Müəllif: Natəvan FAİQ Bakı
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!"
Səməd Vurğunun adını daşıyan muzeyin açılışının 40 illik yubileyi Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin dilindən səslənən bu sətirlərlə başladı. Vurğunun hamımızın yaxşı bildiyimiz "...El bilir ki... yurdum, yuvam... ayrılarmı könül candan... Azərbaycan..." sətirlərini oxuyanda onun səsinin necə titrədiyini yaxşı xatırlayırıq... Bu sətirləri söyləyəndə göz yaşlarını saxlaya bilməmişdi. Necə saxlayasan axı, elə bil, şeir yox, anddır...
Şəcərə ağacı
Milli Məclisin deputatları, mədəniyyət və ictimaiyyət nümayəndələri həmin gün muzeyin ekspozisiyası ilə tanış oldular. Hərçənd "tanış oldular" demək yerinə düşmür - çoxları burada dəfələrlə olublar. Elə yerlər var ki, qeyri-adi auraya malikdir, həyatıboyu insanları özünə cəlb edir. Sadə interyerə diqqətlə baxan hər kəsə bu adi mebel şairin yaradıcılıq laboratoriyasına da "nəzər yetirmək" imkanı verir. Özü də məşhur eksponatlardan başqa, bu dəfə yeniliklər də var idi və muzeyə mütəmadi olaraq gələnlər bu yeniliyi dərhal hiss etdilər; məsələn, girişdə divarboyu böyük panno vurulub. Bu, akvarellə parça üzərində işlənmiş (Afaq Kərimova) şəcərə ağacıdır (İsmayıll Umudlu). Onun yanında ayaq saxlamamaq qeyri-mümkündür - zarafat deyil, Vəkilovlar kökünün, az qala, 600 yaşı var. Yazılı salnamə XVI əsrdən başlayır. Rəhmətlik Vaqif Səmədoğlu danışardı ki, şəcərə ağacları onun ulu babası, general İbrahim ağa Vəkilov (o, vaxtilə... Atatürkün dəvəti ilə Türkiyənin ilk hərbi-topoqrafik xəritəsini yaradıb) tərəfindən qurulub. Özü də maraqlıdır ki, bu şəcərə 3 istiqamət üzrədir - hərbi, ədəbi (şeir) və diplomatik. Azərbaycanın Xalq Şairi, dramaturq və ictimai xadim olan Səməd Vurğunun ev-muzeyi 6 otaqdan ibarətdir. Kabinet, qonaq və yataq otaqları və interyer, şairin sağlığındakı formada saxlanılıb. Adam baxır və inanmır ki, gördüyün bu masanın arxasında onun özü əyləşirmiş... Bu isə kitab rəfidir - şairin ən sevimli kitabları buradadır. Qonaq otağında dayananda tez-tez buraya baş çəkən insanları "görürsən". Buraya elə adamlar yığışırdı ki... P. Antokolski, A.Fadeyev, N.Tixonov, V.Luqovski, K.Simonov... Bəstəkarlar, yazıçılar, dramaturqlar. Səttar Bəhlulzadənin peyzajı da bu otaqda asılıb. Bax, bu etajerkanı şairə Abdulla Şaiqin ailəsi hədiyyə edib. Muzeyin ekspozisiyası şairin həyat yoldaşı Xavər xanım Vəkilovanın təqdim etdiyi zəngin fondun əsasında yaradılıb. Muzeyin ilk direktoru da Xavər xanım olub.
...Qarşıdakı saat... Onlar işləmir - Səməd Vurğunun ürəyi dayanan andaca Xavər xanım saatın əqrəblərini dayandırıb. Bu, 1956-cı il, mayın 27-də, axşam saat 8-in yarısında baş verib...
...Bu royalda isə şəxsən Üzeyir bəy ifa edib, sonralar Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov...
Royal, piano, bir də saz... Bu alətlərdə elə adamlar ifa ediblər ki, demək olar, Azərbaycanın bütün klassikləri. Eləcə də ev adamları - böyük oğu Yusif skripkada əla çalırdı, Vaqif peşəkar pianoçu oldu və hətta Yakov Flierin yanında təcrübə keçib. Şairin qızı Aybəniz xanım fortepianoda çalırdı - yeri gəlmişkən, Xavər xanımın vəfatından sonra, "müqəddəs alov estafeti"ni məhz Aybəniz xanım qəbul etdi və muzeyin rəhbəri oldu. Sonra isə muzeyə direktorluğu Aybənizin qızı və Səməd Vurğunun nəvəsi Aygün qəbul etdi...
Muzey ilə nəfəs alanlar
Muzey baxıcılığı, bu, ayrıca bir şakərdir. Bəzən isə əsl qəhrəmanlıq sayılır.
Ev-muzeyi atrıq çoxdan mənəvi bir mərkəzə çevrilib - açıldığı gündən burada müxtəlif sərgilər, elmi sessiyalar, kulturoloji tədbirlər təşkil edilib. Bu gün muzeyə Vaqif Səmədoğlunun həyat yoldaşı, şərqşünas və fəlsəfə doktoru Nüşabə xanım Vəkilova rəhbərlik edir.
"Muzey - dövrün çağırışlarına hay verən canlı bir orqanizmdir. Mənim çoxlu ideyalarım, planlarım var. Mən elə bir muzey yaratmaq istəyirəm ki, o muzeyi bir proses kimi qəbul edən müasir yanaşmaya cavab verə bilsin", - deyə Nüşabə xanım bildirir.
Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva çıxışında Prezident İlham Əliyevin göstərişi ilə muzeydə həyata keçirilmiş əsaslı təmir haqqında danışaraq, dövlətin mədəniyyət ocaqlarına necə diqqətlə yanaşdığını vurğuladı. Bu tendensiya Heydər Əliyevin adı ilə bağlıdır - Ümummilli Lider yaradıcı insana çox hörmətlə yanaşırdı və onun dəyərini çox yaxşı bilirdi.
Hazırda muzey öz çərçivəsini bir qədər də genişləndirərək, "ailəvi"yə çevrilib: buraya Səməd Vurğunun istedadlı övladları, Azərbaycan mədəniyyətinin fəxri olan Yusif və Vaqifi də öz qanadı altına alıb. Bu, bəzən el arasında deyilən "təbiət övladın genlərində qənaət edir" fikrini təkzib edən bir ştrixdir - göründüyü kimi, istisnalar mümkündür.
Burada Yusifin və Vaqivin də "guşə"lərinin yaradılması, şübhəsiz, muzeyə marağı daha da artıracaq. Onlara guşə nədir, ayrıca otaqlar ayırsalar, yenə də az olar. Bizlərdə ataya layiq övladı "şah əsəri" adlandırırlar. Hər iki övlad ada layiq olanda isə bu, ikiqat fəxrdir...
Yaradıcılıq genləri
Yubiley münasibətilə təbrik edən Xalq Yazıçısı Anar vurğulayıb ki, zamanın heç vaxt dayanmadığı ev-muzeylərindən fərqli olaraq, ədəbiyyat muzeyi daim öz dövrünü əks etdirir. O, daim nəfəs alır, sevinir, kədərlənir. Və bu gün görüşə tələbələrin də gəlməsi bunu bir daha təsdiqləyir. "40 il ərzində iki qeyri-adi rəssam təşəkkül tapıb - Xalq Yazıçısı Yusif Səmədoğlu və Xalq Şairi Vaqif Səmədoğlu", - deyə Anar bildirir. O, Vaqifin məhz burada, bu evdə ona ilk 3 şeirini oxuduğunu xatırlayır...
Onların - Vəkilovların geni həqiqətən qəribə, davamlıdır. Bu, çox nadir haldır. Davamlılıq dedikdə, söhbət yalnız ədəbiyyat sahəsindən getmir; məsələn, Aygün xanımın oğlu Vurğun yaşının az olmasına rəğmən, artıq bir çox ölkələrdə klassik müsiqi həvəskarlarının ürəyini fəth edə bilib. O, Prezident təqaüdçüsüdür...
Milli Məclisin deputatı Elmira Axundova digər ölkələrin muzeyləri ilə əlaqələrin, əməkdaşlığın gücləndirilməsi məsələsi üzərində xüsusi dayanıb - söhbət yazıçı və şairlərin, məsələn, Şoloxovların ev-muzeylərindən gedir. "Muzey haqqında filmlər çəkilməli, onlar arasında interaktiv əlaqə yaradılmalıdır. Burada ön plana müasir texnoloji təchizat məsələsi çıxır", - deyə deputat qeyd edib.
Çıxış edənlər bildirib ki, bu tikili, sadəcə, Səməd Vurğunun ev-muzeyi deyil, o, həm də "poetik təfəkkür ocağı"dır. Bu ilham, təb ocağından müasir ədiblər də güc alır. Buradakı müasirlik, yeniliklər isə göstərir ki, muzey hələ də "yoldadır", dəyişir, yenilənir. Necə deyərlər, zamanla birgə addımlayır...
Otaqları gəzərkən burada yeni qoyulmuş tunc fiqurlara rast gəlirsən. Bu, gənc və istedadlı heykəltəraş Kamran Əsədovun əl işidir: Molla Pənah Vaqifin (Səməd kiçik oğluna onun adını qoymuşdu) Şah Qacarın yarım metr hündürlüyündə olan heykəlləri. Bunlar Səməd Vurğunun "Vaqif" pyesinin qəhrəmanlarıdır. Bundan başqa, muzeydə Yusifin "Qətl günü" romanının sevimli qəhrəmanı Kirlikirin heykəlini də görə bilərsiniz.
Əlbəttə ki, bütün bunlar işə sevginin göstəricisidir. Nüşabə xanımın təşvişi bunun - sevginin göstəricisidir. Bu, sadəcə, çalışqan işçinin narahatlığı deyil. Bu, məsuliyyətli şəxsin, sözünə, işinə sadiq insanın hissləridir. Belə demək mümkündürsə, missiyadır. Çox düz ediblər ki, bu şəcərə məsələsini belə bir insana - atəşli və sadiq qəlbə malik birisinə tapşırıblar; hansı ki, işinə "xidməti borc" kimi deyil, qəlbinin səsi kimi yanaşıb. İş zamanı yaradıcılıq kreativləri ətrafında mübahisələri də aparan Nüşabə xanımın özü haqqında da sözün əsl mənasında, bunu demək olar - yaradıcı adam: şeirlər, esselər, memurlar yazır, Vaqifin məcmuələrinin redaktorudur. Hazırda o, nəşr olunmamış əsərləri çapa hazırlayır...
O, həyəcanlı münasibətini muzeyin divarlarına da daşıyıb - yaddaşın yaşadığı divarlara. Bu gün bizim üçün mənəvi yaddaş həyati əhəmiyyət daşıyır. Və əlbəttə ki, onun, Nüşabənin yaddaşı. Onun mənə qayınanası, qeyri-adi xanım, Vurğunun ilham mənbəyi Xavər xanımla ilk görüşü haqqında danışdıqlarını yaxşı xatırlayıram... Bu da Səmədlə onların nişan üzüyü - vitrinlərin birində məhz o yer alır.
Vurğunun könül dünyası
Əlyazmaların, şairin ailə üzvlərinin fotolarının, şəxsi əşyalarının yer aldığı vitrinlər insanı maqnit kimi cəlb edir. Onların bəziləri insana adi ev əşyası, boş şey kimi görünə bilər. Amma onların hər birinə ustadın əli dəyib. Bu əşyalarda onun hərarəti, məqsədləri var... Əbədilik qazanmış xırda-xuruş... Əbədilik onları xəzinəyə çevirir. İnsan onların əhatəsində olmaqdan bezmir... Burada dilə gələn cansız əşyaları da başa düşə, onların keçmişinə baş çəkə, hətta gileylərini belə dinləyə bilirsən...
...Daha sonra musiqi səslənir - Sevda İbrahimovanın Səməd Vurğunun şeirinə yazdığı və İsgəndəriyyədə Sultanzadə fon Bryuseldorf tərəfindən ifa olunan "Bir diyarın eşqinə". Bəstəkar - Azərbaycanın Xalq Artisti Sevda xanım, demək olar ki, bu evdə keçmiş gənclik illərinin xatirələrini bölüşüb: onun atası, Xalq Yazıçısı Mirzə İbrahimov və Səməd yaxın dost olublar. Həmin əlaqələrin necə davam etdiyini görmək sevindiricidir - o, şəxsən royalın arxasına keçərək ifaçını müşayiət edib. Səsləndirilən melodiya Vətən haqqında pafosla deyil, ürəkdən yazmağın vacibliyini hər kəsə göstərib. Başqa cür ola da bilməzdi. Səmədin vətənpərvərliyi təkrarsız idi.
"Ayrılarmı könül candan?". Bunu necə tərcümə edəsən? Axı, bu, söz deyil, nəfəsdir. Əsl vətənpərvərlik - çox dərində olur. Ürəyin gizli guşəsində... Əbəs yerə demirlər ki, əsl poeziya tərcümə olunmur...
...Pərdənin arxasında tədbir iştirakçılarını daha bir sürpriz gözləyirdi - dahi şairin nəticəsi Vurğun Vəkilov Sergey Raxmaninovun prelüdünü ifa edib. Raxmaninovu ailəlikcə seviblər. Yaxşı yadımdadır, Vaqiflə söhbətləşərkən o, dönə-dönə dahi rus bəstəkarına dönürdü. "Azərbaycan" notları bu mərasimin fakturasına o qədər uyuşur ki, sanki yüz ildir burada ifa olunur.
Gənc Vurğuna baxarkən, onun ifasını dinləyərkən, bir daha yada Vaqif Səmədoğlu düşür. Vurğun, nəslə, nəslin layiqincə davam etdirilməsinə şəxsən verdiyi töhfələr haqqında sualı özünəməxsus ciddiliklə cavablandırmışdı: "Necə deyərlər, çalışdım. Əks təqdirdə... Nəsil çox məsuliyyətli məsələdir. Bu dənizdə batmaq olar. Batmamaq üçün səylər lazımdır, özü də böyük səylər...".
Onlar bacardıqlarını edib, adlarını Azərbaycan ədəbi tarixinə əbədi yazdırıblar.
...Tədbir Heydər Əliyevin dilindən səslənən "Azərbaycan" şeiri ilə başlayıb... Qəribədir ki, bu sətirlər adamın qulağında başqa təqdimatda deyil, məhz onun ifasında səslənir. Və yəqin ki, bu hiss bir çoxlarına tanışdır.
"Azərbaycan" Səmədin vizit vərəqəsidir. Bir vaxtlar bu şeirə görə, S.Vurğunu Daxili İşlər Komissarlığına çağırıblar, hər gecə sorğu-sual ediblər. O, qardaşı Mehdixan Vəkilova deyib: "...Onlar mənim "Azərbaycan" şeirimə çox ilişirlər. Anlamırlar ki, bu, həyatımın mənasıdır. Unutma, mən özümü ən böyük beynəlmiləlçi sayıram. Bütün insanlara, bütün xalqlara və millətlərə xoşbəxtlik arzulayıram... Amma bununla yanaşı, mənim üçün ən müqəddəs torpaq Azərbaycan torpağı, ən doğma xalq Azərbaycan xalqıdır. Onun dili mənim vicdanımın səsidir. O mənə anam qədər doğmadır. Buna görə məni millətçi adlandırırlarsa, qoy, adlandırsınlar. Vaxtı çatanda tarix həqiqəti üzə çıxaracaq!".
Və tarix hər şeyi üzə çıxardı...
MƏSLƏHƏT GÖR: