13 Mart 2025

Cümə axşamı, 08:17

YAXIN ŞƏRQ QARŞIDURMASI BURULĞANINDA

Türkiyə İraqda bitmək bilməyən silahlı münaqişənin iştirakçısına çevrildi

Müəllif:

15.12.2015

Türkiyə Ordusunun İraqın şimalına girməsi ilə, deyəsən, böyük Yaxın Şərq qarşıdurmasında daha bir döyüş meydanı yaranıb. "Hər kəs hər kəsə qarşı" savaşının bürüdüyü Suriyadakı qanlı hadisələrlə sıx bağlı olan bu hadisə yalnız Türkiyənin deyil, digər maraqlı fövqəldövlətlərin də dünyanın ən "qaynar" regionundakı münaqişələrə yanaşmasını bir daha ortaya qoyub.

 

Ərdoğanın Başikaya hərbi yürüşü

Türkiyənin tank batalyonu İraqın Naynava əyalətinə girərək, Mosul yaxınlığında yerləşən Başika rayonundakı düşərgələrdə özünə mövqe seçib. Bu şəhər, tarixən, İraq və Suriyanın bir sıra rayonlarında yaşayan türkmən xalqının əsas mərkəzlərindən olub. Lakin ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra, Mosulda kürd hərəkatı güclənib və onlar ölkənin şimalında öz milli muxtariyyətlərini yaratmağa nail olublar. Yeri gəlmişkən, o zaman Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi Türkiyə qan qardaşları olan türkmənlərin müdafiəsi naminə İraqın şimalına girməyi lazım bilməmişdilər.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraqdan çıxmasından bir müddət sonra, Mosul "İslam Dövləti" (İD) terror təşkilatının nəzarətinə keçib. "İD" bu şəhəri öz mərkəzlərindən birinə çevirib. Ankara bu yaxınlarda İraqın şimalına daxil olmasını "İD" ilə mübarizə aparmaq niyyəti ilə əsaslandırıb. Daha doğrusu, Ankara orada "İD" yaraqlıları ilə mübarizə məqsədilə kürd dəstələrinə təlim keçən türk təlimatçılarının mühafizəsini vacib sayıb. Oxşar mövqeni İraqın Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani də Türkiyəyə səfəri zamanı dilə gətirib. "Türk hərbçilərinin Mosulda rotasiyası düzgün başa düşülməyib. Problem həddindən artıq şişirdilib. Türkiyə hərbçiləri ərəb könüllülərinə təlim keçirlər. Türkiyənin yüksəkrütbəli məmurlarından ibarət nümayəndə heyəti Bağdada bu mövzunun müzakirəsi üçün yollanıb. Biz heç bir halda suverenliyimizin pozulması ilə razılaşmayacağıq. Lakin biz "İD" ilə savaşırıq və dostlarımızın yardımına ehtiyacımız var. Bu iki məsələni qarışdırmaq lazım deyil. Məsələ yaxın zamanlarda həll olunacaq", - deyə Bərzani Türkiyənin Müdafiə naziri İsmət Yılmazla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, türk hərbçiləri İraqın şimalına ölkə rəhbərliyinin istəyi ilə yerləşdirilib. O, İraqın Baş naziri Heydər əl-Abadinin xahişinə istina edib. Lakin Bağdadın bu xahişinin üstündən, təxminən, 1 il keçir və bu müddətdə regionda çox şey dəyişib. Odur ki, İraq rəhbərliyinin Ankaranın bu əməlini kəskin şəkildə tənqid etməsi, "düşmənçilik" kimi qiymətləndirməsi heç də təəccüblü deyil. Rəsmi Bağdad Ankaranın bu addımını işğal saydığını, Türkiyə Ordusunun İraq ərazisinə ölkə rəhbərliyi ilə razılaşma olmadan girdiyini bəyan edib. İraqın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı BMT TŞ-nin daimi üzvlərinə də müraciət edib, Türkiyənin əməllərindən şikayətçi olduğunu bildirib. TŞ-də aparılmış qapalı müzakirələr isə Türkiyənin Şimali İraqa ordu yeritməsinin Ankaranın bütün qərbli müttəfiqləri üçün gözlənilməz olduğunu təsdiqləyib. Məsələyə ABŞ-ın münasibəti daha maraqlı olub. Vaşinqtonun mövqeyindən belə məlum olub ki, Türkiyə hərbi kontingentinin rotasiyasının beynəlxalq koalisiyanın "İD"yə qarşı apardığı mübarizə ilə heç bir əlaqəsi yoxdur.

Türkiyənin İraqın şimalındakı fəaliyyətini Rusiya da sərt tənqid edib. Moskva bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. Rusların məsələyə münasibəti göstərir ki, "Su-24"ün vurulması ilə pozulmuş Ankara-Moskva münasibətləri zaman keçdikcə daha da korlanır. Türkiyə Silahlı Qüvvələrinin son onillikdə İraq ərazisində dəfələrlə etdiyi müdaxilələri neytral qarşılamış Rusiya bu dəfə Ankaranın eyni addımına tam fərqli reaksiya verib. İndi Moskva hesab edir ki, Türkiyənin əməlləri beynəlxalq miqyaslı qanunsuzluqdur.

Bütün bunlarla yanaşı, Ankaranın əməllərində məntiqi ardıcıllıq var. Bu, onun Yaxın Şərqdə Türkiyənin sərhədləri boyunca yaşanmaqda olan münaqişələrə yanaşmasını ortaya qoyur. 

Söhbət Kürd Fəhlə Partiyası (PKK) tərəfindən gələn terror təhlükəsinin qarşısının alınmasıdır. Hər halda, PKK Türkiyənin milli təhlükəsizliyi üçün əməllərini dini radikalizm şüarları ilə gizlətməyə çalışan "İD" və digər terror təşkilatlarından daha çox təhdid yaradır. Türkiyə HHQ-nin PKK-nın İraqın şimalındakı mövqelərinə fasiləsiz zərbələr endirməsi də bunu göstərir. Əlbəttə ki, bu, Ankaranın "İD" ilə mübarizə aparan kürd döyüşçülərinə yardım göstərmək niyyəti ilə bağlı açıqlamalarına uyğun gəlmir.

Beləliklə, Türkiyənin İraq və Suriya ərazisindəki silahlı münaqişələrə yanaşması yalnız Rusiyanın deyil, böyük ölçüdə Qərbin də narazılığına səbəb olub. Almaniyanın nüfuzlu "Deutsche Wirtschafts Nachrichten" nəşrinin yaranmış vəziyyətlə bağlı yazdıqlarını təsadüf saymaq olmaz: İraqın şimalında Türkiyə qırıcılarının PKK-nın mövqelərini bombalaması ilə yaranmış çətin vəziyyət Yaxın Şərqdə yeni cəbhənin yaranması ilə nəticələnə bilər.

Bununla yanaşı, Ankaranın "İraq motivasiyası"nda daha bir fövqəladə əhəmiyyətli aspekt var. Rusiyanın "İD" və digər terrorçulara qarşı savaşa qoşulmasından sonra, Türkiyənin Suriyada nüfuzunu xeyli itirməsi Ankaranı hazırda kürd hərəkatının və dini ekstremistlərin əsas mərkəzlərindən birinə çevrilmiş Şimali İraqda daha fəal olmaq məcburiyyətində qoyub. Bununla yanaşı, görünən odur ki, türklər münaqişənin rəsmi Bağdadla qarşıdurma həddinədək inkişaf edə biləcəyini nəzərə almayıb. Artıq qeyd olunduğu kimi, İraq hökuməti Türkiyənin Şimali İraqdakı əməllərini qəti etirazla qarşılayıb. Amma gəlin görək, Bağdadın Ankara üçün daha bir düşmənmövqeli qonşunun yaranması ilə nəticələnə biləcək etirazı bu qədərmi gözlənilməz olub?

 

Ankara ilə Ər-Riyad arasında Suriya "haçalanması"

Türkiyə Yaxın Şərqdə müəyyən qlobal mərkəzlərin hegemonluğunun dəstəklənməsi məqsədilə yaradılmış idarəolunan xaosun burulğanına düşüb. Qərb KİV-in məlumatına görə, dünya güclərinin Türkiyəyə verdiyi rolun bir hissəsi onun İraqa çoxaylı quru qoşunlarının göndərilməsi ola bilər. Söhbət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və ABŞ qoşunlarının iştirak edəcəyi koalisiyadan gedir. Bu, xüsusilə Ankara ilə Ər-Riyad arasında yaxınlaşmanın göstəricisi sayıla bilər. Suriya böhranı bu yaxınlaşmanı daha aydın şəkidə ortaya qoyur. Yeri gəlmişkən, Suriya müxalifətinin Səudiyyə Ərəbistanında keçirilən və faktiki olaraq Əsədə qarşı olan sünni siyasi liderlərinin toplaşdığı konfrans Ərdoğanın illərdir, irəli sürdüyü tələbləri bir daha təsdiqləyib. Söhbət Suriyada mümkün "keçid dövrü"nün lap başında Əsədin istefasının vacibliyindən gedir. Əksər ekspertlər hesab edir ki, Ər-Riyad Ankaranın və digər müttəfiqlərinin dəstəyi ilə Suriya böhranını Əsədin əsas müttəfiqləri - Rusiya və İran olmadan çözməyə çalışır. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Abdel əl-Cübeyrin konfransı açan zaman səsləndirdiyi bəyanat da çox şeydən xəbər verir: "Ya Suriyada problem danışıqlar yolu ilə çözüləcək və Əsəd vəzifədən gedəcək, ya da münaqişə davam edəcək və məqsədə hərbi yolla nail olunacaq".

Beləliklə, Ər-Riyad faktiki olaraq, hədə səsləndirib: Əsəd siyasi səhnəni tərk etməklə bağlı tələblərə əməl etməyəcəksə, bu hədəfə nail olunması üçün Səudiyyə Ərəbistanının himayəsi altında olan vəhhabi qruplaşmalarından istifadə olunacaq. Söhbət Suriya ərazisində döyüşməkdə olan, müxtəlif məlumatlara görə, "Əl-Qaidə" və "İD" kimi təşkilatlarla əlaqəyə malik "Əhrar əş-Şam" kimi qruplaşmalardan gedir.

Bundan başqa, məsələn, Dəməşq Universitetinin professoru, politoloq Taleb İbrahim hesab edir ki, Səudiyyə Ərəbistanı konfransın keçirilməsi ilə "müxalifətçi qruplaşmaları terrorçu keçmişdən "qoparmağa", onları yeni keyfiyyətlə təqdim etməyə çalışır".

Bu yanaşma, əlbəttə ki, Suriya münaqişəsinin başqa yolla həllini istəyən, Əsədin "keçid dövrü"ndə iştirakını mümkün sayan qüvvələri qane edə bilməz. Söhbət, ilk növbədə, Rusiyadan gedir. Moskva Ər-Riyadda keçirilmiş konfransı "qeyri-məhsuldar addım" kimi qiymətləndirib. Ruslar bu fikri Səudiyyə Ərəbistanının, əslində, "mərhəmət göstərdiyi" müxalifətçiləri qəbul etməsi ilə əsaslandırıb.

Maraqlı dövlətlərin Suriyanın gələcəyi ilə bağlı bu qədər fərqli mövqeyə malik olması, nəinki, bu iztirablı ölkədə sülhə mane olur, həm də Türkiyə də daxil olmaqla, Suriya böhranına cəlb olunmuş tərəflər üçün ciddi risklər yaradır.



MƏSLƏHƏT GÖR:

576