Müəllif: Elya ƏNVƏRLİ, Zərifə BABAYEVA Bakı
Məşhur Bakı xanı Abbasqulu ağa Bakıxanovun nəslindən olan Azərbaycanın Xalq Artisti, professor, "Şöhrət" ordeni ilə təltif olunmuş, "Humay" mükafatı laureatı, dünyaca məşhur azərbaycanlı bəstəkar Tofiq Bakıxanov 8 simfoniyanın, 5 simfonik muğamın, 6 simfonik poemanın, müxtəlif alətlər üçün 25 konsertin, 26 sonatanın, 3 biraktlı baletin; bəstəkar Nəriman Məmmədovla birlikdə 3 operettanın, 100-dən artıq mahnının müəllifidir. O, musiqiçilər nəslinin təmsilçisidir. Atası tanınmış artist, respublikanın Xalq Artisti Əhməd Bakıxanov dahi Üzeyir Hacıbəyovun dostu olub. Onlar musiqi məktəbində və konservatoriyada birgə işləyiblər. Ailələr bir-birinə yaxın yaşayıblar (indi həmin evlər muzeydir - müəllif). Tofiqi hələ uşaq olarkən dinləyən Üzeyir bəy onun parlaq gələcəyi olduğunu o vaxtdan söyləyib. Bu məqam rəssam Hüseyn Hacıyevin əsərində də əksini tapıb.
85 yaşın ərəfəsində olan Tofiq BAKIXANOV "R+"a müsahibəsində tələbəlik illərindən, yaradıcılığından və bugünündən danışıb.
- Musiqiçi karyeranız necə başlayıb?
- Mən Üzeyir Hacıbəyovun tövsiyəsi ilə onillik musiqi məktəbində Simberovun sinfində oxumuşam. Daha sonra konservatoriyada professor Amitondan, kompozisiya üzrə isə Qara Qarayevdən dərs almışam. 12 yaşımda artıq radio vasitəsilə yayımlanan konsertlərdə, filarmoniyada, konservatoriyada skripkaçı-solist kimi çıxış edirdim. Skripkaçı kimi konsert fəaliyyətimi filarmoniyada dövlət triosunda davam etdirdim. Daha sonra Bakı Musiqi Məktəbində skripka dərsi dedim. Konservatoriyada kamera ansamblı dərsləri də deyirdim. Lakin ifaçılıq və müəllimlik sahəsindəki uğurlarıma rəğmən, bəstəkarlıq işi də məni cəlb edirdi. Bu, ansambl musiqisinin repertuarının genişliyi ilə yox, onun məndə yaratdığı təəssüratla bağlı idi. Bundan başqa, dahi müəllimim Qara Əbülfəzoviç Qarayevin yaradıcılığı da mənim üçün böyük stimul idi.
- Yeni bəstələr üzərində necə işləyirsiniz? Musiqi obrazı hansısa parlaq təəssüratdan sonra yaranır?
- Müxtəlif cür olur; məsələn, "Hümayun" muğamının yaranması ideyası qızımın, şərqşünas-alim Nigar xanım Bakıxanovanın vaxtsız ölümü ilə gəldi. O, dəhşətli Xocalı faciəsini çox ağır keçirmişdi. 5 nömrəli "Nigar" simfoniyası ona həsr edilib. "Hümayun" muğamını vaxtilə atamın tarda ifasından götürmüşəm. Bu, hisslərimin, düşüncələrimin, şəxsi və ümumxalq faciəsinin sintezidir. Rəssamları daim ölüm haqqında düşüncələr cəzb edir. "Hümayun" mənim yaradıcılğımda rekviyem kimi düşünülüb və yazılıb.
- Sizin simfonik muğama müraciətiniz Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Niyazi ənənələrinin davamıdır...
- Bu sıraya mənim "Nəva", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamlarımı da əlavə etmək olar.
- "Həmişə bizimlə" simfonik poeması haqqında danışın...
- O, Ümummilli Lider Heydər Əliyevə həsr olunub. Orada dahi şəxsiyyətə sevgi, pərəstiş göstərilib. Musiqidə poetika və lirizm dramatizm və gözəlliklə əvəzlənir.
- Sizin yaradıcılıq coğrafiyanızın inanılmaz dərəcədə geniş olduğu məlumdur...
- Bəli, buraya istər kamera ansamblının tələbələri ilə MDB dövlətlərinə səfərlər, istər keçmiş İttifaq respublikaları ilə qopmuş əlaqələrin bərpası, istərsə də İran, Türkiyə, Şimali Kipr, ərəb ölkələri ilə xarici yaradıcılıq əlaqələri daxildir. Bu məqsədlə mən tələbə konsertlərinin repertuarına yaxın və uzaq xaricdən olan bəstəkarların əsərlərini də daxil etmişəm. Bununla yanaşı, xaricdə peşəkar Azərbaycan musiqisinin, o cümlədən öz əsərlərimin təbliğatını aparmışam. Bakıdakı İran İslam Respublikası Mədəniyyət Mərkəzinin üzvüyəm. Tehranın "Sura" İncəsənət Universitetində mühazirələr oxumuş, Tehranda, İsfahanda, Şirazda, Təbrizdə, Ərdəbildə müəllif konsertləri vermişəm. Bundan başqa, türk bəstəkarı Həsən Fərid Alnarın 100 illiyinə və Türkiyə Cümhuriyyətinin 86 illiyinə həsr olunmuş 3 konserti də qeyd etmək olar. Orada "türk" əsərləri səsləndirilib. Amma bu yaradıcılıq səfərlərinin daha bir müsbət tərəfi var - Azərbaycanda ilk dəfə olaraq Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Qazaxıstan və Litvanın bir çox bəstəkarlarının əsərləri səsləndirilib. Bundan başqa, fransız bəstəkarları Debüssiyə, Ravelə, Fransa, Pulenkə ayrıca konsertlər həsr olunub. Mən sinfimdə təhsil alan tələbələrlə birlikdə Rusiyaya, Mərkəzi Asiyaya, Baltikyanı respublikalara, Gürcüstana da bir neçə yaradıcılıq səfəri etmişəm. Orada biz yalnız Azərbaycan musiqisi deyil, digər milli mədəniyyətlərə məxsus əsərlər də ifa etmişik. Mənim nəinki yaradıcılığım, ümumiyyətlə, bütün həyatım xalqlar arasında dostluq, qardaşlıq ideyasına həsr olunub.
- Kitablarınızdan biri "Uğurun 2000 kilometri" adlanır. Bu, nə deməkdir?
- Fransada keçirilən və "Xəzər balladası" baletinin də nümayiş olunduğu VII Beynəxalq Rəqs Festivalının uğurla bitməsindən sonra, biz Şimaldan Cənuba uzun bir səyahətə çıxdıq. Səyahətimiz 2000 kilometr məsafəni əhatə etmişdi. Özümüzlə dekorasiyalar da daşıdığımız üçün avtomobillərlə hərəkət edirdik və bütün ölkəni tam mənada görmək imkanımız oldu. Hər gün tamaşalar olurdu, hər bir boş anımızda şəhərlərlə, muzeylərlə, insanlarla daha yaxından tanış olmağa çalışırdıq.
- Zəhmət olmasa, "Xəzər balladası" barədə ətraflı danışın...
- Biraktlı baletdir. Bu, balet-poema, balet-novelladır. İlk dəfə 1968-ci ildə Opera və Balet Teatrının səhnəsində nümayiş olunub. O, Xəzərin məşhur neftçiləri barədə poeziya ilə, romantika ilə zəngindir. "Xəzər balladası" nadir baletdir - dünyada neftə həsr olunmuş başqa balet yoxdur.
