Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Gələn il Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Bu mübarizə hər zaman öyrəşdiyimiz yarışlardan ciddi şəkildə fərqlənəcək. Söhbət Azərbaycanda ilk dəfə keçiriləcək "Formula-1" Avropa Qran-Prisindən gedir. Artıq yarışla bağlı hazırlıq işlərinə başlanılıb. "Formula-1"in yüksək səviyyədə təşkil olunması üçün işlərə 5 000 könüllü cəlb olunacaq. Yarış zamanı 1 000 nəfərə yaxın mütəxəssisin təhlükəsizlik, xilasetmə, trasın təmizlənməsi işlərinə cəlb olunması planlaşdırılır.
190-a yaxın ölkədə izlənilən "F-1" 5 qitədə keçirilir. Bakıda keçiriləcək "Formula-1"in Avropa Qran-Prisi adlandırılması coğrafi məkanla bağlıdır. Monako və Sinqapurdakı yarışda olduğu kimi, yürüş şəhərdaxili yollarda baş tutacaq. Bunun üçün yollara xüsusi asfalt qatı döşənəcək, tribunalar quraşdırılacaq. Yarış Hökumət evinin qarşısından start götürəcək. Avtomobillər "Mariott" otelinin ətrafından dövr edəcək, saat əqrəbinin əks istiqamətində dövrə vuracaq və o yollardan keçərək, Zevin küçəsində yuxarı qalxacaq, "Qoşa Qala" qapılarının ətrafından yenidən "Four seasons" otelinin sağ tərəfindən bulvara qayıdacaq. Bakıdakı tras çoxlu eniş və yoxuşlar ilə seçilir. Xüsusi asfalt qatı gələn ildən başlayaraq salınacaq və sakinləri narahat etməmək üçün işlər hissə-hissə aparılacaq. Bu xüsusi asfalt qatı yarışlar bitəndən sonra, Bakı sakinlərinin istifadəsində olacaq. Yarışların baş tutacağı 6 km-lik dairəvi marşrut simvolik olaraq şəhərin mərkəzi küçələrində qurulacaq. Buna görə də ciddi hazırlıqlara ehtiyac var. Belə ki, layihəyə əsasən, 6 km-lik dairəvi marşruta düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Üzərində daş örtüyü olan sahələrdə isə xüsusi örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq.
Bakıdakı "Formula-1" zamanı 40 min tamaşaçı üçün oturacaqlar qoyulacaq. Qeyd edək ki, "F-1" yarışları 500 milyon TV izləyicisinə malikdir. Tamaşaçı auditoriyasına görə, "F-1" futbol üzrə Dünya Çempionatı və Yay Olimpiya Oyunlarından sonra 3-cü yerdə olan yarışdır.
2016 "Formula-1" Bakı Avropa Qran-Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq. ""Formula-1" təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan möhtəşəm yarışa düz, son 6 ay qalan zaman əldə etmək mümkün olacaq.
"Formula-1" yarışı ilə əlaqədar son məlumatları "R+"a açıqlamasında "Bakı Şəhər Halqası"nın memarı Herman Tilke açıqlayıb. Tilke ilk olaraq Bakı şəhər halqasının digər yarışlardan ciddi şəkildə fərqlənəcəyini bildirib: "İlk olaraq bu, şəhər küçələrindən keçən yarışdır. Texniki baxımdan biz deyə bilərik ki, Monako Qran-Prisinə bənzəyir, ancaq fərqlər də var. Monako Qran-Prisindən fərqli olaraq, Bakıda keçiriləcək "Formula 1" mərhələsində istifadə ediləcək qurğular müvəqqəti olacaq. Müvəqqəti nəzərə tutulan yarış üçün trasın yaradılması isə daha çətin olur. Buna baxmayaraq, Bakı mərhələsinin üstün cəhəti odur ki, biz Bakı şəhərinin tarixi məkanlarını gələn turistlərə və izləyicilərə göstərə biləcəyik. Bakı halqası layihəsi son təsdiq üçün Beynəlxalq Avtomobil İdman Federasiyasına göndərilib. Demək olar ki, ümumi layihə təsdiqlənib, sadəcə, bəzi detallar var ki, biz onları dəqiqləşdirməli və o detallar üzərində işləməliyik".
Bakıdakı yarışda enişli-yoxuşlu yollar çoxdur. Bu, müəyyən mənada iştirakçıların işini çətinləşdirəcək. Digər tərəfdən, yarışın keçiriləcəyi vaxtda havanın küləkli olması da istisna edilmir. Tilkenin sözlərinə görə, "Formula-1" yarışı zamanı küləyin sürəti təsirsiz ötüşməyəcək, buna görə də iyunda normal küləyin sürəti nəzərə alınıb: "Bakı trassı qeyri-adi olduğu üçün seçilir. Çünki İçərişəhərdə olan dar və yoxuşlu küçələrdən keçir və bu, bizim trası daha özəl edir. Təbii ki, o hissəni keçdikdən sonra, bolidlər Prezident Administrasiyası yanından sürətlə aşağı enir və "Azneft" dairəsi istiqamətində sürət yığmağa başlayır. Bizim hesablamalarımıza görə, bolidlər, təxmini, saatda 340 kilometrə qədər sürət yığa biləcək. Bütün bunlar həm pilotlar, həm də izləyicilər üçün yarış trekini maraqlı edəcək.
Hava şəraiti yaddan çıxmayıb. Küləyin sürəti çox vacibdir. Maşınların texnikləri bunu nəzərə almalıdırlar. Çünki xüsusi bolidlər hərəkət etdiyi zaman külək arxadan vuracaq, bolidləri önə itələyəcək və beləliklə, Yerin cazibə qüvvəsi zəifləyəcək. Düzdür, bu, yarışı daha çətin edir, ancaq düşünürəm, bu çətinlik yarışı daha da maraqlı və həyəcanlı edəcək. Üstəlik, Bakı Qran-Prisində iştirak edəcək pilotlar dünyanın ən yaxşılarıdır, ona görə də bunun öhdəsindən gəlməlidirlər".
Artıq Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FGA) Avropa Qran-Prisinin keçirilmə vaxtını təsdiqləyib. Bakı Qran-Prisi iyun ayının 19-u keçiriləcək. Rəsmi məlumatda deyilir ki, Bakıda keçiriləcək "Formula 1" ("F-1") üzrə Avropa Qran-Prisi ilə əlaqədar paytaxtda asfalt örtüyünün qalınlığı 8 sm-ə dəyişiləcək. Asfalt örtüyünün qalınlığının dəyişdirilməsi Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbi olduğu üçün qaydalara əməl olunması mütləqdir. Bununla bağlı bəzi yerlərdə səkilər qısaldılacaq, bəzi yerlərdə isə işıq dirəklərinin yerləri dəyişəcək.
Mötəbər yarışı izləmək üçün Azərbaycana çoxlu sayda turist və xarici media nümayəndələrinin gələcəyi gözlənilir. Bakıdakı yarışın vaxtı həmin gün Fransada baş tutacaq 24 saatlıq Le Man yarışının finişinə uyğun irəli çəkiləcək. Xatırladaq ki, mövsümün gedişində mərhələlərin maksimum sayı 20-dən 21-ə artırılıb. Bu qərar bizim üçün çox önəmli idi, çünki XXI yarış məhz bizim ölkəmizdə debüt edəcək Avropa Qran-Prisi idi.
MƏSLƏHƏT GÖR: