23 Noyabr 2024

Şənbə, 21:58

METROYA TƏCİLİ ÇAĞIRIŞ

Bakının metrostansiyalarında sərnişinlər üçün tibb məntəqələrinin yaradılması zərurəti var

Müəllif:

22.12.2015

Yəqin ki, hər birimiz indiyədək, heç olmasa, bir dəfə metroda sərnişinin ürəyinin getdiyinə və ya buna bənzər digər problemlə üzləşdiyinə şahid olmuşuq. Bu, müxtəlif səbəblərdən baş verə bilər: sərnişin axınının sıxlığı, bir çox sərnişində olan müxtəlif xroniki xəstəliklər. Əgər sağlam adam belə, xüsusilə pik saatında qapalı məkanda əziyyət çəkirsə, ürək-damar sistemində problemləri olan insan nə etsin? Ümumiyyətlə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların yeraltı nəqliyyatdan istifadə etməsinin məsləhət olmadığı hər kəsə bəllidir. Bəs, başqa yol yoxdursa? Heç də hər kəs şəxsi nəqliyyat vasitəsinə malik deyil və belə olan təqdirdə, onlar ictimai nəqliyyatdan istifadə etməyə məcburdurlar. İctimai nəqliyyat arasında ən populyarı isə istər qiymətinə, istərsə də rahatlığına görə metrodur. Son zamanlar avtobus marşrutlarında tez-tez edilən dəyişikliklər metronu sərnişinlər arasında daha çox populyarlaşdırıb. Qeyd edək ki, yalnız 2014-cü ildə Bakı Metropoliteni 215,5 milyon adam daşıyıb. Bu, gündə, təxminən, 590,4 min sərnişin deməkdir. Əlbəttə ki, 2015-ci ildə bu rəqəm daha böyük olacaq.

 

"Yeraltı sıxıntı"

Həmsöhbətimiz Kamal Mahmudov metroda bu və ya digər sərnişinin halının pisləşməsinə dəfələrlə şahidlik edib. Bu, daha çox insanların sıx olduğu stansiyalarda baş verir. Sərnişin axınının güclü olduğu stansiyalarda belə hallara yalnız pik saatlarında deyil, adi vaxtlarda da rast gəlinir. Kamal deyir: "Belə hallardan birinə yayda, Bakıda Birinci Avropa Oyunlarının keçirildiyi vaxt şahid olmuşam. "28 May" stansiyasının platformasında gözlərimin önündə bir nəfər yıxıldı. Bu, metroda şahidi olduğum ilk belə hal deyildi. Amma bu dəfə daha hazırlıqlı idim. Çünki hadisədən bir müddət əvvəl ilkin tibbi yardımın göstərilməsi üzrə treninq keçmişdim. Dərhal özümü həmin şəxsin üzərinə atdım. Qışqıraraq həkim çağırılmasını, insanların havanın qarşısını kəsməmələrini istəyirdim. Polislər dərhal insanları kənara çəkməyə başladılar. Amma bu, asan başa gəlmirdi. Hər kəs yaxına gəlməyə, yerə uzanmış sərnişinə baxmağa çalışırdı. Mən huşunu itirmiş şəxsə süni nəfəs verməyə başladım. Daha sonra bunu sərnişinlərdən biri - gənc qız davam etdirdi. 5 dəqiqə sonra "təcili yardım" gəldi və onu apardılar. 

Səhəri gün həmin stansiyaya yollanaraq, həmin şəxsin taleyi ilə maraqlandım. Dedilər ki, o ölüb. Onlar bunun son 10 ildə ilk belə hadisə olduğunu bildirdilər". 

Tibb məntəqəsindən deyirlər ki, onların işi yalnız stansiyanın əməkdaşlarına və maşinistlərə yardım göstərməkdir. Lakin ciddi zərurət yarandıqda, sərnişinlərə də yardım edirlər.

 

Hər kəsə xidmət göstərəcək tibb məntəqəsi

Məsələ ilə bağlı "R+"a danışan Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirir ki, metronun bəzi stansiyalarındakı tibb məntəqələri, həqiqətən,  yalnız qurum əməkdaşları və maşinistlər üçün nəzərdə tutulub. "Gələcəkdə sərnişinlərə də xidmət göstərəcək tibb məntəqələri yaratmağı planlaşdırırıq", - deyə o, qeyd edib. 

N.Paşaevin sözlərinə görə, lazım gəldikdə stansiyanın əməkdaşları problem yaşayan sərnişinlərə yardım göstərir, həmçinin hadisə yerinə dərhal "təcili yardım" çağırılır. Boğanaq havaya gəlincə, N.Paşayevin sözlərinə görə, hazırda metroda 266 köhnə vaqon var və istər texniki baxımdan, istərsə də təhlükəsizlik nöqteyi-nəzərindən onların hamısında kondisioner sistemi qurmaq mümkün deyil. Bu səbəbdən, həmin vaqonlar tunellərdə təbii yolla havalanır. Stansiyalara gəlincə, onlarda ventilə sistemi var və bu işdə heç bir problem yoxdur. Normativə əsasən, küçədə havanın hərarəti 35 dərəcədən yüksəkdirsə, metroya hava vurmaqolmaz. Nəzərə alsaq ki, Bakıda yay fəslində hərarət 35 dərəcəni tez-tez keçir, metroda təmiz hava problemi kritik həddə çatır - Metropolitenin kondisionerlərə malik yeni vaqonlar alınması məsələsi kimi.

Şübhəsiz, stansiyalarda hansısa tibb məntəqəsinin olması insanı bir qədər sakitləşdirir. Lakin bəzi hallarda insanın həyatı dərhal və vaxtında göstərilən peşəkar müdaxilədən asılı olur. "Təcili yardım" isə hadisə yerinə vaxtında yetişməyə, yaxud sadəcə, tıxacda ilişib-qala bilər. 

 

Yardımdan-yardıma fərq var

Bəs, əsl "təcili yardım" necə olmalıdır və sıravi həkimlər, adi sərnişinlər hər zaman belə yardım göstərə bilərlərmi? Mütəxəssis, ilkin tibbi yardımın göstərilməsi üzrə treninqlərin aparıcısı Qayıb Əliyev deyir: "Ürəyin masajı və ya süni nəfəsvermə kimi təcili ilkin yardım heç də hər zaman effekt vermir. Bu, yalnız, məsələn, sudabatma və ya nəfəsalma ilə bağlı problemlərin yarandığı zaman işə yaraya bilər. İnsanın ürəyində problem varsa, bu yolla onun xilası şansı dəfələrlə azalır. Həmin anda hər şey vaxtında göstərilən peşəkar ixtisaslı tibbi yardımdan gedir. Statistikaya görə, ürəktutması və ya huşun itirilməsindən sonrakı ilk 4 dəqiqədə defibrillatorun tətbiqi 80% halda ürəyin işini bərpa edir. Bu, vaxtında edilməyibsə, nəticə almaq çox çətin olur".

Bakı Şəhər Təcili Yardım Stansiyasının baş həkim müavini Oqtay Şahmalıyev isə deyir ki, onlara gün ərzində Bakı Metropolitenindən 4-5 çağırış daxil olur. Söhbət ayda, təxminən, 100-120 çağırışdan gedir: "Çağırış heç də yalnız sərnişinlərlə bağlı olmur. Bəzən metropoliten işçiləri də özlərini pis hiss edirlər".

 

Tibb məntəqəsi necə olmalıdır?

Ümumilikdə, tibb məntəqələri ilə bağlı tələblər azdır. Çünki onların əsas funksiyası insanların müalicəsi yox, onlara həkim gələnədək ilkin tibbi yardımın göstərilməsidir. Belə məntəqələrin personalından da çox şey tələb olunmur - savadlı tibb bacısı və ya feldşer olmaq kifayətdir. Normativlərə əsasən, tibb məntəqələrində insanlara həkimin gəlişinədək yardımın göstərilməsi üçün spazmolitik, hipotenziv vasitələr (təzyiqi aşağı salmaq üçün), ürək-damar, antiseptik, iltihab əleyhinə preparatlar, qusmaya qarşı vasitələr və sarğı materialları olmalıdır.

Qayıb Əliyev bildirir ki, beynəlxalq standartlara görə tibb məntəqəsində tibbi preparatları olmamalıdır. Çünki insana ən adi iynəni vurmaq üçün belə, onun anamnezini bilmək lazımdır. Axı, xəstə həmin anda huşsuz ola bilər və bu halda onun hansı xroniki xəstəlikdən əziyyət çəkdiyini müəyyənləşdirmək mümkün deyil. 

Avropa standartlarına görə, tibb məntəqəsində defibrillator, suyun, sarğı materiallarının, telefon və ya digər kommunikasiya vasitələrinin olması vacibdir. Bu, dərhal həkim çağıra bilmək üçündür. Bundan başqa, məntəqədə insidentin qeyd olunması üçün qeydiyyat kitabı olmalıdır. "Avropanın əksər ölkələrində və ABŞ-da ictimai yerlərdə avtomatik defibrillatorlar var. Onlardan istənilən şəxs istifadə edə bilər. Onlar odsöndürənlər kimi, məcburidir", - deyə Əliyev bildirir. - "Bizim ölkəmizdə defibrillatora bəzi yerlərdə rast gəlinir - neft şirkətlərində, bəzi hotellərdə, stadionlarda... Lakin qanunvericilikdə onlardan kimlərin istifadə edə biləcəkəri göstərilmir. Bundan başqa, bizdə tibb məntəqələrində ürəktutmasına qarşı bəzi preparatların olmasına icazə var. Əlbəttə ki, iynə vuracaq adam varsa...".

 

"Boğulanın xilası..."

Bir maraqlı məqam da var. Sən demə, mövcud qanunvericilikdə ictimai yerlərdə tibb məntəqələrinin olması nəzərdə tutulmayıb. Bunu "R+"a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. "Onlar hansısa müəssisənin, təşkilatın tərkibində fəalyyət göstərməlidir. Məsələyə, əlbəttə ki, kontekstdə yanaşmaq lazımdır; məsələn, stadion da ictimai yerdir. Amma o, həm də müəssisədir", - deyə Mətbuat Xidmətinin əməkdaşı bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "R+"a bildiriblər ki, məişət və administrativ binaların tikintisi ilə bağlı normativlərə əsasən, bir binada 200-dən artıq insan işləyirsə, orada tibb məntəqəsi olmalıdır. Tələblərə görə, bu cür məntəqələrdə gözləmə otağı, tibb bacısı üçün lazımi preparatlar və materiallarla təchiz olunmuş otaq, prosedur (sarğı) otağı və təsərrüfat malları anbarı yaradılmalıdır. Bununla yanaşı, tibb məntəqələri birinci mərtəbədə yerləşməli, onun giriş qapısının eni, ən azı, 1 metr olmalıdır.

Bütün bunlar, əlbəttə ki, təsəllivericidir. Lakin bu, haqqında danışılan probemi - metroda sərnişinlərə tibbi yardımın göstərilməsi problemini həll etmir. Bəli, metro müəssisədir və mövcud qaydalara görə, oradakı tibb məntəqələri yalnız qurum işçilərinə xidmət göstərə bilər. Lakin problemə başqa tərəfdən baxsaq, Bakı Metropoliteni gündə yarım milyondan artıq insan daşıyır. Demək, orada ictimai təyinatlı tibb məntəqələri şəbəkəsi qurulmalıdır.

Bəlkə də, bu, bizim işimiz deyil, amma metro işçilərinə bir məsləhət vermək istərdik: hələ ki, tibb məntəqələri yaradılmadığından, müvəqqəti olaraq qonşu ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Kiminsə özünü pis hiss etdiyi vaxtda, səsgücləndirici ilə sərnişinlərə müraciət etmək, onlar arasında həkim varsa, xəstəyə yardım göstərməsini istəmək. Unutmaq olmaz ki, insan həyatının qiyməti yoxdur. Kimsə bir nəfərin həyatını xilas edirsə, sabah xilas olunmuş şəxs başqa birini ölümdən qurtara bilər.


MƏSLƏHƏT GÖR:

491