24 Noyabr 2024

Bazar, 14:49

BÜTÜN YOLLAR ÇİNƏ APARIR

Pekinin lobbiçilik etdiyi "üç balina" Avrasiya qitəsindəki bütün iqtisadi sistemi dəyişə bilər

Müəllif:

29.12.2015

2015-ci ilin ən önəmli hadisələrinə nəzər salanda, istər-istəməz dünyanın iqtisadi həyatında Çinin  çəkisinin və önəminin artdığı hiss olunur.  Demək olar ki, uzun əsrlik fasilədən sonra, Çin yenidən dünyanın aparıcı qüvvəsi olmağa hazırdır. Təbii ki, XXI əsrdə dövlətin nailiyyətlərini görmək üçün artıq döyüş meydanlarına deyil, ölkənin siyasi və iqtisadi çəkisinə nəzər salmaq lazımdır. 

2015-ci il ərzində Çin rəhbərliyi dünya iqtisadiyyatı üşün belə gərgin və böhranlı dövrdə yalnız özünün deyil, tərəfdaş-ölkələrin iqtisadiyyatlarının da inkişafına yeni təkan vermək üçün böyük hazırlıq işləri görüb. Söhbət Çinin təbliğ etdiyi və ümumilikdə Avrasiyadakı iqtisadi sistemi dəyişə biləcək "3 balina"dan gedir. Bu, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) yaradılması və "İpək yolunun iqtisadi kəməri" təşəbbüsünün reallaşmasıdır. 

Və qeyd etmək lazımdır ki, bu il həmin 3 təşəbbüsün hamısında Azərbaycan da aktiv rol oynayıb.

 

Şanxay Əməkdaşlıq Təşkilatı

ŞƏT 2001-ci ildə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çin tərəfindən yaradılıb.  Az qala, 15 illik fəaliyyəti ərzində ŞƏT yalnız Avrasiya qitəsinin yox, bütün dünyanın aparıcı təşkilatlarından birinə çevrilib.  2015-ci il iyulun 8-9-da Rusiyanın Ufa şəhərində keçirilmiş sammitdə təşkilat üzvlərinin sayı 8-ə çatdı: Dehli ilə İslamabad da ŞƏT-ə qoşuldu. Özü də həm Hindistan, həm də Pakistan nüvə dövlətləri sırasına daxil olduğundan, regionda xüsusi çəkiyə malikdirlər. Əlbəttə, Ufa sammitində İran da ŞƏT-ə qoşulsaydı, bu təşkilatın əhəmiyyəti daha da artardı. Amma ŞƏT-in liderləri olan Rusiya ilə Çin ABŞ-ı lap qıcıqlandırmamaq üçün Tehrana qarşı beynəlxalq sanksiyaların tam qaldırılmasınadək gözləməyi lazım biliblər. 

Keçən dövr ərzində ŞƏT-lə dialoq üzrə müşahidəşi-ölkələr və tərəfdaş-ölkələr statuslu dövlətlərin tərkibi də dəyişib. Müşahidəçilərin tərkibinə İran, Monqolustan, Belarus və Əfqanıstan daxil olub, Azərbaycan, Ermənistan, Kamboca və Nepal isə dialoq üzrə yeni tərəfdaşlar olublar. Bununla onlar sözügedən statuslu Türkiyə və Şri-Lankaya qoşulublar. 

Beləliklə, ŞƏT Avrasiya qitəsinin ən aktual problemlərinin müzakirə olunduğu real təşkilata çevrilmək şansı qazanır. Razılaşın ki, planetin torpaqlarının 60%-ni, Yer kürəsi əhalisinin 40%-ni, dünya ÜDM-in  25%-ni birləşdirən başqa təşkilat tapmaq çətindir. 

Yeri gəlmişkən, diqqət yetirdinizsə, ŞƏT təşkilatındakı ümumi göstəricilər içində ən aşağı göstərici ÜDM ilə bağlıdır. Bu isə o deməkdir ki, ölkə liderləri milli iqtisadiyyatları inkişaf etdirməyin yollarını axtarıb-tapmalıdırlar. 

Təbii ki, öz miqyasına görə dünyada ikinci olan Çin iqtisadiyyatı  digər inkişaf etməkdə olan ölkələr üçün, bir növ, lokomotiv rolunu oynamalıdır. ŞƏT üzvləri hələ inkişaf etmiş ölkələr siyahısından çox uzaqdırlar. Və onların inkişafı üçün maliyyə resursları lazımdır. Bu konteksdə, region ölkələrinin inkişafını sürətləndirmək baxımından, əsas rolu Çinin təşəbbüsü ilə yaradılam Asiya İnfrastruktur İnvestisiya Bankı oynamalıdır. 

 

Asiya İnfrastruktur İnvestisiya Bankı

İlkin mərhələdə AİİB-in nizamnanə kapitalı 50 milyard dollar olacaq, sonradan isə 100 milyarda qədər artacaq. Bankın mənzil-qərargahı Pekində yerləşəcək. AİİB-in yaradılmasına dair baza müqaviləsinin imzalanma mərasimi bu il iyunun 29-da məhz Çinin paytaxtında keçirilib. 

Azərbaycan bu bankda 0,25%-lik pay alıb - bunun üçün Azərbaycan 245,1 milyon dollar ödəyəcək. Xatırladaq ki, 2015-ci il martın 31-də Azərbaycan rəsmən AİİB-in təsisçilərindən birinə çevrilməkdə maraqlı olduğunu bəyan edib. Aprel ayında isə Azərbaycan bu banka qoşulmuş ölkələrdən biri kimi təsdiq olunub.

Bankın ən böyük səsvermə hüquqlu səhmdarı 26,06%-lik paylı Çin olacaq. Təsisçi ölkələrin bankın tam hüquqlu təsisçilərinə çevrilmələri üçün 2016-cı il dekabrın 31-dək bu dövlətlərin parlamentləri razılaşmanı ratifikasiya etməlidirlər. 

AİİB-in yaradılması ilə "Kreditlər kimlərə verilsin?" qərarının qəbulunda "birinci skripka" rolunu artıq ABŞ və Yaponiya (ÜB, BVF və Asiya İnkişaf Bankı vasitəsilə) deyil, Çin oynamağa başlayacaq. Və təsadüfi deyil ki, rəsmi Pekinin tövsiyəsi ilə AİİB-in rəhbəri postuna indiyədək Çinin hakimiyyət aparatında, beynəlxalq təşkilatlarda və şəxsi strukturlarda yüksək vəzifələrdə olmuş, AİİB-in yaradılması üzrə Müvəqqəti Çoxtərəfli Katibliyə rəhbərlik etmiş Tsin Litsyun gətirilib. 

 

İpək Yolunun iqtisadi kəməri

AİİB-in maliyyələşdirəcəyi əsas layihələr, heç şübhəsiz ki, nəqliyyat layihələri olacaq. Çinin 2013-cü ildə irəli sürdüyü qədim nəqliyyat marşrutlarında yerləşən "İpək Yolunun iqtisadi kəməri" təşəbbüsü də məhz bunu nəzərdə tutur. 

Qeyd edək ki, rəsmi Pekinin bununla bağlı təşəbbüsünə ən aktiv dəstək verən ölkə Qazaxıstan oldu. Çünki vahid iqtisadi məkanın yaradılması zamanı əsas körpü rolunu məhz Astana oynayacaq.  "Şanxay prosesi iştirakçılarının iqtisadi potensialını tam açmaq üçün ŞƏT məkanının beynəlxalq nəqliyyat-logistika sisteminə inteqrasiyası prosesini sürətləndirmək lazımdır. ŞƏT iqtisadi trekini tam olaraq işə salmaq üçün kompromisslər tapılmalıdır. Bu mənada, iqtisadi layihələrin reallaşdırılması üçün AİİB-in potensialından istifadə olunması məntiqli görünür.  ŞƏT açıqlıq prinsipinə sadiq qalmalıdır və cəlbediciliyini qoruyub-saxlamalıdır. Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə bu təşkilatda aktiv işləmək niyyətlərini açıqlayıblar", - deyə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib. 

Amma ŞƏT-in iyul sammitindən keçən müddətdə elə fundamental siyasi dəyişikliklər baş verib ki, onlar bir tərəfdən, Avrasiya qitəsindəki ölkələri müxtəlif qruplara parçalayıb, digər tərəfdənsə qruplaşdıraraq, onların diqqətini Çinə yönləndirib. Və İpək Yolunun iqtisadi kəməri təşəbbüsü çərçivəsində hansı layihələrə kreditlərin ayrılacağı məhz Çin rəhbərliyinin mövqeyindən asılıdır. 

Şübhəsiz, Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsi, həmçinin, Türkiyə Ordusunun İraq ərazisinə yeridilməsi "İpək yolunun iqtisadi kəməri"nin inkişafına təsirsiz ötüşməyəcək.  İpək Yolunun bərpasından danışarkən, konkret ölkələrin adlarını çəkmək çətindir, çünki klassik mənada, söhbət çoxsaylı karvanlardan gedirdi. Bu karvanlar isə hörümçək toru kimi, Çindən Avropayadək olan ərazidə daha çox dövlət və şəhərlərin üzərini "örtməyə" çalışırdılar.  Hazırda İpək Yolunun iqtisadi kəməri çərçivəsində siyasi prioritetlər baxımından, 3 aparıcı nəqliyyat arteriyasını göstərmək olar. 

 

Üç marşrut

Birinci istiqamət - Şimal (Rusiya) yoludur və o, Çindən olan malların Qazaxıstan, Rusiya vasitəsilə Skandinaviya ölkələrinə daşınmasını nəzərdə tutur.  Aydındır ki, şimal istiqamətində aparıcı rolları Çinlə Rusiya oynayacaq. Söhbət avtomobil yolları və sürətli dəmir yolunun maliyyələşdirilməsindən (məsələn, Moskvadan Pekin arasında yüksəksürətli nəqliyyat dəhlizinin yaradılması kimi) gedir.  Bu zaman Çin texnologiyalarından istifadə olunacağına, yəqin ki, şübhə yoxdur.

İkinci istiqamət - Qərb (Türkiyə, Avropa) yoludur və bu yol Çindən başlayaraq, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrində bitəcək.  Qeyd edək ki, noyabrın 24-də Rusiyanın öz yollarını türk yük avtomobillərinin üzünə bağlamasından sonra, bu istiqamət Türkiyə üçün həyati önəm daşımağa başlayıb.  Nəticədə, yalnız dekabr ayı ərzində Bakıdan Qazaxıstanın Aktau limanına 400-dən artıq türk yük maşını ötürülüb. Halbuki, illik 9 ay ərzində bu rəqəm 350-dən bir az çox olardı. 

Qazaxıstan tərəfinin məlumatına görə, hazırda Aktau limanı  özünün bütün texniki və logistik imkanlarını işə salaraq tam qüvvəsi ilə işləyir. "Yaranmış vəziyyəti nəzərə alaraq, Aktau limanı ay ərzində 1000-dək furanın daşınmasını nəzərdə tutur", -deyə açıqlamada bildirilir. 

Çinlə Türkiyə arasında dəmir yolu əlaqəsi də getdikcə daha vacib önəm daşımağa başlayır. Bu ilin avqust ayında "Nomad Express" ilk konteyner qatarı Çinin Lyanyunqan limanından yola düşüb, Qazaxıstan, Azərbaycan ərazisini keçərək Gürcüstana çatıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən sonra isə qatar artıq Türkiyəyədək hərəkət edə biləcək. Bundan sonra "Mərmərə" tunelindən də istifadə etməklə yüklər Bolqarıstana və digər Avropa ölkələrinə çatdırılacaq.

Nəhayət, üçüncü istiqamət - Cənub (İran) yoludur və o, Hindistan, Əfqanıstan, Pakistan, İran, İraq və Suriyanı əhatə edir. Bu marşrut, "ölkələrin şiə kəməri"nə daxil olan İran, İraq və Suriya üçün çox önəmlidir. Özü də Böyük İpək Yolunun bərpası baxımından, bu marşrutu klassik adlandırmaq olar, çünki hələ qədimdə Çindən yola çıxan yük karvanları Suriyaya, sonradan Aralıq dənizindən keçərək Venesiyaya, oradan da Avropa ölkələrinə çatdırılırdı. Düzdür, İpək Yolunun iqtisadi kəməri layihəsi çərçivəsində rəsmi Pekin yenidən yüklərini Venesiyaya çatdırmaqdan məmnun olardı. Amma Əfqanıstan, İraq və Suriyada hərbi əməliyyatların getdiyini nəzərə alsaq, Çin rəhbərliyi üçün bu marşruta üstünlük vermək asan deyil.

İstənilən halda, nəhəng nəqliyyat layihələrinin reallaşdırılması iştirakçı ölkələrin milli iqtisadiyyatlarının inkişafı üçün böyük təkan ola bilər. Və belə görünür ki, 2016-cı ildə rəsmi Pekin tərəfdaş-ölkələrlə birgə nəhəng beynəlxalq nəqliyyat layihələrinin rellaşdırılması üçün əlindən gələni edəcək. Artıq indidən demək olar ki, 2020-ci ilə qədər Çin hökuməti xarici ölkələrə 500 milyard dollara qədər sərmayə qoymaq niyyətindədir. 

Azərbaycan da Çinlə əlverişli əməkdaşlıqda və ilk növbədə, Çin mallarının Türkiyə və Avropa İttifaqı istiqamətində tranzitində maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Çinə səfəri Bakının bu prosesləri diqqətə izlədiyindən xəbər verir.



MƏSLƏHƏT GÖR:

544