14 Mart 2025

Cümə, 01:22

VACİB DƏYİŞİKLİKLƏR BAŞLANĞICI

Azərbaycan-Əfqanıstan əməkdaşlığı Avrasiyada inteqrasiya prosesinin xüsusi çəkisi olan amillərdən birinə çevrilir

Müəllif:

29.12.2015

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisə sayıla bilər. Bakı və Kabil strateji tərəfdaş olduqlarını göstərib, əməkdaşlığı genişləndirməyə hazır olduqlarını nümayiş etdiriblər. Bu əməkdaşlıq, bütünlükdə, Avrasiya məkanında inteqrasiya prosesləri üçün vacib əhəmiyyət daşıyacaq.

Azərbaycan Prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı ilə görüşdə bildirib ki, "Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır".

Həqiqətən də, ikitərəfli münasibətlərin təcrübəsini nəzərə alsaq, Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın hazırkı səviyyəsi Avrasiya məkanındakı çətin siyasi və iqtisadi proseslər fonunda istər Bakının, istərsə də Kabilin strateji maraqlarına cavab verir.

Müasir dövrdə Azərbaycan-Əfqanıstan dialoqu, ilk növbədə, təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanır. Bu əməkdaşlıq başlanğıcını 2000-ci illərin əvvəllərindən, Bakının beynəlxalq antiterror koalisiyasına qoşulduğu dövrdən götürür. O zaman koalisiyanın hədəfi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş, bu dövlətlə yanaşı, qonşu ölkələrin, həmçinin bütünlükdə regionun maraqlarına təhlükə olan "Taliban" ekstremist qruplaşması idi.

Beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi kampaniyasının ardınca başlayan siyasi dəyişikliklər sonda ölkədə ötən il keçirilmiş demokratik prezident seçkisi ilə nəticələnib. Seçki nəticəsində Əfqanıstan Prezidenti Həmid Kərzayini Məhəmməd Əşrəf Qani əvəzləyib. Qaninin Azərbayana səfəri isə Bakı ilə Kabil arasında təhlükəsizlik, terrorçuluqla mübarizə sahəsində ikitərəfli əməkdaşlığın aktuallığını itirmədiyini göstərib.

Azərbaycan NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirakla Əfqanıstanda sabitliyin bərqərar olunmasına töhfəsini davam etdirir. Yeri gəlmişkən, bu günlərdə NATO-nun mənzil-qərargahında Azərbaycanın operativ fərdi tərəfdaşlıq planının müzakirəsi zamanı alyans üzvləri Bakını bir daha etibarlı və sadiq tərəfdaş kimi qiymətləndirib, onun Əfqanıstan ərazisində "Qəti dəstək" missiyasının həyata keçirilməsindəki rolunu yüksək dəyərləndiriblər. Brüssel diqqəti, xüsusilə Azərbaycanın Əfqanıstan hərbçilərinə və hökumət nümayəndələrinə keçirdiyi treninqlərə yönəldib.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Bakıya səfəri zamanı Azərbaycana NATO-nun "Qəti dəstək" missiyasında davamlı iştirakına görə təşəkkürünü bildirib. "Hazırda biz bu üfüqü çox sabit və antiterror əməkdaşlığına doğru genişləndiririk. Düşünürəm ki, qısamüddətli perspektivdə deyil, orta və uzunmüddətli perspektivdə məqsədlərimizə nail olacağıq", - deyə o, qeyd edib.

Bununla yanaşı, Azərbaycan-Əfqanıstan əməkdaşlığının perspektivi iqtisadi sahədə əməkdaşlığı da əhatə edir. Azərbaycanlı biznesmenlərin iştirakı ilə keçirilən toplantıda Məhəmməd Əşrəf Qani ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Bununla əlaqədar, o, Əfqanıstan şirkətlərinin Azərbaycanın biznes strukturları ilə birgə layihələr həyata keçirməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.

Bakı da öz növbəsində, Kabil ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov deyib ki, "İki ölkə prezidentləri arasındakı yaxşı münasibətlər Azərbaycanla Əfqanıstan arasında iqtisadi əlaqələrin gələcək inkişafına imkan verir". O, Azərbaycanın istər dövlət, istərsə də özəl şirkətlərini Əfqanıstana investisiya yatırmağa, "əməkdaşlığın iqtisadi komponentlərini gücləndirməyə" hazır olduğunu söyləyib.

Ekspertlərin fikrincə, Bakı ilə Kabil arasında "əməkdaşlığın iqtisadi komponenti", bütünlükdə, Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq üçün əhəmiyyət daşıyır. Buraya Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya regionu da daxildir; məsələn, türkiyəli analitik Mehmet Fatih Öztarsu hesab edir ki, Əfqanıstan Prezidentinin Azərbaycana səfəri regionda vacib dəyişikliklərin başlanğıcı sayıla bilər; məsələn, o, Əfqanıstanın Azərbaycanın nəqliyyat layihələri vasitəsilə Qərblə enerji əməkdaşlığı qurmasını mümkün sayır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan və Əfqanıstan müasir şəraitdə bərpa olunan Böyük İpək Yolunda önəmli strateji əhəmiyyətli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırıb: "Biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram, gələn il Bakı-Tiflis-Qars dəmir yolunun açılışını edəcəyik".

Başqa sözlə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmasında maraqlı olduğunu dəfələrlə ifadə etmiş Əfqanıstan üçün əlavə inteqrasiya imkanları açılacaq. Bu, illərdir, böhran içərisində olan, onilliklərdir, müharibədən qurtula bilməyən bu Mərkəzi Asiya ölkəsi üçün böyük önəm daşıyır.

İlham Əliyev onu da deyib ki, "Biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik". Bu mənada, Azərbaycan Prezidentinin ÇXR-ə bu yaxınlarda etdiyi səfərin nəticələrini yada salmaq yerinə düşər. Xatırladaq ki, həmin səfər zamanı tərəflər arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu, həmçinin dəmir yolu nəqliyyatında əməkdaşlığa dair razılaşma imzalanıb. Bununla da Azərbaycanın Avrasiyanın mərkəzində formalaşmaqda olan "logistika və beynəlxalq nəqliyyat sistemi"ndəki ciddi mövqeyi təsdiqlənib. Söhbət Çin və Avropa kommunikasiyalarını birləşdirəcək sistemdən gedir. Böyük İpək Yolu layihəsinin əsas hərəkətverici qüvvəsi Çin, Azərbaycanın Avrasiyanın əsas oyunçularından biri olduğunu etiraf edib. Pekində etiraf edirlər ki, Azərbaycan nəinki əlverişli coğrafi mövqeyə, həm də Çin məhsullarının Türkiyəyə, oradan isə Avropaya tədarükünü təmin edəcək lazımi infrastruktur imkanlarına malikdir. Odur ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin formalaşdırılmasında vacib nöqtə olaraq, öz potensialını reallaşdırmaqla, Avropa və Asiyaya Çindən "Köhnə Dünya"ya malların ən qısa yolla daşınması imkanını yaradır. Bu mənada, Azərbaycanın da maraqlarına cavab verəcək vacib tranzit rolunu həm də Əfqanıstan oynaya bilər.

Azərbaycan-Əfqanıstan əməkdaşlığının xarakteri və perspektivləri haqqında danışarkən, Kabilin Azərbaycanın ərazi bütövlüyünə dəstəyini vurğulamaq lazımdır. Bu dəstək Məhəmməd Əşrəf Qaninin Bakıya səfəri zamanı bir daha təsdiqlənib. "Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik".



MƏSLƏHƏT GÖR:

602