24 Noyabr 2024

Bazar, 14:59

BİR KARTEL VARDI...

OPEC, faktiki olaraq, dünya bazarında neftin qiymətinin tənzimlənməsi funksiyasından əl çəkib

Müəllif:

15.12.2015

OPEC-in son iclasından sonra, analitiklərin qurumun "intihar" etdiyinə, neftin qiymətinə təsir imkanlarını tam itirdiyinə dair çoxsaylı bəyanatlarına baxmayaraq, məhz onun hasilat kvotasını sərbəst buraxmaq haqqında qərarı dünya birjalarında qiymətlərin, az qala, rekord həddə ucuzlaşmasına yol açdı. "Qırmızı xətti" (1 barel = 40 dollar) keçən neft qiymətləri 2009-cu ildən bəri yeni antirekord müəyyənləşdirdi. 

Yəni, bazarda vəziyyəti dəyişməkdə gücsüz olduğunu etiraf edən OPEC, faktiki olaraq, qiymət amilinə təsirini mənfi mənada da olsa, uğurla davam etdirib. Analitiklər isə bu dəyişikliyin, ilk növbədə, neft gəlirlərindən asılı olan OPEC üzvlərinin özünə ziyan olduğunu deyirlər. Lakin belə görünür ki, daxili dövlət xərclərinin ciddi şəkildə azalması təhlükəsi belə, kartelin əsas üzvlərini kvotanın azaldılması ilə bağlı ciddi qərarın qəbuluna sövq edə  bilmir.

"OPEC-in iclası sanki bir faciə idi", - deyən Qərb ekspertlərindən birinin toplantıya verdiyi bu lakonik rəy son iclasdan sonra neft bazarında yaranmış qarışıqlıq və xaosu kifayət qədər aydın xarakterizə edir. OPEC nə edib?  Əslində o, sadəcə, ölkələrin istədikləri qədər neft istehsal etmək hüququnu təsdiqləyib. Düzdür, "Bloomberg" əvvəlcədən dövriyyəyə belə bir xəbər buraxmışdı ki, guya, bu, rəsmən kvotaların artırılması demək deyil. Lakin OPEC-in faktiki hasilat həcmi artıq aylardır rəsmi bəyan olunmuş göstəricini (sutkada 30 milyon barel), ən azı, 1,5 milyon barel üstələyir. 

Əslində, İndoneziyanın kartelə qoşulduğunu nəzərə alsaq, belə qərarın qəbulu məntiqli olardı. Məsələ ondadır ki, İndoneziyanın gəlişi ilə kartelin ümumi hasilat həcmi sutkada 900 min barel artıb. Lakin qurumun 4 dekabrda keçirilmiş iclasının yekunlarına dair bəyanatda bildirilir ki, kartelin ümumi kvotası Cakartaya aid deyil.

Artıq qeyd edildiyi kimi, OPEC-in son qərarı bazara çox "baha" başa gəlib. Nəticədə, ilk dəfədir ki, 1997-1998-ci illərdə yaranmış vəziyyətin təkrarlana biləcəyinə dair fikirlər yaranıb. Xatırladaq ki, həmin illərdə bir çəllək neft 10 dollardan da ucuz idi. Artıq dünyanın əsas neft istehsalçıları İranın da bazara qayıtması ilə "qara qızıl"ın 1 barelinin 20 dollaradək ucuzlaşa biləcəyini deyirlər. "İndi rəqəm söyləmək mümkün deyil. Çünki İranın bazara nə vaxt qayıdacağını bilmirik", - deyə OPEC-in baş katibi Abdalla əl-Badri iclasdan sonra verdiyi açıqlamasında bildirib. Qeyd edək ki, İran bazara birdən-birə sutkada 500 min barel neftlə qayıtmağı düşünür. İranlı məmurların sözlərinə görə, daha sonra bu həcm 1 milyon barelədək artırılacaq.

Kartelin son əməllərini şərh edən analitiklərin fikrincə, qurumun bazar qarşısında gücsüzlüyünü etiraf etməsi OPEC-in ölümü deməkdir. "Faktiki olaraq, OPEC artıq mövcud deyil. Əsas məqsədinin neft həcmini tənzimləmək olduğu təşkilat bunu bacarmırsa, o, kimə gərəkdir?" - deyə müstəqil birja analitiki Ştefan Xaybel bildirir.

Bundan başqa, indi gündəmdə bir məsələ də var: ümumiyyətlə, OPEC karteldir, yoxsa hər bir ölkənin özünə sərf edən qərarı dəstəklədiyi siyasi klub? "OPEC kartel olsaydı, yeni üzvlərindən daha az neft çıxarmalarını, yaxud ən azı, hasilatı asta-asta artırmalarını tələb edərdi. Lakin nə belə tələb var, nə də yeni üzvlərin özləri buna gedirlər", - deyə Qərb ekspertlərindən biri qeyd edib.

Bundan başqa, təşkilatın üzvləri, ən azı, hasilat həcmini müəyyənləşdirilmiş həddə saxlamalı idilər. Bunun əvəzində onlar 96% halda həddi aşıblar və nəticədə, OPEC 2012-ci ildə ölkələrə kvota müəyyənləşdirməkdən tam imtina edib. Nəhayət, kartel üzvləri, heç olmasa, hasilatı artırmamalı idilər. Axı bu, qiymət artımına nail olmaq üçün onların əsas alətidir. Lakin onlar yenə də fərqli mövqe nümayiş etdiriblər.

Analitiklər hesab edirlər ki, OPEC haqqında kartel mifi, sadəcə, ona görə davam edir ki, bu, təşkilatın özünə sərf edir. Reallıqda isə o, çoxdan siyasi kluba çevrilib. Onun 2009-cu ildə üzvlükdən kənarlaşdırdığı İndoneziyanı yenidən sıralarına qaytarması bununla izah olunur. Məsələ ondadır ki, İndoneziyada neft istehlakı, demək olar ki, istehsal həcminə bərabərdir. Demək, onu nəhəng ixracatçı saymaq olmaz. Bu səbəbdən, apriori onun neftin bahalaşmasına da ehtiyacı yoxdur. Əvəzində, İndoneziyaya Fars körfəzindən olan neft şirkətləri ilə əlverişli müqavilələr imzalamaq üçün OPEC-in iclaslarında iştirak etmək lazımdır. Təşkilat üçün isə İndoneziyanın üzvlüyü yalnız uzunmüddətli perspektiv üçün məna kəsb edir. Çünki OPEC-in əksər ölkələrində hasilatın artırılması imkanları ya yoxdur, ya da çox baha başa gəlir. Digər yandan, OPEC-in yeni bazarlara ehtiyacı var. İndoneziya isə ölkəyə xarici investisiyalar cəlb etmək üçün əlindən gələni edir. İndiki halda kartel hər kəsin nəzərinə bir məqamı çatdırıb - İndoneziya bazarı OPEC-in bazarıdır və demək, orada məhz kartel üzvləri fəaliyyət göstərə  bilər.

OPEC bazarı real olaraq idarə edə bilsəydi, üzvlərinin iqtiadiyyatı bu qədər ağır duruma düşməzdi. Nəhəng maliyyə ehtiyatları olan Səudiyyə Ərəbistanı belə, artıq daxili yanacaq subsidiyalarının (bu, ona çox baha başa gəlir) azaldılmasına yönəlmiş yeni iqtisadi kurs haqqında düşünür. İndi Ər-Riyad büdcə kəsrinin aradan qaldırılması üçün yeni dövlət istiqrazları buraxmaq imkanlarını nəzərdən keçirir.

Əsas həyəcan təbili çalanlar isə Venesuela, Liviya, Əlcəzair və Anqoladır. Onlar neftin qiymətinin qaldırılması üçün hasilatın azaldılmasının vacibliyini durmadan təkrar edirər. Bu ölkələrdə hesab edirlər ki, onların üzləşdikləri iqtisadi problemləri yalnız bu yolla aradan qaldırmaq olar. Analitiklər isə bu qənaətdədirlər ki, elə həmin Səudiyyə Ərəbistanının "səyləri" nəticəsində, bazarda tezliklə sabitlik yaranacağını gözləmək olmaz. "Nə qədər ki, ABŞ-da şist qazı hasilatı ilə məşğul olan şirkətlər arasında müflislik başlamayacaq, qiymətlər ucuzlaşmaqda davam edəcək", - deyə müstəqil birja analitiki Ştefan Xaybel bildirir. "Commerzbank" xammal bazarları üzrə analitik təşkilata rəhbərlik edən Oyqen Vaynberq isə hesab edir ki, Səudiyyə Ərəbistanı və çox sayda analitiklər həmin şirkətlərin ucuz qiymətlər dövrünə uyğunlaşma imkanlarını doğru qiymətləndirməyiblər: "Onlar bir quyuda istehsal həcmini praktiki olaraq 0,5 milyon barelədək artıraraq quyunun rentabelliyini yüksəldiblər. Neftin 1 barelinin 40 dollar olacağı halda, şist qazı hasilatının azalmayacağını heç kəs gözləmirdi".

Digər yandan, OPEC üzvləri hasilat həcminin artırılmasına kartel üzvü olmayan ölkələrin də qoşulmasına israr edir. "Biz hasilatı təkbaşına azalda bilmərik", - deyə "The Wall Street Journal"ın məlumatına görə, OPEC üzvlərindən biri bildirib: "Bu prosesdə digər ölkələr də iştirak etməlidir".

İranın bazara gözlənilən qayıdışı ilə bağlı qeyri-müəyyənliyə gəlincə, hazırda o, iqtisadiyyatına neftin ucuzlaşmasından zərbə dəyən əsas ölkələrdən biridir. Odur ki, OPEC-in qərarı Tehranı heç də məmnun etmir. Analitiklərin hesablamalarına görə, İranın büdcə balansını qoruması üçün 1 barel neftin qiyməti 120-140 dollardan aşağı olmamalıdır. Bununla yanaşı, bu ölkənin hasilatı ciddi şəkildə azaltmağa razılıq verməyəcəyi aydındır. Tehran buna nə indi, nə də bazarın qapılarını onun üzünə açacağı dövrdə gedəcək.

Beləliklə, əksər analitiklər düşünürlər ki, OPEC hazırkı strategiyasını davam etdirəcək. Bu isə qiymət trendinin istiqamətini artıma doğru dəyişəcəyinə ümid qoymur. Nə qədər ki, Səudiyyə Ərəbistanı və onu dəstəkləyən OPEC üzvləri sadalanan məqamlardan heç olmasa, biri üzrə istəyinə nail olmayacaq, vəziyyət bu cür davam edəcək. Yəni, faktiki olaraq, OPEC əsas rolundan - nüfuzlu üzv ölkələrin bazar maraqlarına uyğun qiymətin dəstəklənməsindən könüllü şəkildə imtina edir.

Bununla yanaşı, əgər tarixi inkişafın dövriliyinə inansaq, ekspertlər hesab elirlər ki, 1998-ci ildə olduğu kimi, bu dəfə də neft sənayesi böhrandan yenilənmiş, mifik Feniks quşu kimi, daha güclü çıxmalıdır. O zaman neftin 1 barelinin qiyməti 150 dollara yaxınlaşmışdı. Hazırda bu, gerçəkləşməsi mümkün olmayan arzu kimi görünür. Amma möcüzələr o zaman baş verir ki, ona inam olsun...

 

 

BİZİM ARAYIŞ

 

Neft ixracatçısı olan ölkələri özündə birləşdirən kartelin imici ilk dəfə 1973-cü ildə korlanmışdı. Buna səbəb ərəb-İsrail müharibəsinin gedişinə Qərbin İsraili dəstəkləməsinə cavab olaraq neft embarqosuna əl atılması idi. Qurumun sanksiyaları dünyada neftin qiymətinin 4 dəfə artmasına yol açmış, bundan ən çox zərəri isə Birəşmiş Ştatlar görmüşdü. Lakin o zaman belə, söhbət faktiki olaraq, daha çox hasilatın məhdudlaşdırılmasından yox, neft sektorunun Qərb şirkətlərinin nəzarətindən çıxarılmasına yönəlmiş birgə səylərdən  gedirdi . 



MƏSLƏHƏT GÖR:

559