24 Noyabr 2024

Bazar, 13:37

DƏMİR YOLU İNTEQRASİYASI

Azərbaycan "İpək Yolu" və "Şimal-Cənub" dəhlizlərinin infrastrukturunu yaratmaqla aparıcı nəqliyyat habı statusu əldə edəcək

Müəllif:

15.12.2015

Xəzəryanı regionun əsas tranzit mərkəzi olaraq, Azərbaycan coğrafi mövqeyinin üstünlüklərindən istifadə etmək üçün maksimum səy göstərir. "İpək Yolu" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin reallaşdırılması çərçivəsində yükdaşımaların dəfələrlə artımını nəzərdə tutan müasir liman və dəmir yolu infrastrukturu formalaşır. Nəqliyyat marşrutlarının şaxələnmə prosesi məntiqi sonuna yaxınlaşır: gələn il Bakı-Tiflis-Qars polad magistralı işə düşəcək, bu günlərdə isə Prezident İlham Əliyev "Şimal-Cənub" Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Son illər Azərbaycan və onun region üzrə tərəfdaşları dəmir yolu və liman infrastruktrunun, həmzinin Trans-Xəzər Nəqliyyat Dəhlizinin (TND) yaradılması layihəsi çərzivəsində logistika bazasının inkişafına bir neçə milyard dollar sərmayə yatırıblar. TND yüklərin Çin və Avropa arasında, əsasən, nəqlini nəzərdə tutur. Xüsusilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Böyük Kəsik mənzilində polad magistralın 317 km yolunun əsaslı təmiri layihəsinə yatırımlarını deməsək, Azərbaycan "İpək Yolu" - Bakı-Tiflis-Qars magistralı layihəsinin mühüm komponentinin əsas donoru kimi çıxış edib. TND dəhlizinin infrastruktur şəraitinin təşəkkül tapmasında Ələt qəsəbəsində "Yeni Bakı" limanı obyektlərinin tikintisi də az rol oynamayıb. 

"Azərbaycanın dəmir yolu və liman infrastrukturunun bu qədər kapitallaşdırılması tamamilə haqlı qərardır", - "Kazakstan Temir Jolı" Səhmdar Cəmiyyətinin prezidenti Əskər Mamin hesab edir.

Onun sözlərinə görə, Çin və Avropa arasında tranzit trafikin artımı, habelə Cənubi Qafqaz, Türkiyə və "Köhnə Dünya" arasında ticarətin genişlənməsi hesabına, Azərbaycanda infrastruktur yatırımlarına çəkilən xərcin çıxarılması dövrünü xeyli sürətləndirmək mümkün olacaq.

2020-ci ilə qədər Azərbaycan ərazisindən tranzit yükdaşımaların potensialının ildə 600-700 mln. dollara çatması gözlənilir. Əlavə olaraq yüklərin multimodal aşırma logistikası hər il, təxminən, 300 min konteynerin emal olunmasını təmin edəcək. 

Trans-Xəzər nəqliyyat dəhlizinin səmərəliliyinin təmin olunmasında mühüm rolu 2016-cı ildə BTQ polad magistralının işə düşməsi oynayacaq. Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə BTQ-nın buraxılış qabiliyyəti 1 mln. sərnişin və 6,5 mln ton yük olacaq. Trafikin qızğın vaxtlarda həcmi isə ümumiyyətlə, ildə 17 mln. ton qiymətləndirilir. 

"İpək Yolu" nəqliyyat layihələrində ölkələrin iştirakı coğrafi yerləşmənin hez də yeganə üstünlüyü deyil. 2005-ci ildən Azərbaycan daha bir iri transmilli quru-dəniz dəhlizi (QDD) - "Şimal-Cənub"un yaradılması prosesində sanballı tərəfdaşdır. 15 il əvvəl bu layihənin təşəbbüskarları - Rusiya, İran və Hindistanın dəmir yolları administrasiyaları uzunluğu 7 200 km olan birbaşa dəmir yolunun yaradılması haqqında razılığa gəliblər. Belə ki, bu layihə Baltik dənizinin limanlarından Fars körfəzi və Hind okeanı limanlarına qədər ərazini əhatələyir. Bu dəhlizin bir hissəsini Azərbaycan dəmir yolları təşkil edəcək. 

Xüsusən, son 5 ildə keçən çoxsaylı danışıqların gedişində, Azərbaycan, Rusiya və İran dəmir yolları rəhbərləri Moskvada baş ofis və Bakı və Tehranda iki filialı olmaqla, birgə müəssisə (BM) yaratmaq qərarına gəldilər. BM-in birincinövbəli vəzifələri sırasında biznes-plan hazırlanması, xarici maliyyənin cəlb olunması və Qəzvin-Rəşt-Astara 365 km-lik mənzilin tikintisi qeyd edilirdi. Lakin 7 il əvvəl tətbiq edilmiş beynəlxalq sanksiyalar rejimi "Şimal-Cənub" layihəsinin reallaşdırılmasını uzun müddətə donduraraq, İranın investisiya fəallığını xeyli aşağı saldı. Digər tərəfdən, Qəzvin-Rəşt-Astara mənzilinin tikintisində ləngimələr İİR-nin başqa, təyinatına görə analoji regional təşəbbüsdə fəal iştirakı ilə az bağlı deyil. Söhbət Mərkəzi Asiya dövlətləri ilə "Şimal-Cənub" Dəmir Yolu Dəhlizinin alternativ variantından gedir. 2009-cu ilin sonundan Qazaxıstan, Türkmənistan və İran tərəfindən başlanan işlər bu yaxınlarda yekunlaşıb. Bu layihə çərçivəsində Uzen-Kızılkaya-Bereket-Ertek-Qorqan əhali məskunlşan məntəqələr arasında 650 km-lik dəmir yolu xətti çəkilib. Qazaxıstanın ərazisindən keçən xətt "Rusiya Dəmir Yolları" şəbəkəsi ilə birləşdiriləcək. 

Lakin "Şimal-Cənub" Dəhlizinin qərb qolu (Rusiya-Azərbaycan-İran dəmir yolu trası) əvvəlki kimi özünün əsas üstünlüyünü - Mərkəzi Asiya marşrutları ilə müqayisədə iki dəfə az uzunluğa malik olmasını qoruyub-saxlayıb. Bu, əlbəttə ki, yüklərin çatdırılma vaxtlarına müsbət təsir edir. Bundan başqa, Mərkəzi Asiyanın tranzit dövlətləri, İran və Rusiya arasında tariflərin, gömrük və sərhəd qanunvericilik bazasının unifikasiya prosesinə dair hələ də çətin razılaşmalar davam edir. Cari ildə, nəhayət ki, İranın nüvə proqramına dair tarixi razılaşma əldə olundu. Müvafiq olaraq, ABŞ və Avropa İslam Respublikasının üzərindən uzunillik sanksiyaların yükünü qaldırmağa dair hazırlıqlarını ifadə etdilər. Bu sanksiyalara bir çox başqa məqamlarla bərabər, "Şimal-Cənub" layihəsinin reallaşdırılmasındakı "yaşıl semafor" da daxil idi. Bu obyektiv faktorlara görə, Rusiya-Azərbaycan-İran həll edilməmiş bütün məsələləri razılaşdırdılar və BND-nin tikinti prosesi yeni impuls əldə etdi. 

"Sanksiyaların götürülməsi xarici maliyyə cəlb etməyə və "Şimal-Cənub" dəmir yolu layihəsinin reallaşdırılmasını sürətləndirəcək: yaxın bir-iki ildə dəhlizin qalan 160 km hissəsi tikilib-qurtaracaq və Astara sərhədi yaxınlığında relslər birləşəcək", - İran-Azərbaycan hökumətlərarası komissiyası katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib. Yeri gəlmişkən, konsorsium və beynəlxalq məhdudiyyətlər rejiminə dair yekun razılaşmanın olmamasına baxmayaraq, bütün son illərdə İranın dəmir yolu qurumu Qəzvindən Astaraya qədər mənzildə tikinti işlərinin üçdəikisini müstəqil şəkidə reallaşdırırdı. Bu mənzil son dərəcə mürəkkəb dağlıq landşaftdan keçir və burada planlaşdırılmış 22 tunel və 15 dəmir yolu körpüsünün böyük hissəsi artıq tikilib.

Yaranmış şərtlərdə "polad magistral" seqmentinin tikintisinin sürətlənməsi üçün Azərbaycanı qarşıda səy göstərməsi gözləyir. Rusiya artıq çoxdan 511 km-lik Yalama-Astara Azərbaycan dəmir yolu xətti ilə birləşdirilib. Onun böyük hissəsi elektrikləşdirilib və ikixətlidir. Azərbaycana ölkədə relslər salmaq və Astara stansiyasından 8,5 km uzunluğunda olan mənzildə dəmir yolu yaratmaq və Astara sərhəd çayı üzərindən 85 m uzunluğunda dəmir yolu körpüsünün tikintisi qalır. Bu tapşırığın tezliklə həll edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin işlərinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Bununla əlaqədar dövlət başçısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair əməkdaşlıq barədə çərçivə sazişinin, habelə dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında ikitərəfli müqavilənin layihələrinin razılaşdırılmasını həvalə edib. Öz növbəsində, ADY-ə Astaradan İranın dövlət sərhədinə qədər dəmir yolu xəttinin layihələndirilməsi və həyata keçirilməsi, Nazirlər Kabinetinə isə bu layihəyə torpaq ayırmaq tapşırılıb. Layihənin reallaşma prosesində Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə də gömrük və sərhəd infrastrukturunun yaradılmasının təmini həvalə edilib. 

Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakının üstünlükləri danılmazdır: relslərin çəkilməsi və sərhədyanı infrastrukturun yaradılması üçün zəruri olan maliyyə vəsaitlərinin cüzi həcmi yatırımların xərcini ən qısa zamanda çıxarmağa imkan verəcək. Bundan başqa, "Şimal-Cənub" maşrutunun istismara verilməsi ilə ölkə ərazisindən yük dövriyyəsinin artıq ilk mərhələdə 6 mln. tona, gələcəkdə isə 15-20 mln. tona çatdırılması proqnozlaşdırılır.

Bu şəkildə, "İpək yolu" və "Şimal-Cənub" dəhlizlərinin dəmir yolu-liman infrastrukturunu yaradaraq, artıq yaxın bir-iki ildə Azərbaycan aparıcı regional nəqliyyat mərkəzi statusuna yiyələnəcək. Amma ölkənin nəqliyyat potensialına yükdaşıyıcların maksimal dərəcədə böyük həcminin cəlb olunması razılaşdırılmış qiymət siyasətinin yaradılması, nəqliyyatın dəniz və quru növlərinin fəaliyyətinin koordinasiyası üzrə kompleks tədbirlərin görülməsini tələb edir. 

Bu məqsədlə, cari ilin oktyabr ayında dövlət başçısının fərmanı ilə Azərbaycanda Tranzit Daşımaları üzrə Koordinasiya Şurası (TDKŞ) yaradıldı. İqtisadiyyat və Sənaye Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən struktur kommersiya cəlbediciliyini təmin etməli və ölkə ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətini artırmalıdır. TDKŞ-yə, həmçinin mövcud infrastruktur obyektlərinin potensialından maksimum yararlanaraq, yeni tranzit imkanların yaradılması və əlavə yüklərin cəlb olunmasını təmin etmək tapşırılıb. Lakin Koordinasiya Şurasının daha mühüm vəzifəsi - keyfiyyətin yüksəldilməsini təmin etmək, inzibati prosedurları asanlaşdırmaq və yüklərin emalı müddətini azaltmaqdan ibarətdir. Fərmana əsasən, şuraya dəmir yolları, dəniz limanları və terminallar vasitəsilə yükaşırmaya dair vahid, çevik və şəffaf tarif siyasəti üçün şərait yaratmaq, sərhədkeçmə və yüklərin emalının vahid asanlaşdırılmış mexanizmlərini yaratmaq, habelə bu prosesə cəlb edilmiş profil təşkilatları, nəqliyyat və ekspeditor şirkətlərinin koordinasiyasını təmin etmək həvalə olunub. 

Qoyulmuş tapşırıqların həllinin optimallaşdırılması məqsədilə dövlət başçısı dəniz limanları və terminalların cəlb olunması ilə, yükdaşımaların dəmir yolları, dəniz nəqliyyatı ilə daşınması üçün tələb olunan bütün prosedur və inzibati mexanizmlərin "bir pəncərə" prinsipinə keçirilməsinə dair göstəriş verib. TDKŞ isə bu göstərişin reallaşdırılması üçün səlahiyyət verilmiş yeganə orqan kimi müəyyənləşdirilib. TDKŞ-nin noyabrda keçirilən ilk iclasında neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir və dəniz yolları ilə yükdaşıma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilib. Bununla belə, tranzit dəhlizlərdə əlavə yükdaşınmanın cəlb edilməsi üçün nəqliyyat və logistika xidmətləri göstərən subyektlər (ilk növbədə ADY və "Xəzər Dəniz Gəmiçiliyi") tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Bu məsələ ilə bağlı qərarı isə Koordinasiya Şurasının ekspertləri qəbul edə bilərlər. 

Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası dekabrın əvvəlində daha bir mühüm qərar qəbul etdi - Azərbaycandan Aktau (Qazaxıstan) limanına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı saldı. Eyni zamanda, dəniz yolu ilə bərədaşıma tarifləri də 20%-dək aşağı salınıb (2100 ABŞ dolları).

Ekspertlərin fikrincə, Koordinasiya Şurasının fəaliyyəti transsərhəd prosedurlarını asanlaşdıracaq və sürətləndirəcək, tarifləri vahid şəklə salacaq və bununla da Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin arasında tranzit axınının mühüm hissəsini tutmağa imkan verəcək. Gələcəkdə isə Rusiya, İran və Hindistan arasında yükaşırma həcmini artıracaq.



MƏSLƏHƏT GÖR:

601