Müəllif: Kamal BAYRAM Bakı
Sovet İttifaqında ilk mayeyanacaqlı reaktivmühərrikli QİRD-9 raketi 82 il əvvəl - 1933-cü il avqustun 17-də, Moskva yaxnılığındakı Naxabino qəsəbəsində yerləşən poliqondan buraxılıb. Bununla məşğul olan "Reaktiv hərəkəti öyrənmə qrupu"na (raketin (RHÖQ) QRİQ adlanması da bununla bağlıdır) o zaman 26 yaşlı Sergey Petroviç Korolyov rəhbərlik edirdi.
Uzunluğu 2,4 metr, çəkisi 19 kq olan bu raket 400 metr hündürlüyə qalxdı ki, bu da həmin dövr üçün Avropada maksimal hündürlük idi. Amma görkəmli mühəndisə ilk maye yanacaq nümunəsi yaratmış bakılı kimyaçı-alimlər olmasaydı, həmin raketin uçuşu da baş tutmazdı.
"Qatılaşdırılmış" benzin
Əslində, yanacaq maye yox, yarımmaye halında idi. Bu, bir növ, benzin və kanifoldan hazırlanmış "kisel" idi. 1933-cü ildə belə yanacaq üçün bundan uğurlu analoq hələ tapılmamışdı.
Yanacaq o zaman da, bu gün də istənilən raketin vacib tərkib hissəsidir. Korolyov bunu yaxşı bilirdi, çünki raketin mühərriki hazır olandan sonra 2 il ərzində onu havaya buraxmaq mümkün olmamışdı - yanacaq ya partlayaraq raketi parça-parça edirdi, ya da hərəkət qüvvəsi elə zəif olurdu ki, aparat yerdən cəmi bir neçə metr hündürlüyə qalxırdı. Korolyova təsadüf kömək oldu. Bu haqda onun qızı Nataliya "Ata" xatirə kitabında belə yazırdı: "...Bu komponentlə bağlı bir hadisə yaşandı. İkinci briqadanın baş mühəndisi N.İ.Yefremov danışırdı ki, 1932-ci ilin yayında Qaqrada istirahətdən sonra o, raket texnikasına dair mühazirə oxumaq üçün atamın tapşırığı ilə Bakıya gedib. Yolda - qatarda o təsadüfən qəzetdə Almaniyada bərk spirtin yaradılması haqda xəbər oxuyub və bu onda raket üçün yanacaqla bağlı müəyyən fikir yaradıb. Bakıda Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyətinin üzvü, Azərbaycan Neft İnstitutunun əməkdaşı F.M.Qurviçlə görüşüb, o isə Yefremovun xahişilə "qatılaşmış" benzin hazırlayaraq ona verib. Bakının Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyətinin hazırladığı yanacağın əsas üstünlüyü istehsalın sadəliyi və ucuzluğu idi. O zaman Korolyov şəxsən Bakıya gələrək mütəxəssislərlə görüşüb və bakılıların təklif etdiyi yanacağın effektivliyinə əmin olub. Qeyd etmək lazımdır ki, Korolyov raketqayırmada gələcəyin adamı idi. O, böyük çətinliklə sovet rəhbərliyini bu sahənin inkişafının vacibliyinə inandıra bilmişdi. Korolyov Bakıda Xalq Komissarları Şurasının ovaxtkı rəhbəri Mircəfər Bağırovla görüşüb və çətinliklə də olsa onu yerli Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyətinin gücünü ilk peşəkar sovet raketinin yaradılmasına yönəltməyə razı salmışdı.
Elmə hər zaman ehtiyac var
1930-cu illərin ortalarında vəziyyət qəfildən dəyişdi, bir çox qabaqcıl sahələr ikinci plana keçdi, genetika və kibernetika kimi sahələr isə ümumiyyətlə, "yalançı elm" elan olundu. 1938-ci ildə Korolyov dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbsə atıldı, işgəncələrə məruz qaldı və həbs düşərgəsinə sürgün edildi. Raketqayırmanın çətin günləri başladı.
Yalnız sonradan - müharibə dövründə Korolyov azadlığa buraxıldı və məşhur "Katyuşa"nın hazırlanması ilə məşğul olmağa başladı - bu, faktiki olaraq, müharibənin taleyini həll etmiş analoqu olmayan artilleriya qurğusu idi. Və "Katyuşa" da məhz vaxtilə QİRD-in Bakıdakı Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyəti ilə birgə layihələr əsasında hazırlandı. Bu yerdə qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsi zamanı Bakıda 130 növ silah və silah-sursat ehtiyatları, o cümlədən "Katyuşa" raketləri də istehsal olunurdu. Sovet raketləri üçün yanacaq da burada hazırlanırdı. Tarixçi Mahir Rəcəbovun sözlərinə görə, ümumiyyətlə, bakılı mütəxəssislərin yanacaq hazırlamaqda böyük təcrübəsi var idi: "Hələ 1857-ci ildə Suraxanıda ilk neftötürmə kommersiya zavodu tikilmişdi, onun ilkin istehsal gücü ildə 1,6 mln. pud ağ neft təşkil edirdi. Bütün XIX əsr boyu çoxsaylı sahibkarlar və mühəndislər Abşeronda hasil olunan ağ neftin keyfiyyətininn yaxşılaşdırılmasına çalışırdılar".
Tarixçinin sözlərinə görə, 1927-ci ildə Bakıda Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyətinin bölməsi açılan zaman, onilliklər boyu yanacaqla məşğul olmuş mütəxəssislər orada işləməyə başladılar.
Kimyaçılar və kosmos
Azərbaycanın kosmos erasında (1960-70-ci illər) iştirakından danışarkən çox vaxt kosmonavt Musa Manarov, görkəmli mühəndis Kərim Kərimov, astrofizik Tofiq İsmayılovun adları çəkilir. Amma həmin "kosmik illərdə" onlarla yanaşı, Bakıda böyük kimyaçılar da işləyirdilər. İlk növbədə, görkəmli alim Şıxbala Əliyevin adını çəkmək olar. 1960-cı illərdə o, SSRİ-də müasir aviasiya texnikası üçün yüksək kolorili və yüksək sıxlığa malik yanacaq məhsulları sahəsində aparıcı mütəxəssislərdən biri idi. Bundan əvvəl, 1941-ci ildə o Kimya İnstitutuna (sonradan Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) rəhbərlik edib. Müharibə illərində Ş.Əliyev yanacaqdan əlavə, həm də izolyasiya olunmuş və sürtkü materiallarının hazırlanması ilə də məşğul olub - bununla, o cəbhəyə kifayət qədər kömək etdiyinə görə çoxsaylı mükafatlara layiq görülüb.
Aviasiya yanacağı ilə məşğul olanlar arasında hazırda adına institut olan Yusif Məmmədəliyev, Lev Qureviç (yeri gəlmişkən, o hələ 30-cu illərin əvvəllərində Korolyovun ilk raketləri üçün yanacaq hazırlanmasında iştirak edib), institutun ən qocaman professorlarından olan görkəmli pedaqoq Nikolay Zelinski və digər mütəxəssislər də olub.
Müəyyən mərhələdə kosmik yarışın çox acı nəticələri oldu.
1960-70-ci illərdə SSRİ ilə ABŞ arasında kosmos uğrunda mübarizə gərginləşirdi - bu ölkələrdən biri kosmosa ilk peyk və insan göndərdi, digəri ilk dəfə Aya çatdı, biri Veneraya zond göndərdi, o biri Marsa... Bu illər ərzində Azərbaycan artıq ənənəvi olaraq raket yanacağı istehsalı ilə məşğul idi. Və SSRİ dağılandan sonra artıq kosmos "yaddan çıxan" zaman məlum oldu ki, Azərbaycanda potensial ekoloji təhlükə olan 1,4 min ton raket yanacağı qalır. Təəssüf ki, bu yanacaq artıq heç kəsə lazım deyildi və onu yalnız 2009-cu ildə utilizə etmək mümkün oldu.
Təbii ki, azərbaycanlı kimyaçıların dünya elminə töhfəsi yalnız raket yanacağının hazırlanması ilə bitmir. Fizika-riyaziyyat elmləri doktoru, Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov qeyd edirdi ki, yerli məktəb aparıcı analitik kimya ilə məşğul olan çoxsaylı alim yetişdirib: "Bunlar akademik
Həbib bəy Şahtaxtinski, kimya elmləri doktoru Allahverdi Verdizadə, professor İsgəndər Bağbanlı və digərləridir. Bu və yüzlərlə başqa alimlərimizin məişət kimyası, aqrokimya, neft kimyası və digər sahələrdəki əməklərini qiymətləndirməmək mümkün deyil".
MƏSLƏHƏT GÖR: