23 Noyabr 2024

Şənbə, 23:35

ZAMAN GÖZLƏMİR

Yeni dövlət uşaq bağçalarının tikintisi sürətləndirilməlidir

Müəllif:

24.11.2015

"Bizim uşaq bağçasında vəziyyət o həddə çatıb ki, 2 uşaq 1 çarpayıda yatmaq məcburiyyətindədir". Bu, övladlarımızın getdiyi yerli uşaq bağçasındakı reallıqdır. Bunu "R+"un əməkdaşına adının açıqlanmasını istəməyən valideynlərdən biri söyləyib. Valideyn bildirir ki, Bakıda körpələr evlərindən tutmuş, yuxarı yaş qrupları üçün olan bağçalaradək hamısı dolub. Əlbəttə ki, belə olan təqdirdə, bağçaların binası, oradakı inventar yüklənməyə tab gətirmir. Uşaqlar üçün nəzərdə tutulmuş günlük qida norması da öz yerində.

"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tezliklə paytaxtda yeni uşaq bağçalarının inşa olunacağını, bu sahədə yer məhdudiyyəti ilə bağlı problemlərin aradan qalxacağını bildirib. Lakin deyəsən, onun bu sözləri bağçaların daha çox sayda uşaq qəbul etmələrinə səbəb olub. Axı bu, vəziyyətdən çıxış yolu deyil. Bizim ailəmizdə həm mən, həm də həyat yoldaşım işləyir. Uşaqlara baxmağa adam yoxdur. Özəl bağçalara müraciət etmək büdcəmizə uyğun gəmir. Nəticədə, övladımızı uşaqların sayının normadan artıq olduğu bağçaya verməkdən başqa yolumuz yoxdur. Çünki başqa bağça tapmaq mümkün deyil. Bunu da güclə tapmışıq. Rəhbərlik yeni çarpayıların alınacağını deyir. Amma maraqlıdır, onlar yeni çarpayıları haraya qoyacaqlar? Bəs bir qrupda bu sayda uşaqlara nəzarət etmək necə, mümkündürmü?" - deyə valideyn sual edir.

 

Uşaq bağçalarının sayı dəyişmir

"R+" ölkənin təlim-tərbiyə müəssisələrindəki vəziyyətlə bağlı mövzuya dəfələrlə müraciət edib. Lakin bu sahədə dəyişiklik son dərəcə ləng gedir. Söhbət, ilk növbədə, dövlətə məxsus uşaq bağçalarından gedir. Amma bizdə özəl bağçalarla bağlı da böyük seçim var. Onlarda göstərilən xidmət spektri bağçanın yerləşdiyi məkandan, ödənilməli olan məbləğdən asılı olaraq dəyişir (təbii ki, şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən bağçalar daha nüfuzlu sayılır). Bir sıra özəl bağçalarda tətbiq olunan ixtisaslaşmış metodikaları (məsələn, Montessori) nəzərə almasaq, bir sıra özəl bağçadakı tədris-tərbiyə tədbirlərinin səviyyəsi dövlət bağçalarındakından ciddi fərqlənmir. Fərq, sadəcə, qiymətdədir.

Təbii ki, əhalinin müxtəlif təbəqələri arasında dövlət bağçaları daha populyardır. Odur ki, məntiqi olaraq onların "dolması" problemi yaranır. Çünki bağçaların sayı, təxminən, eyni qalsa da, əhalinin sayı artır. 

 

Problem diqqət mərkəzindədir

Azərbaycanda uşaq bağçalarının az olması probleminə 2014-cü ildə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatında ölkənin birinci xanımı Mehriban Əliyeva münasibət bildirmişdi: "Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq".

Hazırda sözügedən proqram çərçivəsində ölkənin məktəbəqədər təhsil müəssisələri ilə bağlı mütəmadi monitorinqlər aparılır. İlkin mərhələdə bu, yalnız paytaxtı əhatə edibsə, gələcəkdə monitorinqlərin bütünlükdə ölkə ərazisində həyata keçirilməsi planlaşdırılır.

Proqramın təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, Bakıda 345 məktəbəqədər təhsil müəssisəsində 36 min 977 uşaq tərbiyə alır. Onun sözlərinə görə, paytaxtda 174 uşaq bağçası tam təmir olunub, onların hər birində lazımi şərait yaradılıb. 34 bağça hazırda təmir olunmaqdadır. Bununla yanaşı, statistik məlumata görə, yaşı 1-5 arasında olan 157 min 349 uşağın bağçaya ehtiyacı var. Yəni, hazırda bu yaş qrupunda olan uşaqların cəmi 23,4%-i uşaq bağçalarına gedir. Beləliklə, Bakıda 6 qrupda 1105 uşaq bağçasına ehtiyac var.

Bu arada proqram artıq ilk nəticələrini verməkdədir. 2014-cü ilin avqustunda Bakının Nizami rayonu ərazisində yerləşən 110 və 172 saylı uşaq tərbiyə müəssisələrində əlavə korpusların inşasına başlanılıb və onlar bu il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib. Proqram çərçivəsində yeni uşaq bağçalarının tikintisinə başlanılıb və onların bəziləri artıq istifadəyə verilib. Bundan başqa, Azərbaycanın regionlarında da uşaq bağçaları və körpələr evləri açılır.

 

Yeni bağçalara yeni standartlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il iyulun 16-da təsdiqlədiyi Məktəbəqədər təhsilin dövlət standartı və proqramına əsasən, məktəbəqədər təhsil müəssisələrinin qruplarında uşaqların sayı bu cür olmalıdır: 1 yaşdan 2 yaşadək - 15 uşaq; 2 yaşdan 3 yaşadək - 15; 3 yaşdan 4 yaşadək - 20; 4 yaşdan 5 yaşadək - 20; 5 yaşdan 6 yaşadək 20. Reallıqda isə bu normativlər, demək olar ki, bütün bağçalar tərəfindən aşılır. Bu gün bir qrupda, ən azı, 25, bəzən isə 30 uşağın olmadığı bağça tapmaq çox çətindir.

Əlbəttə ki, konkret bağçada təhsil, qulluq, təmir səviyyəsi nə qədər yaxşı olarsa, valideynlər uşaqlarını məhz oraya qoymağa çalışırlar. Bununla yanaşı, tərbiyəçilərin sayı dəyişməzdir: hər qrupda növbə ilə işləyən 1 və ya 2 tərbiyəçi və 1 dayə olur. Onlar, əlbəttə ki, bütün uşaqlara qulluq göstərərkən əldən düşürlər.

Rəyi soruşulan valideynlərin əksəriyyəti bağçalardakı tədbirlərin səviyyəsindən razılıq edir. Bu, başadüşüləndir. Çünki valideynlər bir çox halda uşaqlarını bağçaya yaşayış yerlərinə yaxınlığına görə deyil, xidmət səviyyəsinin yuxarı olmasına əsaslanaraq qoyurlar. Lakin buradan daha bir problem meydana çıxır. Əslində, uşağın yaşayış yerinə uyğun bağçaya qoyulması çətin olmamalıdır: sənədləri vaxtında gətirirsən və uşaq bağçaya qəbul edilir. Lakin bu zaman məlum olur ki, bağçada yer yoxdur. Odur ki, övladını arzuladığı deyil, heç olmasa, yaxınlıqdakı bağçaya yazdırmağa çalışan valideyn müəssisənin rəhbəri ilə "dil tapmaq" məcburiyyətində qalır. Uşaqların boş yerin olmadığı bağçalara qəbuluna dövlət nəzarəti və auditin aparılması isə vəziyyəti daha da ağırlaşdırır. Sanksiyalarla üzləşəcəyindən, işini itirməkdən qorxan bir çox bağça rəhbəri valideynlərin müraciətini rədd etmək məcburiyyətində qalır. Daha bir variant uşağın bağçaya qəbulu, lakin rəsmi qeydiyyata alınmamasıdır. Bu, əslində, normativə təsir göstərmir. Lakin bağçaların dövlət büdcəsindən maliyyələşdiyini nəzərə alsaq, bu halda bir uşağa göstərilən qulluğa görə ayrılan məbləğ avtomatik olaraq azalır.

 

Vəziyyəti dəyişməyin vaxtıdır

Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə keçməsindən sonra, vəziyyət müsbətə doğru dəyişməyib. İndi uşağın bağçaya yazdırılması üçün icra hakimiyyətinə "kanal" tapmaq lazımdır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətnə edilən bütün müraciətlərə eyni cavab verilir: problemdən xəbərdarıq. Qurum dövlətə məxsus uşaq bağçalarında yerin olmadığını etiraf edir və bu problemin tez bir zamanda həllinin mümkün olmadığını bildirir. "Yeni binalar tikilməlidir. Problem barədə yalnız bunu deyə bilərik", - deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, uşaq bağçasının açılması üçün müəyyən şərtlər tələb olunur: birinci mərtəbə, geniş otaqlar, uşaq meydançasının olduğu həyət, qıfıllanan qapılar. 

 

"Özününküləşdirmə"

Uşaq bağçalarının çatışmamasında məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsindən sonra baş vermiş bir sıra pozuntuların da rolu var. "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyevin sözlərinə görə, 2006-cı ildə paytaxtda 100 uşaq bağçası özəlləşdirilməyə çıxarılıb. Prosesin şərtlərinə uyğun olaraq, özəlləşdirilmədən sonra, bu müəssisələr profilini dəyişməli deyildi. Lakin onları özəlləşdirmiş bir çox şəxs bu göstərişə əməl etməyib. "Bəzi uşaq bağçalarının binaları sökülüb, onların yerində hündürmərtəbəli binalar tikilib. Bir sıra dövlət uşaq bağçalarının əvəzində özəl bağçalar açılıb. Bu zaman özəlləşdirməni həyata keçirmiş şəxslər "Özəlləşdirmə haqqında" qanuna əsaslanıblar. Həmin prosesdən sonra, bir çox məktəbəqədər təhsil müəssisəsi bağlanıb və ucuz yerlərin sayı xeyli azalıb", - deyə N.Quliyev qeyd edib.

Onun fikrincə, problemi həll etmək üçün dövlətə məxsus uşaq bağçalarının sayı artırılmalıdır: "Məktəbəqədər təhsil müəssiələrinin az olması özəl bağça sahiblərinin qiymətləri qaldırmasına səbəb olub: indi bu qiymət 300 manat və daha artıqdır. Halbuki, körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq, 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Lakin dövlət bağçalarının sayı artarsa, özəl bağçalara təlabat azalacaq. Doğrudur, əksər insanlar özəl bağçalara üstünlük verir. Özəl bağçalarda ərzaq təminatı, infrastruktur, peşəkar kadrlar daha yaxşı hesab olunur. Lakin aztəminatlı ailələr üçün çətin vəziyyətdən çıxış yolu dövlət bağçalarının sayının artırılmasıdır. Üstəlik, bu gün dövlət bağçalarında uşaqların qidalanması ilə bağlı, demək olar ki, şikayət yoxdur. Valideynlər bu işdən razıdırlar. Onların əsas şikayəti dövlət bağçalarının azlığındandır".

 

Bir qədər də statistika  

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkədə 1650 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlarda 113 805 uşaq tərbiyə alır. Buraya istər adi, istərsə də ixtisaslaşmış uşaq bağçaları aiddir. Əslində, 9 milyonluq əhalisi olan ölkə üçün bu, elə də böyük rəqəm deyil. Üstəlik, bağçalarda uşaqların sayının həddindən çox olmasına baxmayaraq, rəsmi statistika məktəb yaşına çatmamış uşaqların yalnız 18%-nin bağçaya getdiyini göstərir. Demək, vəziyyət daha kritikdir.

Dövlətə məxsus bağçalarda uşaqların qidalanması valideynləri, ümumilikdə, qane etsə də, bu barədə danışmağa dəyər. Nazirlər Kabinetinin 2007-ci il oktyabrın 1-də qəbul etdiyi qərara əsasən, məktəbəqədər təhsil müəssisələrinə valideynlərin hər hansı ödəniş etmələri qadağandır. Doğrudur, qərarda valideynlərin könüllü ödəniş etməsinə qadağa qoyulmur. Lakin bugünkü reallıqda bu könüllü ödənişlər bir çox halda məcburi xarakter alır. Hər halda, valideynlər sevimli körpələrinin rahat olması üçün nələrə razı deyil?

Bundan başqa, uşaq bağçalarında qidalanma normativləri ilə bağlı məsələyə yenidən baxılması hələ bir neçə il əvvəl gündəmdə olsa da, hazırda 1994-cü ildə qəbul olunmuş normativlər qüvvədədir. Bir uşağın birgünlük qidalanması üçün nəzərdə tutulmuş məbləğ 3,94 manatdır. O vaxtdan baş vermiş qiymət dəyişikliklərini, inflyasiyanı, həmçinin mövsümi dəyişiklikləri nəzərə alsaq, bu məbləğ çətin ki, 1 uşağın qidalanması üçün kifayət etsin. Bu normativlər ölkə üçün ağır dönəmdə müəyyənləşdirilib. Bu səbəbdən, həmin dövrdə normativləri hazırlayanlar, yəni, Səhiyyə Nazirliyinin mütəxəssisləri büdcəni minimum müəyyənləşdirməyə çalışıblar. Lakin 20 ildən artıq müddətdə onlara yenidən baxmaq olardı. Axı burada söhbət uşaqların sağlamlığına birbaşa təsir göstərən məsələdən gedir. Axı uşaqlar məcburiyyətdən və ya könüllü şəkildə həftənin çox hissəsini bağçada keçirirlər. Bəlkə qeyri-rəsmi şəkidə onsuz da mövcud olan fərdi ödəmə sistemini rəsmiləşdirmək də olardı? 

İstənilən halda, Azərbaycanın məktəbəqədər təhsil sistemində ciddi böhran var və bu, bizim üçün ən dəyərli varlıq olan körpələrimizə öz mənfi təsirini göstərir. Mütəxəssislər uşaq bağçalarının fəaliyyəti ilə bağlı məsələlərə ciddi şəkildə yenidən baxmalıdırlar. Onlar üçün gəzinti meydançası olan geniş bağçalar tikilməlidir. Zaman öz şərtlərini diktə edir. Bizim onunla ayaqlaşa bilib-bilməyəcəyimizi zaman göstərəcək. O isə məlum olduğu kimi, gözləmir.

 

 

SİTAT

"Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq".

Mehriban Əliyeva, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti


MƏSLƏHƏT GÖR:

465