Günlərin birində maestro Qara Qarayev biz tələbələrə məşhur rejissor Roman Karmenin Neft Daşlarında neftçilər haqqında çəkdiyi filmdən danışdı. O anda quyuların birindən gözlənilmədən təbii qaz çıxıb və operatorlar bu nadir kadrı lentə almaq şansını qaçırmayıblar. Bu söhbətdən sonra, mən neft mövzusu ilə maraqlanmağa başladım. Dəfələrlə Neft Daşlarına getdim, neftçilərlə görüşdüm, onların işini, məişətini müşahidə etdim. Məndə ən dərin təəssürat yaradan isə qəza zamanı insanların təhlükəli şəraitdə çiyin-çiynə işləmələri oldu. Elə bu məqamları da musiqiyə köçürdüm. Balet Parisdə keçirilən VII Beynəlxalq Rəqs Festivalında nümayiş olunub və Fransa paytaxtını fəth edib. Həmin mövsumdə o, düz 60 dəfə nümayiş ounub. Daha sonra baleti Fransanın 7 şəhərində, Lüksemburqda, Monakoda, İttifaqın bir çox şəhərlərində səsləndiriblər. O, böyük uğur qazanıb. Siyavuş Məmmədzadənin librettosu əsasında yazılmış "Xəzər balladası" baletində konkret süjet, məişətin ifadəsi, sevgi səhnəsi olmasa da, dəniz romantikası, əməyin təntənəsi, insan ağlı və gücü var. Onun əsas məğzi qalib insanın dənizi fəth etməsidir. Orada gənc qəhrəmanın ölüm epizodu da yer alır. Uşaqların qeyri-adi qəhrəmanları var - dəniz, neft, alov. Yüngül mavilibaslı qızlar bədən plastikası ilə qalxan dalğaları və dəniz ləpələrini canlandırırlar. Gənc oğlanlar isə estakadaları tərənnüm edirlər. Bu, mənim ən sevimli baletimdir.
- Dünyanın bir çox ölkəsində Azərbaycan incəsənətinin məşhurluq qazanmasında sizin əsərlərinizin rolu var. "Xəzər balladası" baleti isə yaradıcılığınızın zirvəsidir. Amma onun ardınca daha iki baletiniz gəlir - "Şərq poeması", "Xeyir və Şər"...
- "Şərq poeması" "Fars motivləri"nin, həmçinin Bakıda olmuş dahi rus şairi Sergey Yeseninin digər yaradıcılıq nümunələri əsasında yaranıb. "Xeyir və Şər" baleti isə isə Nizami Gəncəvinin "Xəmsə"sindən ayrılıb. O, Xeyirlə Şər arasındakı əbədi mübarizədən - fəlsəfi və həyati həqiqətdən bəhs edir. Onu gənc bakılı baletmeyster Rəşid Əhmədov səhnələşdirib. Bu biraktlı balet modern üslubunda yazılıb. Əsas qəhrəman olan Şərin partiyasını quruluşçunun özü oynayıb. Həyatda da belədir: haradasa Şər varsa, bu, onun qalib olduğu anlamına gəlmir. Əksinə, bütün şər, zülmət, qorxu sonda öz-özünü "yeyir" və xeyirin, işığın, sevincin çiçəklənməsinə yol açır. Orada "Qəhrəmanların təlaşı", "Səhra" kimi səhnələr var. Sonda Xeyirin parlaq qüdrəti səslənir. Xeyir qalib gəlir. Şər diz çökdürülür.
- Bəs həyatınızda və yaradıcılığınızda "Şəri diz çökdürə" bilmisinizmi?
- Mən xəstəliyə qalib gəlmişəm, dünyasını vaxtsız dəyişmiş qızımın övladlarını böyütmüşəm, Nadim və Rifat kimi iki gözəl nəvəm var. Saysız-hesabsız istedadlı musiqiçi yetişdirmişəm, Azərbaycan musiqisinin, o cümlədən öz əsərlərimin xaricdə təbliği ilə məşğul olmuşam. Bütün həyat və yaradıcılığımı mədəniyyətlərin qarşılıqlı münasibətinə həsr etmişəm. İndi isə qarşıdan gələn yubileyimə hazırlaşıram. Artıq afişalar çıxıb, dəvətnamələr, proqram broşürləri hazırdır. Bundan başqa, 700 səhifəlik "Bəstəkar haqqında söz" kitabı da çapdan çıxıb. Dekabrın 7-dən 15-dək Bakının bir çox zallarında, həmçinin Naxçıvan, İran və Türkiyədə konsertlər keçiriləcək. Müxtəlif janrlarda olan əsərlərin, o cümlədən, 3 baletim səsləndiriləcək. Hər 5 ildən bir yubileyim dövlət səviyyəsində qeyd olunur. İnşallah, bu, son yubileyim olmaz.
- Maestro, sizin fleyta əsərləriniz bu alətlə bağlı tədqiqatlara böyük töhfədir. Hətta "Melodiya" şirkəti sizin fleyta əsərlərinizdən ibarət plastinka da buraxıb. Orada əsərləri məşhur fleyta ustası, Azərbaycanın Əməkdar incəsənət xadimi Telman Hacıyev ifa edir...
- Telman Hacıyevlə məni 50 ildən çox ömrü olan böyük yaradıcılıq dostluğu birləşdirir. Telman təhsil aldığı Moskvada keçirilən konsertdə o qədər həvəslə ifa edirdi ki, məndə onun üçün mahnı bəstələmək həvəsi yarandı. Fleyta üçün əsərlərimin yaranmasında ilhamverici qüvvə məhz o olub. Orkestr ilə fleyta üçün ilk konsertimi ona həsr etmişəm. Sonrakı əsərlərimin də hamısını Telmanın ifasını nəzərə alaraq yaratmışam. Axı məni bu alətin xüsusiyyətləri ilə məhz Telman tanış edib. Məhz bu səbəbdən, məndə onun partiyalarında daha böyük virtuozluğa can atmaq həvəsi yaranıb...
- Sizin orkestr ilə skripka üçün caz üslubunda 6 nömrəli konsertiniz məşhur amerikalı bəstəkar Corc Gervşinə həsr olunub. Bu, müasir dövrün tələblərindən irəli gəlir, yoxsa tanınmış bəstəkarın xatirəsinə ithafdır?
- Hər ikisi. Bu əsəri böyük şövqlə yazmışam. Yeri gəlmişkən, bu gün o, ABŞ-da Fulrauel Xeys təqaüdü laureatı olub və mükafatlandırılıb. Onu gözəl skripkaçı, respublikanın Əməkdar artisti Tofa Babayeva əla ifa edir.
- Nəriman Məmmədovla birlikdə 3 operettanın müəllifisiniz. Bunlar "Məmmədəli kurorta gedir", "Altıdan biri" (Azərbaycan kolxozçularının gündəlik həyatına həsr olunmuş) və "Qız görüşə tələsir" operettalarıdır. Bəs sizin mahnılarınız, romanslarınız kimin sözlərinə yazılıb?
- Azərbaycanlı şairlər Süleyman Rüstəmin, Siyavuş Məmmədzadənin, Mikayıl Müşfiqin, Tofiq Mütəllibovun, Abbasqulu ağa Bakıxanovun və digərlərinin. Puşkinin "Qış yolu"na yazılmış romans da var. Onların arasında ən populyarları "Vətən haqqında mahnı", "Məni bağışla", "Əsgər haqqında mahnı", "Sevən ürək" və digərləridir.
- Sizin musiqinizdə rəqs plastikasına meyillilik var. Yaşlı vaxtınızda bu nədir - gənc coşqunluğu, yoxsa sadəcə, beyninizdə səslənən musiqi bu cürdür?
- Niyə də yox? Bəli, mən özümü gənc, güclü hiss edirəm, ona görə də beynimdə rəqs melodiyaları, ritmlər səslənir.
MƏSLƏHƏT GÖR: