24 Dekabr 2024

Çərşənbə axşamı, 16:56

DÜNYA UŞAQLARI ÜÇÜN AZƏRBAYCAN MƏKTƏBİ

Lalə SÜLEYMANOVA: "Çox şadam və qürurluyam ki, Almaniyada Azərbaycan xalq rəqsi sinfi aça bilmişik"

Müəllif:

29.12.2015

Almaniyanın Düsseldorf şəhərində yaşayan həmyerlimiz Lalə Süleymanova "Pinocchio" əlavə təhsil məktəbinin təsisçisi və rəhbəridir. O, insanlar üçün müqəddəs varlıq olan uşaqlarla məşğul olur. "R+"a müsahibəsində Lalə xanım məktəbi necə yaratması barədə danışıb, "Kids Sicht" jurnalını nəşr edən balaca jurnalistlərin işindən bəhs edib, xor dirijorluğunun sirləri ilə bölüşüb. 

- Lalə xanım, siz ixtisasca xor dirijorusunuz. Bu, kifayət qədər mürəkkəb bir sənətdir. Necə oldu ki, bu seçimi etdiniz?

- Musiqi ixtisasları arasında dirijor peşəsi doğrudan da ən çətini və çoxşaxəlisidir. Məni bu sənətin çoxfunksionallığı cəlb etdi. Axı, bu peşə özündə, eyni zamanda, musiqiçi, pedaqoq, rejissor, təşkilatçı və əlbəttə ki, ifaçılığı cəmləşdirir. 

- Kənardan baxana elə gəlir ki, dirijor çubuğunu yellətmək asan işdir...

- Bu, ilk baxışdan belə görünür. Yaxşı kompozisiya qurmaq üçün kollektivin hər bir üzvünün özəlliklərini bilməklə yanaşı, onların səslərini də idarə etməlisən. Dirijorla xor arasında əlaqə o qədər sıxdır ki, kiçik bir yanlışlıq bütün çıxışı poza bilər. 

- Siz ixtisasınız üzrə işləmisiniz?

- Əlbəttə ki, yox. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirsəm də, Bakıda işləməli olmadım. Təhsilimi başa vurandan sonra qızım dünyaya gəldi, sonra isə ailəm daimi yaşayış üçün Almaniyaya köçmək qərarı verdi. Buraya köçəndən sonra, özəl məktəblərdə ilkin musiqi inkişafını tədris etdim və hazırda yaşadığım Düsseldorfda fərdi fortepiano dərsləri verdim. Məhz uşaqlarla iş məndə öz məktəbimi açmaq istəyini oyatdı. Bu, elə bir məktəb olmalı idi ki, uşaqların ən müxtəlif maraqlarına cavab versin, onların inkişafına, istedad və bacarıqlarının aşkarlanmasına şərait yaratsın. 

- Sözsüz ki, istənilən biznes-layihənin reallaşması üçün maliyyə yatırımı tələb olunur. Sizin layihənin investor və ya biznes-tərəfdaşları var idimi? 

- Yəqin ki, inanmayacaqsınız, ancaq mənim nə biznes-tərəfdaşım, nə də investorum olub. Hər şeyə sıfırdan başlamışam. Sadəcə, böyük bir istəyim olub ki, o da həyata keçib. 

- Lakin yəqin ki, çətinlikləriniz olub. Onları necə aşmısınız?

- Çətinliklərimiz çox olub. Lakin ən böyük çətinlik dil baryeridir. Bizim məktəbə, əsasən, müxtəlif ölkələrdən olan emiqrant uşaqları gəlir. Onların valideynləri ilə ünsiyyət, məktəbin üstünlüklərinin izahı çox səbir və vaxt tələb edir. 

- Sizin məktəb beynəlmilləldir, bəs yerli uşaqlar necə, gəlirlərmi yanınıza?

- Bəli, məktəbimiz beynəlmiləldir və burada yerli şagirdlər təhsil alır. Məktəbdəki ünsiyyət uşaqları çox yaxınlaşdırır, onların alman cəmiyyətinə inteqrasiyası və uyğunlaşması sürətlənir. Məktəbimizə gələn hər bir şagird özünün dəyərlərini, normalarını əlavə edir. 

- Almaniyada təhsil xidmətləri sahəsində rəqabət böyükdürmü?

- Əlbəttə, yetərincə böyükdür. Başqa məsələ ki, Almaniyaya gələn peşəkarların hər biri öz tədris metodikasını da buraya gətirir. 

- Onları almanlardan nə ilə fərqlənir?

- Alman təhsil sistemi daha çox uşağın müstəqil çalışmasına hesablanıb. Buraya köçmüş mütəxəssislər isə bu və ya digər fənni uşaqlara daha ətraflı, daha dəqiq çatdırmağa çalışır. Mənim müşahidələrimə görə, bu, çox doğrudur. 

- Lalə xanım, məktəbinizdə nə qədər bölmə var?

- Bizim məktəbdə bir neçə bölmə var: "Əlavə məktəbəqədər təhsil", "Əlavə ibtidai təhsil", həmçinin yuxarı sinif şagirdləri üçün təhsil bölmələri. Bunlarla yanaşı, məktəbdə musiqi, teatr və təsviri incəsənət bölmələri də fəaliyyət göstərir. Hər bölməyə aidiyyəti ixtisası olan pedaqoq rəhbərlik edir. 

- Məktəbinizdə nə qədər şagird var?

- Bu gün bizim məktəbdə 170 şagird və 20 nəfər yüksəkixtisaslı müəllim var.

- Bəs pedaqoji heyəti hansı prinsiplə seçirsiniz?

- Mənim üçün prinsipial əhəmiyyət daşıyan ali təhsilin olmasıdır. Əgər pedaqoq Almaniyadan kənarda təhsil alıbsa, onun diplomu bu ölkə ərazisində tanınmalıdır. Lakin əlbəttə ki, uşaqlarla iş təcrübəsi də nəzərə alınır. 

- Yəqin, pedaqoji heyət də beynəlmiləldir?

- Bəli, ancaq yerli müəllimlər də dərs deyir. 

- Tədris proqramı necə qurulub?

- Bizim proqram elə hazırlanıb ki, uşaqlar əsas məktəbdə aldıqları bilikləri möhkəmləndirməklə yanaşı, digər bilik və bacarıqlar da əldə edə bilsin. Bu baxımdan, Avropaya inteqrasiya dərsləri ilə yanaşı, uşaqların öz milli-mədəniyyəti və tarixini öyrənməsinə xüsusi önəm verilir. Biz müxtəlif istiqamətlər üzrə iş aparırıq və bu, ilk növbədə, öz doğma dilini və mədəniyyətini qorumaq şərti ilə alman və Avropa cəmiyyətlərinə sürətli adaptasiya olunmağa hesablanıb. 

- Bəs uşaqları necəsə həvəsləndirirsinizmi?

- Sözsüz. Mənim fikrimcə, təşviqetmə və həvəsləndirmə uşaqlarda təkcə nikbinlik oyatmır, həm də onlara əminlik aşılayır, onların məsuliyyətini artırır. Bunları nəzərə alaraq, uşaqlara fəxri fərmanlar verir, onlar üçün səyahətlər təşkil edir və başqa həvəsləndirici işlər görürük. 

- Sizin təhsil müəssisəsi artıq beş ildir ki, fəaliyyət göstərir. Yəqin ki, ənənələriniz də formalaşıb? 

- Əlbəttə, bizim ənənələrimiz sırasına Yeni İl tamaşalarını, musiqili tədbirləri və müxtəlif yarışlarda iştirakı aid etmək olar.

- Bildiyimiz qədər, siz həm də özünüzün rəqs məktəbini açmısınız. 

- Məktəbin açılış mərasimi bu ilin avqustunda baş tutub. Açılışda Düsseldorfun burqomistri cənab Günter Karen-Yungen də iştirak edib. Sizə deyim ki, Almaniyada idman və rəqs sənəti yaxşı inkişaf edib. Elə mən də məktəbi məhz bu səbəbdən açmaq qərarına gəldim. Digər tərəfdən, axı rəqs çox gözəl sənət növüdür!

- Bəs hansı rəqsləri öyrədirsiniz?

- Bizim məktəbdə caz rəqsindən tutmuş, Latın Amerikası rəqslərinə qədər müxtəlif istiqamətlər tədris olunur. Məni çox sevindirən və qürurlandıran isə odur ki, biz həmçinin Azərbaycan xalq rəqsləri sinfi də aça bilmişik. 

- Sizin, eyni zamanda, uşaq jurnalınız da var. Bəs onun məqsədi nədir?

- Jurnal "Uşaq baxışı" (Kids Sicht) adlanır və maarifləndirici-məlumatlandırıcı xarakter daşıyır. Onu ildə altı dəfə nəşr edib, şəhərin bütün məktəblərinə pulsuz paylayırıq. Hələlik, yalnız alman dilində çıxır. Jurnalın səhifələrində gənc oxucularımıza bu və ya digər ölkə haqqında bəhs edir, təhsilin vacibliyindən danışır, birlikdə ingilis dili öyrənirik. 

- Uşaqlardan jurnalla əməkdaşlıq edənləri varmı?

- Şagirdlərimizə jurnala yazmaq təklif olunub və artıq bizim gənc "jurnalist"lərimiz var. Onlar elə ilk günlərdən müxbir işini öyrənməyə həvəs göstərirlər. Çox xoşdur ki, onlar artıq tanınmış adamlardan müsahibələr alır, böyüklərlə yanaşı, bu və ya digər ölkənin musiqisi, mətbəxi haqqında məqalələr yazırlar. Mən uşaqların jurnalın saylarının hazırlanmasında iştirak etməsində maraqlıyam. Bu, onlarda yaradıcı fəaliyyətə maraq oyadır, özlərinə verdikləri dəyəri yüksəldir.

 



MƏSLƏHƏT GÖR:

578