14 Mart 2025

Cümə, 11:30

DƏNİZDƏN BİTƏN QAYALAR

Vyetnamın Halonq buxtasında gördükləriniz yaddaşınızda ömürlük iz buraxacaq

Müəllif:

12.01.2016

Əvvəlki saylarımızda biz artıq Cənub-Şərqi Asiyanın bu maraqlı ölkəsi barədə təəssüratlarımızı sizinlə bölüşmüşdük. Lakin Vyetnamın Halonq buxtasında olub, ona ayrıca məqalə həsr etmədinsə, hesab et ki, bu qəribə ölkə barədə, ümumiyyətlə, heç nə yazmamısan.

Yer kürəsinin fantastik gözəlliyə malik bu guşəsinə səfər etmək imkanını bizim üçün Qətər Hava Yollarının Azərbaycan Jurnalistlər Şəbəkəsinin dəstəyilə həyata keçirdiyi media-tur çərçivəsində Vyetnamın Milli Turizm Agentliyi və "NG Travel" turizm şirkəti yaratmışdı. 

 

Əjdahanın endiyi yer

Halonq buxtasının adı hələ media-turun əvvəlində bizi tropik Fukuok adası ilə tanış edən bələdçinin dilindən düşmürdü. Sonradan özümüz də əmin olduq ki, əgər Fukuoku Vyetnamın "cənub mirvarisi" adlandırmaq mümkündürsə, Halonqun "şimal ulduzu" sayılmağa tam haqqı var. 

Turistlər arasında çox məşhur olan buxta, paytaxt Hanoydan avtomobillə dörd saatlıq məsafədə Cənubi Çin dənizinin Tonkin körfəzində yerləşir. Buranın təbiəti adamı valeh edir - düz dənizin səthindən, aysberq kimi, üç minə yaxın böyük və kiçik ada "bitir". Sirli mağara və kahalarla dolu, sıx yaşıl örtüyə bürünmüş, dalğaların naxış saldığı qayalarıyla göz oxşayan minlərlə ada beş yüz kvadrat kilometrlik bir əraziyə səpələnib. Özü də hər adanın öz xüsusiyyəti, bir çoxunun isə bu özəlliyə uyğun unikal adı da var. Məsələn, Nursaçan Tısbağa, Yatmış Şahzadə, Döyüşkən Xoruz, Fil, Qartal, Kərtənkələ və s. - baxır ada özünün qəribə görünüşüylə nəyi xatırladır və ya burada daha çox hansı canlılar yaşayır. Görünür, məhz bu və bir çox başqa özəlliklərinə görə Halonq buxtası UNESCO-nun Dünya İrsinə daxil edilib, beş il bundan əvvəl isə təbiətin yeddi möcüzəsindən biri kimi tanınıb. 

Möcüzə demişkən, vyetnamlıların inanclı insanlar olduqlarını yazmışdıq. Onların tarixi müxtəlif əfsanə və əsatirlərlə doludur. Deyilənə görə, qədim zamanlarda Göylər vyetnamlılara sehrli əjdahalar göndərib ki, onlara Çin ordusu ilə döyüşlərdə yardım etsinlər. Əjdahaların ağzından alov yerinə saçılan mirvarilər suya düşərək adalara çevrilir və düşmənin yolunu kəsirmiş. 

Düşməni ram edən əjdahaların bu yerlərdən xoşu gəlib və onlar körfəzdə qalmaq qərarına gəliblər. Əjdaha ailəsinin anası ən heyrətamiz buxtada enib və həmin buxta onun şərəfinə Halonq adlandırılıb. "Vyetnamın paytaxtı Hanoyun mənası "qalxan əjdaha şəhəri" deməkdirsə, "Halonq" sözü əjdahanın endiyi yer anlamına gəlir. İnanca görə, əjdaha hələ də buxtadakı adalardan birində yaşayır"- deyə bizi müşayiət edən "NG Travel" şirkətinin təmsilçisi Nquen Nu Tan bildirdi. 

Bu gün "əjdaha qanadları" buxtanın qayaları arasında üzən onlarla turist gəmisinin yelkənlərini bəzəyir. 

 

Mağaranın ruhu

Kruiz proqramı çərçivəsində sizi mütləq kiçik qayıqlarla gəzdirəcək, qayaların altındakı su tunellərindən keçirəcək, meymunlar adasını göstərəcəklər. Nağıllarla dolu mağaralar isə ayrı bir aləmdir. Buxtada belə mağara çoxdur və onların hər birinin öz əfsanəsi var. 

Halonq mağaraları ayrıca bir dünya, sirlərlə dolu yeraltı xanədanı xatırladır. Rəngarəng işıqlarla bəzədilmiş kahaları gəzərkən adama elə gəlir ki, bura "Əlibaba və qırx quldur" filmindəki Sim-Sim mağarasıdır və mağaranın Ruhu səni qarabaqara izləyir. Kimisi isə özünü İndiana Consun macəralarından birində hiss edə bilər. Sanki hər an qarşına hansısa sürpriz çıxa bilər. 

Yeri gəlmişkən, ev sahiblərinin bizi dəvət etdikləri mağara elə belə də adlanırdı: "Sürprizlər adası" (Vyetnam dilində Hang Sung Sot). Sən demə, "qarşıda sizi böyük sürpriz gözləyir" deyən dostumuz Tan bunu nəzərdə tuturmuş. Onun sözlərinə görə, bura Halonq buxtasının ən populyar mağarasıdır. 

Pilləkənlərlə dəniz səviyyəsindən 25 metr hündürlüyə qalxdıqdan sonra siz üç böyük kahadan ibarət, tavanından müxtəlif ölçü və qəribə formalarda stallaktitlərin sallandığı mağaraya çatacaqsınız. Burada hər stallaktit fiqurunun da öz əfsanəsi var. Məsələn, onlardan birini yerli əhali Müqəddəs Donqla əlaqələndirir. Onlar inanırlar ki, Müqəddəs Donq düşmənə qalib gəldikdən sonra öz atını və qılıncını burada qoyub ki, onlar insanları əcinnələrdən qorusun. Həmin stallaktit də elə onun daşa dönmüş atı və qılıncıdır. 

Bir sözlə, adamı ofsunlayan bir mənzərədir və bələdçilər sizi tələsdirməsə, çətin ki, mağaranı sizə ayrılan vaxta tərk edəsiniz. Lakin, necə deyərlər, hər şeyin bir sonu var. Odur ki, turistlər kameralarının obyektivinə düşən hər şeyi yaddaşa alırlar ki, maraqlı heç nə gözdən yayınmasın. Ancaq nə qədər acgözlüklə hər kadrı tutmağa çalışsan da, yenə də ən maraqlısını nəzərdən qaçırdığın barədə hisslər səni rahat buraxmır. 

Halonq buxtasının mağaralarında alimlər qədim insan məskənlərinin izlərini tapıblar. Erkən dövrlərdə mollyusklarla qidalanan bu insanlar, sonradan meyvə və meyvəköklü bitkilər yeməyə başlayıblar. Balıqçılığa isə indiki vyetnamlıların əcdadları nisbətən gec yiyələniblər.

 

Bir ömürlük xatirə

Yeri gəlmişkən, Halonq buxtasının çox zəngin bitki və heyvanat aləmi var. Körfəzdə tropik iqlim və iki mövsüm hökm sürür: yağmurlu, isti yay və quru, nisbətən soyuq qış. Buraya səyahət etmək üçün ən münasib vaxt yazın sonu və payızın əvvəlidir. 

Halonq buxtasına kruiz proqramları Vyetnamın turizm şirkətlərinin, demək olar ki, bütün səyahət paketlərinə daxildir. Adətən, bu, müxtəlif ulduzlu hotel-gəmilərlə bir sutkalıq dəniz səyahətidir. Beşulduzlu gəmidə sizi gündə üç dəfə yemək, müxtəlif əyləncələr, masaj, mətbəx şouları, "Tay çi" səhər idmanı və əlbəttə ki, yerli təbiətlə, sirli mağaralarla tanışlıq gözləyir. 

Elə buradaca gəmilərin aralarında var-gəl edən kiçik qayıqlardan yerli suvenirlər, balıq və dəniz məhsulları ala bilərsiniz. Qayıq-köşklər dənizin ortasında lövbər salmış turist gəmilərinə yaxınlaşaraq israrla öz məhsullarını təklif edir. Maraqlıdır ki, onlar suyun üzərində qarşılarına çıxan xırda zibilləri də böyük həvəslə yığışdırırlar. Bunun müqabilində dövlət onların ticarətdən əldə etdikləri gəliri vergilərdən azad edib. Bir sözlə, həm özləri dolanır, həm də dənizi təmiz saxlayırlar. Burada əldə edəcəyiniz təəssüratlar sizə bir ömür boyu kifayət edəcək və çətin ki, Halonq buxtasına səyahətiniz ömrünüzün sonuna kimi xatirənizdən silinsin.



MƏSLƏHƏT GÖR:

540