
TRANZİT XÜLYASI
İran qazının Avropaya mümkün tədarükü ilə bağlı variantların heç birində Ermənistanın iştirakı nəzərdə tutulmur
Müəllif: Fasim ƏLİZADƏ Bakı
İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması və Tehrana tətbiq edilmiş sanksiyaların gözlənilən ləğvi bir çox qlobal və regional oyunçuların fəaliyyətə keçməsinə səbəb olub. Onlar İranla iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər. Bir tərəfdən, sanksiyaların qüvvədə olduğu illərdə İran iqtisadiyyatının yeni texnologiyalara, investisiyalara ehtiyacı xeyli artıb. Digər yandan, bu, İran neftinin, ən başlıcası isə qazının dünya bazarlarına yolunu açır.
Məlum olduğu kimi, İran qaz ehtiyatlarının həcminə görə, dünyada ilk yerdədir. Bu göstəriciyə görə o, hasilat və ixrac üzrə lider olan Rusiya, Qətər, Türkmənistan kimi ölkələri belə üstələyir. Lakin illərdir, üzləşdiyi sanksiyalar İranda qaz sənayesinin inkişafını əngəlləyib. İndi bu sanksiyaların ləğvi gündəmə gəlib və Avropa enerjidaşıyıcıları mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində İrandan qaz almaq barədə düşünür.
Bu işdən Gürcüstan və Ermənistan da nəsə qoparmağı düşünür.
Bu gün Gürcüstan təbii qazı yalnız bir mənbədən alır. Bu, Azərbaycandır. Odur ki, Tiflis qaz mənbələrinin şaxələndirilməsi məqsədilə Rusiya və İranla əlavə "mavi yanacaq" həcmi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. Söhbət Azərbaycan qazını kommersiya qiymətləri ilə alan müəssisələr üçün nəzərdə tutulan "mavi yanacaq"dan gedir.
Gürcüstanın Energetika naziri Kaxa Kaladze ölkəsinin bu addımını Azərbaycan qazının onlara kifayət etməməsi ilə əsaslandırıb.
Lakin indiki mərhələdə Cənubi Qafqazı qazla təmin edə biləcək yeganə ölkə Rusiyadır. Bununla yanaşı, Rusiyanın Gürcüstanı qazla təmin etməsinə siyasi maneələr var. Moskva məhz bu səbəblərdən, hətta qış fəslində belə, qaz nəqlini dayandırmışdı. Azərbaycan qazı Gürcüstana ilk dəfə 2007-ci ilin şaxtalı yanvarında, Rusiyanın qaz tədarükünü dayandırmasından sonra nəql edilib. O zaman rusların qaz nəqlini dayandırmasına boru xəttində aparılan təmir işləri səbəb olmuşdu. Beləliklə, Kaladzenin "Qazprom"la "mavi yanacaq" tədarükünə dair danışıqlara başlanılacağı barədə açıqlamasının müxalifətin sərt etirazı ilə qarşılanması təəccüblü deyildi. Onun Azərbaycan qazının kifayət etmədiyinə dair fikrini isə Azərbaycan Prezidenti İlham Əliyev təkzib edib. O, Gürcüstana bu günlərdə etdiyi səfəri zamanı Azərbaycanın 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olduğunu söyləyib. Dövlət başçısının sözlərinə görə, bu, ən azı, 100 il ərzində ölkənin öz tələbatı ilə yanaşı, qonşu ölkələrin, həmçinin Avropa dövlətlərinin qaza olan ehtiyacını ödəməyə imkan verəcək.
İstənilən halda, Kaladze İranla da mümkün qaz alışı və hətta onun Avropaya tranziti ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Gürcü milyarderi Bidzina İvanişvili də İran qazının Gürcüstana tədarük olunacağına əminliyini dilə gətirib.
Bununla yanaşı, bu uzunmüddətli planların reallaşdırılması üçün rəsmi Bakının razılığı lazımdır. Çünki İrandan Gürüstana qaz nəqlinin həyata keçirilməsi üçün real infrastruktur məhz Azərbaycan ərazisindədir.
Hələ uzaq 1970-ci illərdə tikilmiş İran-Astara-Qazax qaz kəməri sonradan Qardabanidə Gürcüstanın qaz sistemi ilə birləşdirilib və o, ildə 10 milyard kubmetrədək qaz ötürmək gücündədir. İran qazının Gürcüstana nəqli variantı isə hələ 2006-cı ildə nəzərdən keçirilirdi. Lakin o vaxt İranın üzləşdiyi sanksiyalar, həmçinin bu işin baha başa gəlməsi məsələnin təxirə salınmasına səbəb olmuşdu.
Əlbəttə ki, Gürcüstan İran qazının Ermənistan vasitəsilə nəqlinə bel bağlaya bilər. Yeri gəlmişkən, rəsmi İrəvan artıq yeni Tehran-İrəvan-Tiflis enerji xəttinin təbliğinə başlayıb. Söhbət Təbriz şəhərindən Meğridəki qazpaylayıcı stansiyayadək uzanan mövcud 140 kilometrlik boru xəttindən gedir. Lakin o, ildə cəmi 1,1 milyard kubmetr qaz ötürmək gücündədir. Üstəlik, bu göstəricini maksimum iki dəfə artırmaq olar. Daha vacib məqam isə bu boru xəttinin də Ermənistanın bütünlükdə qazpaylayıcı sistemi kimi, Rusiyanın "Qazprom" şirkətinin tabeliyində olmasıdır. Demək, Gürcüstana qaz nəqli üçün Ermənistanın qaz nəqli şəbəkəsindən istifadə olunarsa, İran ermənilərin özünü də "mavi yanacaq"la təmin etməlidir. Amma qaz xətti cəmi bir dənədir və hazırda onun vasitəsilə Ermənistana Rusiya qazı nəql olunur. Rusiya monopoliyaçısı Ermənistanın qaz bazarından imtina edəcəkmi? Siyasi məqamları bir kənara qoyaq. Bir şirkət sırf iqtisadi baxımdan öz infrastrukturunu rəqibinə verərmi?
Daha bir vacib məqam: Gürcüstan İran qazını hansı qiymətə almağı düşünür? Məsələn, Türkiyə həm İrandan, həm Rusiyadan, həm də Azərbaycandan "mavi yanacaq" alır. Onların ən bahası məhz İran qazıdır. Digər tərəfdən, Tiflis ilə Tehran Avropaya qaz tədarükü ilə bağlı razılığa gəlsələr belə, bu marşrutda Ermənistan necə iştirak edə bilər?
Görünür, İrəvanda düşünürlər ki, Ermənstan vasitəsilə Gürcüstana çatdırılan İran qazı oradan TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql etmək mümkündür. Lakin bu, xülyadan başqa bir şey deyil. Çünki TANAP layihəsində 50%-dən çox paya sahib olan Azərbaycan Ermənistanın hər hansı regional layihədə iştirakına razılıq verməyəcək. Hər halda, bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinədək belə olacaq.
Nəzəri baxımdan İran qazının Ermənistan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına, oradan isə mayeləşdirilmiş şəkildə Avropaya nəqli mümkündür. Lakin bunun üçün təbii qazın mayeləşdirilməsini həyata keçirəcək müvafiq infrastruktur yaradılmalıdır. Bu halda isə İran qazı həqiqətən də "qızıldan qiymətli" olacaq. Çünki qiymətin üzərinə onun Gürcüstana nəqli, mayeləşdirici qaz istehsal edən zavodun inşası xərcləri də əlavə olunacaq.
Bununla yanaşı, rəsmi Tehran, ümumilikdə, qazın boru xətti ilə nəqlində maraqlı deyil. Çünki onun əsas yataqları ölkənin cənubunda, Fars körfəzi yaxınlığında yerləşir. İranın bu cür nəqlə marağı olsaydı belə, onun Türkiyəyə Cənubi Qafqaz vasitəsilə dolama yolla nəqli artıq olardı. Çünki İslam Respublikasının Türkiyə ilə sərhədi var. Rəsmi Tehran üçün daha cəlbedici olanı qazın mayeləşdirilməsi üçün zavodun Fars körfəzi sahillərində inşası və oradan mayeləşdirimiş qazın tankerlərlə dünya bazarlarına çıxarılmasıdır.
Tehranın Avropa istiqamətində yeni qaz kəməri çəkmək fikrində olmadığını Rusiyanın Energetika naziri Aleksandr Novakın İrana səfərinin yekunları da təsdiqləyib. Nazir orada təbii qazın svop əməliyyatlarla çatdırılması imkanlarını müzakirə edib. Söhbət Rusiya təbii qazının İranın şimal rayonlarına nəqlindən və bunun əvəzində, Fars körfəzində eyni həcmdə qaz almasından gedir. Kreml bu yolla alacağı İran qazını Pakistan və Hindistana satmaq fikrindədir.
Şübhəsiz, Rusiya ilə İran arasında təbii qazın svop əməliyyatlarla çatdırılması təklifinin reallaşdırılması üçün nəinki həcmin müəyyənləşdirilməsi, həm də miqyaslı texniki işlər tələb olunur. Söhbət müvafiq infrastrukturun yaradılmasından gedir. Hətta bu halda belə, Rusiyanın "Qazprom" şirkəti, böyük ehtimalla, qazını Azərbaycan vasitəsilə nəql etməyə üstünlük verəcək, nəinki Gürcüstan-Ermənistan-İran marşrutu ilə. Məsələ heç də onda deyil ki, "Qazprom" Gürcüstana tranzit xərcləri kimi, əlavə yanacaq ödəməli olacaq. Söhbət ondan gedir ki, Azərbaycanda yeraltı anbarlar da var və onlar 6 milyard kubmetrədək qaz saxlamağa qadirdir. Bu baxımdan, Rusiya güman ki, öz qazını İrana Azərbaycan vasitəsilə nəql etmək istəyəcək.
İstənilən halda, variantların heç birində Ermənistanın hər hansı rolu nəzərdə tutulmur. Odur ki, İrəvanın özünü bu və ya digər regional layihədə görən zaman hansı xam xəyallara əsaslandığı aydın deyil.
MƏSLƏHƏT GÖR: