Müəllif: Nurlanə QULİYEVA Bakı
Büdcə gəlirlərinin obyektiv azalması fonunda "qəpik manatı qoruyur" prinsipi vergi orqanları üçün xüsusi aktuallıq əldə edir. Aydın məsələdir ki, əvvəlki illərdə vergi yığımında müəyyən bəndləri boş qoymaq olurdusa, gələn il fiskal xidmətlər qanunun hər nöqtəsinin ciddiliyinə riayət ediləcək. Çünki zəruri dövlət xərclərini maliyyələşdirmək üçün xəzinəyə kifayət qədər vəsaitin daxil olub-olmaması məhz bu səylərdən asılıdır. Lakin bütün bunlarla bərabər, fiskal xidmətlərin qarşısına tapşırıq qoyulub ki, yerli sahibkarların fəaliyyətinə xələl gətirməsinlər. Bu haqda Prezident İlham Əliyevin də dəfələrlə və son dərəcə kəskin formada xəbərdarlığı olub.
Sadələşdirmək və asanlaşdırmaq
Görünür, iki zərurət arasında qızıl məxrəci tapmaq istəyi bu yaxınlarda Milli Məclis tərəfindən qəbul edilən və dövlət başçısının təsdiq etdiyi Vergi Məcəlləsinə yeni dəyişikliklərin əsasında durur. Vergiçilərin iddia etdikləri kimi, dəyişikliklərin məqsədi sahibkarların nəzərdə tutulan ödənişləri könüllü surətdə həyata keçirməyə stimullaşdırmaqdan ötrü vergi inzibatçılığı mexanizmini təkmilləşdirmək, vergi yükünü asanlaşdırmaqdır. Belə ki, Vergilər Nazirliyinin iddialarına görə, istər dövlət, istərsə də özəl sektorda çalışan 500 mindən artıq insan 2016-cı ildə gəlir vergisində güzəştlərin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsində edilən dəyişiklik əsasında ən azı 120 mln. manat qənaət etmiş olacaq. Məsələ burasındadır ki, vergilər naziri Fazil Məmmədovun qeyd etdiyi kimi, hazırkı vaxta qədər qüvvədə olan vergi qanunvericiliyində güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəliri 250 manatdan aşağı olan fiziki şəxslərin maaşlarının artırılması nəticəsində onlar üçün olan güzəştlərin çərçivəsindən çıxmalı olurdular. Nəticədə, muzdla işləyən işçi bu artımdan yararlana bilmirdi. İndi isə fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. Nəticədə isə işçi maaşının artımından tam şəkildə faydalana biləcək.
Vergi ödəyiciləri üçün digər pozitiv dəyişiklik sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin genişlənməsini hesab etmək olar. Belə ki, əgər əvvəllər istənilən ay ərzində vergi tutulan əməliyyatların ancaq həcmi 120 min manatı ötürdüsə, ƏDV ödəyicisi kimi qeydiyyatda durmaq lazım idi. Gələn ildən isə bu həcm 200 min manata qədər artırılıb. Və artıq, təbii ki, 4%-lik vergi ödənişini nəzərdə tutan verginin sadələşdirilmiş sistemindən yararlanmaq imkanından (dövriyyə Bakıdadırsa- paytaxtdan kənarda bu verginin həcmi 2%-dir) daha çox sahibkarlıq subyektləri faydalana bilərlər. Bundan başqa, vergi tutulan əməliyyatlarının həcmi 200 min manatı aşan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də vergiləri bu sistemlə ödəyə biləcəklər. Sadələşdirilmiş verginin dərəcəsi ticarət fəaliyyəti üzrə - 6, ictimai iaşə fəaliyyəti üzrə - 8 faizə qaldırılıb.
Seçim hüququ
Bundan başqa burada daha bir mühüm məqam var. "Bəziləri deyirlər ki, biz bununla vergi yükünü artırdıq. Amma onlar unudurlar ki, qanunda edilən qeyddə, həmçinin deyilir ki, dövriyyəsi 200 min manatı ötən sahibkarların seçim etmək hüquqları var - sadələşdirilmiş vergi ödəmək onlar üçün sərfəli deyilsə, o zaman qeydiyyata ƏDV ödəyicisi kimi düşsünlər. Bizim məqsədimiz iş adamına bütün vergiləri ödəmək sərfəli olması üçün maksimal əlverişli şərtlər yaratmaqdır", - mətbuat konfransında vergilər nazirinin 1-ci müavini Natiq Əmirov belə deyib.
ƏDV ödəyicisi qismində onun qeydiyyatının ləğv edilməsi qaydası da dəyişdiriləcək. Bu, vergi ödəyicisinin 12 təqvim ayı müddətində vergitutma əməliyyatlarının ümumi məbləği 100 min manatı (indi bu 60 min manatdır) keçərsə, mümkün ola bilər. Tikinti sektorunda məşğul olan sahibkarlara da eynən bu cür alternativ təqdim olunub. Belə ki, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlandığı rübdə hər kvadratmetr üçün 45 manat məbləğində sadələşdirilmiş vergi ödəmək hüququndan yararlanarkən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarında istifadə etməklə sadələşdirilmiş vergi hesablanmalıdır. Bununla belə, hesablanılmış sadələşdirilmiş vergi məbləği bərabər hissələrlə 10 rüb ərzində büdcəyə ödənilməlidir. Bundan başqa, bu halda hüquqi şəxslər ƏDV, mənfəət vergisi və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisi ödəməyəcəklər. Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, bu dəyişikliklər tikinti sektorunu canlandıra bilər.
Bundan başqa, daşınmaz əmlakın satışından əldə olunan gəlirin vergiyə cəlb olunması mexanizmi də sadələşdirilir. Onun əsasında daşınmaz əmlakın verilməsi (satışı) üzrə sazişi təsdiqləmiş notarius tərəfindən ödəniş mənbəsində sadələşdirilmiş verginin tutulması nəzərdə tutulur. Nəticədə, daşınmaz əmlakın satışından gəlir əldə edən şəxslərin vergi uçotuna qəbul edilməsi və onlar tərəfindən vergi orqanlarına müvafiq bəyannamənin göstərilməsinə ehtiyacı duyulmur.
Öz mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrini satan şəxslər onların hər kvadratına görə 15 manat vergi ödəyəcəklər. Daha doğrusu, yaşayış və qeyri-yaşayış sahələrini satan və ya hədiyyə verən şəxslər də vergi ödəməli olacaqlar. Vergi yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə NK-nin təsdiqlədiyi zona əmsalları da tətbiq olunacaq.
Az iç!
Yuxarıda sadalanan dəyişikliklər, həqiqətən, müsbətdirlər və maksimal gözlənilən effekt verəcəyini demək olar. Lakin burada əhalinin birmənalı olmayan reaksiyasını doğuran bəndlər də var. Aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, habelə belə məhsulların sonra satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" dedikdə, 50 manatlıq məbləğ nəzərdə tutulur. Kobud desək, yanvarın 1-dən dövriyyə həcmindən və yerləşdiyi yerdən asılı olmayaraq, heç bir mağaza (istər paytaxtın mərkəzində, istərsə də dağ kəndinin kənarında) "diri" manata hətta bir şüşə spirtli içki də sata bilməyəcək. Nazirliyin Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun sözlərinə görə, bu ictimai iaşə obyektlərinə şamil edilmir, çünki satış spirtli içkilərin qədəhlərə süzülməsi ilə həyata keçirilir və menyunun bir hissəsi hesab olunur.
Bu qadağa haradan çıxıb? Məsələ burasındadır ki, vergi orqanları artıq çoxdandır nağdsız hesablaşmalar sisteminin inkişafı və yayılması üçün səy göstərirlər. "Tənbeh və tərif" üsulu ilə- müxtəlif lotereya və təşviqedici tədbirlərdən tutmuş pərakəndə ticarətin bütün obyektlərinin məcburi POS-terminallarla təchiz olunmasına kimi hərəkət edirlər. Görünür, təcrübə "tənbeh" üsulunun daha səmərəli işlədiyini göstərir. Amma N. Əmirovun etiraf etdiyi kimi, vergi orqanları artıq bir neçə ildir əlavə sanksiyaların tətbiq olunması ilə bağlı müxtəlif təkliflərlə çıxış edirlər: "Bu günə kimi mümkün sosial təsirlərə görə müvafiq instansiyalar onları qəbul etmirdilər".
"Ona görə də biz spirtli içkidən başlamaq qərarına gəldik. O, zəruri mal deyil, onun istifadəsi hələ heç kimə uğur gətirməyib. Əksinə spirtli içkini sevənlər cinayətkar xəbər toplusunu mütəmadi dolduranlardan biridirlər. Ona görə də bu qadağa əhaliyə xüsusi narahatlıq yaratmayacaq. Xüsusən də, bu gün hamının bank kartı var, yoxdursa, onu istənilən bankdan asan almaq olar", - o, bildirib.
Ticarət obyektlərində POS-terminallara gəlincə isə N. Əmirovun sözlərinə görə, hazırda onların siyahısı hazırlanır və ilin sonuna kimi problemlər həll olunacaq. Siqaret istehlakçılarının sayı kütləvi xarakter daşıdığından bu əmtəəyə qadağa tətbiq etmək mümkün deyil. "Lakin bu ancaq pərakəndə satışa aiddir. Yenə də kim isə topdansatış yerlərindən yenidən satış üçün əmtəə alacaqsa, bunu nağdsız yolla etməli olacaq", - o deyib. Nazir müavini bir daha vurğulayıb ki, bu düzəlişlərin son məqsədi büdcənin əlavə doldurulması və vergi ödəyicilərini aşkar etmək deyil, ölkədə nağdsız hesablaşmaların daha çox yayılmasını stimullaşdırmaqdan ibarətdir. Əvəzində vergitutmanın yeni mənbələri idman totalizatoru iştirakçılarının uduşları olacaq və gözlənildiyi kimi, 2016-cı ildə dövlət büdcəsinə 25 mln. manat daxil olacaq. Vergilər Nazirliyi vergiqoymanın fərdi yanaşmasını - dayə, repetitor, usta və s. fəaliyyət növləri üzrə mexanizmlər hazırlayır. "Bu, xüsusən, pantent, sadələşdirilmiş bəyannamə ola bilər. Əsas - insanları vergi verməyə stimullaşdırmaqdır, amma eyni zamanda onları incitməməkdir", - N.Əmirov hesab edir. O, əlavə edib ki, hazırda bu sahədə beynəlxalq təcrübə öyrənilir.
Yayınma və cəza
Ümumilikdə, vergi yığanlar əmindirlər ki, neftin qiymətinin ürəkaçmayan proqnozlarına baxmayaraq, məhz sərt vergi intizamı gələn il onlara dövlət büdcəsinin gəlir hissəsi üzrə proqnozunu problemsiz doldurmağa kömək edəcək. N. Əmirovun iddia etdiyi kimi, bu il də dövlət xəzinəsi əziyyət çəkməyəcək. Çünki dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 70%-dən çoxu qeyri-neft sektorunun payına düşəcək. Bununla yanaşı, vergi orqanı bir daha əmin edir ki, heç bir vergi yükünün artırılmasından söhbət getmir, əksinə vergiləri ödəməyin sərfəli olması üçün bütün şərait yaradılıb. "Bizim vergi ödəyicilərindən yeganə tələbimiz - qanuna riayət etsinlər, vaxtında və könüllü surətdə lazımi ödənişləri həyata keçirsinlər. Bu zaman heç bir problem olmayacaq", - deyə N. Əmirov təsdiq edib.
Əks halda problemlər, əlbəttə, yeni qaydalar üzrə, həm də olduqca nəzərəçarpan olacaq. Belə ki, gələn ildən nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları ictimai iaşə və ticarətlə məşğul olanlar üçün təqvim ili boyunca belə hallara 1-ci dəfə yol verildikdə 2 min manat (hazırda 400 manat), 2-ci dəfə yol verildikdə 4 min manat (hazırda 800 manat) olacaq. Üç və daha çox dəfə yol verildikdə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin vergilər naziri F. Məmmədovun sözlərinə görə, bu cür sərt sanksiyalar ancaq dövriyyəsi 200 min manatı aşan və sadələşdirilmiş vergi ödənişi hüququndan istifadə edənlərə şamil olunacaq.
Dövriyyəsi 200 min manata qədər olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200 min manatı ötən sadələşdirilmiş vergi ödənişindən istifadə etməyən şəxslərə qanunu pozarkən əvvəlki kimi 400, 800 və 1200 manat həcmində maliyyə sanksiyaları tətbiq olunacaq. Artıq bu ildən tətbiq edilən daha bir sanksiya yeniliyi məhkəmənin müvafiq qərarı əsasında vergi ödəyicilərinin ölkədən çıxmasına qadağa qoyulması oldu. F. Məmmədovun iddialarına görə, hazırda vergi borcuna görə 160-a yaxın fiziki şəxsin ölkədən getmə hüququna məhdudiyyət qoyulub və gələcəkdə intizamsız vergi ödəyicilərinə qarşı belə tədbirlərin daha geniş tətbiq ediləcəyi istisna deyil. Bununla bərabər, vergiçilər sahibkarlar qarşısında əsassız tələblər qoymamalıdırlar - qurumun rəhbərliyi bəyan edir ki, işçilərin düzgün işləməmələri ilə bağlı hər bir şikayət diqqətlə araşdırılır və onun işdən qovulmasına qədər tədbirlər görülür.
Bir sözlə, Vergilər Nazirliyi bir daha əmin edir ki, "vergiləri ödə - rahat yaşa" prinsipi daha səmərəli işləyəcək.
MƏSLƏHƏT GÖR: