TƏBİƏTİN BAKİRƏ GUŞƏSİ
Vyetnamın Fukuok adasında turizm özünün intibah dövrünü yaşayır
Müəllif: Namiq Mayılov Bakı-Fukuok-Bakı
Vyetnam hökumətinin turistlər üçün vizanı ləğv etməsini xəbər vermişdik. Bu ölkəyə vizasız gediş-gəliş gələn ildən qüvvəyə minir. Lakin artıq indi Vyetnamın elə bir guşəsi var ki, orada düz yarım ay qalmaq üçün heç bir viza tələb olunmur. Yeni İli isti Siam körfəzinin sahillərində qarşılamaq üçün əla fürsətdir.
Fukuok adasına həm birbaşa, həm də tranzitlə Vyetnamın hava limanlarından uçmaq mümkündür. Bizim media-qrupun Vyetnamın cənub paytaxtı sayılan Hoşimin şəhərindən adaya uçması cəmi bir saat çəkdi.
"Bəxtiniz gətirib..."
Adada bizi leysan yağışı "qarşıladı" və burada təəccüblü heç nə yoxdur. Yağmurlu hava bu yerlərdə adi haldır. Lakin bu, o demək deyil ki, yağış bütün günü davam edəcək. Cəmi bir neçə dəqiqə içində buludların arxasından günəş də boylana bilər və siz çox rahat çimərliyə yollana bilərsiniz. Hərçənd, əgər tətili dəniz kənarında keçirmək istəyirsinizsə, Fukuok adasına noyabrdan-aprelə qədər gəlməniz məsləhətdir. Nə qədər qəribə səslənsə də, bunu yanvar-fevral aylarında etsəniz, daha yaxşı olar. Doğrudur, təqvimdə bu aylar qış sayılır, Fukuok adasında isə əsl yay hökm sürür.
"Bəxtiniz gətirib. Yağış yağırsa, deməli, ada sizin gəlişinizə şaddır", - deyə hava limanında bizi qarşılayan "HG Travel" Turizm Şirkətinin bələdçisi bildirdi. Qonaqpərvər vyetnamlı yağışın bizi bir qədər məyus etdiyini görüb, zarafatlaşmağa çalışırdı. Eyni zamanda, o vurğuladı ki, Vyetnam yağıntı sarıdan korluq çəkməsə də, qədimdən bu yerlərdə yağış xeyir-bərəkət rəmzi kimi qəbul olunur və əgər siz özünüzlə yağış "gətirmisinizsə", deməli, buraya xoş niyyətlə gəlmisiniz. Xoş məramdan söz düşmüşkən, "Fukuok çox müharibəyə meydan olub və bu da insanların inanclarında öz izini buraxıb", - deyə bələdçi izah etdi.
Müharibələrdən yetərincə əziyyət çəkmiş ada sakinləri bugünkü dinc həyatlarının qədrini bilməyə çalışırlar. Hələ üç əsr bundan əvvəl Fukuok Kambocaya məxsus olub, onun süqutundan sonra isə Vyetnama keçib. Sonradan Kambocanın vaxtaşırı adanı geri qaytarmaq cəhdləri nəticə verməyib.
Fransa müstəmləkəçiliyi və Vyetnam müharibəsi zamanı isə fransız və amerikalılar bu adadan siyasi məhbus və hərbi əsirlər uçün düşərgə qismində istifadə ediblər. Bu gün də adada muzey kimi saxlanılan həbsxana o illərin dəhşətlərindən xəbər verir.
Bizim muzey-həbsxanaya getməyə vaxtımız çatmadı - proqram o qədər sıx və maraqlı idi ki, hər yerdə nəzərdə tutulduğundan artıq ləngiyirdik. Əvəzində, bələdçimiz bizi başqa görməli yerə - yerli büt məbədinə apardı. Bəxtimiz burada da gətirdi. Adətən, turistlərdən yan qaçan məbəd kahini azərbaycanlı jurnalistləri nəinki özü qarşıladı, hətta şəklini çəkməyimizə belə etiraz etmədi. Hərçənd, nə qədər çalışsaq da, onun üzündə bir hiss tuta bilmədik. Elə hey, bir nöqtəyə baxırdı. Onun uzaq ölkədən gəlmiş qonaqlara şad olduğuna yalnız ümid edə bilərdik.
Fukuok iqtisadiyyatının üç sütunu
Fukuok adasında sizi mütləq acı bibər plantasiyasına aparacaqlar. Axı, Vyetnam dünyanın ən böyük qara bibər ixracatçısıdır. Bu məhsul Fukuok iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Yəqin ki, hamımız qara və məxməriətirli bibər görmüşük. Vyetnamda isə biz ilk dəfə olaraq onun necə becərildiyini gördük. Hərçənd burada sirli bir şey də yoxdur - adi bitkidir. Yaşıl hündür kollardan salxımla asılmış bibər dənələri üzüm salxımlarını xatırladır.
Fermanın yanında kiçik mağaza da fəaliyyət göstərir. Burada siz bibər və ondan hazırlanmış müxtəlif ədviyyatlar ala bilərsiniz. "Braziliyanı kofesinə görə tanıyırlarsa, Fukuok da qara bibəri ilə məşhurdur", - deyən bələdçimiz fəxrlə bu ədviyyatın faydalı cəhətlərini sadalayırdı. Lakin bu, son deyildi...
Ada sakinlərinin başqa bir gəlir mənbəyi də təbii ki, balıqçılıqdır. Onlar balıq və müxtəlif dəniz canlılarını tutur, ən əsası, Vyetnamda çox məşhur olan balıq sousu istehsal edirər. Fukuok sakinləri bunu dünyanın ən dadlı sousu hesab edirlər. Onlar bu ixtiraları ilə fəxr edir və mütləq xarici turistlərin səfər proqramına həmin sousu istehsal edən müəssisə ilə tanışlığı daxil edirlər. Bu müəssisəyə biz də baş çəkdik, lakin sousun dadına baxası olmadıq, çünki onun qıcqırdıldığı böyük çəlləklərdən bizə yad olan, çox spesifik qoxu gəlirdi.
Spesifik demişkən, adaya özəllik verən məhsulların siyahısı bununla bitmir. Onların arasında məşhur Vyetnam mirvarisi var. 1998-ci ildə yaradılmış bu mirvari istehsalı ferması turistlər arasında da çox populyardır. Burada sizə mirvarinin süni və təbii şəraitdə yetişdirilmə üsullarını nümayiş etdirəcəklər. Ən əsası, fermada əsl okean mirvarisini birinci əldən almaq imkanı əldə edəcəksiniz.
Bir sözlə, balıqçılıq, bibər və mirvari istehsalı Fukuok iqtisadiyyatının tarixən əsaslandığı ənənəvi sahələrdir. Lakin Vyetnam hökuməti bu sahələrin bilavasitə verdiyi gəlirlə kifayətlənmir və onlardan həm də bu əsrarəngiz diyara turistləri cəlb etmək üçün istifadə edir.
Çimərliklər, dağlar və mərcan adaları
Gözəl təbiət, qızılqumlu çimərliklər, təmiz və şəffaf dəniz və digər özəlliklər buraya həm Vyetnamın özündən, həm də xaricdən böyük turist axını cəlb edir. Ada Avropa, son vaxtlar isə həm də Rusiya turistləri arasında xüsusi populyarlıq qazanıb.
Fukuoku turistlər üçün maraqlı edən həm də onun insan əli ilə korlanmamış çimərlikləridir. Vyetnamda əminlirlər ki, dünyanın ən təmiz və gözəl çimərlikləri məhz buradadır.
Burada tropik günəş şüalarının altında dincəlməklə yanaşı, Sakit okeanın zəngin sualtı dünyası ilə də tanış olmaq olar. Təmiz okean suyu, al-əlvan sualtı dünya və mərcan adaları Fukuoku dayvinq həvəskarları üçün əvəzedilməz məkana çevirib.
Başgicəlləndirən dəniz görüntüləri ilə yanaşı, Fukuok həm də özünün o qədər də hündür olmayan, lakin çoxmənzərəli dağları ilə məşhurdur. Adanı təsadüfən "99 dağ adası" adlandırmırlar ki. Elə buradaca yerli təbiətin bütün gözəlliklərini seyr etməyə imkan verən Milli Park yaradılıb. Çimərlikdəki passiv istirahəti dağa qalxmaq və ya meşəyə, çay və şəlalə kənarına səfər etməklə daha da maraqlı etmək olar.
Vyetnamın ən böyük adası olan Fukuok son illərədək turistlər üçün əlçatmaz idi. Lakin bu gün adanın turizm infrastrukturu özünün intibah dövrünü yaşayır. Düz, üç il əvvəl, 2012-ci ilin dekabrında burada ildə 7 milyon sərnişinə xidmət etmək imkanında olan beynəlxalq hava limanı istifadəyə verilib. Hazırda adada otellər və restoranlar tikilir, yollar salınır. Bu yaxınlarda isə Fukuokun özünün safari parkı olacaq. Vyetnamın milli turizm administrasiyasında deyirlər ki, bu, dünyada ikinci böyük park-safari olacaq. Burada əmindirlər ki, artıq önümüzdəki illərdə təbiətin bu bakirə guşəsinə üz tutan turistlərin sayı dəfələrlə artacaq.
MƏSLƏHƏT GÖR:










574

