13 Mart 2025

Cümə axşamı, 07:00

ERMƏNİSTAN PARLAMENTARİZMİNİN XÜSUSİYYƏTLƏRİ

Ermənistanda aparılan tərifli konstitusiya islahatları reallıqda hansı nəticələri verəcək?

Müəllif:

15.12.2015

"Dövlətin holdinq kimi idarə olunması" ifadəsi siyasi leksikona çoxdan daxil olub. Əslində o, əksər hallarda mənfi mənada işlədilmir. Əksər nüfuzlu ekspertlər haqlı olaraq düşünürlər ki, uğurlu "texnologiya"nın böyük biznesdən iqtisadiyatla daha sıx bağlı sahəyə - böyük siyasətə keçirilməsi "ənənəvi" siyasi üsulların işə yaramadığı anda çox işə yarayır. İndiyədək bir çox ölkələrdə "holdinq" prinsipi ilə həyata keçirilmiş bir sıra iqtisadi və siyasi islahatların uğurlu alındığına dair kifayət qədər nümunə var. Ekspertlər bir məqama da diqqət çəkir: nəhəng holdinqlərdə müxtəlif strukturlar olur - tədqiqat laboratoriyasından tutmuş, mass-mediaya, təhlükəsizlik xidmətinədək. Lakin onların heç də hamısı gəlir əldə etməyə yönəlməyib. Dövlət isə pulla davranmağı, dünya bazarlarında nələrisə satmağı, özünü uğurlu şəkidə reklam etməyi bacarmalıdır...

Amma eyni ekspertlər bir məqamı da vurğulayırlar: dövlətin çoxşaxəli holdinq kimi idarə olunması başqadır, ölkəyə "özəlləşdirimiş piştaxta" kimi baxmaq başqa. Hakimiyyətin var gücü ilə konstitusiya islahatları prosesini reallaşdırmağa çalışdığı bugünkü Ermənistanda isə məhz bu ssenari oynanılmaqdadır.

 

Ani əl hərəkəti ilə ölkə... nəyə çevrilir?

Ermənistanda konstitusiya dəyişikliklərinə dair dekabrın 6-da keçirilmiş referendumun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 50%-i iştirak edib. Seçki məntəqələrinə gəlmiş seçicilərin 63%-dən çoxu islahatların lehinə səs verib. Xatırladaq ki, prezident Serj Sarqsyanın təşəbbüsü olan konstitusiya islahatları, faktiki olaraq, Ermənistanın prezdient respublikasından parlament respublikasına çevrilməsini nəzərdə tutur. Yeni düzəndə prezident kürsüsü ləğv edilmir, lakin ona, sadəcə, təmsilçilik statusu verilir. Bundan başqa, prezident ümumxalq səsverməsi ilə deyil, deputatlar tərəfindən seçilir. Yeni konstitusiyaya görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır. Bir şəxsin bu postu yalnız bir dəfə tutmasına icazə verilir. Əsas idarəediciik səlahiyyətləri isə prezidentdən Baş nazirə və Nazirlər Kabinetinə keçir. İslahatlar layihəsində deyilir ki, hökumət icraedici hakimiyyətin ən yüksək orqanıdır, "daxili və xarici siyasəti o, müəyyənləşdirir və həyata keçirir".

Parlamentdəki çoxluq Baş nazir postuna namizədi irəli sürür, prezident isə sadəcə, formal olaraq, onu təsdiqləyir. Bundan sonra Baş nazir hökuməti formalaşdırır: o, yalnız parlament qarşısında məsuliyyət daşıyır. Yeni konstitusiyaya əsasən, müharibə baş verəcəyi təqdirdə, Ali Baş Komandan Prezident deyil, Baş nazir olacaq (dinc şəraitdə orduya Müdafiə naziri rəhbərlik edir).

İslahatlar Ermənistan parlamentinə də aiddir: indi orada 131 yox, 100 deputat olacaq və onlar yalnız partiya siyahısı ilə seçiləcəklər.

Kobud desək, Ermənistanda konstitusiya islahatları prosesi artıq 2 ildir davam edir. Bu, prezident respublikasından parlament respublikasına keçmiş (və ya keçən) yeganə postsovet ölkəsi deyil. Buna ən parlaq nümunə kimi, Gürcüstanın artıq sabiq prezidenti Mixail Saakaşvili tərəfindən düşünülmüş və həyata keçirilmiş Konstitusiya islahatlarını göstərmək olar. İlk baxışdan, məqsəd çox incə və problemsiz görünürdü: prezident kürsüsündə iki səlahiyyət müddətini başa vurmuş Saakaşvili hökumət başçısı kürsüsünə keçir və səlahiyyətlərin böyük hissəsini yenidən əlində saxlayır. Amma onun planı baş tutmadı: Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyası seçkini uduzdu. Lakin bu "siyasi texnologiya" qaldı.

İrəvanda əksəriyyət əmin idi ki, ölkədə hakimiyyət sisteminin dəyişdirilməsi niyyətini elan edən Serj Sarqsyan məhz bu ideyaya əsaslanıb. 2018-ci ildə onun ikinci prezidentlik müddəti başa çatır. Lakin o, hakimiyyətdən getmək istəmir. Üstəlik, iqtisadiyyatı, tədricən, ölməkdə olan Ermənistanda hakimiyyət, daha doğrusu, onunla əlaqəli sxem, əslində, yeganə gəlirli biznesdir.

Beləliklə, Ermənistanda "kollektiv ağıl" özünü göstərdi. Burada konstitusiya islahatları praktiki olaraq dərhal ikinciyə deyil, onuncu plana keçdi. İrəvanda əksəriyyət bildirirdi ki, hakimiyyətdəki miqyaslı "yerdəyişmə", əslində, hazırda Ermənistanın ehtiyacları sırasında ən sonuncu yerdədir: ölkədə səlahiyyətlərin Prezidentdən Baş nazirə ötürülməsinə deyil, siyasətdə və iqtisadiyyatda real islahatlara ehtiyac var. Radikal müxalifətin liderləri dərhal vətəndaşları küçələrə çıxmağa çağırıb, hakimiyyəti hər şeyi dağıtmaqda (etiraf edək ki, bu, reallıqdır) təqsirləndirib. Lakin müxalifət hakimiyyətə real müqavimət göstərə bilməyib.

Hökumət Ermənistanın Prezident respublikasından Parlament respublikasına çevrilməsi prosesini kifayət qədər əzmlə aparırdı. Əvvəlcə islahatlar layihəsi parlamentdə təsdiqləndi - hakim Respublikaçılar Partiyasının fraksiyası ilə yanaşı, guya, müxalifət olan "Daşnaksutyun" və "Çiçəklənən Ermənistan" da onu dəstəklədi. "İrs", Erməni Milli Konqresi fraksiyaları və "Orinas yerkir" fraksiyasından olan 2 deputat isə sənədin əleyhinə çıxdı. Lakin layihə tələb olunan sayda səs alaraq, xalqın müzakirəsinə çıxarıldı.

Doğrudur, Ermənistanda "təmiz" səsvermə keçirmək mümkün olmadı. Müxalifət referendum zamanı çoxsaylı saxtakarlıq hallarına yol verildiyini bildirir. Hətta şok sayıla biləcək hallar da olub: İrəvanın "Qraparak" qəzetinin yazdığına görə, Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə seçici siyahılarında Avetisyan ailəsinin üzvlərinin də adlarına rast gəlinib. Məlum olduğu kimi, bir müddət əvvəl rus hərbçisi Permyakov bu şəhərdəki hərbi bazadan qaçaraq, Avetisyan ailəsinin bütün üzvlərini qırıb. Bunu bəlkə də diqqətsizlik kimi qiymətləndirmək olardı. Lakin həyatda olmayan bu gümrülülərin soyadlarının qarşısında onların "səs verdikləri"ni göstərən işarə də qoyulubmuş. Amma sağ-salamat olan, lakin Ermənistanı tərk etmiş daha nə qədər belə seçicinin adının siyahılara salındığını təsəvvür etmək mümkündür. Mətbuatın Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyana istinadən verdiyi məlumata görə, seçki məntəqələrinin birində ərazi komissiyasının üzvünə kifayət qədər böyük məbləğdə rüşvət təklif olunub. Bunun müqabilində ondan birincisi, üzərində ad, soyad yazılmamış iki səlahiyyətli nümayəndə vəsiqəsi, ikincisi, təyin olunmuş vaxtda məntəqəni bir neçə saatlığına tərk etməsi istənilib.

Hər halda, ABŞ-ın Ermənistandakı səfirliyi dekabrın 6-da keçirilmiş referendumla bağlı bəyanatla çıxış edib. Amerikalı diplomatlar "Konstitusiya referendumunun dinc şəraitdə keçməsindən məmnunluqlarını" ifadə ediblər, onun "açıq debatlardan sonra keçirildiyini" vurğulayıblar. Bu "xoş sözlər"in ardınca isə "xoş olmayan fikirlər" yer alıb: Amerika səfirliyinin bəyanatında bildirilir ki, "yeni konstitusiya ölkənin idarəetmə sistemində ciddi dəyişiklikləri nəzərdə tutur. Bununla yanaşı, siyasi partiyaların və bitərəf müşahidəçilərin pozuntularla bağlı gerçək məlumatları narahatlıq yaradır. Erməni xalqının referendumun nəticələrinin legitimliyinə inanması üçün bütün bu məlumatlar dəqiqliklə araşdırılmalıdır".

Referenduma AŞPA da son dərəcə tənqidi münasibət bildirib. Halbuki, qurumun müşahidə missiyasına özünün qatı ermənipərəst mövqeyi ilə tanınan Andreas Qross başçılıq edib. Avropa Şurası təmsilçilərinin fikrincə, prosesdə seçici fəallığının xeyli aşağı olması, təxminən, 50% ölkədə referendumun siyasi maraqlarla keçirildiyini təsdiqləyir. Bundan başqa, islahatların əsas məqamı olan Prezident respublikasından Parlament respublikasına keçidə əksər vətəndaşlar hazırkı hakimiyyətin ömrünün uzadılması kimi baxır. Nəhayət, yekun rəydə deyildyi kimi, "2,5 il davam etmiş islahatlar prosesi natamam olub: mətnin müzakirəsi üçün parlamentə cəmi bir neçə həftə vaxt verilib, açıq debatlar cəmi 2 həftə davam edib və bu, konsensusun əldə olunması prosesini çətinləşdirib".

Bu gün ekspertlər Ermənistanda proseslərin referendumdan sonra necə inkişaf edəcəyinə dair suala qeyri-müəyyən cavablar verir. Müxalifət "isti-isti" izdihamlı etiraz aksiyaları təşkil edə bilməyib. Amma əksəriyyət hesab edir ki, hakimiyyətin qələbəni bayram etməsi tezdir. Üstəlik, yaşananlardan məğlub çıxan hansısa siyasi qruplaşma yox, bütünlükdə Sarqsyan klanının "özəl müəssisə"sinə çevrilmiş Ermənistan ola bilər.



MƏSLƏHƏT GÖR:

613