24 Dekabr 2024

Çərşənbə axşamı, 17:08

KİNOSSENARİÇİNİN PARADOKSU

Emil QULİYEV: "Azərbaycanlı kinematoqrafçılar klassikanı yada salmalı və xüsusi effektləri deyil, süjet xəttini qeyd etməlidirlər"

Müəllif:

22.12.2015

Hələ kiçik yaşlarından Emil Quliyev rejissor olmağı arzulayırdı. Gecələr televizorda kinolara baxar, gündüzlər isə atasından həvəskar kinokamerasını xahiş edərdi. O, epizodlar fikirləşər və dostlarını plyonkaya çəkərdi. Lakin məktəbi bitirəndə valideynlərinin yolu ilə getmək qərarına gəlir - DİN-in Moskva Universitetinin hüquq fakültəsinə daxil olur, hərçənd kinoya olan gizli ehtirası həmişə daxilində yaşayıb. "R+"a müsahibəsində gənc və istedadlı rejissor bildirib ki, "bir dəfə anladım ki, bu qarabasmadan artıq xilas ola bilmərəm və hüquqşünaslıqdan ayrılmadan, axır ki, özümü rejissorluqda sınamaq qərarına gəldim".

- Emil, bir dəfə hüquqşünaslıqla kinematoqraflıq arasında seçim etməli olsanız, hansını seçərdiz? 

- Niyə birini seçim ki? Əsas ixtisasıma görə mən müstəntiq, polis kapitanıyam. Və işimi sevirəm. Ailəmizdə bütün kişilər hüquq mühafizə orqanlarında işləyirlər. Sadəcə, artıq uşaqlıqda, daha sonra gənc vaxtlarımda artıq alüdə olmuş kinoman idim. Bundan başqa, Moskvada oxuyarkən, bütün boş vaxtlarımı kinoteatrlarda keçirirdim. Bir-birinin ardınca hər şeyə baxırdım: komediya, dram, döyüş, klassikaya. Kinematoqraf mənim üçün başqa bir həyata pəncərə idi: son dərəcə maraqlı, macəra, emosiyalar və hisslərlə bol. Bakıya qayıdanda, gecələr işdən sonra dəftərçəmdə ssenarilərin eskizlərini cızırdım: öz həyatımdan, tanışlarımın və dostlarımın həyatında maraqlı hadisələri yazırdım. Bir dəfə dostlarla görüşdə gənc azərbaycanlı rejissor Zaur Qasımlı ilə tanış oldum. Onunla söhbətləşdik və kinoya olan marağım haqda ona danışdım. Mənim dəftərçəmdən Zaur qısametrajlı filmin süjetini bəyəndi və ona ssenari yazmağı təklif etdi. Bircə günə bunun öhdəsindən gəldim. Ssenari müəllifi və prodüseri qismində çıxış etdiyim "İnkoqnito" filmi belə yarandı. Film "Vision" VII Beynəlxalq qısametrajlı və animasiya filmləri festivalı (Rusiya, Kemerovo), "Meters /Metrlər" (Rusiya, Tver) beynəlxalq gənclər qısametrajlı kino və animasiya festivalı və "Açıq səma altında kino" (Lvov, Ukrayna) festivalının müsabiqə proqramlarında təqdim edilib. 

- "İnkoqnito" filmi nə haqdadır?

- Süjetin əsasını həyatımdan olan real hadisə təşkil edir. Filmdə ritmik və monoton həyatdan bezən gənc Emiliyadan bəhs olunur. O, şahzadə və əsl sevginin xəyalını qurur. Bir dəfə qapısını naməlum biri döyür və qapının astanasında gül dəstəsi qoyur. Hekayənin sonu gözlənilməz və bir qədər də qarışıqdır. "İnkoqnito" filmi Kann kino festivalının "Qısametrajlı filmlər guşəsi" proqramına daxil edilib. Film Lvovda "Açıq səma altında kino" kinofestivalında izləyici rəğbəti mükafatına layiq görülüb. Mənə gəldikdə isə, film qurulanda qərara gəldim ki, uğursuz oldu və ssenarini daha yaxşı yaza bilərdim. Bir sözlə, nəticədən narazı qaldım...

- "Paradoks" qısametrajlı filminizi sosial şəbəkədə böyük tamaşaçı kütləsi izləyib... 

- Film heç bir hazırlıq və çoxsaylı dubllar olmadan çəkilib. "Paradoks"un süjetini təşkil edən hekayəni internetdən götürmüşəm. Ssenarini bir neçə saata yazdım və çəkiliş üçün Sabunçuda münasib yer tapdım. Həmin gün dostlarla oraya getdik, yerli sakinlərdən "aktyorlar" tapdıq və qonorar barəsində razılaşdıq. Qeyd edim ki, filmdə ancaq qeyri-peşəkar aktyorlar oynayıblar. Növbəti səhər oraya kamera ilə gəldik. Gündüz saat 12-də çəkiliş başladı, saat 1-də nahar fasiləsi, axşam saat 6-da isə çəkiliş bitdi. Saat 9-da isə film montaj edildi. Beləcə, biz iki günə yaxşı qısametrajlı film çəkdik. "Paradoks" - köhnə hotelə təsadüfi daxil olan turistin 20 manatlıq əsginasının bir neçə yerli sakini çoxsaylı borcdan xilas etməsini təsvir edən yumoristik hekayədir. Film ən yaxşı operator işinə görə iki mükafat alıb, həmçinin Nyu-Yorkda qısametrajlı filmlər festivalında ən yaxşı film olduğuna görə diploma layiq görülüb. 

- Filmlərinizdən hansı sizin üçün xüsusi dəyər daşıyır?

- Bu suala cavab vermək çətindir... Düşünürəm ki, bu, ilk növbədə, sosial qısametrajlı film "Ana üçün ağla"dır. Filmdə körpələrini atan məsuliyyətsiz və vicdansız analar mövzusuna toxunulub. Mənə qiymətli olan daha bir qısametrajlı film - "Ümid"dir. Film müxtəlif mükafatlara layiq görülüb - Tulada "Qısametrajlılar" qısametrajlı filmlərin V qran-pri müstəqil kinofestivalında, Mazandaranda VIII beynəlxalq "Varesh International Film Festival" film festivalı "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. 

"Ümid" Barnaulda "Kinolikbez" müəllif kino festivalının rəsmi proqramında yer alıb, Seulda "Asian International Short Film Festival" kinofestivalında seçmə turu keçib, habelə Tehranda 38-ci kinofestivalın əsas müsabiqə proqramında iştirak edib. "Paradoks" filmi də təbii ki...

- Emil, siz tammetrajlı bədii film çəkməyi düşünməmisiniz? 

- Bu günlərdə tammetrajlı filmimin çəkilişləri başlayıb. Onun işgüzar adı "Mental"dır . Bu, süjeti real həyatdan götürülən sosial dramdır. İctimai rəyi nəzərə alan və bundan əziyyət çəkən bir azərbaycanlı ailəsinin hekayəsidir. Ölkəmizdə belə ailələr, təəssüf ki, çoxdur. Bu insanlar öz seçimlərində müstəqil deyillər, qonşu və qohumlarının nə deyəcəkləri onları narahat edir. Onlar qəlblərini daxildən yeyən qapalı dünyalarında yaşayırlar. Onlar hətta gözlərinin nə dərəcədə qapandığını və bu "ictimai" mentallığa necə batdıqlarını anlamırlar. Filmimizin bütün nüanslarını açmaq istəmirəm. Ancaq deyim ki, filmi izlədikdən sonra, tamaşaçı cəmiyyətin müəyyənləşdirdiyi yazılmamış qanun və tabuların bəzən bizim və uşaqlarımız üçün nə qədər zərərli və məhvedici olduğu haqda, yəqin, düşünəcək.

- Komandanız haqda danışın.

- Onlar dostlarımdır - quruluşçu operator Rauf Qurbanəliyev, səs rejissoru Rasim Mehdiyev, montajçı rejissor Əsgər Rəhimov, bəstəkar Xəyal Məmmədov və başqaları. Yeri gəlmişkən, Xəyalla DİN Moskva Universitetində birgə oxumuşuq. Uşaqlıqda o, musiqi məktəbində təhsil alıb, onunla görüşəndə özünü musiqiçi hesab etmirdi. Onu inandıra bildim və bir çox filmlərimiz üçün çox gözəl bəstələr yazdı.

- Sizcə, müasir kino necə olmalıdır ki, onu istər Azərbaycanda, istərsə də xaricdə "ura" deyə qarşılasınlar?

- Keyfiyyətli və düzgün. Fikir vermişəm ki, gənc azərbaycanlı rejissorların əksəriyyəti Hollivud filmlərini təqlid etməyə çalışırlar. Artıq amerikan kinematoqrafiyasında istifadə olunan müxtəlif fişkalar uydururlar, düşünürlər ki, bunlar yerli filmlərimizi müasir və "baxımlı" edəcəklər. Bu nəyə lazımdır? Məgər, təcrübəli izləyicini bununla təəccübləndirmək olarmı? Düşünürəm, əksinə. Hesab edirəm ki, insanın ürəyinə yatan, onda ən yaxşı hissləri oyadan və onu daha yaxşı birinə çevirən filmlər çəkilməlidir. O, mədəniyyət, təhsil və təşviqat vasitəsidir. Bəzi hesablamalara görə, kinonun insan ağlına təsiri qəzet və kitabların birlikdə təsirindən daha üstündür. Məncə, azərbaycanlı kinematoqrafçılar klassikanı yada salmalı və xüsusi effektlərə deyil, süjet xətti və məna hissəsini qeyd etməlidirlər. 

- Sizə Bakı və bakılılar haqda film çəkmək təklif edilsəydi, bu necə film olardı? 

 - Mənim tragikomediya janrında hazır ssenarim var. Hətta filmin adını da düşünmüşəm - "Mamed". Bu, pulu olarsa, həyatının yaxşı tərəfə dəyişəcəyini düşünən safqəlbli oğlanın hekayəsidir. Reallıqda isə hər şey əksinə olur. Sponsor tapa bilsəm, məmnuniyyətlə filmi çəkəcəyəm. 

- Bəs, tamaşaçı kimi hansı filmləri bəyənirsiniz?

- Müxtəlif filmləri sevirəm. Hind filmlərindən başqa hamısını. Dramlara xüsusi yanaşmam var. Ən sevimli filminin Stiven Spilberqin "Şindlerin siyahısı"dır. O da qısametrajlı filmdən başlayıb və məxsusi rejissorluq təhsili yoxdur. Spilberqin bütün işləri idealdır! Onlara dəfələrlə baxmaq olur və yorulmursan. Bu cür səviyyəli filmlər çəkməyi öyrənmək istəyirəm. Məncə, dünya kinematoqrafiyasında Spilberqi hələ heç kim geridə qoymayıb...



MƏSLƏHƏT GÖR:

498