PLANETİN GÜCLÜSÜ
Boyanka Kostova ağır atletika üzrə DÇ-də qızıl medal qazanaraq 10 illik həsrətə son qoydu və yeni dünya rekordunu müəyyənləşdirdi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci Dünya Çempionatına yekun vurulub. Turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə aparıb. 8 gün davam edən çempionatda bütün çəki dərəcələrində gərgin mübarizənin şahidi olduq. Çox sayda dünya və Avropa rekordları qırıldı, ağır atletika aləmi həm köhnə, həm də yeni çempionlarını tanıdı.
Bu turnirdə iştirak edən Azərbaycan milli komandasının idmançıları yaxşı mənada fərqləniblər. 8 kişi və 3 qadın atletlə Dünya Çempionatına qatılan yığmamızın uğurla çıxış etdiyini söyləmək olar. Bunu xüsusilə kişilərə aid etmək olar ki, buna da səbəb əldə edilən Olimpiya lisenziya xallarıdır.
İlk olaraq medallar haqqında danışaq. Yığmanın heyətində ən böyük uğuru Boyanka Kostova əldə etdi. 58 kq çəki dərəcəsində çıxış edən milliləşdirilmiş legionerimiz birdən hərəkətində 109 kq çəkini ram etməklə, özünəməxsus Avropa rekordunu təkrarlayıb. Kostova ardınca 112 kq-ı da başı üzərinə qaldırıb və yeni Avropa və dünya rekordunu da vurub. Bunadək rekord çinli Çen Yanqinqə məxsus idi və Boyanka asiyalı rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb.
Təkanla qaldırma hərəkətinə də Kostova uğurla başlayıb. Öncə 136 kq-ı başı üzərinə qaldıran idmançımız növbəti rekordu yeniləyib. Çünki toplamda 248 kq onun özünə məxsus Avropa rekordunun təkrarı olub. Boyanka ardınca 140 kq çəkini başı üzərinə qaldırıb. Bu isə toplamda yeni rekordla nəticələnib. Kostova 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə 1 kq təzələyib. Həmçinin bu yanaşma həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsi ilə yadda qalıb. Beləliklə, toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə Kostova Azərbaycan ağırlıqqaldırma tarixində yeni səhifə açıb. "Neftçi İdman Klubu"nun üzvü qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanıb. Boyanka bununla yanaşı, 6 - 2 dünya və 4 Avropa rekordunu da adına yazıb. Boyanka həm də çempionatın ən güclü qadın idmançısı da seçildi.
58 kq çəki dərəcəsində toplam 252 kq-ın öhdəsindən gələn millimizin üzvü Sinkleyr cədvəli üzrə 355.23 xal toplayaraq bütün rəqiblərini üstələdi.
Kişilər arasında isə medalı komandanın lideri Valentin Xristov qazandı. O, ümumi nəticədə fəxri kürsünün üçüncü pilləsinə qalxdı. 62 kq çəki dərəcəsində podiuma çıxan milliləşdirilmiş legionerimiz birdən qaldırmada 3 cəhdindən ikisini uğurla bitirib. Əvvəlcə 137 kq, ardınca 141 kq çəkini ram edən Olimpiya mükafatçımız üçüncü yanaşmasında sifariş verdiyi 143 kq çəkinin öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Xristov bu hərəkətdə kiçik bürünclə kifayətlənib.
Valentin təkanla qaldırmada da ilk "üçlüyə" daxil olub. Təmsilçimiz əvvəlcə 171, sonra 176 kq-ı başı üzərinə qaldırıb. Lakin ağırlıqqaldıranımız son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz alınıb. O, bu səbəbdən bu hərəkətdə də kiçik bürünc qazanıb.
Toplamda 317 kq (141 kq + 176 kq) nəticə göstərən Xristov yekun siyahıda da 3-cü yeri tutub. İlk 2 pillədə isə müvafiq olaraq, Lijun Çen (Çin) və Guk Kim Un (KXDR) qərarlaşıb. Çempion 333 kq (150 kq + 183 kq) çəkinin öhdəsindən gəldiyi halda, gümüş medalçı ondan 5 kq geri qalıb - 328 kq (151 kq + 177 kq).
Qeyd edək ki, 77 kq çəki dərəcəsinin qalibi də həmyerlimiz Nicat Rəhimov olub. Amma o, bu qızılı ölkəmiz deyil, Qazaxıstan üçün qazanıb. 22 yaşlı idmançı birdən qaldırmada 165 kq, təkanla qaldırmada 207 kq çəkini ram edib. Maraqlıdır ki, KXDR atleti Sonq Kim Kvanq da Rəhimov kimi toplamda 372 kq çəkinin öhdəsindən gəlib. Lakin birdən qaldırmada 171 kq, təkanla qaldırmada isə 201 kq nəticə göstərən asiyalı şəxsi çəkisinin həmyerlimizdən 1,12 kq ağır olması səbəbindən ilk pilləni ələ keçirə bilməyib. Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində dünya çempionluğunun sevincini yaşayıb.
Amma Azərbaycan millisinin uğurları bununla kifayətlənmir. Bu Dünya Çempionatı, həmçinin 2016-cı il Olimpiadasında iştirak üçün lisenziya xalları da verir. Bütün çəki dərəcələrində çıxışlara müvafiq olaraq lisenziya xalları milli komandanın aktivinə yazılır. 1-25-ci yerlər xal gətirir. Qızıl medal qazanan idmançı 28, gümüş sahibi 25, bürünc medalçı isə 23 xal əldə edir. Bundan sonrakı yerlər isə müvafiq olaraq 1 xal azalma yolu ilə davam edir və 25-ci yer 1 xal verir.
Olimpiada üçün cəmi 3 lisenziya xarakterli turnir olur. Bunlar Olimpiadadan bir və iki il əvvəl keçirilən dünya çempionatları və olimpiya ilindəki qitə turnirləridir. Məhz bu yarışlarda əldə edilən nəticələr milli komandanın aktivinə yazılır. Sonda bütün xallar toplanır və ən çox xalı olanların siyahısı hazırlanır. Kişilərdə 1-6-cı yerlər - 6, 7-12-ci yerlər - 5, 13-18-ci yerlər - 4, 19-24-cü yerlər isə 3 Olimpiya lisenziyası əldə edirlər. Qadınlarda isə 1-9-cu yerlər - 4, 10-16-cı yerlər - 3, 17-21-ci yerlər isə 2 lisenziyaya sahib çıxa bilirlər. Beynəlxalq Ağır Atletika Federasiyası lisenziya əldə edə bilməyən ölkələrə "wild card" (vayld-kard) vermək hüququna da malikdir. Bir ölkə olimpiadada maksimum 10 atletlə - 6 kişi və 4 qadın - təmsil oluna bilər.
Hyustonda keçirilən Dünya Çempionatında 3 qadın atletimiz iştirak etdi. Silviya Angelova 48 kq çəki dərəcəsində 34-cü yeri tutaraq bizə xal qazandırmadı. Əvəzində 58 kq-da çempion olan Boyanka Kostova 28 xal, 69 kq çəki dərəcəsində isə 13-cü olan Anastasiya İbrahimli 13 xal əldə etdi. Ötən il Qazaxıstanda qazandığımız 19 xalın üzərinə bu il 41 xal əlavə etsək də, toplamdakı 60 xal bizə yalnız 26-cı yeri tutmaq imkanı verdi. Bu isə qadınlarda heç bir lisenziya əldə etməməyimiz deməkdir. Kiçik bir müsbət məqam da var. Komanda hesabında 24-cü olan qadın yığmamız medal sayına görə dünya 3-cüsü adını qazandı. Bu, Kostovanın 3 (birdən, təkanla və toplamda) qızılı hesabına mümkün oldu.
Kişilərdə daha yaxşı çıxış etdik. 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov 23 xal, 69 kq çəki dərəcəsində 6-cı olan Firudin Quliyev və 77 kq çəki dərəcəsində eyni pilləni tutan Elxan Əliquluzadə hərəyə 20 xal, 94 kq çəki dərəcəsində yarışan İntiqam Zairov 9-cu pillə ilə 17 xal, Rövşən Fətullayev 12-ci pillə ilə 14 xal, 105 kq çəki dərəcəsində Nailxan Nəbiyev 21-ci pillə ilə 5 xal, Dadaş Dadaşbəyli isə 9-cu pillədə qərarlaşaraq 18 xal qazandırıb. Milli ötən il Qazaxıstandakı Dünya Çempionatında isə cəmi 23 xal qazanmışdı. Hyustonda isə bunun üzərinə 112 xal əlavə etdik və aktivimizdə toplam 135 xal oldu. Bu isə bizə 16-cı yeri tutmaq deməkdir. Bu pillədə qərarlaşaraq Azərbaycanın kişilərdən ibarət ağır atletika yığmasının Rio Olimpiadasında 4 lisenziya qazanması deməkdir. Bu rəqəm arta bilər. Son nəticələr gələn il Norveçdə keçiriləcək Avropa Çempionatından sonra açıqlanacaq.
Əlavə edək ki, kişilərimiz komanda hesabında Dünya Çempionatının 6-cısı, medal hesabında isə 8-cisi oldular. Ötən il məlum səbəblərdən Qazaxıstanda keçirilən Dünya Çempionatına güclü heyətə qatıla bilməməyimiz işimizi çətinə saldı. Bu dəfə daha yaxşı, daha istəkli komandamız vardı. Elxan Əliquluzadə, Firudin Quliyev və Dadaş Dadaşbəyli kimi gənc və istedadlı atletlər də üzərlərinə düşən vəzifənin öhdəsindən artıqlaması ilə gəldilər. Karyeralarının hələ başlanğıcında olan bu idmançıların qarşıdakı turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəyinə şübhə yoxdur.
Dünya çempionu Boyanka Kostova "R+"a açıqlamasında təəssüratlarını bölüşüb: "Qarşıma 2 məqsəd qoymuşdum. Hədəfimdə çempionluq və dünya rekordu vardı. Rəqiblərim arzularımı gerçəkləşdirməyə mane olmağa çalışsalar da, bunu bacarmadılar. Yalnız qızıl medal üçün yollandığım Hyustonda istəyimə çatdım. Buradakı çıxışımdan çox razıyam".
Qeyd edək ki, ağır atletika tariximizdə indiyədək yeganə dünya çempionumuz Nizami Paşayev hazırda yığmamızın məşqçilər korpusunda yer alır. O, 2002-ci və 2005-ci illərdə mundialda bütün rəqiblərini qabaqlamışdı. Kostova isə ilk qadın dünya çempionumuz olmaqla yanaşı, 10 illik həsrətə də son qoyub.
MƏSLƏHƏT GÖR:

608

