik", - deyə İ.Əliyev qeyd edib.
Tərəflər Azərbaycanın iqtisadi-ticari sahədə Gürcüstanın vacib tərəfdaşı olduğunu vurğulayıblar. İl ərzində o, Gürcüstanın ticarət tərəfdaşlarından ibarət ilk üçlükdə sabit şəkildə yer alır.
Görüşdə son 3 ildə Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 3,7 dəfə artdığı da vurğulanıb.
Tərəflər Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu, həmçinin SOCAR-ın Gürcüstanın enerji bazarındakı fəaliyyətilə bağlı da müzakirələr aparıblar.
Maraqlıdır ki, Qaribaşvili ilə danışıqlar faktiki olaraq onunla rəsmi görüşlə məhdudlaşmayıb. Gürcüstanın baş naziri Azərbaycan Prezidentini təyyarənin astanasınadək yola salıb və güman ki, tərəflər bu imkandan vacib məsələlərin həlli məqsədilə istifadə ediblər.
İlham Əliyevin Gürcüstan Pravoslav kilsəsinin patriarxı II İlya ilə görüşü də əlamətdar hadisə sayıla bilər. Patriarx Gürcüstandan 300-dən artıq məscidin olduğunu, bunun ölkədəki dini tolerantlığın göstəricisi sayıla biləcəyini deyib. Bununla yanaşı, II İlya Azərbaycandakı Gürcü kilsəsində yepiskop postunun yaradılması təklifilə çıxış edib.
Patriarx Qafqazda sülhün və ərazi bütövlüyünün bərpasının vacibliyini də vurğulayıb.
"Biz Qafqazda sülhün bərqərar olması üçün əlimizdən gələni edirik. Lakin buna hər zaman nail ola bilmirik. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulması bizi narahat edir. Ümid edirik ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq", - deyə II İlya qeyd edib.
Beləliklə, bu səfər və Gürcüstan hakimiyyətinin bütün bəndlərilə danışıqlar proqramı (İlham Əliyev səfər zamanı Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə də görüşüb) Bakı-Tiflis dialoqunda hər hansı ciddi böhranın olmadığını söyləməyə əsas verir. Bu haqda deyilənlər real vəziyyəti əks etdirmir. O, sadəcə, Azərbaycanla Gürcüstan arasındakı strateji ittifaqı pozmağa çalışan qüvvələrin arzularını dilə gətirməsidir. Reallıqda təcavüzkar Ermənistan istisna olmaqla, regionun, demək olar ki, bütün ölkələrinin iştirakı ilə gedən iqtisadi-inteqrasiya prosesləri Bakı ilə Tiflis arasında əməkdaşlığın daha da dərinləşməsinə yol açır. Tiflis ilə Moskva arasında mümkün əməkdaşlığa da bu nöqteyi-nəzərdən baxmaq lazımdır. O, Azərbaycan-Gürcüstan ittifaqına alternativ yox, paralel gedən prosesdir. Bu mənada Georgi Marqvelaşvilinin ölkələrimiz arasında strateji əməkdaşlığın dəyişməz olduğuna dair bəyanatı diqqətəlayiqdir. Eyni sözü onun səmimi minnətdarlığı haqda da söyləmək olar: "Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq".
MƏSLƏHƏT GÖR: